Архив тегов | müəllim haqqında şeirlər

MİRVARİD DİLBAZİNİN GÜLMƏLİ ŞEİRLƏRİ. SAÇIN ÜSTÜ OLUR?

Mirvarid Dilbazi Müəllimim

“O elə şəfqətli, elə gözəldi,
Yox idi gözümdə heç bərabəri.
O, bir arzu idi, xoş bir əməldi,
Yaşayır könlümdə illərdən bəri…” 

 Bu şeiri şair guya öz müəllliminə həsr edib. Ona görə mətndə konkret insan xarakterizə olunmalıdır. Ancaq şeirin əvvəlində müəllimin hətta, Məşədi İbad demişkən, kişi ya arvad olduğunu da müəyyən etmək mümkün deyil.

Hamımız da olmasa, çoxumuz məktəb müəllimlərini xatırlayır. Yəni onların şəkli yaddaşımızda canlanır, səslərini eşidirik. Səslər də cürbəcür olur.

“Necə məlahətli, qəşəngdi səsi
Axan saf suların təranəsitək;”

Bu bənzətmələr müəllimin səsi haqqında nə deyir? Heç nə! Müəllimin səsi necə olmalıdır ki, “saf suların təranəsinə” bənzəsin? Bəlkə Mrvarid Dilbazinin müəllimi Maria Kallas olub? Bəlkə Freddi Merkuri? Bəlkə Rəşid Behbudov?
“Necə də istiydi doğma nəfəsi,..”

Müəllimin ya müəllimənin nəfəsinin istiliyini Mirvarid xnım necə bilib? Ağız-ağıza durublar? Soyuq nəfəs də olur?

“Necə də böyükdü köksündə ürək!”

Bu misra da cəfəngdir. “Böyük ürək” – məcazidir, mənəvi, əxlaqi keyfiyyyətə aiddir, Mirvarid Dilbazinn misrası isə anatomik detala bənzəyir, elə bil ürəyin diametrini, çəkisini göstərir! “Necə də böyükdü” – necə böyükdü?

“Qarlı qış axşamı soyuq küləklər
Körpə ürəklərə gətirəndə qəm…”

Diqqət! Mirvarid Dilbazi körpə ürəklidir və evdədir, çünki qış axşamı məktəbdə ola bilməz. Soyuq külək onun ürəyinə qəm gətirir. Sonra nə olur?
“Onun bir sözüylə açar çiçəklər,
Nura qərq olardı elə bil aləm!”

Bu iki beytlə əlaqə görürsünüz? Uşaq evdədir, axşamdır, soyuq külək ürəyinə qəm gətirib, müəllim də evindədir, əgər gəzəyən deyilsə. Ancaq “onun “bir sözüylə çiçəklər açır, aləm nura qərq olur”.

Qış axşamı?

“Min nəğmə gələrdi qulağımıza
Daim çiçəklənən könül bağından”. 

Min nəğmə! Çiçəklənən bağ müəllimin könlündədir? Bu bağda filarmoniya var? Bu nəyə işarədir? Müəllimin hansı keyfiyyətini belə qəribə metafora ilə göstərir?

“Elə bil çıxırdıq təzə bir yaza
Soyuq, cansıxıcı qış otağından.”

Müəlim neylədi ki, qışda təzə yaz gəldi? Elə bir sözüylə? Hansı sözüylə? 

 “O bizim şəfqətlə sığallayanda
Hərdən başımızı bir ana kimi…”

Aha! Müəllim qadın imiş! Uşaqların başını öz anaları sığallamır, ona görə qış axşamı körpələrin ürəyinə “qəm gəlir”. Ah, kiçik ürəkli, soyuq Azərbaycan anaları…

Sonrasına baxın.

“Onun ətrafında biz də bu anda
“Olardıq nur görmüş pərvanə kimi.”

“Nur görmüş pərvanə…” Yəni müəllim uşaqların başını sığallayır, uşaqlar isə nur görmüş pərvanə kimi… Pərvanə neyləyir? Bəli, nur ətrafında gic kimi fırlanır və vaxtaşırı özünü çırpır işığa. İndi müəllimin ətrafında fırlanan, hərdən onun qarnına kəllə atan uşaqları təsəvvürünüzə gətirin…

“Heyif ki, əl çatmaz o gözəl günə,
Aradan keçmişdir neçə qış, bahar!
Səməd Vurğun məktəbidir! Qış keçən kimi bahar da keçməlidir. Əliağa Kürçaylı olsaydı, “yaz” da əlavə edərdi: “Bir əlimdə bahar, bir əllimdə yaz”…

Ancaq saçlarımın üstündə yenə,
Sanki o əllərin hərarəti var.”

“Saçların üstü” haradır? Azərbaycanlıların dilindən belə şey eşidən olubmu – “saçımın üstü”? Yenə “altında” desəydi, dərd yarı idi…

 “Ah, ey uşaqlığın gözəl günləri…”

Burda “ah” artıqdır. Ya da “ey” artıqdır. Belə demək olardı: “Siz ey uşaqlığın gözəl anları…”
“Əziz müəlliməm, hardasınız siz?”

Guya müəllimənin yerini öyrənmək çətindir? Azərbaycan kiçik ölkədir…
“O məktəb illərim dönsəydi geri,
Önündə hörmətlə indi çöküb diz — “

Burda müəllifin sözü bəndə sığımır, o biri bəndə keçirir

 “Deyərdim: — Bu şeirim, sənətim üçün
Həmişə, həmişə borcluyam sənə.”

Şeir bu gündədirsə, müəllim heç yaxşı olmayıb… Vallah, hünər lazımdır ki, bu cızma-qaraya «sənət» deyəsən. Rəhmətlik təvazökar adam olmayıb…

“Şərəflə keçirib ömrünü bütün,
Nəsillər böyütdün doğma vətənə…”

Nəsillər… Müəllim nəsilləri böyüdür ya nəsillərə dərs deyir, tərbiyə edir? Sovet müəllimi nəsilləri yaxşımı tərbiyə eirdi? Ay-vay! Sovet müəllimi deyirdi “Bəşərin vicdanı, eşqi ürəyi, Hər zövqü, səfası partiyamızdır”! “Mənim babam olmuş iyirmialtılar…” “Mən hansı bir insana bənzədm ki Lenini…”

 “Öyrətdin düşünüb cümlə qurmağı…”

Yaxşı öyrətməyib…

“Qələmi bir dayaq edib əlimə,
Çox usta çıxartdın uca bir dağı”.

Təsəvvür edək: müəllim “qələmi dayaq edib şagirdin əlinə”. Şagird də, yəni Mirvarid Dilbazi, bu dayaqla “uca dağa çıxıb”.

Uca dağa çıxıb – yəni xalq şairi adı alıb, ev alıb, yaxşı pul alıb, xaricə səfərlər edib. Ancaq yazdığı budur:

“Çox usta çıxartdın…”

Bu, şeir ifadəsi deyil. Bu heç azərbaycanca deyil. Qoqol demişkən, şeytan bilir ki, nədir..

“Coşqun bir çay kimi, bir bulaq kimi”

Burda dağıstanlıların diliylə deməik istəyirsən: ты, в конце концов определись,  coşqun çay ya bulaq? Axı bunlar ayrı-ayrı şeylərdir!

“Mümkün olsa idi açmaq qəlbimi
Görərdin orada həkk olub adın”

Biabırçılıq! Gözəll xalq dilində məcazi olanı, bədii olanı Mirvarid Dilbazi anatomik təfərrüata çevirir. Qəlbdə adın olmasını bilmək üçün açıq ürəkdə əməliyyat eləmək lazımdır?

“Açmaq qəlbimi” – bu, azərbaycancadır?

“Sən uşaq könlümün eşqi, ilqarı…”

Eşq nədir, ilqar nədir? Bunu müəllim şagirdə necə izah eləsin?

Hamısını deməyibmiş, ikinci misrada qalanı var:

“Andıydın, ustadım, dostum, yoldaşım”.

Yəni müəllim uşaq könlünün eşqi, ilqarı, andı imiş. Başa düşdünüz? Mən  başa düşmədim.

“Bununçün bu adı daşıyanların
Önündə hörmətlə əyilir başım.”

Hansı adı? Son bənddə iki ad çəkilir: dost, yoldaş. Bu adları daşıyanların? Onda cəm halda olmalıdır.  “Bu adları daşıyanların…”

Yazıq uşaqlar…

Yazıq Azərbaycan uşaqları…

X.X.

09. 05. 2024, Samara