Архив тегов | gədəbiyyat

GƏDƏBİYYAT. BABA VƏZİROĞLUNUN BAYIL TÜRMƏSİNDƏN BAŞLANAN «ŞƏRƏF» YOLU

Səndən mənə bir ömürlük xatirə, 

Məndən sənə nə qalacaq, nə bilim? 

Çətin bir də daş üstdə daş bitirəm, 

Niyə uçdu bu qalaçıq, nə bilim… 

 +

Bəlkə bir də yaz olacaq, bilmirəm,
Bir ayrılıq az olacaq, bilmirəm..
Məndən sənə nə qalacaq bilmirəm..
Səndən qalan xatirədir ayrılıq.

Bu iki bəndi diqqətlə oxuyu. Tanış gəlir? Kimin qələmindən çıxıb? Nizami Gəmcəvi? Xaqani? Füzuli? Molla Pənah Vaqif? Səməd Vurğun?

Tapmadınız?

Əslində bu iki bənd iki müxtəlif şeirdəndir. Hər bəndin öz müəllifi var. Birinci bənd Məmməd Arazındır. İkinci – Baba Vəziroğlunun. Bayıl türməsində Baba Vəziroğlu vaxtını boş keçirməyib, oğurluq da öyrənib. Əslində Məmməd Arazın bütün bəndini və qafiyələrini oğurlayıb, ancaq ikinci misranı isə olduğu kimi qatlayıb qoyub cibinə, daha doğrusu, şeirinə.

Əslində hər iki bənd cəfəngiyatdır, çünki Məmməd Arazın qafiyəbazlıqda tayı olmayıb. Ruslarda daha yaxşı söz var: рифмоплет, yəni qafiyə toxuyan. “Qalacaq, qalacıq…” Lər, lər, pəncərələr… Bəs şeir hanı? Şeir yoxdur. Kim kimdən ayrılıb, niyə ayrılıb, nə baş verib – məlum deyil.

Günlər mənə gün yazmağı unutdu, 

Gülüm, günün güllərimi qurutdu. 

Günlərin gün yazmağını necə başa düşək? Kolxozda əmək günü yazırlarmış, kolxozçuya əmək günü yazmağı briqadir unudanda, kolxozçunun evi yıxılırmış…

Günlər necə gün yazır və necə unudur?

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?

Kim kiminlə qumar oynayır? Məmməd Araz sevgilisiylə?  Fikir verirsiniz, Məmməd Araz Əliağa Vahid kimi “peşiman” yazır, çünki qayda ilə “peşman” yazsa, heca sayı düzəlməz…

Məmməd Araz kimi Baba Vəziroğlu da daim ayrılır. Baba Vəziroğlu ilk dəfə Bayıl türməsinə gedəndə ayrılıb, çıxandan sonra permanent ayrılma prosesi yaşayır. Burda gərək Freydi çağırasan köməyə: Babanı məcburi evləndiriblər, Dostoyevskini qəhrəmanı demişkən, “na çujix qrexax”… bu adamda məcburi nikah zəncirlərindən qurtulmaq arzusu ayrılıq şeirləri ilə sublimasiya edilir…

Və Baba Vəziroğlu daim ayrıldığı kimi daim sevir də. Xristianların bir ifadəsinə yaxın düstur: Sevməsən, ayrılmazsan. Xristian deyir ki, günah eləməsən tövbə də eləməzsən. Baba Vəzir oğlu da elə. Çörək ağacı olan ayrılıq mövsusu üçün əvvəl gərək sevə. Çörək, əlbəttə, Baba kimi adam üçün çox təvazölü çıxır, yəqin ki, bu ədəbiyyat aferisti orta əsrlərin məliküşşüarası kimi yaşayır…

Ayrılıq şeirlərindən əvvəl bir sevgi şeirinə baxaq:

Çıx qatar yoluna bahar gələndə…
Şeir uzundur və hər bənd də bu misra ilə başlayır.Təkcə bu misra onu göstərir ki, Zinyət Əlizadə Baba Vəziroğlunu bir vaxt universitetdən qovdurubsa, tamam haqlı olub. Baxın:

Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.

Qatarla göndərilən şeyi almalı olan adam hara çıxır? Qatar yolu nədir – yüz kilometrlərlə, min kilometrlərlə uzanan relslər. Adam bu yolun harasına çıxmalıdır? Bəli, adam qatar yoluna çıxmır, qatarın qabağına çıxır, qatarı qarşılayır. Bu adamın şeir dili bərbaddır, vulqardır və bəsitdir. Baxın, deyir ki, qatar yoluna bahar gələndə çıx, “Mən sənə çiçəkli bahar göndərim”. Əgər bahar gəlibsə, onu qatarla niyə və necə göndərirsən? Özün deyirsən ki, “bahar gələndə”, yəni bahar gəlib. “Çiçəkli bahar” – çiçəksiz bahar olur? Baharda hətta tundra da çiçəkləyir…

“Vüsal meyvəsindən dada bilmədik…”

Təvazökarlıq eləmə, niyə dadmamısan? Bəs səni Bayıl türməsinə niyə basmışdılar? Aha, bu ayrı arvada həsr olunub. Özgə arvadına ya qızına…

Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami, qəmi itirim…

Hansı “qərib axşamı”? Biz bilmirik. Bəlkə ətraflı məlumat verəsən?

Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin

Bayaq qatarla pay göndərirdi, indi məlum olur ki, özü şəxsən “qatar yolu”nda olacaq. Bir vaxt Nəbi Xəzri kimi şairlər deyirdilər ki, külək saçı darayır. Dağılan saçı daramazlar, sığal çəkərlər… Baba deyir ki, külək saçını dağıdacaq, qoy mən darayım. Bilirsiniz niyə görə “darayım” deyir? Çünki, sonrakı beytdə “arayım” olacaq.

Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni…

Bir şey başa düşdünüz? Bir misra əvvəl saçını daradığı arvad hara qeyb oldu? Bəlkə o arvad, o xanım  həmişəlik o qatar yollarında əsir-yesir olmalıdır ki, Baba Vəziroğlu onu kefi, türkün məsəli, qalxanda tapa bilsin?

Yox, bu cəfəngiyatı izah eləmək mümkün deyil!

Elə bilirsiniz Baba Vəziroğlu dəlidir? Yox, Baba əqidəsiz və şərəfsiz adamdır, ancaq rasional adamdır, bilir ki, yazdığı şeir deyil, cəfəngiyatdır. Baba kütləni tanıyır, bilir ki, yazdığı əsl kütlə yemidir, Azərbaycaanda qazancı isə kütlə yemi gətirir…

Baba Vəziroğlunun eşqi-ehtrası soyumaq bilmir. Ayrılsa da, arvadı “bişirməyə” davam edir.

Sənsiz həyat deyil ömür, gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.

İkinci misraya baxın. Bunu neçənci sinif şagirdi yazıb? Zinyət müəllim bunu necə qovmayaydı? “Mənə ürəkdən yanan tək sənsən” – normal cümlə quruluşu belə olmalıdır. Bəs ikinci “sən” burda nə qayırır? “Sənsən sən mənə…”

Saçına əl vurma, aman günüdü,
Mənim əllərimçün darıxacaqdır

Yəni arvadın saçını “qatar yolu”nda darayıb yenə yoxa çıxıb, bəlkə başqa bir arvadın dalınca düşüb. İndi atdığına deyir ki, “Saçına əl vurma, əllərimçin darıxacaqdır”. Bu misraların dil baxımdan yöndəmsizliyini bir yana qoyuram. Bu misralar gigiyenik mülahizələr doğurur. Necə yəni saçına əl vurma? Yəni Babanın əlinin izini qorumaq üçün yumasın? Arvadın başını bit bassın?

İndi bu bayatıya baxın:

Dağlarda qar ətri var,
Bağlarda bar ətri var,

Ölsəm sinəmi yumuyun,
Sinəmdə yar ətri var….

Bu incini  yaradan Azərbaycan xalqı beləmi, bu qədərmi deqradasiya edib ki, Baba Vəziroğlu kimi aferistlərin tükürpədici dərəcədə vulqar misralarına bəh-bəh deyir?

 

(ardı var)

18.09. 2018, Samara

ardı burda: https://xeyrulla.com/2023/09/19/gedebiyyat-bayil-turmesinde-baba-veziroglu-oz-ozunu-oz-koksune-nece-sixirmis/

«NƏSİMİ» KİNOKOMEDİYASI. ƏRƏB ƏLİFBASINDA NEÇƏ HƏRF VAR? İNDİKİ AZƏRBAYCAN ÜÇÜN NƏSİMİ «ANTİMİLLİ ÜNSÜR»DÜR…

Без имени-1

“Nəsiminin qadınını tutublar. Miranşah öz əliylə ağ saçlı qadını lüt-üryan edib. Paslı mismarla bədəninə 32 hərfi bir-bir yazdırıb”.

Sual: Bu 32 hərf hansı əlifbanın hərfləridir? Kirilin? Məgər ərəb əlifbasında hərflərin sayı 28 deyil? Bunun özü “Nəsimi” filminin komediya olduğuna sübut deyilmi?

“Gedirəm qəbrimi qazdırmağa”. Bu cəfəng sözləri Rasim Balayev elə üzücü və biganə halda tələffüz edir ki, tamaşaçı başqa bir ifadə eşidir: “Mənim başım dünənkndən sonra çatlayır, evdə yarım araq qalıb, gedib onu vurum, bəlkə düzələ…”

Nəimi isə bir çox səhnələrdə filosofdan çox sovet vaxtı bir gündə beş-altı yolka şənliyini “yola verən” şaxta (saxta…) babaları xatırladır. Artistlər yeni il şənliklərində xeyli pul qazanırdılar.

“Şəhərlərimizə minlərlə köçəri gətirilir, Nizaminin, Xaqaninin yurdu cahil köçərilərlə məskunlaşır” bi ifadə fars dilli ədib Nəiminin dilində ikibaşlı səslənir: fars dilli şairlər olan Xaqannin, Nizaminin yurduna gətirilən “köçərilər” kimdir?

Edam səhnəsi maraqlıdır. Nəsiminin fanatları dar ağacının ətrafında onun şeirlərini deyirlər. Hamı şeir deyir. Belə nəticə çıxarmaq olar ki, on beşinci əsrdə Hələb Azərbaycan dilli şəhər olub.

Dərinin soyulmağı. Bu tip edam orta əsrlərdə Avropada da olub. Ancaq, tarixçilərin dediyinə görə, edamdan qabaq bir parça dəri soyulurmuş, ya da məhkunun dərisini  öldürüləndən sonra soyurlarmış. Bu əslində aydındır. Diri-diri insanın dərisini soymaq olmaz. Elə bir parça soyulandan sonra insan şokdan ölər…

Nəsiminin ədəni-bədii irsinin populyarlaşmasında bu filmin rolu oldumu? Yəqin ki, yox. Rasim Balayevin ifasında səslənən bir neçə beyt, lağlağıya çevrilmiş “Məndə sığar iki cahan…”, Zeynəbin hələ xarab olmamış səsiylə yazılmış erotik mahnı… Biz  inadla öz şairimiz saydığımız Nizamini oxuya bilmirik, çünki fars dilini bilmirik. Nəsiminin, Füzulinin əsərlərini də oxumaq çətindir, çünki buna da dil hazırlığı lazımdır, bunun üçün məktəblərdə ən azı farsla. ərəblə tanış edən humanitar siniflər olmalıdır.

+++

Hürufilik, nəsimilik həm də onu göstərir ki, orta əsrlərin bütün qanlı müharibələrinə, qırğınlarına baxmayaqraq, o vaxt totalitar rejimlər olmayıb və bu, mümkün deyildi. İndiki Azərbaycanda bu gün bir bakılı, şəkili, şamaxılı YouTube-la özünü imam, yeni məzhəbin peyğəmbəri elan etsə, bir neçə saatın içində polis başının üstünü alar, ciblərindən beş-altı kilo narkotik çıxar, sonra İran ya Ermənistan casusu elan edilər, evinin axtarışı zamanı on minlərlə saxta dollar tapılar, kompüterindən uşaq pornioqrafiyası çıxar… Şirvanşahın və Teymurun nəinki geniş xalq kütlələrini, hətta öz əyanlarıı, komandirlərini izləmək və nəzarətdə saxlamaq üçün texniki vasitələri olmayıb. Ona görə daim yeni dini-fəlsəfi cərəyanlar yaranır, cəmiyyətlərdə azadfikirlilərin arasında yenifikirlilər yetişirdi. İndiki Azərbaycanda hətta ucqar bir kənddə arxayın danışmaq risklidir, insanlar öz yataq otaqlarında belə özlərini arxayın hiss etmirlər, çünki izləmə qurğularlnın yerləşdirilə biləcəyi ehtimalı yüz faizə yaxındır. Nəsimiyə heykəl qoyan, onun rolunu oynayan artistin boynundan xalta… pardon, orden asan dövlət şəxsiyyəti əzir, insanları onlara doğuluşdan məxsus olan azadlıqdan mərhum edir və ölkə əhalisini müstəqil düşüncə qabiliyyəini itirmiş, mənəviyyatı yağmalanmış, əslində xəstə sayıla biləcək adamlardan ibarət kütləyə çevirir. İndiki Azərbaycanda Nəsiminin heykəli dar ağacından asılmış halda yaradılmalıdır ki, hər bir azadfikirliliyə cürət edənə nümunə olsun. Nəsimiyə rəsmilərin hörməti əslində özü bir komediyadır. Hər səhnəsi göz yaşlarıyla islanmış, qanla boyanmş tragikomediya…

20. 08. 2023, Samara

PUŞKİN AQŞİN YENİSEYİN ÇIXIŞINI EŞİTSƏYDİ, DEYƏRDİ: «AY DA YENİSEY, AY DA …İN SIN»…

20230721_135628

Mənə Azərbaycan TV kanallarından birində meyxanaya həsr olunmuş müzakirənin videoyazısını atdılar. Gec olduğundan ötəri baxdın, səhəri gün eyni link  cəmi 13 dəqiqəlik fraqmenti açdı. Bir gündən az vaxt ərzində videonun niyə qısaldığını başa düşmədim. Açılan fraqmentdə yalnız Aqşin Yenisey adlı bir cənabın çıxışı var. Mənə FB-da xəbər lenti hərdənbir hansı saytdasa həmin bu cənabın məqaləsini göstərir və təkid edir ki, bu saytı başda-ayağa oxumasam da, Yenisey gərək oxuyam. Mən də bu Yeniseyin bir ya iki məqaləsini açıb baxmışam.

Əli Kərim haqqında müəllifini xatırlamadığım bir xatirə oxumuşdum. Bir gün “Azərbaycan” jurnalında Əli Kərimlə iş yoldaşı olan biri deyir ki, dünən Nazim Hikmət haqqındda oxuyub, dəhşətə gəlib, yəni o günə qədər boyük türkün türmə hyatından xəbəri yox imiş. O adam otaqdan çıxandan sonra (bizdə sözü üzə demirlər, biz utancaq xalqıq) Əli Kərim deyir: “Sabah gəlib deyəcək ki, Nazim Hikmət şair olub…”

Aqşın cənabın da məqaləsi ya məqalələri elə bir təəssür yaradır, başlayır ki, Amerikada Folkner soyadlı bir yazıçı olub, çoxlu at saxlayırmış… Və yaxud: bir fars şairi  olub, adı  Ömər Xəyyam, içki düşgünüymüş…

Yenisey təxəllüsü də çox maraqlıdır. Bir vaxt indiki Vaqif Bayatlı hələ Vaqif Cəbrayılzadə olanda türkləşmə mərhələsinə yavaş-yavaş qədəm qoyurdu, bir “şeir”ində iddia edirdi ki, Yenisey əslində Anasu deməkdir… Elə o vaxtlar ya bir az sonra Xəlil Rza tribunadan deyirmiş ki, Çukotka türk sözüdür, “çox ot olan yer” deməkdir…

Bunların və bunlara bəzər çoxlarının tükçülük canfəşanlığının bir səbəbi var: yaradıcılıq uğursuzluğu, perspektivsizliyi. Epataj təxəllüslərlə (Bayatlı Önər), epataj millətçi bəyanatlarla çıxışlarda məqsəd uğursuzluğu, dayazlığı, vecsizliyi pərdələmək, yekə, samballı görünməkdir. Ancaq bu, ayrı məsələdir…

Məqalələrində olduğu kimi Aqşin cənab məlumat verdi ki, məşhur bir ABŞ filosofu var, soyadı Vilsondur (adını yada sala bilmədi).  Tamaşaçının bu xukla nəfəsini kəsəndən sonra cənab Aqşin meyxananı “subkultura” adlandırdı və dərhal “subkultura” sözünü yəqin kamil bildiyi latıncadan bizim dilimizə tərcümə etdi. Mən cənab Aqşinin çıxışını burda təkrarlamaq istəmirəm, veriliş, bunu sonra başa düşdüm, çoxdan olub, həm də yəqin on milyon azərbaycanlının hamısı ona ən azı üç-dörd dəfə baxıb. Mən mütəfəkkir şairin əsas müddəası üzərində dayanmaq istəyirəm. Cənab Aqşin xeyli dərəcədə haqlı olaraq iddia edir ki, meyxana subkultura olmaqla keyfiyyətcə çox vaxt antikulturadır və müasir kommunikasıya vasitələri onun kütlə şüuruna, kütlə zövqünə aqressiv təzyiq və təsirini təmin edir. Yəni meyxana aludəsi ilə əsl poeziya, böyük poeziya arasında aşılmaz, adlanılmaz uçurum yaranır. Cənab Yenisey, şübhəsiz ki, özünü də əsl poeziyanı yaradanlar sırasında və birincilərdən görür.

Mənim müşahidəmə görə, Azərbaycanda ən azı bir  milyon adam özünü şair sayır, bu milyonun yüz mini isə böyük şair adına və mərtəbəsinə layiq olduğunu düşünür.

Belinski xoşbəxliyin nə olduğu barədə mülahizə yürüdəndə dəlixanada başına kağızdan tac qayırb qoymuş və özünü kral sayan dəlini misal gətirir. Bu dəli xoşbəxtdirmi? Xoşbəxtdir…

Mən  Aqşin Yeniseyin İnternetdə özünün “ən yaxşı” adlandlrdığı beş yazısını tapıb oxudum və tam məsuliyyətlə deyə bilərəm ki, onların heç biri şeir deyil. Lap Aqşin Yeniseyə İılham Əliyev  ya Azərbaycan xalqı bütüvlükdə “məliküşşüəra” adı versə də, o beş yazıda poetik, bədii sayılacaq bir misra belə yoxdur. Misra bu yazılarda ümumiyyətlə yoxdyur, ölçü də, qafiyə də yoxdur, çünki “sərbəst” şeirlərdir. Sərbəst şeiri isə mən, gizlətmirm, şarlatıanlıq sayıram. Baxın:

“Həyat, guya, nədir ki, uzaqbaşı, əməyin təkamülü.

Məbədlərin günbəzinə doldurulmuş o müqəddəs göy üzünə inanma!”

Burdakı cümlələrdə şeir sayıla biləcək bir element varmı?  Günbəzə doldurulmuş göyüzü – bu, metaforadır ya sayıqlama?

Aqşin canab özünə əziyyət vermir- formasız sənət yoxdur, estetika ilk növbədə ölçüdür – o, forma yaradıcılığı ilə özünü həlak eləmir, qafiyə axtarışları ilə dağa-daşa düşmür. Cümlələri alt-alta düzməklə sayıqlamalarını şeir kimi qələmə verir. MeydanTV-nin gənc jurnalistləri, xüsusən qızlar, gözəl danışırlar, niyə onların reportajlarını şeir adlandırmayaq?

 

Buna baxın:

“Qabar mənimdi, məsələn, zəhmət yox.

Heç bir yaramın sahibi özüm olmadım”.

Eynilə Vaqif Bayatlı sayıqlamalarıdır, qan qrupları eyni olan iki aferist demək olar ki, kütlə gözündə necə intellektual, müdrik, novator və hətta avanqard  görünməyin sirlərini gözəl bilir.  Ancaq bu şeirlər hamısı “Darvazamızı fələk vurubdur” səviyyəsindədir. “Kütləyə” bu cür sayıqlamaların şeir kimi sırıdılmağı meyxanaların və meyxanaçıların vura biləcəyi ziyandan çoxdur. Maraqlıdır ki, Vaqif Bayatlı kimi aferistin ya Aqşin Yeniseyin məddahları və onları yamsılayanlar daha çoxdur. Meyxana qoşmaq üçün ritm duyğusu lazımdır, ölçü-biçi lazımdır, improvizasiya qabilyyəti lazımdır. Ancaq Vaqif Bayatlının ya Aqşin Yeniseyin yazdığını hər kəs yaza bilər. “Qafqazinfo” jurnalistlərinin yazılarını belə alt-alta düzün, hamısı olacaq Aqşin Yenisey.

Aqşin Yenisey iddia edir ki, meyxananın hədəfi kütlə, yüksək poeziyanın hədəfi isə elitadır. Və özünü, əlbəttə, elitar şair sayır. Ancaq əslində onun auditoriyası meyxanaçıların auditoriyasından da kütdür, idiot yığnağıdır, yüksək səviyyəli, hazırlıqlı oxucu Katullu oxuyar, Dantei oxuyar, Mandelştamı, Odeni, Frostu, Pasternakı oxuyar. Vaqif Bayatlını ya Aqşin Yeniseyi yox.

Məşhur Maleviç adın, reputasiyanın necə möcüzələr yarada biləcəyini dahiyanə sübut edib. Kvadrat kətanı qara boyayıb cəmiyyətə təqdim edən kimi,bu «əsər» şedevr statusu qazanıb, indiyəcən milyonlara satılır və alınır, ondan dissertasiyalar yazılır, bi qara kvadratla sənətşünaslıqq doktoru olub professor adı daşıyan onlarla «alim» var. Yəni indiyəcən, özü də təkcə kütlə yox, zövq sahibi olan adamlar da, qara kvadratın yalnız qara kvadrat olduğunu etiraf etməkdən çəkinirlər, çünki Maleviçin adı onları qorxudur, iradələrini sarsıdır: əgər bunu dahi Maleviç çəkibsə, deməli nəsə var… Ancaq adı Maleviç «kvadrata» qədər doğrudan da istedadla yaradılmış, həm də  novator əsərləri ilə qazanmışdı. Vaqif Cəbrayılzadənin necə ad qazandığını bilirəm, onun kütlə zövqünü Teymurləng həmlələri ilə necə fəth etdiyinin şahidiyəm. Aqşin Yenisey kütləyə onun sayıqlamalarını böyük poeziya kimi göstərən adı necə qazanıb — bu mənim üçün sirdir. Ancaq bu adamın peşəkar aferistlərə xas bütün fəndlərə yiyələndiyi şübhə doğurmur…

Buna da baxın:

“İnsan özü nədi ki, guya?

Zamana yayılmış, bəlkə də, dağılmış tanrı!

Ey mürdəşir!

İzaha ehtiyac var?

Bu sayıqlamaların poeziyaya dəxli olmadığını Aqşin çox gözəl bilir, ancaq onu da gözəl bilir ki, bir rus repçinin on beş il əvvəl dediyi kimi, «пипл хавает», yəni camaat gəvələyib aşıracaq…

Soydaşım! Şeirin nə olduğu yadından çıxıbsa, “Kəsim yastığın yanın, Yalvarım oyanınca” kimi bayatıları, Molla Pənahın qoşmalarını, Cəfər Cabbarlının “Ölkəm”, “Ana” şeirlərini yadına sal, mən hələ Füzulini, Nəsimini demirəm.

“Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə”…

Bu Aqşin Yenisey bəlkə də qırxında öyrənb sosioloq olar, siyasi filosof olar, ancaq mən onun yazılarnda şairlik görmürəm. Üstəlik bu yazılarn müəllifinin soyuqqanlı, rasional aferist olduğu aydın görünür.

Yeri gəlmişkən: cənab Yenisey iddia edr ki, Puşkin 123 min söz işlədib. Ancaq “Puşkin dilinin lüğəti”ndə Puşkinin işlətdiy sözlərin sayı  21 191 (!) dir. Sonrakı öyrənmələrə görə, Pulkunin işlətdiyi leksemlərin sayı 25 mindir.

Yenisey iddia edir ki, Puşkn rus dlilinə 2 min yeni söz gətirib. Rus puşkinçilər qətiyyətlə deyirlər ki, Puşkn rus dilinə yeni söz gətirməyib!

İnd bu adama daha nə deyəsən?

Aqşinin “şeirlərini” oxuyandan sonra meyxnaya qulaq asmaq istədim. Mən özüm də meyxana janrında satirik şeir yazmışam. Mərhum dayım Sabir keçən əsrin 50-ci illərinin görkəmli meyxanaçısı olub, Arbatanlı Sabir, Meyxançı Sabir adları ilə tanınıb…

 

14. 08. 2-23, Samara

 

P.S. Mənim ötəri qulaq asdığım fraqmentdə daha bir neçə nəfərin çıxışları vardı. Onlardan ikisinin – Ağayar Şərifin və Babullaoğlunun adları mənə məlumdur. Aqşin Yenisey və bu iki nəfərin meyxanaya və meyxanaçılara qarşı sürdüyü əsas iddia və hətta ittiham bu xalq yaradıcılığı növünün əsl ədəbiyyatın yerini tutmağı, kütlənin zövqünü və hətta əxlaqını korlamağıdır. Yəni meyxananın sıx tütün və hətta anaşa dumanı durub ədəbiyyatla kütlə arasında və onları salıb bir-birindən ayrı.

Bu, ağ yalandır!

Ədəbiyyatı kütlədən uzaq salanlar meyxanaçılar deyillər, əsl ədəbiyyatı kütlədən uzaq salanlar Ağayar Şərif, Babullaoğludur və onlar kimi mətbuatda, “yazarlar birliyində” vəzifələri və resursları olan adamlardır.

Meyxananın hansı resursu var ki, əsl ədəbiyyatın qabağını alsın? Onların nəşriyyatları var? Onların qəzetləri, radioları var? Onlarmı cızmaqaraçılara prezident təqaüdü təyin edirlər?

Bodler böyük şairdir? Bəli! Bodler əsl ədəbiyyatdır? Bəli! Mən Bodlerin bütün 175 şeirini dilimizə tərcümə eləmişəm, cəmi 5 ya 6 şeir Ədəbiyyat qəzetində redaktorun öz təşəbbüsü ilə çap olunub. Yazmışdı ki, hamısını tədricən çap edəcək. Kim onun təşəbbüsünü boğdu? Meyxanaçılar? Yox! Nəşrin qabağını Anar kimi, Babullaoğlu, Ağayar Şərif kimi adamlar ala bilərdilər.

Üç il yarımdır ki, “Biovulf” dastanı Bakıda mənim tərcüməmdə görkəmli alim Həbib Zərbəliyevin redaktorluğu ilə və şəxsi vəsaiti hesabına çap olunub. İndiyəcən bir mətbuat orqanında belə bir sətirlik məlumat da çap olunmayıb. Niyə Ağayar Şərif Kulisdə bu barədə öz istəkli xalqına məlumat vermirdi? Beş il bundan qabaq mənim tərcüməmdə, yenə şəxsi vəsaitlə, Şekspirin sonetləri çıxıb. Babullaoğlu indiyəcən bu barədə qımıldanıb? Əksinə, bu “tərcümə dahisi” özünü fəda edər ki, mənim “sonetlərim”in səsi çıxmasın. Altı aydan çoxdur ki, mənim tərcüməmdə 10 min misraya yaxın həcmi olan “Nibelunqlar dastanı” çap olunub. Heç yerdə bir cümləlik məlumat belə getməyib. Kim qoymur? Meyxanaçılar? Zurnaçılar? Qaraçılar? İki il bundan qabaq rus poeziyasından tərcümələrdən ibarət iri həcmli kitabım çıxıb. Puşkindən canlı klassik Amarsana Ulzıtuyevə qədər ən yaxşı rus şairlərinin şeirləri bu kitabda toplanıb. Bu kitabın nəşri ilə mşğul olan adam yalnız rus dilində bir neçə yerdə informasiya çap etirməyə nail olub. Kim qoymur? Meyxanaçı yaxud yazıçılar ittifaqında vəzifə tutan, haqqında danışdıöğım videoda gənclərdən öz ünvanına heç Şengeli, Lozinski kimi tərcümə əjdahalarının eşitmədiyi mədhlərui eşidən Babullaoğlu və onun kimilər?

Yox, əəbi zövqlərin deqradasiyanda, böyük ədəbiyyatla kütlə arasında uçurumun yaranmasında nə meyxanaçılar, nə də xoruz döyüşdürənlər günahkardır. Meyxana deyən, xoruz döyüşdürən, aşıq atan, hamamda yatan adamlar həmişə olublar və olacaqlar. Böyük ədəbiyyata onlardan ziyan gələ bilməz. Günahkar —  ədəbiyyatda özünə Aqşin Ynisey kimi ad düzəltmiş, vəzifə və resurs qazanmış adamlardır. Onlar ədəbiyyatı, ədəbiyyat həyatını da Bakı bazarına çeviriblər və öz “mallarından” başqa malı bu bazara buraxmırlar. Bu adamaların çıxışlarına diqqətlə qulaq asın: akademik təhsilli adam bunların içində yoxdur, “Kafka, Kafka” deməklə özlərini oxumuş göstərirlər. Deyək ki, Ağayar Şərif Kafkanı oxuyub. Nə olsun? Borxesin Pyer Manarı “Don Kixotu” təzədən (olduğğu kimi!) yazdığı kimi, Ağayar Şərif də “Cərimə batalyonunu” təzədən yazacaq? Bəlkə Ağayar Şərif yəhudi dininə keçsin və alman dilində yazsın?..

Müzakirə iştirakçılarından biri deyirdi ki, rus məktəbində oxuyub və uşaqlıqda Puşkinin 38 səhifəlik “Çar Saltan” nağılını əzbər bilirmiş…

Bu cənab qanmır ki, şeirlə yazılmış əsər səhifə ilə yox, misraların sayı ilə ölçülür…

X.X.

15. 08. 2023, Samara

SƏMƏD VURĞUNUN «VAQİF KOMEDİYASI». TOY

samed-stalin

İbrahim xan xanəndələrə əmr edir:

“Tez olun yaxşı bir segah oxuyun!”

İndi özünüz fikirləşin, hansı heyvərə xanəndəyə “tez olun” deyər? Bəlkə də çayçıya deyərlər, kababçıya deyərlər. Ancaq xanəndəyə yox.

“Yaxşı bir segah” – segahın nə yaxşısı? Şübhə yoxdur ki, xan musiqidən kənar adamların çoxu kimi muğama segah deyirmiş. “Bir çahargah oxu, segahıyla…”

İbrahim xan Vaqifə:

“Vəzir, xeyir işiniz xeyli mübarək”.

Hansı azərbaycanlı belə danışır: “xeyli mübarək”? “Çox mübarək” deyirlər. Müəllif heca sayını düzəltmək üçün yöndəmsiz sözü soxur misraya.

Sonra Təlxək gəlir. Əlbəttə, Səməd Vurğun şekspirlik iddiasındadır, ancaq onun təlxəyi filosof deyil, ayıb olmasın, oğraşın biridir.

Bir qumardan, bir atdan,
Bir də gözəl arvaddan,
Ehtiyatlı dolanmaq…

Yəqin Səməd Vurğun özü gözəl qadınlar barədə bu fikirdə olub…

Sonra Vaqif gəlininə müraciət edir. Qadının azadlığı barədə bolşevik ritorikası belə bitir:

Camalın dünyadır, qucağın cənnət…

Qayınata bunu gəlininə deyər? Qayınata köpəkoğlunun gəlinin qucağı ilə nə işi var…

Nəhayət, əsərin qəhrəmanı çoban Eldar gəlir. (Bu çoban sonra, 1970-ci illərdə beş qoyundan iyirmi bala alacaq, SSRİ Ali Sovetinin deputatı olacaq, doktorluq dissertasiyı müdafiə edəcək…)

Remarka deyir ki, Eldar çiynində bir quzu içəri girir. Bundan əvvəlki remarka deyirdi ki, toy Şuşa qalasında, xan sarayındadır. Təsəvvür edirsiniz, çoban gəlir girir saraya… Girsin, yaxşı, buna inandıq. Bəs çiynindəki quzu? Sarayda keçirilən toyda, vəzir oğlunun toyunda quzu çartmırdı? Qarabağ xanının sarayı nə gündəydi ki, ora çoban quzuyla girəydi? Bu, komediya deyilmi?

Xan çobanın gəlişindən hiddətlənəndə Vaqif ona xasiyyətnamə verir. Deyir ki, vicdanı təmizdir və “dilindən düşməyir gözəl nağıllar”…

1970-ci illərin çobanı, kənd təsərrüfatı elmləri doktoru Həsən Kərimov nağıl-zad bilmirdi, deyəsən yazıb-oxumağı da, ancaq hər qoyundan dörd-beş bala alırdı…

“Sizin güldüyünz çoban torpağı…”

Qacar belə çoban torpağına gülübsə, yaxşı eləyib, kişini nə qınayasan…

Mən yuxarıda Səməd Vurğunun Azərbaycan dilini yaxşı bildiyinə şübhə bildirmişdim. Burda da baxın:

Xeyir, yanıldınız, ona dil verən,

Göziylə dünyada alovlar görən,

Kəndistan yeridir…

Başa düşdük ki, Eldara dil verən kənd yeridir (kəndistan – Səməd Vurğunun heca xatirinə qondardığı neologizmdir). Bəs gözü ilə alovlar görən kimdir ya nədir? Eldar? Kəndistan?

noyabr, 2018, Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: «YAŞA, YAŞA CAN STALİN, EY BÖYÜK İNSAN STALİN!»

Rəsul Rzanın ən gülməli şeirlərindən biri də “Stalin”dir. Yox, bu şeirdə yumor və satira yoxdur. Bu şeiri bu gün oxuyan insan 1938-ci ili təsəvvür edir, 1938-ci ildə SSRİ-də, o cümlədən Azərbaycandan yaşamış insanları gözünün qabağına gətirir və onların necə xoşbəxt, yəni bəxtəvər yaşadıqlarını görüb sevincindən gülür. Bu xoşbəxtliyi sovet adamlarına verən, yəni bağışlayan kim idi? Stalin!

Gəlin, dostlar, qulaq asın,
Bu ellərin nəğməsinə,

Körpələrin şən səsinə,
Cavanların nəğməsinə,
Söyləyirlər bir ağızdan:

Yaşa-yaşa, can Stalin!

Dillərdə dastan Stalin!

Bununla Rəsul Rzanın ilhamı soyumur, sadalayır:

“Quş keçməyən sərhədlərdə,
Eldə, obada, hər yerdə,

Geniş, mavi dənizlərdə,

Keşik çəkən qızıl əsgər
Deyir, yaşa, can Stalin!

Ey böyük insan Stalin!”

Şeir elə oynaqdır ki, adam durub oynamaq istəyir. Böyük Azərbaycan dirijoru və bəstəkarı Niyazinin bu şeir elə sümüyünə düşüb ki, ona musiqi də yazıb. Hayıf ki, bu mahnı You Tube-da yoxdur. Yoxsa sünnət toylarında sifariş verib gözzəl xanəndələrimizə oxutdurmaq olardı.

Ancaq şeirin tarixinə bir də diqqətlə baxanda adam bir az elə bil qarınağrısına bənzər bir şey duyur. 1938-ci il. Bu, Müşfiqin öldürüldüyü il deyil? Bəlkə Rəsul Rza Müşfiqin güllələnməyinə sevinib Stalinə belə tərif yazıb? Ancaq tez qarınağrısı dərmanı atıb bu rəzil fikri başından qovursan. Allah eləməsin! Rəsul Rza elə adam deyildi… Şeirdi də, yazıb… Əgər gənc şair görürsə ki, körpələrdən tutmuş mavi dənizlərdəki əsgərlərə qədər hamı “can Stalin” deyir, bunu niyə yazmayaydı? Aşıq gördüyünü çağırar…

Mən də həmçinin… Oxuduğumu yazıram…

18.12. 2018

Samara

BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: KENNEDİNİN ŞƏXSİ NÜMUNƏSİ VƏ VAHABZADƏNİN YALAN PAFOSU

Bəxtiyar-Vahabzadə

Mənə biri Facebook-da ilişib, yazır ki, oğlan (!), sən Bəxdiyarın (Bəxdiyarın! Yəqin Bəxdiyarla oturub-dururmuş…) yazdığını oxumusan? Bəxdiyar yazıb ki, sən özündən soruş ki, vətən üçün neyləmisən…

Mən bu kişiyə (yəqin Bəxdiyarın dostu olub….) yazdım ki, bu sözləri Con Kennedi deyib, Bəxtiyar Vahabzadə, açıq desək, bunu mərhum Amerika prezidentindən oğurlayıb…

Orxan adlı bu qırsaqqız yenə əl çəkmədi, deyir Bəxdiyarı oxu…

Əngəllədim…

İndi məcburam “Vətən marşı»

şeirindən yazam… Rus demişkən, poluçay, faşist, qranatu…

Şeir 1992-ci ildə yazılıb. Qarabağda müharibə qızışanda. Bəxtiyar Vahabzadə “vətən oğullarını” döyüşə səsləyir, deyir ki:

“Vətən uğrunda ölənlər ölümündən doğulur…”

Bu da əslində plagiatdır, Qurandan götürülmədir, ancaq Quranda bu, Allah yolunda ölənlərə aiddir…

“Biz vətən məcnunu, el aşiqi, sülh əsgəriyik…”

Biz? Yəni Bəxtiyar Vahabzadə özü də? Vahabzadə haçan əsgər olub?

1943-cü ildə Bəxtiyar Vahabzadənin 18 yaşı tamam olub, onun yaşıdları müharibəyə gediblər, ölən ölüb, sağ qalan qayıdıb gəlib. Bəxtiyar Vahabzadə niyə müharibəyə getməyib, sirrdir. Mənim üçün sirrdir. Yəqin səbəbini bilənlər var. Ancaq onun özünə əsgər deməyə heç bir haqqı yox idi…

“Biz Vətən naminə ölsək, dirilərdən diriyik…

Kim ölsə? Əlbəttə, Bəxtiyar Vahabzadə özü yox, oğlanları, nəvələri yox… Kasıb-kusub, fəhlə-kəndli balaları…

Dedi öndər: «Yönü bayraqdakı üç rəngdən alım»

1992-ci ildir. Öndər, əlbəttə, Rəsulzadədir. Görəsən sonrakı ilərdə Vahabzadə Rəsulzadəyə öndər deyib?

“Bizi biz etdi Dədəm Qorqud oğuznamələri”.

Yalandır! Dədə Qorqud dastanlarını indiki nəsillər sovet dövründə tanıyıb. Sovet ədəbiyyatşünaslarının şərhi ilə. Yüz illərlə bu dastan haqqında heç bir məlumat olmayıb. Bizi Səməd Vurğunun “26 lar”, Rəsul Rzanln “Lenin”, Bəxtiyar Vahabzadənin özünün “Leninlə söhbət” poemaları “biz” eləmişdi, “formalaşdırmışdı”, ona görə müharibəni uduzmalıydıq…

“Bəşərin dərdini öz dərdi bilib millətimiz”.

Bizim millətimiz? Haçan? Ağ yalandır…

Və şeir bu beytlə bitir:

“Gecələr yatmadan əvvəl sor özündən ki: «Bu gün

Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?»

Bu, açıq-aşkar plaqiat, azərbaycanca desək, oğurluqdur. Bu sözlər Con Kennediyə məxsusdur:  “Ask not what your country can do for you – ask what you can do for your country”.

Yəni soruşma ki, ölkə sənin üçün nə edə bilər, soruş ki, sən ölkə üçün nə edə bilərsən”.

Kennedinin bunu deməyə haqqı vardı. Kennedi İkinci dünya müharibəsinin əvvəlindən axırınacan vuruşub, torpedo katerinin komandiri olub.

Bəxtiyar Vahabzadə, yaşı düşsə də, müharibədə iştirak etməyib. 1990-cı ildə tank altına altına atılanlar, sonra Qarabağda ölənlər, yaralananlar arasında Vahabzadələr yoxdur…

Başqalarını fitləməyə nə var ki…

02. 01. 2019

Samara

ƏHVALPÜRSANLIQ: TƏLƏBƏ JALƏNİN DEKAN DALLIĞI TƏYİN OLUNMAQLIĞI

2

PREZİDENT: Nə xəbər var təzə, hörmətli Kamal Abdulla?

KAMAL ABDULLA: Xoş xəbər var: dekanın dallığı olmuş Jalə.

PREZİDENT: Yaxşı adddır adı. Özü kimlərdəndir?

KAMAL ABDULLA: Çox gözəl əsli var. Bu uşaq həm “Paşa Holdinqd”əndir.

PREZİDENT: “Paşa holdinq”mi? Çox gözəl, əla!

Bəs doğrudanmı uşaqdır Jalə?

KAMAL ABDULLA: Bəli, məsum bir uşaqdır o, körpədir hətta.

Təzəcə qol-qanad açmış və atılmış həyata.

PREZİDENT: Bəs bu millət nə deyir təyinata?

Yayılar şayiə birdən ki, vardır eşq arada….

KAMAL ABDULLA: Mənə övladdır o, mənsə ona istəkli ata.

PREZİDENT: Hansı elmin o, nümayəndəsidir?

KAMAL ABDULLA: O bütün elmləri yaxşı öyrənib bir-bir.

Püxtəşəmiş o, siyasətdə tamam dolmuşdur,
Beş yaşından YAP-a üzv olmuşdur.

PREZİDENT: Bu xəbər xoş və gözəldir…  Nə deyir bəs o dekan?

Razıdırmı bu körpə dallıqdan?

KAMAL AABDULLA: Razıdır. Şıllaq atıb getsə belə,
Yerini tutmağa hazır Jalə.

PREZİDENT: Bəli, ölkəmdə misilsiz kadr siyasəti var,

Körpə qız bir də görərsən dekana dallıq olar.

Razıyam çox, Kamal Abdulla, gördüyün işlə,

KAMAL ABDULLA: Hazıram qulluğunuzda olam yüz il də belə…

 Mirzə ƏLİL

16. 03. 2023, Samara

«SÖYLƏ, AZƏRBAYCAN YAZIÇISINDAN…»

2021 лето

SUAL-CAVAB

Azərbaycan “yazar”larının qurultayına həsr olunur

Sual:

Söylə, Azərbycan yazıçısından,
Varmı daha rəzil, abırsız insan?

Cavab:

Var. Bu, Azərbaycan tarixçisidir.

Yalanlarla gəlir nəfəsi, gedir.

13. 11. 2022, Samara

GÜLMƏLİ ŞEİRLƏR. SÜLEYMAN RÜSTƏM. «TƏBRİZİM»

Təbriz, Cənubi Azərbaycanın mərkəzi olan qədim şəhər sovet vaxtı Azərbaycanın rəsmi poeziyasının ən gəlirli sahələrindən olub. Ancaq sovet dövründə də, bazar iqtisadiyyatı olmasa da, monopolizim var idi, o cümlədən rəsmi ədəbiyyat sahəsində. Təbrz mövzusu əsasən əslən Cənubi Azərbaycandan olanlara məxsus idi, “demokrat” qardaşlar hər il “ayrılıq” mövzusunda bir-iki kitab çıxardıb çax-çux edir və yaxşı dolanırdılar. Bir şairin təxəllüsü “Tudə” idi, yəni siyasi partiyanın adı. Balaş Azəroğlu, Mədinə Güllgün Təbriz üçün göz yaşı tökə-tökə xalq şeiri adını aldılar. Düzdür Cənubdan olmayanlar da Təbriz bazarına girməyə can atırdılar, məsələn, mərhum Xəlil Rza. Ancaq belələrinə çox məhəl qoymurdular, onların Təbrizdən ötrü tökdüyü göz yaşları yol tapıb partiya rəhbərliyinin qəlbinə axa bilmirdi.

Cənubdan olmayanlardan cəmi bir nəfər cənubluların Təbriz ədəbiyyatı monopoliyasını sarsıdıb və ədəbiyyatda az qala birinci təbrizçi olub, Məmmədhüseyn Cavadzadə birinci uroloq olan kimi. Bu, məsələn,  sallyanlı plastik kütlə generalı Vaqif Axundovun  naxçıvanlıların, ermənistanlıların və kürdlərin içərisində baş çıxarmağı kimidir. Süleyman Rüstəmiun “Təbrizim” şeiri indi də məktəb proqramındadır. Bu günlərdə təzədən oxudum, az qaldım gülməkdən öləm.

 Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Burda şəhər bir qadın surəti kimi göz önünə gəlir. Hüsn, yəni ərəbcədən çevirsək, gözəllik kimdə ya nədə olur? – Əlbəttə, qadında!

Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!

Burda da Təbriz qadındır – Süleyman Rüstəm qolunu kişinin boynuna salmaz ki…Şair deyir ki, “qoymaram yadlar girsin qoynuna”. Necə qoymarsan? Əgər Təbriz fars idarəsindədirsə? Yox, mənə başa salın ki, necə qoymur? Yadlar çoxdan Təbrizin qoynundadır, bu da deyir “qolumu salım boynuna”…

Vallah, bu, pozğunluğa oxşayır…

“Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə…”

Yadınızda yaxşı saxlayın: burda şəhər həm qadın, həm də kişi kimi təsəvvür edilə bilər. Şəhər-adam öz bağından dərdiyi güllə çıxıb şairin, yəni özünə “inqilab oğlu inqilab” deyən Süleyman Rüstəmin qabağına.

Bir neçə bənd sonra şair deyir:

“Başına gül-çiçək səpim, Təbrizim”.

Hansı gül-çiçəyi? Bir az əvvəl şəhərin öz bağından dərib ona verdiyini?

Burda mənim yadıma… Yox, Leyli-Məcnun əhvalatı tox, Salyan cavanlarının sədərəkli bandit Tahir Kərimlinin başına gül səpməyi düşür…

Salyanım, Salyanım, gözəl Salyanım…

Haşiyə çıxaraq deyim ki, Xəlil Rza müstəsna olmaqla Təbrizdən ötrü dallarını cıran şairlər Salyana, Hacıqabula şeir yazmırdılar. Salyana, Hacıqabula hökumət pul vermirdi…

Qayıdaq cəfəng “Təbrizim”şeirinə.

“Nə qəşəngdir yol boyunca söyüdlər…”

Mən yazıq ədəbiyyat müəllimini gözümün qabağına gətirmək istəyirəm. Bu misranı şagirdlərə necə izah edir? Niyə Təbrizin söyüdləri qəşəngdir? Təbriz söyüdləri Salyan söyüdlərindən fərqlənir? Vallah, nə ədəbiyyat müəllimi… Azərbaycanda onlarla şarlatan ədəbiyyatçı elə bu şeiri tərifləyə-tərifləyə professor olub, arvad-uşaq dolandrlb. Hələ tələbələrdən alıdlqları rüşvətləri demirəm…

Söyüdlərin kölgəsində igidlər…”

Təsəvvür edirsiniz? Təbrizdə söyüdlərin kölgəsində igidlər… Yatışıblar? Salyanda söyüdlərin kölgəsində qoyunlar baş-başa verib yatardılar…

Yox, igidlər yatmayıblar!

“Babalardan dinləyirlər öyüdlər…”

Bildiniz? Burda babalar dərs keçirmişlər. Qoyunlar qalıb al günün altında, dillərini çıxarıb nəhləyirlər,  kölgəliyi babalar tutub igidlərə öyüd verirlər…

Hə, maraqlıdır, öyüd almış gənclər neyləyirlər? Bu sualın da cavabı var:
“Coşur damarlarda qanı, Təbrizim..”

Allah, sən saxla! Yaxşı ki, Salyanda söyüd kölgəsində igidlərə öyüd vermək ənənəsi yoxdur. Yoxsa bıçaq soxulmamış qarın qalmazdı…

“Ağlasan ağlaram,gülsən, gülərəm…”

Burda Təbrizin hansı xırda bir cizgisi görünür?

“Varımı səninlə yarı bğölərəm…”

Gəlirinə görə sovet milyonçusu olmuş Süleyman Rüstəmin kiməsə beş manat verdiyini eşitməmişəm. Təbrizə o, var verərdi? Təbrizlə spekulyasiya edə-edə bir ətək pul qazanıb…

“Nədir o mənalı dərin baxışlar?”

Şair bu baxışları nədə görür? Bunu İmişli haqqında da demək olar, Kasıb İsmayılov… pardon, Goranboy haqqında da . Bu cəfəng şeirdə Təbriz yoxdur – yoxdur onun relyefi, arxitekturası, dili, ləhcəsi…

“Vətəninə qurban, elinə qurban!…”

Rustam bek nə yazdığının fərqinə varmır, çünki oxucusunu lox, yəni hərif sayır. Necə yəni “vətəninə” qurban? Şəhər özü yer deyil, vətən, el deyil? Vətənin vətəninə qurban?

Yazıq uşaqlar! Yazıq Azərbaycan uşaqları! Prezidentin öz ailəsi bu cəfəngiyyatı oxumur, onlar urusu, ingilisi oxuyurlar. Azərbaycan uşaqlarının qabağlna isə atırlar  sovet lotularının bu cəfəngiyyatını…

“Girim qoynuna…

Salım boynuna…”

Rəzalət!

05.07. 2021, Samara

SON QIRX İLDƏ ANAR XUDADAT BƏYİN NƏVƏSİNƏ YOX, XUDAYAR BƏYİN NƏVƏSİNƏ BƏNZƏYİR…

19 dekabr, 2019-cu il. Leonid İliç Brejnevin doğum günüdür. Azərbaycan Yazıçılar İttifaqının 85 illiyi keçirilir. Anar Rəsul oğlu Rzayev çıxış edir.

“Doqquz il əvvəl mən yazıçılar üçün ev tikilməsi barədə müraciət etsəm də, müəyyən səbəblərdən həll edilməmişdi. Bunu da Prezidentə dedim, bu da öz həllini tapdı”.

Gurultulu və sürəkli alqışlar. Hamı qalxır.

“Nəhayət, Şabranda yaradıcı insanlar üçün şəhərcik salınmasını da ölkə başçısından xahiş etdim. Bu da müsbət həll olundu. Artıq orada tikinti işləri aparılır”.

Hamı çəpik çalır.

Yaradıcı insanlar üçün şəhərcik? Yəni yazarlar ayrı şəhərcikdə yaşayacaqlar? Sovetin axırına yaxın korlar üçün ya Tula ya da ora yaxın bir vilayətdə korlar üçün ayrı şəhər salırdılar. Orda ancaq korlar yaşayacaqdılar. Kor kişilər, kor kişilərin kor arvadları, onların kor uşaqları… Bilmirəm, bu layihə başa çatdırıldı ya yox… Deyəsən, Putin bütün Rusiyanı belə bir şəhərə çevirmək istəyir. Heç kim heç nə görmür…

Yazarlar şəhəri…Yazar kişilər, onların yazar arvadları, yazar oynaşlar…

Gurultula alqışlar…

Anarın ilhamlı çıxışı davam edir:

“Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq”. 

Yalançının lap… Nə güman, a kişi, danılmaz faktlar var. 85 il bir-birinin ətini yeyiblər. on minlərlə donos yazıblar, bir-birini  edama, sürgünə göndəriblər. Şərəf hardaydı, rəhmətliyin oğlu, kimə gəlirsən…

“Lenin” poeması yazıb Stalin mükafatı almaqda nə şərəf? A kişi, heç olmasa, bu yaşında ürəyində Allah xofu olsun, dörd yol ayrıcında diz çöküb Yaradana yalvar ki, atanın da, sənn də günahlarından keçsin…

“Yazıçılar Birliyi Azərbaycan dilini, ədəbiyyatını, mənəviyyatını qoruyub…”

Yəni ambar sıçovulu kimi büdcə pulunu və əmlakını içəri ötürən Rəşad Məcid mənəviyyat qoruyur?

Mənəviyyat  Cəlil Məmmədquluzadədir, Sabirdir – onların vaxtında Yazçılar ittifaqı vardı? Yazıçılar İttifaqı Müşfiqi nə günə qoydu? Hələ Yazıçılar İttifaqı yaranmamış bolşeviklər Cəfər Cəbbarlını nə hala saldı? Şiller talantı ilə doğulmuş insan cəfəng pyeslərlə öz reputasiyasını məhv elədi…

“Bu ilin may ayında Azərbaycan Yazıçılar Birliyinin üzvü olan üç şairə Xalq şairi adı verildi…”

Kimdir o üç şair? Füzuli, Nəsimi, Vaqif?

“Üç yazıçıya Xalq yazıçısı…”

M.F. Axundov, C. Məmmədquluzadə, Çəmənzəminli?

Anar məruzəsində nədənsə demir ki, bir yazıçıya, yəni Yazçılar İttifaqında onun müavini, mənzil komitəsinin(!) sədri Rauf Aslanova “Əməkdar idman ustası” adı verilib. Xüsusi nailiyyətinə görə. Anarın qoçaq və qoçu  müavini Rauf Aslanov şair Fəzail İsmayılı elə Anarın qəbul otağında salıb təpiyinin altına, qol-qabırğasını sındırıb. Bu xəbər prezidentə çatan kimi dərhal sərəncamla ona “Əməkdar idman ustası” adı verib. Deyirlər ki, hələ Rauf Salmanova əməkdar bankir adı da veriləcək, çünki faizlə pul buraxır. Rauf Salmanov “Əməkdar dəllal” adı da ala bilər, İnternetdə onun mənzil fırldaqlarından da yazırlar…

Bir sözlə, Anar ədəbiyyatımızın Leninidirsə. Rauf Aslanov onun vuran əli, Stalinidir…

Yox, necə yəni “mənzil komitəsi”? Bu Rauf Aslanov hardan çıxıb? Anarın müavini… Yox, burda Lenin-Stalin bənzətmələri şişirtmədir. Bu yazıçılar ittifaqı Danabaş kəndi kimi bir şeydir. Anar qlavadır, Rauf Aslanov isə Xudayar bəy. Xudayar da ona görə bəydir ki, Qlava bunun anasını siğə eləyib…

Belə çıxır ki, Anar da bunun anasını…

Lənət şeytana!  Min lənət!

Bütün bu bulvarlara, göydələnlərə və başqa müasir hoqqalara baxmayaraq, Azərbaycan vəhşi feodal ölkə olaraq qalır. Böyük bir Danabaş kəndi. Cəlil Məmmədquıuadənin vaxtında ümid vardı, 1905-ci ilin Konstitusiya azadlıqları vardı, mədəni paytaxtımıxz Tiflis vardı, kapitalist Bakı vardı…

İndi hər şey, mədnəniyyət də, aqressiv nadanların əsarətindədir.

Ədəbiyyat isə yoxdur. Gədəbiyyat var.

Anar isə qırx ildir ki, Xudadat bəyin nəvəsinə yox, Xudayar bəyin nəvəsinə bənzəyir…

 

30.04. 2021, Samara