Архив тегов | Mirzə Təbil

MİRZƏ TƏBİLİN İLHAM ƏLİYEVƏ ƏRİZƏSİ

Əlahəzrət, sən Bakıda,
Döydürdün beş-altı rusu,

Milyon azərinin burda,
Əngələ düşüb yarısı.

 +

Əyilib gedirik yolu,

İtirmişik düz yerişi.

Şükr buna! – elə olur,
Yeridirlər qaz yerişi.

 +

Söyülən var, döyülən var,

Bakıya gəlirmi səsi?

Çoxdur deport olunanlar,

İçəridədir neçəsi.

 +

Əlahəzrət, tələs, lütfən,

O beş-altı rusu burax.

Özün görürsən axı sən,

Başımızda sınır çanaq.

 +

Bizə belə müdafiə,

Gərək deyil, açıq desəm.

Bizi çevirdin hədəfə,
Sənin girovunuq biz həm.

 +

Özümüz öz başımızı,
Girələrik, kənardan bax.

Yoxsa bizim hamımızı,
Mələdərlər bu gün-sabah.

 +

Burax tutulan rusları,

Qurtar bizi təhlükədən,

Burax jurnalist qızları –

Rəhmli ol öz ölkəndə!

 

Mİrzə TƏBİL

 17. 07. 2025, Samara

AH, BAKIDA GÖR NECƏ DƏ SEL GEDİR…

Ah, Bakıda gör necə də sel gedir,

Qurşağacan islanaraq el gedir!

 +

Güclənir, artır suların həmləsi,
Tutduğun anda qabağı – dal gedir!

 +

Qaz kimi yollarda maşınlar üzür,

Hər biri sanki keçərək göl gedir.

 +

Boynuna güclü əfəli mindirir,
Gör neçə insan qıraraq bel gedir!

 +

Sanki hovuzdur içi avtobusun,
Həm yuyunur sərnişin, həm yol gedir!

 +

Azəribaycansa azaltmıqr qazı,

Sanki uçur quş, ya da ki, yel gedir.

 +

İnkişafın misli, bərabəri  yox,

Dalda qoyub aləmi əvvəl gedir.

 +

Keçmişik İlhamla biz Avropanı,

Təngnəfəsdir, çıxarıb dil gedir.

 +

Seyr edib İlhamsa seli söyləyir:

 “Mehriban, işlər nə mükəmməl gedir!”

 Mirzə TƏBİL

16. 04. 2025, Samara

SIXARAQ TOQQANI ÇOXDAN YEMİRƏM, ÇAĞIRAN YOX FƏQƏT İFTARA MƏNİ…

Demokratiya üzrə dünyanın ən yaxşı ekspertləri məhərrəmlik ya orucluq vaxtı Azərbaycanda çox yox, bir həftə yaşasalar, yekdil rəy verərlər: Azərbaycanda demokratiya mümkün deyil!

Azərbaycanda demokratik seçkilər keçirilsə, şiə seçicilər Tofiq Yaqubluya yox, Tale Bağırzadəyə səs verəcəklər, halbuki Tale Bağırzadı faşistdir, videolarına baxın, deyir ki, tezliklə “..ağa zühur edəcək, Azərbaycanı ağanın zühuruna hazırlamaq lazımdır…”

Orucluğun sonu yaxınlaşdıqca Facebook-un harasını basırsansa, butılkadan cin çıxan kimi, seyid, məşədi, hacı çıxır. Hansı səhifəni açırsansa, qarşında ifrat stolu açılır. Yehəyedir, bashabasdır. Yeyin, fürsətdir, əti çox yeyin, cənnətdə xurmadan başqa ayrı şey yoxdur, tək xurma yeməklə heç hurilərlə məzələnməyə həvəs olmaz…

İcra başçıları iftar verirlər! Təyinat alıb (yəni pulla alıb) gələn kimi rayonun bütün gəlirli yerlərini nəzarətə götürən, restoranlar, şadlıq evləri tikdirən, örüş, əkin yerlərini zəbt edəb bu oğraşlar iftar verirlər. Yeməklərin ağırlığından qıçları torpağı dələn stolların başına beş-altı şəhid valideynini də yığırlar. Bu oğrş icra başçılarının nə özləri, nə övladları müharibəyə gediblər, örüşlərini, əkin yerlərin zəbt edib ağızlarını bir-iki hektara dirədikləri kəndlilərin uşaqlarını göndəriblər. Xalqın özündən oğurlanan pulla açılan iftara dəvət olunan bədbıxt valideynlər o uşaqların ata-analarıdırlar…

İndiki icra başçıları sovet vaxıtının birinci katibidir. İdarəçilikdə heç nə dəyişməyib, vəzifənin adı dəyişib, yalnız hampazorluq artıb. Sovet vaxtı ağdaşlı ya cəlilabadlı birinci katibdən Moskvaya şikayət yaza bilərdi. İndi dərdini kimə deyəcək? İlham Əliyevə? Vəzifəni elə İlham Əliyev satmayıb?

O vaxtın birinci katibləri “dinin qalıqlarına qarşı” yorulmadan mübarizə aparırdılar, orucluqda, məhərrəmlikdə şənliklər keçirirdilər. 70-ci illərdə dinin qalıqlarına qarşı mübarizənin önündə Heydər Əliyev gedirdi. Bəstəkar Musa Mirzəyev məscidə gedib nəzir verdiyinə görə cəzalandırılmışdı…

Talançı, quldur icra başçılarının haram pulla iftar süfrəsi açmaqlarını qoyaq bir qırağa. Onların hansı işi düzdür ki. Yəni başdan ayağa, rus demişkən, poxun içindədirlər. Bəs bu seyidlər, məşədilər, hacılar? Onların ramazan canfəşanlığı, iftar mərasimləri?

Orucluq nə üçündür? – Bu sualın cavabı yoxdur. Quranda deyilir ki, sizdən əvvəl oruc tutublar, siz də tutun.

Günün işıqlı vaxtında ac qalmaq insanda hansı əxlaqi, mənəvi dəyişikliklər yarada bilər?

Mən allergiyanın şiddətli vaxtı qırxdoqquz saat ac qaldım, özümdə heç bir əxlaqi dəyişiklik hiss etmədim, gördüm ki, əvvəlki kimiyəm, yəni, Hamlet demişkən, dünyaya gəlməsəydim, daha yaxşı olardı…

İslam banilərinin onlara qədər mövcud olmuş bu proseduru məcburiyyət səviyyəsinə qaldırmaqları yaranmaqda olan müsəlman icmasını birləşdirmək zəruriyyətindən doğa bilərdi. Yəni eyni prosedurun, hətta ən primitiv və bəlkə də ziyanlı ola bilən prosedurun eyni vaxtda eyni qaydalarla icrası çox kəsərli və effektiv  təşkilatlatlandırma instrumentidir. Təşkilantlanma isə İslanmın özünün yeni təşükkül tapdığı və İslam ekspansiyasının başlandığı vaxtda çox vacib idi. Quranla, namazla və digər ayrı məcburi ayinlərlə yaranan birlik hərbi yürüşlər üçün vacib olan ruh yaxınlığı yaradırdı.

İndi Azərbaycanda icra başçılarının, oliqarxların, “qanuni oğruların”, lotuların açdığı ifrata süfrələrin başına yığılanlar arasında ruh birliyi varmı? Varsa, bu ruh birliyi onları hansı  əməllərə səsləməlidir?

Məgər ruh birliyi Azərbaycan müsəlmanlarını quldur icra başçılarına qarşı mübarizəyə də olmasa, müqavimətə səsləməli deyil?

Məgər Azərbaycan müsəlmanları ən azı bu Ramazan ayında, iftar süfrəsi başında, İlham Əliyevdən qanunsuz həbslərə son qoymağı tələb etməli deyil?

Məgər Azərbaycan müsəlmanlarının ifrat süfrəsi Kürdəxanada açılmalı deyil? Məgər Azərbaycan müsəlmanları iftardn qabaq Kürdəxanını dağtmasalar da, şərlənib tutulanların, birinci növbədə jurnaliust qızların buraxılmasını tələb etməli deyil?

Əgər Azərbaycan müsəlmanları bunları eləmirsə, orucluq heç bir dini mükəlləfiyyət deyil, pəhriz forması və ifrat adıyla qarınqululuq eləmək üçün fürsətdir.

Məgər şəhid ata-anaları iftar stolunu quldur icra başçısının başına çevirməli deyil?

Əgər Azərbyacan müsəlmanı bütün bunları eləmirsə, onun orucluğu pəhrizin bir formasından başqa bir şey deyil…

O ki qaldı qədim orucluğa, İslamdan əvvəlki orucluğa…Bunu qədim ərəbin gedonizmi, yəni kefsevərliyi ilə bağlamaq da olar. Gündüz ac qalandan sonra şam yeməyinin ləzzəti birə beş artır. Üstəlik qaranlq düşəndın sonra yataq kefinə də icazə verilir…

Və Türkiyədə demokratiyanın məhz Ramazanda can verməyi ifrat dərəcədə simvolikdir….

29. 03. 2025, Samara

P.S. Sözümü samaralı şair Mirzə Təbilin bir beyti ilə bitirirəm.

Sıxaraq toqqanı çoxdan yemirəm,

Çağıran yox niyə iftara məni….

YAZIÇI ANARIN ÖLÜMÜNƏ

Başımı ağrıtdı qara xəbərin,

Qalan beş ya altı dişim ağrıdı.

Sinəmdə ürəyim döyündü gərgin,
Ah, ölüm xəbərin necə ağırdı!

 +

Sədrlik elədin əlli il yəqin,

Hətta əlli ildən bəlkə çox olar.

Bütün rekordları sən təzələdin,

Stalin və Mao dalda qaldılar.

 +

Analoqsuz insan, sən niyə öldün?!

Çoxdur ölməlilər, biri elə mən!

Sənə nə dərd gəldi? Əzildi ödün?

Sidikdən kəsildin? Yoxsa yeməkdən?

 +

Şirəli Müslümov kimi niyə sən,
Yüz altmış doqquz il yaşamadın?

Nədəndi qıtlığın, korluğun nədən?

Nəyin əskik idi talış babadan?

 +

Var öz çətinliyi çox yaşamağın da,

Üz verir oğul, qız itkisi bəzən.

Sənin itkilərin ağırdır daha,
İtirdin ağlını, əqidəni sən.

 +

Öldün… yerin çətin görünər ancaq,
Çünki tutulacaq sabahdan elə —

Neçə min oğraşdan biri tutacaq.
Şanlı ənənənsə çox yaşar hələ.

 +

Düzdür ölməmisən, hələ dirisən,

Qucaqda gəlsən də, iş başındasan.
Yəqin səndən əvvəl gedəsiyəm mən,

Yazdım ona görə mən bəri başdan.

 

Mirzə TƏBİL

06. 03. 2025, Samara

PREZİDENTİN ORUCLUQ MAHNISI

İrəmazan yenə gəldi
Yenə oruc tutmuşam.

Yeməyim iki dəfədir –

Bir obaşdan, bir axşam.

 +

İftar açır xalqım sayaq,
Yeyirəm az və sadə:

Ceyran əti, baş və ayaq,

Üstündən də quş südü.

 +

Oruc tutur Mehriban da,
Leyla, Arzu həmçinin.

İndi əsl müsəlmandır,
Həm Heydər, həm də gəlin.

 +

Gözüm xalqın üstündədir,
Çox da orucdur ağzım.

Xəbərim var kim nə dedi,
Bilirəm kim nə yazıb.

 +

Keşiyində asayişin,
Durmuşam yorulmadan.

Bu ölkədə tək kişiyəm,

Çoxsa da insan, adam.

 +

Bağlamışam sərhədləri

Cibimdədir açarlar.

Maşın nədir, qatar nədir –

Qanad salıb uçarlar!

 +

Bir ingilis yazan vardı,
Dediyi görün nədir:

Deyib türmə azadlıqdır,
Azadlıqsa türmədir.

 +

Yenə gəldi İrəmazan,
Yenə oruc tutmuşam.
Xalqımın həm yanndayam,

Başının üstündə həm.

 

Mirzə Təbil

02. 03. 2025, Samara

KOMSOMOL POEMASI: LEONİD İLİÇ BREJNEV VƏ BAYRAMQULU KİŞİ

Azərbaycanda çox az adam bilir ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməyi Salyan rayonu Komsomol kənd sakini Bayramqulu kişinin sayəsində olub. Bunu mən Salyan arxivində sənədlərlə tanış olmuş əmioğlum Mirzə Təbildən eşitmişəm. Mirzə Təbil həm də Bayramqulu kişini şəxsən tanıyırmış.

Kimsomol kəndinin əsl adı Ərəbqardaşbəylidir, sovet vaxtın onun adını qoymuşdular Komsomol. Bu ad kəndə yaraşırdı, doğrudan da kənd əhalisinin hamısı ya kommunist, ya da komsomolçu idi, hamısı da Sovet İttifaqı Komunist Partiyasının daxili və xarici siyasətini ürəkən bəyənir və ikiəlli dəstəkləyirdi. Təkcə Bayramqulu adında hörmətli bir kişi SSRİ rəhbərliyindən, şəxsən iki dəfə Sosialist Əməyi Qəhrəmanı, üç dəfə Sovet İttifaqı Qəhrəmanı, Beynəlxalq Lenin sülh mükafatı laureatı, Sovet İttifaqı Marşalı, Sov. İKP MK-nın Baş katibi Leonid İliç Brejnevdən narazı idi və öz narazılığını hər gün səhər tezdən qoyunları Kür qırağınsa  çıxararkən Salyan-Neftçala şossesinə çıxaran kənd yolunda var-gəl edərək uca səslə bildirirdi. Bayram kişinin nitqinin qısa məzmunu belə idi: “A Brejnev, sən çox da yaxana beş ulduz taxmısan, çox da özünə marşal adı vermisən, sən qocalmısan, sən rəhbərliyə yaramırsan. Sənin evdə oturub mənim kimi qoyun-quzuya baxan vaxtındır. Get otur evdə. Çoxlu cavan alimlər var, çoxlu savadlı akademiklər var, qoy onlar rəhbərlik eləsinlər! Bir adam vəzifəni neçə il tutar? Amerikada dörd ildən bir seçki olur, ona görə firavan dolanırlar, biz ayda bir dəfə küftə yeyə bilmirik. Bəsdir! Get otur evində!…”

Bayramqulu kişinin bu qorxulu antisovet niytqini eşidənlər qorxudan yollarınını dəyişirmişlər ki, natiqi tutsalar, onları şahid çəkməsinlər. Bayramqulu kişinin səsi hətta Kürün Şirvan tayındakı Ərəbqardaşbəyliyə gedirmiş. O kəndin adamları isə qorxaq olurlar, Bayramqulunun antisovet nitqini eşidən kimi qapı-pəncərəni bağlayırmışlar…. Hətta qoyunlar da narahat olurmuş, iştahlarl kəsilirmiş, otlamaq əvəzinə başlarını kola soxub gözlərini döyürmüş…

Suçəkən maşının mexaniki Nadir Bayramqulu kişini tənbeh edirmiş: “Vallah, səni bir gün KQB tutub aparacaq”. Bayramqulu kişi əlindəki çubuğu yelləyib deyirmiş: “Qoy aparsın. KQB mənə neyləyəcək?” Nadir belini göstərib deyirmiş: “Necə neyləyəcək? Mənim günümə salar.” Bayramqulu kişi tərəddüdlə souşurmuş: “Səni KQB belə eləyib?” Nadir halını pozmadan deyirmiş: “Bəs nə bilmişdin?»

Rəhmətlik Nadirə “qozbel Ndir” deyirdilər, ancaq belindəki yüksəklik qoz boyda yox, bəlkə yekə qarpız boydaydı. Əlbəttə, hamı bilirdi ki, Nadir kişi anadangelmə belədir. Ancaq o, Bayramqulu kişini bununla qorxudub düşdüyü qorxulu yoldan çəkindirmək istəyirdi. Ancaq mətin Bayramqulu kişi yolundan dönən deyildi.

Adı Komsomol olan kənddə, əlbəttə, KQB agentləri olmalıydı. Və beş-altısı  var idi də. Onlar Bayramqulu kişidən yazırlar KQB sədri Andropova. Andropov məruzə edir Brejnevə və soruşur:

— Leonid İliç, nə qayıraq? Bayramqulunu güllələyək ya on beş il verək getsin?

Marşal Brejnev deyir::

— Yuri Vladimiroviç, mən o Bayramquludan acığımı ayrı cür çıxacam. Mən Azərbaycana elə bir adam qoyacam ki, vəzifəni əlli ildən sonra da heç kimə verməsin.

Guya Brejnev sözünü belə qurtarıb: “Nu, poqodi, Bayramqulu, sukin tı sın, ya tebe pokaju Kuzkinu mat”.

Və tezliklə Brejnev Andropovun məsləhəti ilə Heydər Əliyevi Azərbaycana birinci katib, yəni rəhbər təyin edir.

İndi kim deyə bilər ki, Brejnev uzaqgörən olmayıb?

Və bu əhvalat hər birimizə tarixdə şəxsiyyətin rolunu xatırladır. Şəxsiyyət deyəndə mən Heyər Əliyevi yox, Bayramqulu kişini nəzərdə tuturam…

Allah sənə rəhmət eləsin, Bayramqulu kişi. Sən, əlbəttə, bacardığın qədər kommunist rejiminə, avtokratiyaya qarşı mübarizə aparmısan. Ancaq mübarizən əks nəticə verib. Brejnev səndən qisas almaqla bütün Azərbaycan xalqını fəlakətə uğradıb…

O vaxtdan çox şey dəyişib. Komsomol kəndinə əvvəlki Ərəbqardaşbəyli adı qaytarılıb. Ancaq adamların komsomol zehniyyəti dəyişmir. Salyan-Neftçala şossesinə aparan kənd yolunda isə “bəsdir vəzifəni zəbt elədin” deyən Bayramqulu kuşinin yeri görünür…

 

Mirzə ƏLİL

16. 05. 2024, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI — 20

İlham Əliyev 4

Bağdadda kor xəlifəyəm,
Həm də Ağanəzərəm,
Mənə qarşı söz deyəni,
dama basıb əzərəm!

Eyy! Uxx!

 

Sərhədləri bağlamışam,
Cibimdədir açarlar.

Hərdən-birdən beş-on adam,
Gedir-gəlir uçarla.

 

Bağlamışam qəzetləri,

Yutubu dağıdıram.

Kim mənim ağzımı əyir,

Tuturam, bağırdıram.

Eyy! Uxx!

 

Avropadan uzaqlaşdım,
Abırsız ora yerdir.

Kişi ilə orda qadın,
Tualetə bir gedir.

 

Kişi kişiyə evlənir,
Dişini alır dişi.

Biz sevirik ənənəni,

Bəyənmirik bu işi!

Eyy! Uxx!

 

Orda saysız narkoman var,

Orda qumarbaz hamı.

Pozar, başdan çıxararlar,

Orda bizim adamı.

Xalqım dəmir yumruq altda,
Yüz faiz bəxtəvərdir.

Kişi evlənir arvada,
Arvad kişiyə gedir.

Eyy! Uxx!

 

Bizdə yoxdur heç bilən də,
Nədir qumar oynamaq.

Narkotiki işlədən də,
Müxalifətdir ancaq!

 

Xalq ömür sürür firavan,
Çörəyi var bir tikə.

Məni sevir hər bir insan,

Yəni ki, bütün ölkə.

 

Bizim Leyla bu işlərdən,
Yazıb gözəl bir şeir.

İndi onu Ramiz Rövşən,
Sizin dilə çevirir!

Eyy! Uxx!

 

Mirzə TƏBİL

12. 03. 2024, Samara

LONDONU ALMIŞ DUMAN, NAMAZ ÜSTDƏDİ QURBAN…

qurban məmmədli namaz

Yağış yağır Londona,

Londonu duman alır,
Qurban Məmmədli yenə,

Beş rükət namaz qılır.

 

Dəstəmaz alır əvvəl,
Tələsmədən yuyunur.

Çəkir dirsəyə qədər,
Təmiz Temza suyunu.

 

Yara olsa da alnı,

Döyülməkdən möhürə,

Qurban pozmur halını,
Namaz qılır beş kərə.

 

Əyilib-düzələrkən.

Akrobat kimi qıvraq,

Qurban namaz qılır şən,
Həvəsli, həm də oynaq.

 

Dualarını bəzən,

Elə ucadan deyir,

Hürkür küçədən keçən –

Ağ ingilis, həm neqr.

 

Kral bundan xəbərdar,

Rişi Sunak da bilir.

Həsr eləyir debatlar,
Bu işə Vestministr.

 

Arxiyepiskop özü,

Qurbana qonaq gedir,

Deyir: “Pliiz, namazı,
Gəl, üç rükətə endir”.

 

Qurban deyir: “Əsla mən,

Dönmərəm imanımdan.

Çünki radikalam mən,
Radikal müsəlmanam”.

 

Tez-tez evindən ancaq,
Ağlamaq səsi gəlir –

Quran buyuran sayaq,

Arvadı kötəkləyir…

 

Mirzə TƏBİL

  1. 03. 2024, Samara

QƏNİMƏT ZAHİDLƏ SEVİNC OSMANQIZI: VAHİDANƏ (HƏM DƏ ZAHİDANƏ)

qənimət zahid

Dedim: Ey qönçədəhan, könlümü qan eyləmisən!

Dedi: Zahid, halımı sən də yaman eyləmisən!

 +

Dedim:  Xəyalımı tərk etmədin Fransada da!

Dedi: Bəh-bəh! Nə gözəl yerdə məkan eyləmisən!

 +

Dedim: ABŞ-da səni görməyə çox can atıram!

Dedi: Çoxdan gözümü yolda qalan eyləmisən!

 +

Dedim: hər gün səninlədir niyə Beydulla Manaf?

Dedi: Otello kimi bəlkə fəğan eyləmisən?

 +

Dedim: Əlbəttə, yaxır qəlbimi qısqanclıq odu!

Dedi: Yutubda da yəqin ki, bəyan eyləmisən!

 +

Dedim: səninlə niyə eyş edir Sadıqlı Tural?

Dedi: Azad sözü çoxdan qadağan eyləmisən?

 +

Dedim: bu ərzdə yeganə müxalif özüməm! 

Dedi: Siyasəti əyləncə güman eyləmisən!

 +

Dedim: Böyük yazaram həm də mən zəmanəmizə!

Dedi: sayıqlamanı bəlkə roman eyləmisən?

 +

Dedim: əgər yenə də zəng eləsəm, maygülüyəm!

Dedi: get, maygülü, hər fəsli xəzan eyləmisən!

 

Mirzə TƏBİL

29. 01. 2024 Samara

 

MİRZƏ TƏBİLİN BAKIYA, MİRZƏ ZƏLİLƏ MƏKTUBU

İlham Əliyevin iqamətgahı

Qorxulu xəbərlər gəlir Bakıdan,

Əmoğlu, doğrusu şok içindəyəm,

Casusla doludur Azəribaycan,

Bil ki, nə gündüzüm var, nə də gecəm!

 +

ABŞ casusları saysız-hesabsız,
Bakıda ingilis qoşun kimidir,

Onlardan az deyil yəqin fransız,

Siyahı uzanar sayılsa bir-bir.

 +

AZTV-yə baxdım İnternetdə mən,
Qarınağrısına düşdüm, əmoğlu!

Deyirdi hər casus millətə düşmən,
Hər biri əxlaqsız, hər biri oğru.

 +

Deyirdi onların hamısı geyidir,
Əmoğlu, özünü gözlə sən orda!

Ancaq üzür məni, düzü, bir fikir:

Doğub-törəyirlər necə bəs onda?

 +

Deyirdi casuslar burun soxurlar,

Varsa harda kimin pulu, sərvəti,

Dava tutan da var hətta SOCARla,

Guya mənimsəyir qazı və nefti.

 +

Əmoğlu, inanma daha heç kəsə,
Sən də casus kimi özünü apar.

Əgər pensiyandan gizləmisənsə,
Bilər əmigəlnim, müsibət qopar.

 +

AzTV deyirdi bizimkilərdən,

Az deyil bu casus şəbəkəsində.

Yazırlar nə gəldi prezidentdən,
Yazırlar birinci xanımdan həm də.

 +

Bir kəsə də aman yox indən belə,

Hər gün tuthatut və məhkəmə indi.

Mübarizədirsə xaricilərlə,

Özününkülərlə  müharibədir.

 +

Əmoğlu! Səninçin narahatam mən,
Söz danışmısansa harda, haçansa,

Özünü könüllü təslim elə sən –

Əgər tez otursan, tez də çıxarsan…

 +

Mirzə TƏBİL

28. 11. 2023, Samara