Архив тегов | felyeton

NOVRUZ FELYETONU

Günlərin bir günü burda bir azərbaycanlı tədbirində oldum. Tədbir çalığılı idi. Manıslar avadanlıqları ilə oturmuşdular zalın yuxarı başında Qonaq-qara yerini tutub yeməyə təzəcə girişmişdi ki, gözlənilmədən Azərbaycanın himninin yazısını səsləndirdilər. Qonaqlar qalxdılar ayağa, gözlərini süfrədəki yeməklərə zilləyib gözlədilər ki, bu həngamə nə vaxt bitəcək. Mən yeyə bilmədiyimdən süfrəyə yox, çalğı səsi gələn tərəfə baxırdım. Çalanların içində bir olxuyanı, bir də skripkaçını tanıdım. Oxuyanla işim yoxdur, ancaq skripkaçıdan bir neçə kəlmə sözüm var.

Ötən ilin mayında burda Respublika günü keçirmək istəyirdik. Düzü, istəyən çox az idi, çox adam badalaq qururdu. Ancaq biz işimizdən qalmadıq, çalıb-oxuyan da tapdıq. Tədbirə bir həftə qalmış çalıb-oxuyanların başçısı dedi ki, burda aəzrbaycanlı skripkaçı var, o da sizin tədbirdə çalmaq istəyir. Dedik ki, buyusun, şadıq. Adını  İnternetdə elan elədik. Tədbirə bir gün qalmış çalıb-oxuyanların başçısı xəbər göndərdi ki, skripkaçı gəlməyəcək, əməliyyat olunub. Biz də çox ağrındıq, narahat olduq, dedik ki, bəs tədbirdən sonra yerini öyrənib dəyək. “Təki ölməsin”, — mən də belə dedim.

Çox keçməmiş mənə bir tanışım zəng vurdu, dedi ki, “öz aramızda qalsın, əməliyyat deyil, sünnətdir”. Mən çox təəccübləndim, dedim a kişi, o manısın əlli yaşı var, bu yaşda sünnət olar? Dedi,o, sünnət olunmur, sünnət toyuna çağırıblar Novokuybışevskə, ora gedib…

İndi qayıdaq bu tədbirə. Himn bitdi, qonaqlar girişdilər yeməklərə, çənələr bir şalaxo getdi ki, gəl görəsən. Bir-iki sağlıq deyiləndən sonra aşıqçılar başladılar vəzifələrinin icrasına. Bizim bu skripkaçı da… Aşıq Alı demişkən, “adını demirəm, eldən ayıbdır”. Elə Manıs deyək. Hə, bu Manıs durdu, skripkanı sıxdı çiyninə, sabirabadlılar demişkən, bir Şur təsnifi çaldı segahıynan…”Iyyy, ıyyy, qıyyy, vıııyyyy…” “Azərbaycan oğluyam”a keçəndə durdu ayağa, skripkanı mişarlaya-mişarlya başladı yançaqlarını əsdirməyə…

Bu insan Respublika günündən qaçıb sünnət toyuna getmişdi. Erməni toyuna çağırsaydılar, erməni toyuna gedərdi, buna şübhəniz olmasın. Bu insanda bir qram vətənpərvərlik varsa, onda Mirzə Əlil erməni casusudur, buna da şübhəniz olmasın.

Ağalar və xanımlar! Ağa və xanm olmayanlar, yəni sadə insanlar! Gəlin bayrağa hörmət edək, himnə hörmət edək – o baryaq ki, şəhidlərimizi bürüyürük, o himn ki, qəhrəmanların şərəfinə çalınır. Və bir də kimlərlə oturub-durduğumuza fikir verək. İncəsənətimizi, zəngin mədəniyətimizi sünnət toyu səviyyəsinə endirməyək. Yoxsa bir də görərik ki, erməni toyundayıq. Əldə-ayaqda işləyirik…

21.03. 2016 Samara

Mirzə ƏLİL

XALQ HAÇAN OXUDU Kİ, XALQ MAHNISI OLA?

Bizim millət özünü Qarabağdan başqa bir də xalq mahnıları uğrunda qurban verməyə hazırdır. Getdiyin yerdə birdən böyrünə bir dümsük verib saxlayırlar.

— Mirzə, eşitdin də.

— Nəyi eşitdim, a bala?

— Necə nəyi, a kişi, fil qulağında yatmısan? Düşmənlərimiz yenə xalqımızın mahnısını oxuyub öz adlarına çıxdılar…

Vallah, heç bilmirsən nə deyəsən… Mən bilmirəm xalq mahnısı nə olan şeydir. Çünki ağlım kəsəndən xalqımızın mahnı oxuduğunu görməmişəm. Gürcü xalqı hə, arvadlı-kişili yığılıb səs-səs verirlər, oxuyurlar. Bizim xalq oxumur. Bizdə mahnıları manıslar oxuyurlar. Bir manıs sintezator çalır, o biri manıs oxuyur. Bunlar hardan xalq oldular?

Başqa yerləri bilmirəm, bizdə nəinki oxuyanı, hətta zümzümə edəni də həmişə lağa qoyublar. Kişilər yenə heyvan-zad otaranda kola girib aman-aman deyərdilər, qadınlar heç oxumazdı, çünki oxuyan qadın pozğun sayılırdı. Qabaqkı arvadlar körpələrə layla çalardılar, indikilər deyəsən bunu da eləmirlər. Saqqız çeynəyə-çeynəyə seriala baxan gəlin necə oxusun?

Əlbəttə, haçansa xalq oxuyub, bunu danmıram. Amcaq neçə illərdir ki, xalq ancaq mələyir, çünki xalqı mələdirlər. Oxumaq istəyən xalq gərək mələməyi tərgidə, qoymaya onu mələdələr…

Kim nə deyir desin, mənim fikrimcə, oxumayan xalqda xalq mahnısı olmaz. O ki qaldı mahnıdan ötrü yağı düşmənlərlə vuruşub qan tökməyə, qoy manıslar gedib vuruşsunlar. Bəlkə sayları da bir qədər azala…

Mirzə Əlil

04.02. 2014 Samara

BİZNESMEN AXTARIRIQ YOXSA HƏRİF?

Deyirəm son zamanlar Xalaqlar dostluğu evinin  qabağından heç olmasa bir dəfə keçən adama Parisə gedib avtomobil salonuna baxmaq lazım deyil. Çünki milli təşkilatların üzvlərinə məxsus maşınları içində elələri var ki, onları avropalılar bir-iki il bundan sonra görəcəklər. “Minəcəklər” demirəm, çünki bu avtomobillər elə qiymətədir ki, onları almağa bəlkə heç ingilisin, almanın gücü çatmaya… Və bu avtomobillərdən an gözəllərinin, ən bahalılarının bizim soydaşlarımıza məxsus olduğunu biləndə ürək fərəhdən elə çırpınır ki az qalır qırılıb düşı ayağının altına…

Ancaq bir iş var ki, bu avtomobil sahiblərinin çoxu idarənin qapısından keçib ofisə girən kimi ciblərindən bahalı bir dəsmal çıxarıb başlayırlar dizlərinə vura-vura ağlamağa ki, bəs qırıldıq-öldük, böhran qırdı belimizi, arvad-uşağı göndərmişik Azərbaycana ki, bağda-bostanda əllərinə keçəndə dişlərinə çəkib dolansınlar…

Mənə nə deyirsininz deyin, mən biləni,  ya ofisimizə, ya təşkilatımıza cadu eləyiblər, restorandan çıxıb ofisə gələnəcən soydaşlarımız müflis olurlar. Bir az ağlaşandan, sinə döyəndən sonra üzlərini sədrə tutub derirlər: “Vəziyyər gərgindir. Millətdən olan biznesmenlərlə danışmaq lazımdır ki, bir az təşkilata əl tutsunlar”. Adamın da üzü utanır desin ki, a bala, sən bəs biznesmen deyilsən? Yəni beş kilo benzinin pulunu da verə bilmirsən? Vallah, qalırsan kəsilə-kəsilə, deyə bilmirsən, çünki indi bunların oruc tutanı tutub, tutmayanı da özünü vurub tutmuşluğa, oruc adam da acıqlı olur, söz deyərsən, qayıdar üzünə. Durub hələ başını da yarar…

Bizim millətin fatihə oxumağı tamaşadır. Sağ əliylə çənəsinə sığal çəkir, üzünü tavana tutb başlayır dodaqlarını tərpətməyə. Mirzə Cəlil deyirdi ki, Xudayar bəy bu halda dua-zad eləmirdi, tavanın pərdilərini sayırdı… Bizim ofisdə üzünü yuxarı tutanda Allahın göyünü yox, tavandakı elektrik çıraqlarını görürsən. Və dilinə Tanrı adını gətisib bu çıraqları görən insan gərək yadına sala ki, bu yekə otağı bizə rus hökuməti verib, o çıraqları da tavandan rus hökuməti asıb ki, kitab oxuya bilək, qəzet oxuya bilək, bir-birimizin üzünə baxa bilək və bu işıqların pullarını da rus hökuməti verir, hələ qışda rus hökuməti bu yekəlikdə otağı yaxşıcaq qızdırır ki, biz vacib yerlərimiz soyuğa verib xarab eləməyək, bu rus hökuməti ofisə İnternet də çəkdirib ki, ermənilərin Şuşada, Zəngilanda gördüyü quruculuq işlərindən  xəbər tuta bilək, bu rus hökuməti hələ süpürgəçiyə də pul verir ki, ayağımızın altını süpürüb-yusun…

Və bütün bunları yadına salan soydaşımız üstəlik bu idarənin qabağına bahalı maşınla gəlibsə, gərək beş-on min rubldan ötrü ayrı adam axtarmaya. Əgər biz azərbaycanlılığımızı, dilimizi, ruhumuzu saxlamaq üçün yığışırıqsa, bunun xərcini kim çəkməlidir. Onsuz da zərcin çoxunu rus hökuməti çəkir. Çatmayan beş-on min pulu yığmaqdan ötrü bəlkə gedib yol qırağında dayanaq?

 “Biznesmenlərlə danışmaq lazımdır!” – bizim bəzi fəalların son beş-altı ildə gördüyü iş ancaq bu təklifdən ibarətdir. Nə çalmaqları var, nə oynamaqları, nə yazmaqları, nə oxumaqları, bahalı kostyumda, qalstukda gəlib “ağıllı” təkliflər edirlər. Vallah, adamın üzü utanır deməyə ki, təklifini qatla qiy cibinə, varınsa, beş qəpik at ortaya… Deyə bilmirsən, çünki soydaşımız təklifini verən kimi sağ əlini üzünə çəkib gözlərini zilləyir tavana, guya dua oxuyur, ancaq əslində rus hökumətinin asdığı çıraqları sayır… Hə, əziz soydaşlar, vəziyyət gərgindir, pul yoxdur, əlac qalıb ki, biz Azərbaycan milli pulu lopaqla işləyək. Ancaq rus bankları lopaqla hesab açmırlar, mətbəə “Ocağ”ı lopaqla çap eləmək istəmir. Bu, açıq-aşkar ayrıseçkilikdir. Gərək Avropa məhkəməsinə şikayət yazaq… Tərslikdən indi evdə də davadır. İlham Əlieyev 150 Azərbaycan jurnalistinə ev verib mənim evimi yıxdı, yəni yıxılmalı bir evim yoxdur, günüm olub qara. Arvad durub üzümə ki, sən də Azərbaycan jurnalisti olsaydın, indi biz də Bakıda prezidentdən ev alardıq, Rusiyada kirələrdə çürüməzdik. Deyırəm ay arvad, Azərbaycanda neçə min jurnalist var, onların hamısına elə bilirsən ev verirlər? Ev almaqçın gərək prezidentə elə təriflər deyədən ki, indiyəcən insan qulağı eşitməmiş olsun. Mən də qocalmışam, tərif deyən vaxtım keçib, cavanlarla ayaqlaşa bilmərəm. Arvad da deyir ki, sənin elə cavanlığın da bir şey olmayıb, cavanlıqda da tərif deyə bilmədin ki, qaldıq bu günə…

Orası elədir, arvad da olsa, düz deyir…

 

Mirzə ƏLİL

“Ocaq” qəzeti, iyul 2013