Архив тегов | qəmbərqulu

İSANIN AZƏRBAYCANDA ZÜHURU, QƏMBƏR VƏ QƏMBƏRQULULAR

Pravoslav, yəni ortodox xristianlar pasxanı, yəni onların Tanrı və eyni zamanda Tanrının oğlu saydıqları İsanın ölülükdən dirilmə gününü bayram edirlər. Biz müsəlmanlar, əlbəttə, İsanı Allahın oğlu,  Pasxanı da bayram saymırıq. Ancaq Allahın hikməti dərin, mərhəməti tükənməzdir. Onun qüdrəti ilə bizim öz İsamız da zühur elədi və Mirzə Əlilə çatan xəbərlərə görə, Azərbaycanda şadyanalıqdır və müsavatçılar şələ-şələ yağlı fəsəli bişirib paylayırlar.

Şiələr əsrlərdir ki, ağalarının zühurunu gözləyirlər, gözlərinin kökü saralıb, çoxu gözləməkdən vərəmləyib dünyasını dəyişir. Müsavatçılar isə İsa Qənbərin zühurunu cəmi on il gözlədilər.

İlahi, mərhəmətinə şükür!

Biz kimik ki, bilək Allah möcüzəsini haçan, harda göstərəcək! Ancaq əli Allahın ətəyindən üzülməyənlər İsa Qəmbərin zühuruna da ümidlərini üzməmişdilər!

Ya İsa! Ya İsa Qəmbər! Gəl sürünə yiyə dur!

Deyilənlərə görə, İsa Qəmbərin bu zühurundan sonra keçirilən qurultayda qərara alınıb ki, daha müsavat partiyasını üzvlərinə müsavatçı yox, qənbərqulu deyilsin. Necə ki, bizdə Məmmədqulu, Əliqulu, Hüseynqulu, Həsənqulu deyilib, bundan sonra da qənbərqulu deyiləcək. Məsələn, partiyanın 1800 qəmbərqulusu var. Sıravi qəmbərqulular, fəal qəmbərqulular, narkotiklə şərlənib tutulan qəmbərqulu və s.

Deməliyəm ki, mənim yerlilərim, salyanlı müsavatçılar çoxdan öz oğlan uşaqlarınln adını Qənbərqulu  qoyurlar. Ona görə Salyanda Qənbərqulu çağıranda beş-altı atam birdən cavab verir. Sıravi Salyan qənbərqulularının işi-peşəsi isə acqarına çayxanalarda acı çay içib şirin-şirin söhbət eləməkdir, yeganə narahatlıqları  çayın pulunu kimin verəcəyidir…Ancaq İsanın zühuru münasinbətilə çayxanalrda yağlı fəsəliyə kürü yaxıb veriblər. Kürünün ağbalıq ya çəki kürüsü olduğu məlum deyil…

O ki qaldı Əliyə…. Yəni Əli Kərimliyə, qorxuram ki, İsa Qəmbərin zühuru ona o qədər xoş gələ ki, o da özünü istefa vermişliyə qoya, beş-altı-ildən sonra zühur eləyə…

Ya bu gedən günün Tanrısı! Özün bilən məsləhətdir…

Mirzə ƏLİL

05. 05. 2024, Samara

QƏMBƏRQULU

 

Hamıya məlumdur ki, hər millətin vacib bir xüsusiyyəri olur. Azərbaycanlıda bu, gördüyü işə qəmbərqulu qoymaqdır. Bir adamın azərbaycanlı olub-olmadığını bilmək istəyirsinizə, baxın onun gördüyü işə: qəmbərqulusu varsa, azərbaycanlıdır, yoxdursa, zatında iş var, and içib özünü öldürsə də, inanmayın.

Bu latın əlifbası ki, var, onu dünyanın çox xalqları işlədir, heç kim də qələt eləyib bu əlifbaya əlavə bir işarə də salmayıb. Azərbaycanlı isə öz qəmbərqulusunu latın əlifbasına da qoydu, yəni olmayan “ə” hərfini pərçim eləyib saldı bura ki, erməni özü də baxanda əlifbanın azərbaycanlıya məxsus olduğuna şübhə eləməsin.

Düzü mən əvvəllər bu hərfdən utanıb xəcalət çəkirdim, fikirləşirdim ki, şoğərib hərfə baxıb ingilis bizi qınayar, alman bizi qınayar. İndi-indi başa düşürəm ki, millətimiz elə bu hərfin üstündə dayanıb durub. Məsələn, bizim ən dəyərli soyadlarımız elə “ə” hərfiylə başlayıt: Əhmədov, Əzimov… Bəh-bəh… Başqa bir misal. Götürək dəstəkləmək sözünü. “Ə” hərfi olmasa, bu söz əlimizdən, yəıni dilimidən çıxar. Onda a qardaş, a gözünə dönüm sənin, bəs biz prezidenti, baş naziri, məhkəməni, prokuroru, gömrükçünü, mollanı, hacını, bir sözlə, bütün nəcib və qeyrətli kişilərimizi necə dəstəklərik? Onda gərək hamısına qulp qoyaydıq. Vallah, aləm qarışardı bir-birinə, böyük-kiçiklik qalmazdı, it yiyəsini tanımazdı. Allah bu “Ə” hərfinə bərəkət versin, onu əlifbamızdan əskik eləməsin.

Elə deyilmi, qağa? Bəs niyə mısmıqığını sallayıb gözünü döyürsən, ə?

 

Mirzə ƏLİL

 

Avqust 2005, “Ocaq” qəzeti