Архив тегов | Mirzə Əlil

İSGƏNDƏRNAMƏ — 2

Mənim keçmiş şagirdlərimdən biri danışırdı ki, Politexnik institutunda oxuyanda daxili işlər naziri İsgəndər Həmidov tələbələrlə görüşə gəlib və çıxışında deyib ki, onun atom bombası var, bu yaxınlarda atacaq ermənilərin üstünə…

İsgəndərin atom bombası yox idi və ola bilməzdi, ancaq vaxtaşırı dəyənəkdən başqa silah görməmiş əlli-altımış polis işçisini cəbhəyə aparır, o yazıqları orda qırdırıb qayıdırdı…

Əslində Elçibəyi Heydər Əliyev yıxmadı, Elçibəyi yanındakı Həmidov kimi adamlar yıxdılar.

Həmidov sovet dövründə OBXSS kapitanı olmuşdu, sovet milisində bu, ən pozğun bölmə idi, yəni burda işləyən adamlar sosialist əmlakını oğurlayanlarla mübarizə aparmaq əvəzinə oğrulara qoşulub o əmlakı yeyirdilər. Elçibəy dövründə kapitan İsgəndər general-leytenant rütbəsi aldı və general mundirini utanmaz-utanmaz geyib redaksiyalara girir, jurnalistləri şillələyirdi… O vaxt insanlardan nə qədər daş-qaş yığıdığı və bunun hara xərcləndiyi məlum deyil. Ancaq yenə ən ağırı o polislərin vaxtaşırı qırğına verilməsi idi, Həmidov bununla özünün müharibədə iştirakını göstərmək istəyirdi…

Belə adam ya türmədə, ya dəlixanada ola. Ancaq indi bu adam hörmətli mxalifət liderləriylə yanaşı durub nitq söyləyir…

Atalar deyib ki, dostunu mənə göstər, sənin kim olduğunu deyim. İndi İsgəndərə baxıb İsa Qəmbər haqqında nə deyək? İsa Qəmbərin dalınca getmək nə dərəcədə ağıllı hərəkət olar? Birdən İsa Qəmbər (fantaziyamızı boş buraxaq) prezident olur. Deməli, İsgəndər yenə nazir olacaq, yenə redaksiyalara girib jurnalistləri şillələyəcək, yenə dəyənəkdən başqa silah görməmiş polisləri cəbhəyə göndərəcək?

Camaat, ağlınızı başınıza yığın, oturun yerinizdə, heç kimin dalınca getməyin. Allahdan diləyin ki, İlham Əliyevi üstünüzdən əskik eləməsin…

PREZIDENT TV-DƏDİR, MİLLƏT HAMI EVDƏDİR

Günlərin bir günü İlham Əliyev gedir Dağüstü parka, girir kafeyə ki, bir az yetyib- içsin və bir az dincəlsin. Yeyir-içir, qıçını qıçının üstünə qoyub başlayir dincəlməyə. Bir saat dincəlir, iki saat dincəlir… Baxıb görür ki, kafedə ondan başqa qadam yoxdur. Ofisiantı çağırıb deyir:

—         Brat, mən iki saatdır burdayam, özümdən başqa bir müştəri görmürəm.

Ofisiant elə ikiqat əyildiyi vəziyyətdə deyir:

— Zat-aliləri, indi bütün millət oturub evdə Az Tv ilə möhtərəm prezidentimizin Dağüstü parkını ziyarət etməsinə baxırl…

ANALOQU OLMAYAN SƏS İTKİSİ

İlham Əliyev Eurovisionda Azərbaycandan verilən səslərin itirilməsindən çox hiddətlənib. Prezidenti başa düşmək olar: 1993-cü ildən bəri indiyəcən Azərbaycanda bir dənə də səs itməmişdi. 

GÖZÜNÜZ AYDIN, KÜRÜ ZƏNBİLDƏDİR!

Azərbaycan vətəndaşları indən belə nəinki balıq, hətta kifəyət qədər kürü də yeyə biləcəklər. Prezidentin fərmanıyla istehlak zənbilinə 8 kq kürü salınıb. Badımcan yetişən kimi millət kürü yeməyə başlayacaq.

AZƏRBAYCANDAN XAL GƏLMƏDİ…

İlham Əliyev Vladimir Putinə yazdığı məktubda “Avrovizion”un Rusiya iştirakçısı Dina Qaripovaya Azərbaycandan verilən 10 xalın çatmadığına görə üzr istəyir. Cənab Əliyev yazır ki, xalları Bakıdan neft borusu ilə göndərinblər, nəzərə almayıblar ki, Rusiya tərəfi bir neçə gün əvvəl borunu Azərbaycanın üzünə bağlayıb. Azərbaycan prezidenti yazır: “ Gələn dəfə Rusiyanın xallarını qastarbayterlərdən göndərəcəyik, qastarbayterlər hökmən çatdırarlar”.

NƏ QƏDƏR İSTƏSƏZ, VASİF TALIBOV QATIQLAYACAQ

Naxçıvanlılar şikayətlənirlər ki, gömrük onları İrandan qatıq keçirməyə qoymur. Gömrük işçiləri deyirlər ki, Naxçıvanın İran qatığına etirazı yoxdur, Vasif müəllim kifayət qədər qatıqlayır.

 

 

KEÇƏN GÜNLƏRİMİ QAYTARAYDILAR, NEÇƏ LAÇINLARI QURBAN VERƏRDİM…

18 may 2013 cü il. İlham Əliyev televizora baxır. Az TV birdən xəbər verir ki, “bu gün Laçının işğalından 21 il keçir”. Prezident arvadını səsləyir:

— Eşidirsən, Mehriban? İyirmi bir il! Qocaldıq getdik…

 

ŞÜKÜR BU KƏLƏM BAŞLILARA…

İranda İslam komitəsi prezident seçilmək fikrinə düşmüş otuz qadının hamısına seçkilərdə iştirak etməyi qadağan etmişdir. İranlı xanımlar bir az məyus olsalar da, əllərin göyə qaldırıb Tanrıya şükür ediblər ki, İranda yaşayırlar, Azərbaycanda yaşamırlar, onlar Azərbaycanda prezident eşqinə düşsəydilər, çarşablarının altından narkotik maddələr və Kalaşnikov avtomatı çıxacaqdı, özləri türməyə düşəcəkdilər, qohumları işdən çıxarılacaqdılar və hələ bəlkə çılpaq şəkillərini AzTv-də göstərəcəkdilər…

 

AZƏRBAYCAN PEYKİNDƏN GÜL NAĞIL

11 may 2013. Bakının küçələrində quruyub zibilə dönmüş milyonlarla gül süpürülüb daşınır. Bunu görən Amerika peyki Azərbaycan peykindən soruşur:

— Şəhərinizdə o qədər zibil hardandır?

Azərbaycan peyki deyir:

— Bu zibili gecəynən bədnam qonşularımız ermənilər gətirib töküblər paytaxtımıza. Qardaş, bacara bilmirik onlarla. Beynəlxalq ictimaiyyət də dərdimizə inanmır. İndi özün gördün nə gündəyik?

AZƏRBAYCAN İNTERNETİNDƏ FUNKSİYA: «ƏLİM DƏMİRDƏ!»

Beynəlxalq təşkilatlar İlham Əliyevin əlinə-ayağına düşüblər ki, İnternetdə təhqirə görə cinayət məsuliyyətini qanuniləşdirməsin. Onlar təklif edirlərki, bunun əvəzində  Azərbaycan İnternetə “əlim dəmirdə” funksiyasını qoysun. İndinin özündə Azərbaycan məmurları İnternetdəki təhqirlərə fikri vermirlər, oxuyan kimi “əlim dəmirdə” deyib sovuşdururlar. Ramiz Mehdiyevin əli heç dəmirdən ayrılmır…

 

Mirzə Əlil