Архив тегов | Məmmədhüseyn Məmmədov Ərəbqardaşbəyli

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 18. TÜKƏZBAN XALA VƏ OĞULLARI (III)

20230721_135628

Qonşuda televizora baxmaq – televizor olmayana qədər “oturmağa getməy”in davamı idi. O vaxt televiziyanın bir kanalı var idi, onun da verilişlərinin çoxu rus dilində. İki-üç saat səhər verilşindən sonra axşam saat 5-ə qədər davam edən fasilə başlanırdı. Ertədən uşaq verilişləri olur, əsasən rus dilində cizgi filmləri göstərilirdi. “Ögey ana”, “Arşın mal alan”, “Məşədi İbad” kimi Azərbaycan filmlər bayramlarda göstərilirdi. Azərbaycan kanalında hər axşam bir bədii film göstərilsə də, onların çoxu rus dilində idi. Kəndlilər ekranda baş verənləri bir şey başa düşmədən izləyirdilər. Əsgərlik çəkib az-maz dilini öyrənmiş kişilər kinonu dili bilməyənlərə “başa salırdılar”. Rusiyada yaşayan azərbaycanlıları yaxından tanıyandan sonra bildim ki, bizim adama dil öyrənmək üçün iki ya üç il yox, iyirmi-otuz il də azdır. Yəni o kino “başa salan” “tərcüməçilər” kadrları futbol oyunu kimi şərh edirlərmiş. Özlərini yerə vurub necə boyunlarına alsınlar ki, dili bilmirlər…

Məsələ burasındadır ki, sovet ordusunda əvvəl üç il, 1968-ci ildən iki il il xidmət edən azərbaycanlı adətən öz soydaşlarının arasında olur və onlarla elə öz dilimizdə danışırdı, rus dilində ancaq komandirlərdən əmrləri eşidirdi. Qardaşım Seyfulla uzaq Ural şəhəri Maqnitaqorskda öz kəndçimiz Qəhrəmanla üç il bir rotada xidmət edib, bir kazarmada yatıb… Süleymanın Qazaxstanda üç illik əsgəlik elədiyi vaxt yaxın yoldaşı arbatanlı (əslən ermənistanlı) Musa olub. Batumidə xidmət etmiş Adgözəlin də əsgər yoldaşları azərbaycanlı, bir neçəsi isə hətta salyanlı idi. Üsyəlik orda türkcəni yaxşı bilən bir acarın ailəsinə gedib-gəlirdi… Azərbaycanlı gənclərin böyük əksəriyyəti tikinti hissələrində xidmət edirdi. Yəni əsgər paltarında fəhləlik eləyirdi. Rusların, ya da rusdillilərin əhatəsinə tək-tük adam düşürdü. Ancaq bunun özü də dili öyrənmək üçün kifayət deyil. Dili, xüsusən danışığı öyrənmək üçün ünsiyyət lazımdır. Rusla azərbaycanlı arasında isə ünsiyyət nadir hallarda yaranır. Bir rusla bir azərbaycanlı adamsız adaya düşsələr, onların arasında, dostluq səviyyəsində də olmasa, az-çox yaxın münasibətin yaranacağına zəmanət vermək olmaz. Rusla azərbaycanlı arasında həyat tərzi, düşüncə tərzi, davranış fərqləri çox böyükdür. Əsgərlikdə, mən sovet ordusunu nəzərdə tuturam, azərbaycalının rusla yox, erməni ilə yaxınlıq ehtimalı çox idi, çünki musiqimiz, mətbəximiz, hətta mərasimlərimiz də oxşardır. Milli azlıqarın öz aralarında ixtilaflar olsa da, ruslar onlara “böyük qardaşlıq”, yəni əslində sözün neqativ mənasında “dədəlik” eləmək istəyəndə birləşirdilər…Mən, əlbəttə, rus məktəbində oxumuş və özlərini “rusdilli” adlandıran azərbaycanlıları nəzərdə tutmuram. Onları azərbaycanlı yox, sovet dövrünün yaratdığı “subetnos” adlandırmaq daha düzgün olar…

Ancaq dili bilməmək kəndin həyatında təzə bir şey olan televizora marağı azaltmırdı. Başqa yerləri, başqa cür yaşayanları, başqa cür geyinən, yeyib-içənləri görmək istəyi insan təbiətinin xassəsidir. İnsanların tarix boyu həyatlarını təhlükələrə ataraq tanımadıqları, olmadıqları yerlərə səyahəti elə-belə deyil ki…

Yetmişinci illərin axırına yaxın həftədə bir dəfə Azərbaycan dilində film göstərməyə başladılar. Bu, cümə günləri olurdu – yəqin “müsürmanlığımıza” görə… “Azərbaycan televiziyası və radiosunun proqramları” adlı qəzet çıxırdı, burda Azərbaycan televiziyasının, radionun 1-vi proqramının və “Araz”ın verilişlərinin vaxtı göstərilirdi. Televiziyanın cümə günü proqramında göstəriləcək filmin adının qabağında mötərizə içində yazılırdı “Azərbaycan dilində”. A 3 formatlı boz qəzetdə bu iki sözə baxmaqdan doymaq olmurdu…

Dildən əziz nə var?

Bəlkə ayda bir dəfə Azərbaycan filmləri, qalan həftələrdə isə azərbaycanca dublyaj edilmiş rus ya sosialist ölkələrinin filmləri göstərlirdi.  Çox yaxşıları da var idi. Mən o vaxtlar Kozintsevin “Kral Lir” filminə dönə-dönə baxmışam. Kral Lir bizim Səməndər Rzayevin dili və səsi ilə danışırdı. Səməndər Rzayev çox yaxşı aktyor deyildi, ancaq səsi, danışığı gözəl idi…

Sovet İttifaqının ömrü on beş-iyirmi il də uzansaydı, dilimiz canını tapşıracaqdı. Qorbaçov islahatları bizim dilimizi daimi canvermə vəziyyətindən qurtarıb həyata qaytardı…

Təəssüf ki, indi bu dilə bir nəfər yiyəlik eləyir…

Uşaqlıqda və yeniyetməlik dövründə sənətdən aldığım və indiyəcən qəlbimdə yaşayan dərin təəssürlərın hamısı üçün qonşu televizoruna minnətdaram. Haçan Məmmədhüseyngildə “Oqtay Eloğlu” tamaşasından sarsıntı keçirdiyim, haçan Ərəstungildə O`Henrinin hekayələri əsasında çəkilmiş “Qırmızıdərililərin rəhbəri” filminə baxarkən dəli kimi gülməyim indi də yadımdadır…

1970-ci il iyunun 21-də futbol üzrə dünya çempionatının finalına Ərəstungilin televizorunda baxmışam. Braziliya – İtaliya. 4:1… Bunu unutmaq olarmı?..

Süleyman əsgərlikdən gələndən sonra daha çox Məmmədhüseyngilə gedərdik. Tükəzban xala ertədən bizə dəyib axşam hökmən gəlməyimizi tapşırardı. Vüqar körpə olan vaxtlar çox ağlağan idi. Elə ağlağan idi ki, ona zəif xaşxaş suyu verib yatırdardılar…Yəni Vüqar körpəliyində kef çəkib… Bəzən körpə yatmırdı, Tükəzaban xala ilə Səmayə qonşuları gəzib xaşxaş suyu axtarırdılar…

Ancaq dil açan kimi elə şirin uşaq oldu ki, biz ora gedəndə yatmış olsa da, Səmayədən xahiş edərdik ki, oyatsın, danışdıraq…

Məmmədhüseyngilə axşamlar çox adam yığışırdı. Ağası müəllim, Məmmədhəsən hər gün gələnlərdən idilər. Nərd, domino oynanılırdı. Məmmədhüseyn oyuna çox ciddi yanaşırdı, Məmmədhəsən isə hər oyunu məzhəkəyə çevirir, oğurluq eləyir, bacanağını cinləndirirdi…

Mərcan xala da həftələrlə qızıgildə qalırdı. Belə vaxtlarda məməm də axşamlar gedirdi oturmağa. Maraqlı bir şey yadımdadır. “Günün ekranı” xəbərləri doyunca Heydər Əliyevi göstərəndən sonra keçrdi hava haqqında məlumata. Qadın və kişi diktor növbə ilə zonalar üzrə proqnozu deyirdilər. Məsələn, Rafiq Hüseynov deyir ki, Quba-Xaçmaza, Şəki-Zaqatalaya yağacaq, Şərqiyyə Əhmədiva deyir ki, Abşeron yarımadasına  yağmayacaq…

Bir neçə dəfə ziddiyyətli “yağacaq-yağmayacaq” sözlərini eşidən və, elmi dillə desək, kontekstə fikir verməyən Mərcan xala dözməyib əlini qəzəblə ekrana uzatdı: “Bular dəli olublar nədi? Biri deyir yağacaq, biri deyir yağmayacaq…”

Mərcan xala məməmlə, Tükəzban xala ilə elədiyi söhbətdən yayınıb “Günün ekranına”diqqətlə baxsaydı, görərdi ki, “bular” dəli-zad olmayıblar, “bular” xalqı axmaq ya avam yerinə qoyurlar, Salyanda üç gündür yağır, “bular” deyir ki, Salyan gündə üç faiz pambıq verib…Azərbaycanlılar bazarlığa Tiflisə, Yerevana gedirlər, “bular” deyirlər Azərbaycan SSRİ-də ən firavan yerdir…

Azərbaycanda Heydər Əliyev əsri başlanmışdı. Yalanın biri… Yox, bir qəpiyə də yox. Heç neçəyə…

Və bu əsr hələ də davam edir…

70-ci illərin sonuna yaxın yelevizorda futboldan başqa heç nəyə baxmırdım. Üzünə baxa-baxa sənə ağ yalan danışan adama neyləmək istəyirsən? Bəli, gözünün içinə tüpürmək. Azərbaycanın televiziyası da elə bir istək doğururdu…

Ancaq Tükəzban xalanın, Mərcan xalanın, qardaşlarımın, məməmin sağ olduğu günlərin həsrəti böyükdür…

10. 01. 2025, Samara

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 17. TÜKƏZBAN XALA VƏ OĞULLARI (II)

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 17. TÜKƏZBAN XALA VƏ OĞULLARI (II)

20230721_135628

Kamal hayküyçü, deyingən olsa da, nəinki kiçik qardaşları və yeganə bacısı, hətta anası Tükəzban xala da onun hörmətini saxlayırdılar. O, yeniyetmə yaşlarından atasıyla bərabər və bəlkə ondan da artıq özünü oda-közə vurmuş, ailəni müharibə vaxtı və müharibədən sonrakı aclıq illərində dolandırmışdı. Mənim yadıma gələn vaxtlarda 1960-cı ildə sovxoza çevrilmiş kolxoz maşınını sürürdü. QAZ 51 markalı taxta kuzovlu yük maşını indi də gözümün qabağındadır. Nömrəsi 28-56 АЗД. Onun əkizi olan ikinci maşını Adil Rzayev sürürdü. Nömrəsi 43-78 idi. Mən hələ aşağı siniflərdə oxuyanda hərdən başqa qonşu uşaqlarla birlikdə Kamal dayının maşınının kuzovuna dırmaşırdım. Qızı Xuraman kabinədə otururdu. Bir az toz iyi qarışmış xoş benzin iyi vura-vura məktəbəcən getmək xoşbəxtlik idi…

Kamal dayının öz maşını da var idi. Yəqin ki, bizim kənddə şəxsi avtomobili ilk dəfə o alıb. Birinci maşını, səhv etmirəmsə, Moskviç 403 idi, sonra 407 almışdı. Yaxşı sürücü idi. Yalnız bir dəfə — Bakı yolunda — ağır qəzaya düşmüşdü, ancaq bu, yaşının yetmişi keçən vaxtında olmuşdu.

Kamal dayı ailəsi üçün canını qoymağa hazır idi və qoyurdu da. Ailə — geniş mənada. Yəni qardaşlarının da, bacısının da ailəsini o özünkü sayırdı. Bunun, təəssüf ki, mənfi tərəfi də var idi. O, yaxınlarının hər işinə qarışırdı — bu can qoymağa hazırlığın qarşısında gərək onun bir sözü iki olmayaydı. Qardaşları da, bacısı da, Kamal dayının fədakarlığı müqabilində onun bəzən hampazorluğa çevrilən şıltaqlığına dözürdülər. Onunla ayaq-ayağa verən, onun tiranlığına itaət etməyən yeganə adam yəqin ki, arvadı Zərxanım idi.

Qəfər oğlu Səttarın qızı itaət eləsin? Heç vaxt! Ölərdi, ancaq dilini deyərdi.

Zərxanım bacıdan haçan Kamal dayını soruşan, qarğış eləyərdi: “Allah onu öldürsün!…”

Zərxanım vaxtaşırı Kürdən keçib Cəngəndə yaşayan qızıgilə gedərdi. Gedəndə ya qayıdanbaş hökmən məməmə dəyməliydi. “Ay, Xeyrulla, qayıdıb gəlmədün də… Məmün də qaldı burda tək, “- mənə deyərdi…

Uzun illər davalı, küsülü yaşayıb küsülü də öldülər. Gərgin onillərin ağır zəhmətlərindən yaxşı güzəran üçün vacib olan hər şey yaranmışdı: ev-eşik, avtomobil, mal-heyvan, təsərrüfat. Ancaq bu zəhmətlər xoşbəxtlik gətirmədi. Xoşbəxtlik, ailə səadəti üçün də zəhmət çəkilməlidir, ancaq bu zəhmətin təbiəti ayrıdır, bu zəhmət insanın ilk növbədə öz içərisini nizama salmağa yönəlməlidir, başqasını sındırmağa, itaətə gətirməyə yox…

Kamal dayıda, mənim müşahidəmə görə, anasında, qardaşlarında görmədiyim bir  cəhət vardı: o, yüngül fitnəkarlığa, təhrikçiliyə meylli idi. Köçəndən çox sonra bir dəfə kənddə olarkən atüstü lələmə dəyməyə gəldiyi vaxt kişini necə öz öladlarına, yəni bizə qarşı qaldırdığının şahidiyəm…

Öz ailəsində günü qara olan bu insan elə bil başqa ailələrdəki qalmaqallarda təsəlli tapırdı. “Sən öləsən, qırıllar bir-birrərin”, — deyərək qəhqəhə çəkərdi…

Çox qəribədir: ömrü boyu min cür çətinlikləri dəf etmiş, min cür işi həll etmiş, yoluna qoymuş bu adam niyə bir gün vaxt ayırıb arvadını boşamırdı? Axı boşandıqları dəqiqədən, nəhayət, insan kimi yaşaya bilər, günləri qara, yedikləri haram olmazdı! Xoşbəxtlik istəmirsən? Bu da xoşbəxtliyin düsturu!

Kamal dayıya belə xoşbəxtlik lazım deyildi. Ona müharibəni udmaq lazım idi. O, qələbə arzulayırdı. Ailə müharibəsindən isə qalib çıxan olmur.

Həm də gərək nəzərə alaydı ki, Zərxanım Qəfər oğlu Səttarla Mələyin qızıdır…Zərxanım zədələnmişdi, çoxlu yaralar almışdı, ancaq sınmamışdı…

Tükəzban xala, oğlunun tam əksi olaraq, sülhsevər arvad idi…

Tükəzban xalanın ailəsi haqqında bildiyim odur ki, ziyalı qardaşı Əlirza 37 ya 38-ci ildə irtica qurbanı olmuşdu. Məmmədhüseyn deyirdi ki, Tükəzban xala o vaxt yeniyetmə olan Kamalla Gəncəyə gedib həbsdə olan qardaşı ilə görüşüb. Sonralar Əlirzadan xəbər olmayıb. Tükəzban xala elə ömrünün axırınacan qardaşını sağ bilir, canına and içirdi…

Kamalla Ərəstun dədə yurdundan çıxandan sonra Tükəzban xala kiçiyi Məmmədhüseynlə qaldı. Subaylığında da, ailə qurandan sonra da Məmmədhüseynin anası ilə ucadan danışdığını da görməmişdim. O, içdə baş verə biləcək konfliktlərin qabağını qətiyyətlə aldığı kimi, ailəyə aid olmayan söhbətləri də başlanğıcda kəsirdi: “Öz sözünüzü danışın…”

Ailə həyatı xoşbəxt ola bilərmi? Bu suala cavab verməli olan hər kəs gərək ailə xoşbəxtliyinin nə olduğunu özü üçün müəyyənləşdirə. Bəlkə də bu məsələyə istisna etmə yolu ilə yanaşmaq daha yaxşıdır. Yəni xoşbəxlyin nə olmadığını müəyyənləşdirməklə. Bu üsulu rəhbər tutsaq, demək olar ki, ailə xoşbəxtliyi “can” deyib “can” eşitmək deyil. Can deyib can eşitmək insanın çəkdiyi ağır zəhmətlər üçün mükafat olan anlardır. Ailə xoşbəxtliyi daha çox yola getməkdir. Bu, az deyil. Bu, müxtəlif cinsli, müxtəlif təbiətli, fərqli aillərd böyüyüb fərqli tərbiyə almış, fərqli yaşayış qaydalarına alışmış  iki adamın bir-birinə hörmətli, səbrli münasibətidir. Yəqin ki, həm Ərəstun, həm Məmmədhüseyn haqqında demək olar ki, onlar yola gedirdilər. Onların xoşbəxt olduğunu da demək olar…

Ərəstun təhsil görməmişdi, uşaqlığı düşmüşdü müharibə illərinə, çox az oxumuşdu. Ancaq bu adamın həm qızıl əlləri vardı, həm də kəlləli idi. O, əsgərlik çəkməmişdi. Bir neçə ay yığmada olmuşdu. Salyandan Bakıya gedən yolun sağ tərəfindəki yüksəklikdə (salyanlılar ora dağ deyirlər) sovetin hərbi hissəsi yerləşirdi, bu, radiololkasiya stansiyası idi. Ərəstun üç-dörd aylıq əsgərliyini orda eləmişdi. Az vaxtda təhsil görməmiş bu adam radionu elə öyrənmişdi ki, kəndə işıq çəkiləndən və adamların çoxu radioqəbuledici alandan sonra o, kəndin radio ustasına çevrildi. O cihazların yaxşı çıxanı olurdu, illərlə işləyirdi, ancaq keyfiyyətsizləri çox idi. Qoruyucuları, xüsusən lampaları və adlarını bilmədiyim başqa detalları yanırdı. Gətirirdilər Ərəstunun yanına. Ərəstun qoyurdu radionu qabağına, sxemə baxa-baxa, yəni elə işin gedişində öyrənə-öyrənə radionun azarını tapıb düzəldirdi. Mən gecələr Ərəstunun yanında çox oturmuşam. Yox, öyrənmək üçün yox. Belə işlərə nə həvəsim, nə qabiliyyətim var. Mənim üçün Ərəstunla söhbət maraqlı idi. Söhbət Ərəstunun özü üçün də vacib idi: yuxusu qaçırdı…

Sonra adamlar yavaş-yavaş televizor da almağa. Ərəstun antenna qurur, xarab olan televizorları düzəldirdi.

Ərəstun məharətli dülgər idi. Hətta kolaz bağlayırdı…

Onun evini söküb, dala, Kür qırağına köçməyi bir yayın içində oldu. Yaşı on ildən də az olan evini söküb ailəni həyətdə tikdiyi aşxanaya yığdı və dalda ildırım sürəti ilə indiki evini tikdi.

Ərəstun gözəl bağ da salmışdı. İndi bizim evlə Adilin arasındakı yoldan keçən adam çətin təsəvvür edə bilər ki, burda sahibinin əliylə tikilmiş, qapı-pəncərələri bəzəkli ev, nadir meyvələri, üzümləri olan bağ var imiş…

09. 01. 2025, Samara

(ardı var)

əvvəli burda:

ƏRƏBQARDAŞBƏYLİNİN ARVADLARI VƏ KİŞİLƏRİ. 16. TÜKƏZBAN XALA VƏ OĞULLARI (I)

      PİŞİK

                       

                                                                                                              unudulmaz səslər

Ərəbqardaşbəyli. Cahangir kişinin yurdu. Həyətin qabağnda Raziyə xala qonşusu hardansa gələn Şirali Bədəlovu görür.

— Buy, ay Şiralı, diyəsən Bəkidən gəlirsən?

— Bəkidən gələnə oxşıyıram?

— Paltaurunnan bildim. Kainatgilə gedmişdün? Nətəərdilər?

-Olar yaxşıdılar. Mən bitəər olmuşdum.

-Bitəər nöş olurdun?

— Əşşi, Kainatgildə bir həngamə variydi ki, gəl görəsən.

— Nə həngamə, ay Şiralı? Kainat sakit oğlandı.

— Əşşi, diyirsən də. Kainat pişig saxlıyır.

-Niyaxşı. Pişig öyün yaraşığıdı.

-Əşşi, sən də yaraşığ tapdun. Zəhləm gedir pişiydiən.

-Yox, ay Şiralı. Pişiy olmasa, mən tək qala bilmərəm (ağlamsınır). Hardan götürüb pişiyi?

-Diyir tappuşşuq. Məə görə diyir. Bakıda pişiylər çölə tökülüb ki, tapasan? Yəqin alıb, mənnən gizzədir.    -Bəkıdə pişig satıllar?

-Bəkidə satılmayan şey var?

-Ay Şiralı, Məmməsseyinin həyti doludu pişiynən, Ülügil yığıb aparalar Bəkidə satalar.

-Dinən də Səmayiyə.

-Diyərdim ey, ancağ Məmməsseyinin həytindəki pişiylər oğrudular, satarsan, zöyüş yiyəsi olarsan. Kainat pişiyi neçiyə alıb?

-Məə diyər? İndi öyün böyüyü də, kiçiyi də pişiydi. Ay mını yisin, ay ou yisin. Professora aparacağlar.

-Azarrıyıb?

-Yox, diyillər birdən azarrıyar… Kainat işdən hər saatda zəng eliyir şəkilli telfunnan. Vüsalə gərək pişiyi görkəzə, olmasa Kainat işdiyə bilmir.

-Bəziyirsən ey, Şiralı…

-Nə bəziyirəm? Telfuna şəklin qoyub, iş görəndə də cibindən çıxarıb baxır.

-Tiyatırsan ey, Şiralı. Pərigil nətəərdi?

-Yaxşıdılar. Qonaqlıq eləmişdi.

-Səə görə?

-Nə mən aaz? Dədə-zad yaddan çıxıb. Pişiyin qonaqlığıydı…

-Oyunun olsun, ay Şiralı. Pişig yaxşı pişiydi?

-Pişiyin nə yaxşısı? Gözzərindən bilirsən kimə oxşatdım? Səən qoşun var ey. Adın dimiyəcən, özün bilirsən…

-Ay Şiralı, məə xatıya salma. Heç oynadıb-eləmədün?

— Mən pişig oynadanam? Özü gəldi oturdu qucağımda, issədim götürüb atam yerə, Kainatın xətrinə dəymədim… Mən Kainata diyirdim it saxlasın, sözümə baxmadı. Dədə-babadan bizim həmişə itimiz olub…

— Ay Şiralı, süzün ittərüüz yaman adam tutan olurdu.

— Sən də söz danuşdun. Bizim it kimi tutmışdı?

— Məə tutmuşdu. Qıçımı Qaştan parçalmışdı…

— Yox, hamam eləmişdi. İndi çaşıb ağzın atıb.

— Diyirsən də… Bəki yerində elə pişig yaxşıdı, ay Şiralı. İtin xərci ağırdı.

— İtin nə xərci? Səən qoşun varıydı ey, yeddi-səkkiz it saxlıyırdı. Olara yiməy verirdi? Hürüb-hürüb yorulurdular, səssəri kəsilirdi.

— Yox, ədə, yiməysiz it qalmaz.

-Necə qalmaz? Canı da çıxar… Bıy, pişiyün gəldi. Aaaz, bu səən başua çıxdı ki?

— Ay Şiralı, bı belənçiydi. Başıma çıxır. Neynəy, qoy çıxsın. Bı olmasa, lap bağrlm çatdıyar. Gələn-gedən yoxdı. Day Xeyrulla gəlmədi. Ay Şiralı, diyirəm Xeyrulla gəlməz (ağlayır).

-Diyan ey. Ağlamağ nədi… Geci-tezi gələr. Hara gedsük, axırda bura gəllüy. Darıxdırma özüü. Mən Kainatın pişiyini bəziyirdim ki, kefün açılsın…Sən də ağladun. Ağlama…

28. 11. 2024, Samara