Архив тегов | koronavirus haqqında

KORONAVİRUS

2

Ronaldu ya Messi? Hansı yaxşıdır? –

Hamlet sualıydı indiki zaman.

Elə bil ki, bütün bəşəriyyəti,
Əsas bu sualdı qayğılandıran.

 

 

Müqəddəs yazıydı statistika,
Sitayiş edirdi rəqəmə insan.

Qolu başla vurub, ayağıyla ya –

Neçənci dəqiqə, hansı məsafə…

 

 

Milyonlar vurnuxur Messiyə qarşı,
Sayı yox Ronaldu sevməyənlərin.

Dahilər meydana çıxıb çarpışır,
Baxan Adilərin siniri gərgin.

 

 

Zirvələr, rekordlar gözləyən də var,
Çoxunun uzanır göyə əlləri.

Neçə Adinisə üzür intizar:
Haçan büdrəyəcək dahinin biri…

 

 

Neyləyək, belədir insan həyatı,

Özgə qayğısıyla yaşayan da var.

Bəzən dahilərin məğlubiyyəti,
Yerdən Adiləri sanki qaldırar…

 

 

Bağlanıb, boş qalıb stadionlar,
Hardasa qapanıb Ronaldu, Messi.

Hamletin sualı  yenə aktual,

Bütün yer üzüdür indi səhnəsi.

 

 

Başqadır bugunkü statistika,
Rəqəmlər, rekordlar tük ürpədəndir.

Adi də, dahi də meydana çıxar,
Söhbətsə olumdan, ölümdən gedir.

 

 

Bilmirik hardadır Messi, Ronaldu,
Birinci qayğındır öz ömrün indi.

Olummu? ölümmü?– sual budur, bu,

Başını sındırır dahi, həm adi.

 

 

Əvvəlki dəyərdən düşür rekord da,

Yersiz əyləncəyə bənzəyir idman.

Məna axtarmalı öz həyatında,
Ən adi, sıravi olsa da insan.

23.03. 2020, Samara

TƏCRİD

2

Əlim ələ dəyən  yadımda deyil,
Doğma əli olsun, ya da yad əli…

Gəzirəm, adamsız cığırlar seçib,
Ayaq incisə də, başın salamat.

Keçən olanda da dinmədən keçir,

Bilmirsən kişidir, ya da ki, arvad…

 

 

Bu təcrid başlanan indi əsrdir,
Niyəsi, necəsi özümə sirdir…

Nəfəsim qızınmır dost nəfəsiylə,
Nə ürək açan var, nə də dinləyən.

Dəyişdim dünyanı quş qəfəsiylə,

Yox həvəs uçmağa, nəğmə deməyə.

 

 

Uzaq gəncliyimin yaxın adamı,

Hardasan? Necəsən? Yadındayammı?

Danış, eşidərəm. Ya da ki, öskür,
Üzü mənə sarı – qorxma azardan.

Uzat əlini də – təklik öldürür,

Əsrlik təcriddən üzülür insan…

 

17. 03. 2020, Samara