Архив тегов | Mirzə Əlil

QƏMBƏRQULU

 

Hamıya məlumdur ki, hər millətin vacib bir xüsusiyyəri olur. Azərbaycanlıda bu, gördüyü işə qəmbərqulu qoymaqdır. Bir adamın azərbaycanlı olub-olmadığını bilmək istəyirsinizə, baxın onun gördüyü işə: qəmbərqulusu varsa, azərbaycanlıdır, yoxdursa, zatında iş var, and içib özünü öldürsə də, inanmayın.

Bu latın əlifbası ki, var, onu dünyanın çox xalqları işlədir, heç kim də qələt eləyib bu əlifbaya əlavə bir işarə də salmayıb. Azərbaycanlı isə öz qəmbərqulusunu latın əlifbasına da qoydu, yəni olmayan “ə” hərfini pərçim eləyib saldı bura ki, erməni özü də baxanda əlifbanın azərbaycanlıya məxsus olduğuna şübhə eləməsin.

Düzü mən əvvəllər bu hərfdən utanıb xəcalət çəkirdim, fikirləşirdim ki, şoğərib hərfə baxıb ingilis bizi qınayar, alman bizi qınayar. İndi-indi başa düşürəm ki, millətimiz elə bu hərfin üstündə dayanıb durub. Məsələn, bizim ən dəyərli soyadlarımız elə “ə” hərfiylə başlayıt: Əhmədov, Əzimov… Bəh-bəh… Başqa bir misal. Götürək dəstəkləmək sözünü. “Ə” hərfi olmasa, bu söz əlimizdən, yəıni dilimidən çıxar. Onda a qardaş, a gözünə dönüm sənin, bəs biz prezidenti, baş naziri, məhkəməni, prokuroru, gömrükçünü, mollanı, hacını, bir sözlə, bütün nəcib və qeyrətli kişilərimizi necə dəstəklərik? Onda gərək hamısına qulp qoyaydıq. Vallah, aləm qarışardı bir-birinə, böyük-kiçiklik qalmazdı, it yiyəsini tanımazdı. Allah bu “Ə” hərfinə bərəkət versin, onu əlifbamızdan əskik eləməsin.

Elə deyilmi, qağa? Bəs niyə mısmıqığını sallayıb gözünü döyürsən, ə?

 

Mirzə ƏLİL

 

Avqust 2005, “Ocaq” qəzeti

 

HƏFTƏDƏ YEDDİ GÜN VAR, ELƏ HAMISI BAZAR…

Şirvan bəyin, sizdən nə gizlədim, hərdən-hərdən mənimlə məsləhətləşməyi var. Düzdür, məsləhətləşəndən sonra öz bildiyi kimi edir, ancaq yenə sağ olsun ki, sayır. Günlərin bir günü deyir ki, Mirzə, bazar günü məktəbi açmaq istəyirik, nə deyirsən. Dedim bəy, yəqin mənimlə zarafat edirsən. Bazar günü məktəb olar? Bazar günü məktəbə gedərlər? Dedi ki, bazar günü bəs hara gedərlər? Dedim bazar günü getməyə o qədər yaxşı yerlər var ki. Ağzında bazar günü deyirsən. Bazar günü hamama gedərlər, xaş yeməyə gedərlər, kiçik toya gedərlər, kazinoya gedərlər. Vallah, kef çəkməli yerlər o qədərdir ki, deməklə qurtaran deyil, dedikcə də adamın öz ağzı sulanır. Şirvan bəy əlini yelləyib dedi ki, nə kef, a kişi, mən məktəbdən danışıram. Bazar günü məktəbi açırıq ki, burdakı uşaqlar gəlib ana dilimizi öyrənsinlər. Dedim Şirvan bəy, bazar günü ağlım kəsmir bizim uşaqlar məktəbə gedə, özü də dilimizi öyrənməyə. Yenə ingilis dili ya da balet olsaydı, bəlkə gedərdilər. Şirvan bəy bu dəfə hər iki əlini yelləyib dedi ki, Mirzə, bəs sən görməmisən yəhudilər, ermənilər necə bazar günləri yığışıb öz dillərini öyrənirlər?

Söhbətin bu yerində elə incidim ki, mən də hər iki əlimi yellədim. Dedim a kişi, sənin necə ürəyuin gəldi ki, bizim gözəl-göyçək, ağıllı-kamallı millətimizi yəhudiylə, erməniylə müqayisə etdin? Çox da onlar yaxşı oxuyurlar, çox da onların alimləri bizimkindən artıqdır. Biz qeyrətdə onlardan üstünük. Bizim dinimiz onlarınkından yaxşıdır. Əsas qeyrətdir, əsas dindir, a Şirvan bəy. Məndən soruşursansa, bizə bazar günü məktəbi lazım deyil. Bizə belə məktəb lazım olsaydı, günün adını “bazar” qoymazdıq…

O vaxt az qaldıq Şirvan bəylə dalaşaq, bir az küsülü qaldıq, sonra bazar günlərinin birində Mobil bəy adlı soydaşımız hər ikimizi xaş qonaqlığına çağırıb bizi barışdırdı…

O ki qaldı bazar günü məktəbinə, onu açdılar – Mirzənin məsləhətinə baxan kimdir ki. Ancaq bu məktəbin açıqlığı ya bağlılığı bilinmir. Bir hay-hayı gedib vay-vayı qalmış müəllim tutublar, məktəb qapısına gələn də onu görüb qayıdır. Çox vaxt bu “məllimin” əli quru yerə dəyir. Bir dəfə bu kişini gördüm, yazığım gəldi. Ürəyimdə dedim ki, a kişi, sənin özünə Azərbaycan dili yox, ərəb dili lazımdır ki, burda yasindən-zaddan oxuyub qəpik-quruş qazanasan.

Ancaq yenə ürəyim yanır millətin işlərindən ötrü. Bir tanışım var, ona bu yaxınlarda deyirəm ki, qırışmal, niyə uşağını göndərmirsən dilimizi öyrənsin. Deyir ki, Mirzə,  sən öləsən, əlacım olsa, mən özüm dilimizi birkərəlik başımdan çıxararam.  Dedim bəs dilsiz neyləyəcəksən, a yazıq, heç ruscanı da əməlli bilmirsən. Deyir ki, Mirzə, məni ruscanı öyrənmyə qoymayan şoğərib dilimizdir. Necə ki kompütürdə bir təzə proqramı qoymaqçın gərək köhnəsini çıxarasan, bu rusu da yaxşı öyrənmək üçün gərək əvvəl öz dilimizi beynindən çıxarasan. Mirzə, başın haqqı, bilmirəm heç neyləyim…

Düzü, bu qurumsağım dilimizə “şoğərib” deməyindən çox başıma and içməyi məni yandırdı…

A kişilər, millətin əgər oxumaq fikri olsaydı, günün adını “bazar” qoymazdı ki. Digər tərəfdən, hansı günümüz bazar deyil ki? Haramız bazar deyil ki? Universitetimiz bazar, məhkəməmiz bazar, məscidimiz bazar, parlamentimiz bazar, hökumətimiz bazar.

İndi belə çıxır ki, həftənin hər gününü biz elə məktəbdəyik.

Bazar məkdəbində…

Mirzə Əlil, 27 noyabr 2008, Samara

 

BOZBAŞ SUYUNDAN HEYKƏL

Bu yaxımlarda yolum bir kafenin qabağından düşmüşdü. Bir də eşitdim ki, “Mirzə, Mirzə, a Mirzə, hey!” deyə məni daldan çağırırlar. Qanrılıb baxanda gördüm ki, kafe sahibidir. Soydaşəımız nəhləyə-nəhləyə mənə çatıb əl verdi. “Mirzə, az qalmışdı məni infarkt vursun, a kişi, sən nə qıvraqsan, çata bilmirdim sənə. Mirzə, gedək dükana, səninlə işim var”.

Mən belə başa düşdüm ki, kafe sahibi məni yeməyə dəvət edir. Dedim bəy, vallah elə ac deyiləm, özünə çox zəhmət verib dalımca qaçmısan. Aşxanaçı gülüb dedi ki, Mirzə, bizim hamımızın sənə hörməti var, səni məcburi yedirdə bilmərəm. Ancaq mən səni ayrı şey üçün çağırıram. Elə şeydir ki, yemək içməkdən də, bütün başqa keflərdən də artıqdır. Dedim bəy, mənə qara-mara vermək fikrin varsa, nahaq əziyyət çəkirsən, mən elə şeylərə yaxın durmuram, arağın özünü içə bilmirəm. Soydaşımız daha da bərkdən gülüb dedi ki, Mirzə, başa düşmədin, qara nədir, a kişi? Sənin kimi hörmətli Mirzəyə mən qara verərəm? Dedim ay bala, mən ağa da yaxın durmuram. Qoy çıxım gedim yolumla, yoxsa arvad dava salar. Soydaşım əl çəkmədi, darta-darta aparıb məni saldı kafeyə. İkilikdə balaca bir otağa girən kimi mənə dedi ki, “otur”. Bozbaşçı küncdəki seyfi açıb başladı orda eşələnməyə. Mən gözaltı ona baxırdım, amcaq seyfin içini görmürdüm. Arxayındım ki, soydaşım seyfdən pul götürür. Yəni pulu götürür ki, mənə versin. Ürəyimdə fikirləşirdim ki, ay aman, görəsən mən nə dəyyusluq eləmişəm ki, bu aşxanaçı mənə pul verir. Qalmışdım məəttəl ki, puldan necə imtina edim, çinki kafe sahibini də incitmək istəmirdim. Nəhayət, soydaşım seyfdən aralanıb mənə yaxın gəldi, gördüm əlindəki pul deyil, bir vərəq kağızdır. O, kağızı mənə uzadıb dedi ki Mirzə, yaz bura adını, soyadını, sonra da qolunu çək. Dedim ay bala, mən nəyə qol çəkməliyəm? Dedi Mirzə, heykəl qoyuruq, sənin razılığın lazımdır.

Bunu eşidındə ürəyim qırılıb düşdü ayağımın altına. Öz-özümə dedim ki, ay namərd, sən indiyəcən soydaşlarının qədrini bilməmisən. Dallarınca ağzına gələni danışırsan, yazırsan, onlarsa yığılıb sənə heykəl qoyurlar. Utandığımdan yerə girməyə hazırdım. Dedim bəy, mən sizə çox minnətdaram, yerdən göyə qədər, ancaq mənim heykəlliyyə ləyaqətim yoxdur. Bir də hara tələsirsiniz, öləndən sonra qooyarsınız…

Soydaşım bunu eşidəndə qəhqəhə çəkib dedi ki, Mirzə, sən nə məzəli adammışsan, a kişi, heykəli sənə qoymuruq, heykəli qoyuruq ulu öndərimizə…

Bunu eşidəndə bayaqkından da bərk utandım. Başımı lap itirmişdim. Tələsik qol çəkib çıxmaq istəyirdim, ancaq yadıma düşdü ki, arvad onun razılığı olmadan kağız-kuğuza qol çəkməyi qadağan edib. Dedim bəy, məni bağışla, eynəyim qalıb evdə, eynəksiz gözüm bir şey seçmir, gedib eynəyimi götürüb gəlim…

O gündən çalışıram ki, soydaşlarımın gözünə görünməyim. Əlbəttə, həyat bir az çətinləşib, küçəyə çıxan kimi ora-bura baxıram, elə bilirəm ki, qəfildən qabağıma bir azərbaycanlı çıxacaq, bir vərəq kağızı uzadıb deyəcək ki, Mirzə, gərək bura qol çəkəsən, ulu öndərə heykəl qoyuruq. Ancaq fikirləşib görürəm ki, heykəl qoyulsa, gərək ruslardan gizlənəm. Axı bunların da səbrinin bir hüdudu var, bezdirərsən, saxlayıb tüpürərlər gözünün içinə…

Halım elə qarışdı ki, az qaldım hönkür-hönkür ağlayım. Ancaq həm arvaddan qorxuram, birdən fikirləşər bu yaşımda eşqə düşmüşəm. Həm də, deyilənlərə görə, Azərbaycanda camaata ağlamağı qadağan edirlər. Mənə danışdılar, yaxşı başa düşmədim ki, təkcə Naxçıvanda, ya bütün Azərbaycanda. Əslində bunun ikisi də bir şeydir. Vasif Talıbov yas yerində də camaatı ağlamağa qoymur. Deyir ki\ zırıltı salıb Azərbaycanın imicini korlamayın. Əslində Vasif bəy yasın özünü də yavaş-yavaş yığışdırır, deyir ki, bu millətin xatırlanmağa layiq bir mərhumu var, o da ulu öndərdir. Daha nə deyim Vasif cənablarından. Guya fərman verib ki, toylar yığışsın və bəylə gəlin telefon vasitəsiylə əlaqə saxlasınlar…

Mənim fikrinmcə, belə dahi rəhbər Nobel mükafatına Obamadan çox layiqdir, ermınilər qoymur verələr. Ona heç olmasa millət yığılıb yekə bir heykəl qoya. Elə bir xərc də istəmir. Ulu öndərə qoyulan heykəllərin qalan-qulan bürüncündən, mərmərindən toplayıb Vasif Talıbova həngamə bir heykəl yapmaq olar.

Soydaşlar, Mirzə evdədir, gətirin siyahınızı, qolunu çəksin. Ancaq arvad evdə olmayanda gəlin. Yoxsa sizə elə yaxşı sözlər deyər ki, quruyub heykələ dönərsiniz…

                        Mirzə ƏLİL

13.10.09 Samara

ZALIM UŞAQLARI, BEŞ İL GÖZLƏYƏ BİLMƏYİBLƏR…

 

Mayın iyirmi səkkizində səhər açılmamış, sizdən ayıb olmasın, arvad məni dümsüklədi ki, dur, Buş zəng vurur. Düzü, bu İraq müharibəsindən sonra Buşla aram soyuqdur, ancaq zəng vuranda xala xətrin qalmasın cavab verirəm. Hə, telefonu alıb dedim  xeyir olsun, Buş cənabları, nə qulluğun. Dedi qulluq sahibi olasan, elə zəng vurdum ki, bayramınızı təbrik eləyəm. Dedim bərəkallah, Corc bəy, öndərimizin yubileyindən iki həftə krçib, indi yadına düşmüşəm? Dedi yox, Mirzə, dövlətinizin yaranmağının doxsan illiyi münasibətilə təbrik edirəm. Ağızucu “sağ ol” deyib telefonu söndürdüm. Sonra eşitdim ki, məndən sonra Bakıya zəng vurub möhtərəm prezidentimizi təbrik edib, onun da qanını qaraldıb…

Nə yubiley, ə? Nə bayram, ə? Yalan deyirəmsə, Mirzə Əlili fəxri xiyabanda Zəlimxan Yaqubla bir qəbirə  qoyasınız, o gün acığımdan arvada beş-altı çəkdim. Dedi Mirzə, mənim nə təqsirim var? Dedim kim bilir, bəlkə baban müsavat əskəri olub, Rəsulzadəyə dəstək verib, sizin tayfaya döyülmək halaldır. Bizim arvad dilini saxlayan deyil, dedi Rəsulzadə nə pislik eləyib xalqa, dövlət yaradıb dana. Dedim ondan kim xahiş eləmişdi dövlət yaratsın? Neynirdik biz elə dövləti? Neynirdik o boyda ərazini? Neynirdik o cür parlamenti ki, orda cürbəcür partiyalar ola, debatlar gedə, arvad-uşaq da bu pozğunluğa baxıb yaman günə qala? Bəs biz müsəlman deyilik? Bəs bizim qeyrətimiz yoxdur? Bizim bir dövlətimiz var ki, öndərimiz yaradıb, sonra da tapşırıb oğluna.

Bizim arvad kimi tərs yer üzündə yoxdur, qayıdıb mənə deyə ki, yaxşı dövlətdirsə, niyə gedib yaşamırcsan orda? Qolaylanıb bir yaxşı şillə vuracaqdım ağzının qstqnə, ancaq elə bu dəmdə Şirvan bəy qapıdan girib dedi ki, Mirzə, həmişə belə mehriban olasınız, gəlmişəm hər ikinizi yubiley konsertinə çağırım…

Şirvan bəylə çoxdan salamım var, keçə bilmədim, arvadı da götürüb getdim məclisə. Şirvan bəyə tapşırdım ki, danışanda gücü qoysun milli öndərə, de ki, o vaxt Rəsulzadə, Topçubaşov bir səhvdir eləyiblər, onlara aid olmayan işdən yapışıblar. Bizim dövlətimizi də, xalqımızı da yaradan öndərdir. Allah onun heykəllərini birə beş artırsın, oğlunun prezidentliyini ömürlük eləsin.

Konsertdə bir təhər tab gətirib oturdum. Ancaq Şirvan bəy səhnəyə çıxıb danışanda kürkümə birə düşdü. Elə bil kişini şeytan azdırdı. Bir kəlmə də nə öndərdən, nə möhtərım prezidentdən dedi. Arvadın qolundan tutub tez aradan çəxdım. Dedim belə yerdə adam tez ləkələnər.  Onsuz da naxçıvamlılar Buşla salaməleykimə görə məndən çox incikdirlər…

Sonraö eşitdim ki, AzTV işləri düzəldib, allah bütün kanalların ömründən kəsib versin ona. Samaranın tədbirindın məulumat verəndə Şirvan bəyin adından deyiblər ki, öndərimizdən belə danışdı, möhtərəm prezidentimizdən heylə danışdı. Sağ olsun Hacı Faiq, düzüb-qoşub. Mən, düzü, özümə görə qorxurdum. Bilirəm ki, möhtərəm prezidentimizin üzü gəlməyəcəkdi, İordaniya kralına, Misir prezidentinə deyəcəkdi, onlar da mənə zəng vurub utandıracaqdılar ki, Mirzə, bəs sən niyə müxalif bayramlara gedib regional lideri darıxdırırsan…

Şükür allaha, bəla sovuşdu. Ancaq arvadı necə vurmuşamsa, indiyəcən qulağına dərman tökdürür. Yalan deyirəmsə, mənə neft gəlirindən bir manat da çatmasın, çox tərs arvaddır. Zənnim məni aldatmır, zatında müsavatçılıq var…

                                      Mirzə ƏLİL

                                                        03.06.08 Samara