Архив тегов | İlham Əliyev

газета ОЧАГ 2013-08

очаг8_цветной1_2013ОЧАГ 8-2013 скрин

TƏNBEH

İLHAM ƏLİYEV: “Vəzifəli adamlar var ki, toylarına, doğum günlərinə xarici müğənni gətirirlər. Mən onlara dedim ki, qurumsaqlar, əgər pulunz mənim kimi çoxdursa, dədənizə heykəllər qoyun, dədənizə muzey yaradın, pulu pozğun-pozğun müğənnilərə xərcləməyin, yoxsa bir işdən çıxarıb başqa işə qoyaram”.

LAZIM GƏLƏNDƏ…

Azərbaycan xoşbəxt ölkələr siyahısında 116-cı yerə düşüb. Başqa xalqlar təəcüblənirlər, deyirlər neftiniz, qazınız, gözəl prezidentiniz, gözəl birinci xanımınız, gözəl muğamatınız – nəyin fikrini çəkirsiniz? Azərbaycan xalqı da deyir ki, hələ Lazım gəlməyib, Lazım gələn kimi xoşbəxtlər siyahısında birinci yerə çıxacağıq…

SÜRÜDƏN QALAN QOTURDUR…

Sentyabrın 5-də AzTV muğam müsabiqəsi əvəzinə möhtərəm prezident İlham Əliyevin çıxışlarını göstərib…

Aparıcı: İndi də dəyərli münsiflər ifaçını qiymətləndirsinlər.

Ağaxan Abdullayev: Allah ölənlərüvüzə rəhmət eləsin, mən hələ rəhmətlik ulu öndərimizin gözəl çıxışlarını eşidəndə deyirdim ki, kaş öndərimizin oğlu da belə gözəl səslə, belə gözəl avazla çıxış edəydi. İndi görürəm ki, şükür olsun allaha, arzum yerinə yetib. Zat-aliləri çox gözəl çıxış elədi, mən hətta diyərdim ki, bizim möhtərəm prezidentimizin yanında Lenin, Stalin də yalandır. On verirəm!

Səkinə Abdullayeva: Çox qiryətli çıxış elədi möhətrəm prezidentimiz. Salyandakı çıxışı çox qiryətli oldu, o qədər qoçunun, iynəlinin içində çıxış eləmək çox qiryət istəyir, bu, Şuşada çıxış eləməkdən də qat-qat çətindir. On verirəm!

Əlibaba Məmmədov: Məndən tez-tez sorurlar ki, ay Əlibala müəllim, bu çox yaşamağın sirri nədir. Mən indi bu soruşanların hamısına deyirəm: məni yaşadan prezidentimizidir. Nə qədər ki, o belə çıxışlar edir, mənə ölüm yoxdur. Möhtərəm prezidentimiz danışdıqca, mənim ömrümün üstünə ömür gəlir. On verirəm!

Mınsum İbrahimov: Təbii ki, mən də on verirəm!

Arif Babayev: Sürüdən qalan qoturdur, mən də on verirəm!

BİZNESMEN AXTARIRIQ YOXSA HƏRİF?

Deyirəm son zamanlar Xalaqlar dostluğu evinin  qabağından heç olmasa bir dəfə keçən adama Parisə gedib avtomobil salonuna baxmaq lazım deyil. Çünki milli təşkilatların üzvlərinə məxsus maşınları içində elələri var ki, onları avropalılar bir-iki il bundan sonra görəcəklər. “Minəcəklər” demirəm, çünki bu avtomobillər elə qiymətədir ki, onları almağa bəlkə heç ingilisin, almanın gücü çatmaya… Və bu avtomobillərdən an gözəllərinin, ən bahalılarının bizim soydaşlarımıza məxsus olduğunu biləndə ürək fərəhdən elə çırpınır ki az qalır qırılıb düşı ayağının altına…

Ancaq bir iş var ki, bu avtomobil sahiblərinin çoxu idarənin qapısından keçib ofisə girən kimi ciblərindən bahalı bir dəsmal çıxarıb başlayırlar dizlərinə vura-vura ağlamağa ki, bəs qırıldıq-öldük, böhran qırdı belimizi, arvad-uşağı göndərmişik Azərbaycana ki, bağda-bostanda əllərinə keçəndə dişlərinə çəkib dolansınlar…

Mənə nə deyirsininz deyin, mən biləni,  ya ofisimizə, ya təşkilatımıza cadu eləyiblər, restorandan çıxıb ofisə gələnəcən soydaşlarımız müflis olurlar. Bir az ağlaşandan, sinə döyəndən sonra üzlərini sədrə tutub derirlər: “Vəziyyər gərgindir. Millətdən olan biznesmenlərlə danışmaq lazımdır ki, bir az təşkilata əl tutsunlar”. Adamın da üzü utanır desin ki, a bala, sən bəs biznesmen deyilsən? Yəni beş kilo benzinin pulunu da verə bilmirsən? Vallah, qalırsan kəsilə-kəsilə, deyə bilmirsən, çünki indi bunların oruc tutanı tutub, tutmayanı da özünü vurub tutmuşluğa, oruc adam da acıqlı olur, söz deyərsən, qayıdar üzünə. Durub hələ başını da yarar…

Bizim millətin fatihə oxumağı tamaşadır. Sağ əliylə çənəsinə sığal çəkir, üzünü tavana tutb başlayır dodaqlarını tərpətməyə. Mirzə Cəlil deyirdi ki, Xudayar bəy bu halda dua-zad eləmirdi, tavanın pərdilərini sayırdı… Bizim ofisdə üzünü yuxarı tutanda Allahın göyünü yox, tavandakı elektrik çıraqlarını görürsən. Və dilinə Tanrı adını gətisib bu çıraqları görən insan gərək yadına sala ki, bu yekə otağı bizə rus hökuməti verib, o çıraqları da tavandan rus hökuməti asıb ki, kitab oxuya bilək, qəzet oxuya bilək, bir-birimizin üzünə baxa bilək və bu işıqların pullarını da rus hökuməti verir, hələ qışda rus hökuməti bu yekəlikdə otağı yaxşıcaq qızdırır ki, biz vacib yerlərimiz soyuğa verib xarab eləməyək, bu rus hökuməti ofisə İnternet də çəkdirib ki, ermənilərin Şuşada, Zəngilanda gördüyü quruculuq işlərindən  xəbər tuta bilək, bu rus hökuməti hələ süpürgəçiyə də pul verir ki, ayağımızın altını süpürüb-yusun…

Və bütün bunları yadına salan soydaşımız üstəlik bu idarənin qabağına bahalı maşınla gəlibsə, gərək beş-on min rubldan ötrü ayrı adam axtarmaya. Əgər biz azərbaycanlılığımızı, dilimizi, ruhumuzu saxlamaq üçün yığışırıqsa, bunun xərcini kim çəkməlidir. Onsuz da zərcin çoxunu rus hökuməti çəkir. Çatmayan beş-on min pulu yığmaqdan ötrü bəlkə gedib yol qırağında dayanaq?

 “Biznesmenlərlə danışmaq lazımdır!” – bizim bəzi fəalların son beş-altı ildə gördüyü iş ancaq bu təklifdən ibarətdir. Nə çalmaqları var, nə oynamaqları, nə yazmaqları, nə oxumaqları, bahalı kostyumda, qalstukda gəlib “ağıllı” təkliflər edirlər. Vallah, adamın üzü utanır deməyə ki, təklifini qatla qiy cibinə, varınsa, beş qəpik at ortaya… Deyə bilmirsən, çünki soydaşımız təklifini verən kimi sağ əlini üzünə çəkib gözlərini zilləyir tavana, guya dua oxuyur, ancaq əslində rus hökumətinin asdığı çıraqları sayır… Hə, əziz soydaşlar, vəziyyət gərgindir, pul yoxdur, əlac qalıb ki, biz Azərbaycan milli pulu lopaqla işləyək. Ancaq rus bankları lopaqla hesab açmırlar, mətbəə “Ocağ”ı lopaqla çap eləmək istəmir. Bu, açıq-aşkar ayrıseçkilikdir. Gərək Avropa məhkəməsinə şikayət yazaq… Tərslikdən indi evdə də davadır. İlham Əlieyev 150 Azərbaycan jurnalistinə ev verib mənim evimi yıxdı, yəni yıxılmalı bir evim yoxdur, günüm olub qara. Arvad durub üzümə ki, sən də Azərbaycan jurnalisti olsaydın, indi biz də Bakıda prezidentdən ev alardıq, Rusiyada kirələrdə çürüməzdik. Deyırəm ay arvad, Azərbaycanda neçə min jurnalist var, onların hamısına elə bilirsən ev verirlər? Ev almaqçın gərək prezidentə elə təriflər deyədən ki, indiyəcən insan qulağı eşitməmiş olsun. Mən də qocalmışam, tərif deyən vaxtım keçib, cavanlarla ayaqlaşa bilmərəm. Arvad da deyir ki, sənin elə cavanlığın da bir şey olmayıb, cavanlıqda da tərif deyə bilmədin ki, qaldıq bu günə…

Orası elədir, arvad da olsa, düz deyir…

 

Mirzə ƏLİL

“Ocaq” qəzeti, iyul 2013

 

 

 

 

 

 

ŞTURMBANFÜRER LAZIM

İlham Əliyev neçə ildi lazımı gözləyirdi ki, Qarabağı alsın, indi Rüstəm İbrahimbəyov da Lazımı gözləyir ki, Bakıya gəlsin. Bu Lazım şturmbanfürer Şturlitsə dönüb, bilmirsən hansı tərəfə işləyir.

ÖZ ƏLİYLƏ

nar

Vladimir Putin bu yaxınlarda Bakıya gəlib Rüstəm İbrahimbəyovun rus pasportunu İlham Əliyevin gözü qabağında cırıq-cırıq edəcək.

JURNALİSTLƏR KOMPÜTERLƏ YEMLƏNƏCƏKLƏR

Azərbaycan prezidenti 150 jurnalistə mənzil verib. İlham Əliyev deyib ki, dünyanın heç bir ölkəsində belə şey yoxdur. Jurnalistlərə verilmiş mənzillər avtomatlaşdırılmış axurla və Prezident administrasiyasından kompütürlə idarə olunan yemləmə sistemiylə təchiz olunub.

 

GƏLİRSƏN? SEÇKİLƏRƏ GEDİRSƏN?

 
nar

Bir Azərbaycan futbolçusu vardı, Vəlli Qasımov, Rusiyada da oynamışdı, sonra bir müddət, deyəsən, Portuqaliyada. Onu telefonla milli yığmaya çağıranda demişdi: “Ваша сборная у меня в печенках сидит».Yəni sizin yığmanız mənim qara ciyərimə vurub…”
Mənə elə gəlir ki, hərdən-hərdən Rüstəm İbrahimbəyova Bakıdan zəng vurub deyirlər: “Rüstəm müəllim, seçkilər yaxınlaşır, gəlirsiz?” İbrahimbəyov da deyir: “Ваши выборы у меня в печенках сидят!» Yəni sizin seçkilərininz mənim qara ciyərimə vurub…

 

AZƏRBAYCAN TƏQVİMİNDƏ 14 İYUL

Bu gün Heydər Əliyevin həkimiyyətə gəldiyi gündür. 14 iyulda fransızlar Basiliya qala türməsini hücumla alıblar. 14 iyulda azərbaycanlılar qala türməsinə salınıblar…

İdealist millətlərin Adəm və Həvvadan, materialist millətlərin meymundan törədikəri güman olunur. Nizami Cəfərov və Ramiz Mehdiyev kimi alimlər Azərbaycan millətinin Heydər Əliyevdən törədiyini iddia edirlər…