Архив тегов | QAcar və Vaqif

«VAQİF» KOMEDİYASI: SƏMƏD VURĞUN PYES YOX, QARABAĞ XANLIĞINDAN STALİNƏ «DONOS» YAZIB…

samed-stalin

Beləliklə, Şah Qacarı dalından-qabağından vurub öldürürlər. Daldan “sıyırma xəncərlə”, qabaqdan misri qılıncla. Üstündə Koroğlunun barmaq izləri olan misri qılıncla.

Bu səksən ildə bir nəfər tamaşa zalından durub deməyib ki, ay qurumsaqlar, əgər bu misri qılınc kəndlilərdə idisə, niyə onunla Qacarın qabağına çıxmırdılar…

Nə isə, misri qılınc Qarabağın yeganə və ən hörmətli qəhrəmanına, çoban Eldara verilir. Çoban Eldar şah Qacarı qabaqdan vurur…

(Axtalanmış adamda nə qabaq… Gülməkdən öldüm...)

İndi zalda oturan millət fikriləşməlidir ki, Qacar vurulub, İbharim xan qaçıb, indi xanlığın taleyi necə olacaq, onu kim idarə edəcək. Zalda oturan millət bunu fikirləşməlidir, əgər onda öz tarixinə, dövlətçiliyinin tarixinə hörmət varsa, Qarabağ xanlığını milli dövlətçiliyin bünövrələrindən biri sayırsa.

Səməd Vuğunun fikrinə görə, hakimiyyət keçir çoban Eldara və onun dostları Kürd Musaya, erməni Arşaka, gürcü Şalikoya…

Yeni rəhbərin ilk fərmanı:

“Dağıdın sarayı, bütün daş-qaşı,
Paylayın aclara və yoxsullara…”

Saray dağılandan sonra xanlıq nə günə qalacaq? Bu sual Səməd Vurğun üçün aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ xanlığı aktual deyil, çünki Səməd Vurğun üçün Qarabağ-xanlığı yoxdur.

Siz bu “Vaqif” komediyasında Qarabağ xanlığını görürsünüz? Hanı onun əyanları, hanı onun qoşunu, hanı onun zabitləri, hanı kübar cavanlar? “Vaqif” komediyasının beş pərdəsindən dördünün yeri Qarabağdır, ancaq biz burda qazaxlı Vaqifi, qazaxlı Vidadini, Vaqifin oğlunu görürük. Kürd Musa qarabağlıdır? Çoban Eldar özü də yəqin qarabağlı deyil, çoban köçəri babadır, bu gün yaylaqda, sabah qışlaqda…

Hanı qarabağlılar? Qarabağlılar olublar ya olmayıblar? Qarabağ xanlığı olub ya olmayıb?

Komediyada bir qarabağlı var, o da İbrahim xan. Qacardan fərqli olaraq, o, axtalanmayıb, bəs hanı onun arvad-uşağı? Hanı onun sonradan general olmuş oğlanları?

Səksən il ərzində bu komediya Qarabağ xanlığının tarixini məzhəkəyə çevirib, onu dağ çobanlarının oyununa döndərib.

Bu komediya Azərbaycan ədəbiyyatı tarixində ən rüsvayçı paskvillərdən biridir. 1937-1938-ci illərdə SSRİ-də kütlləvi “donos”çuluq olub, sovet adamları NKVD-yə müraciət yazıb bir-birlərini tutdurublar, tarixçilərin iddiasına görə, 4 milyon donos yazılıb. Konkret olaraq Səməd Vurğunun hansı donosları və kimdən yazdığını mən bilmirəm, ancaq onun rəsmi yığıncaqlardakı xeyli çıxışları əsil donosdur və belə çıxışlardan sonra neçə insanın əlli-ayaqlı getdiyinə şübhə ola bilməz.

“Vaqif” komediyası da donosdur. Qarabağ xanlığından, Qarabağ xanından, Azərbaycan dölətçilik tarixindən birbaşa Stalinin üstünə yazılmış donos. Bu donosa Stalin öz adını daşıyan mükafatın ikinci dərəcəsini verib. Yəqin həmin il öz xalqının tarixini Səməd Vurğundan daha parlaq ləkələyə bilən yazıçı olub…

Bu, optimistlə pessimistin fərqinə aid lətifə kimidir.

Pessmist deyir ki, bundan pis ola bilməz. Optimist deyir ki, ola bilər, ola bilər…

Donos – xüsusi janr olub. Bu janr həqiqətə uyğunluq tələb etməyib. Ən başlıcası vaxtında yazmaq, səndən yaza biləni qabaqlamaq olub.

“Vaqif” komediyasında nəinki həqiqətə, tarixə uyğunuq yoxdur. Bu komediyada mübtədalar xəbərlərlə uzlaşmır, birinci şəkildə deyiləni üçüncü şəkildə deyilən yalana çıxarır.

Komediyanın əvvəlində Vaqif kəndlilərə, “çuvallarında bir arpa belə olmayan” kəndlilərə Qarabağdan danışır:

“Qarabağ doğrudan bir laləzardır,
Yenə yanaqlara sığal vurulur,

Hər daşın dibində bir toy qurulur,

Bir yanda tar səsi, bir yanda qaval,

Bükür dağ döşündə boynunu maral,

Axır şırıltıyla köpüklü çaylar,
Gəlir səcdəsinə ulduzlar, aylar…”

Bu monoloqda, əlbəttə, çoxlu cəfəngiyat var. Necə yəni daşın dibində toy qurulur? Necə yəni bir yanda tar, bir yanda qaval? Tar ayrı yerdə çalınır, qaval ayrı yerdə? Qaval çalınanda maral boynunu bükər, ya hürküb qaçar? “Ulduzlar, aylar” nəyin səcdəsinə gəlir?

Ancaq bunlara baş qoşmağa dəyməz, bu Səməd Vurğun həmişə belə basməmmədi yazıb. Ayrı şeyə diqqət yetirmək lazmdır. Əgər hər daşın dibində bir toy qurulursa, bu o demək deyilmi ki, qarabağlılar kefdədirlər? Əgər Qarabağ “bir laləzardır”sa, deməli, xanlıq abaddır. Çobanlar da toğlu kababı çəkirlər, qırqovul, kəklik ovlayırlar. Bəs onda Səməd Vurğun İbrahim xanı niyə poxa bulaşdırır və hətta ailə pozğununa, oğraşa çevirir? (“Oğraş” sözünü Səməd Vurğun özü təlxəyin dilindən işlədir…)

İbrahim xan kimin qanının içib, kəndlilərə nə divan tutub?

“Karfagen məhv olmalıdır!”
Səməd Vurğunun öz qarşısında qoyduğu vəzifə bu suallara cavab vermək deyil, onun məqsədi Azərbaycan dövlətçilyinin rüşeymlərini tapdalamaq, tariximizn az-çox ləyaqətli səhifələrinə tüpürməkdir.

Səməd Vurğun deyirdi: “Mənim babam olmuş iyirmialtılar”.

Şaumyan, Caparidze, Əzizbəyov…

Erməni Arşak, Şaliko, çoban Eldar…

İyirmialtıların 1918-ci ildə Bakıda nə qırğın törətdiklərini Səməd Vurğun gözəl bilməliydi…

“Mənim babam olmuş iyirmialtılar…”

Və kollektivləşmə zamanı Azərbaycan kəndlilərinə divan tutmuş komsomolu da Səməd Vurğun yekə bir poemada tərənnüm edir.

Bu mahir qafiyəbazın ürəyində bir damla milli təəssübkeşlik, əzilənə, incidilənə mərhəmət olmayıb. İnsan adını şərəfli edən nə varsa, Səməd Vurğun mükafatlara, ordenlərə, təriflərə satıb…

Əgər əqidəsizliyin beynəlxalq vahidi yaradılsaydı, ona Səməd Vurğunun adını vermək olardı.

Layiqdir…

Noyabr 2018

Samara

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

«VAQİF» KOMEDİYASI. ERMƏNİ ARŞAK: «DÜNYANIN CİLOVU ƏLİMİZDƏDİR…»

samed-stalin

Heyf ki, komediya bitmək üzrədir. Adam güldükcə gülmək istəyir…

Beşinci pərdə. Yenə meşəlik, yenə qayalıq, yenə dərə, yenə Eldarın dəstəsi, ancaq “əvvəlkindən çox görünür”. Yəqin toğlu kababının iyinə yığılıblar.

Çoban Eldar monoloq deyir. Hamlet dincəlir.

İlk səkkiz misra qayaya həsr olunub.

“O hələ almamış bu dünyadan pay,
Dərdini duymamış nə ulduz, nə ay,

Ona həmdən olmuş saralan şamlar…”

Hamletin buna fərasəti çatardımı? Hamlet nə bilirdi “saralan şamlar” nədir? Danimarka krallığında yəqin heç kim “saralan şamlar”ın nə olduğunu bilmirdi…

“Of, igid Vətən,

Nələr çəkməmisən bu dünyada sən!”

Nələr çəkib? İgidliyi nədən bilinir? İgidləri Çoban Eldar, Kürd Musa, erməni Arşakdırsa…

“Qılınclar, nizələr, dəmir qalxanlar,

…Səni parçaladı, diddi ətini…”

Deyək ki. qılınc, nizə didir. “Dəmir qalxan” əti necə didir?  Vətənin əti necə olur? Yəni çoban Eldar Vətənə də toğlu kimi baxır?

Bu möhtəşəm monoloqu erməni Arşak kəsir:

“Ara, Eldar yenə fikrə cumubsan…”
Erməni ki erməni. “Fikrə cumubsan…”

Eldar Arşaka dərənin dibini göstərir. Meşə qalın, qaya hündür, dərə dərin olsa da, dərənin dibində sümüklər, əllər, ayaqlar görünür. Arşak deyir ki, o sümükləri yaxşı gördüyünə görə Eldarın dəyənəyinə sarılıb vuruşur.

Çoban Eldar erməni Arşakın başına dönüb yalvarır ki, Sayat Novadan desin. Çoban Eldar hər gün Sayat Novanın şeirlərini eşitməsəydi, toğlu kababı boğazından keçməzdi.

Erməni Arçak oxuyur. Bilinmir nə oxuyur. Səməd Vurğun bunu bizdən gizlədir. Yəqin deyir ki, Qarabağ bizimdir”. Çoban Eldar tərifləyir: “Gözəl sözlərdir”.

Arşak birdən soruşur ki, “bu Məhəmməd Qacar noldi? Onu nə qayıraq?”

Eldarın cavabını oxuyan hər azərbaycanlının gərək gülməkdən ən azı bir orqanı çatlaya. Çoban Eldar deyir ki, Kürd Musa Qacarı axtarır, gec-tez tapacaq…

Kül bizim başımıza…

Arşakın da Qacarda öz acığı varmış.

Saz tutub söz deyən Sayat Novanı,
O qurd parçaladı, Tiflisdə o qurd,
İlana bənzəyən o qara bulud…”

Erməni də olsa, Arşak azərbaycanca qəşəng danışır. “İlana bəzəyən bulud”. Hansı azərbaycanlının küt ağlına gələr bu bənzətmə?

Xəbər verirlər ki, “gələn var”.

Üstlərinə qoşun gəlir, bunlar indi xəbər tuturlar? Bunlar ən hündür qayanın başında deyildilər?

Eldar:

“Arşak, sən dərənin boğazında dur”.

Bunlar dərədəymişlər? Haçan girdilər? Dərənin boğazı necə olur? Bir erməni necə saxlayacaq boğazı?

Məlum olur ki, gələnlər gürcülərdir. Gürcüstanı Qacara təslim edib gəliblər Qarabağa ki, qeyrətlərini göstərsinlər. Çoban Eldar və erməni Arşak kimi igidlər olan yerdə qeyrət göstərməyə nə var?

Eldar dərhal dağları gürcülərə peşkəş edir:

“Bu dağlar sizindir əziz qardaşlar”.

Remarka: “Kabab-çörək çıxarırlar. Yemək başlanır”.

Bu komediya başlanandan görəsən neçə toğlu şişə çəkilib. Çoban Eldarı və onun dəstəsini bircə döyüşdə də görməmişik. Yəqin vaxtaşırı kəndləri talayıb sütül toğluları kabablıq gətirirlər meşəyə (Dağa? Dərəyə? Qayalığa? Çöllərə?)

Aha!
Aha! Tamara da burdadır!

Tamara Eldara deyir ki, “gəl qəlbimə qulaq as, gör nə döyüntülər var”.

Yəni başını qoysun sinəsinin üstünə? Lənət şeytana!

Tamara həyatını danışır.

“Gözümün işığı bir balam vardı,
Yenicə-yenicə top oynadardı”.

Gürcülər hələ on səkkizinci əsrdən futbol oynayırmışlar, ingilislər də utanmaz-utanmaz deyirlər ki, futbolu onlar yaradıblar. Yalançının lap…Əgər gürcülərdən qabaq futbol olubsa, ermənilərdə olub. Bunun heç o yan- bu yanı yoxdur…

Məhəmməd Qacarın gülləsi uşağı öldürüb. Tamara Eldardan xahiş edir ki, Qacarı tapıb ona versin ki, “hıçqırıqlarıyla onu boğsun”.

Hıçqırıqla adam boğmaq olar?
Səməd Vurğunun yadından çıxıb ki, komediyanın əvvəlində Tamara Qacarın yanındaydı…

Vallah, bu komediyanı yazanda Səməd Vurğun tut arağını çox içib. Qazaxlılar pis adam deyillər, ancaq tut arağını çox içirlər…

Görün Saliko nə deyir:

“O dişi canavar,

Bizi quduz kimi daladı keçdi…”

Yaxşı, dediniz Qacar axtalanıb, bunua inandıq. Ancaq bu hardan dişi canavar oldu?
Çoban Eldar əsil psixoanalitikdir:

“Kefini heç pozma, vətən qardaşı,
Əzilər dediyin ilanın başı”.

Ay kişi, Saliko ilan demirdi, dişi canavar deyirdi…

Erməni Arşak deyir:
“Dünyanın cilovu əlimizdədir…”

Təəssüf ki, Səməd Vurğunun erməni qohumunun dilindən dediyi bu həqiqətə indiyəcən şübhə edənlər var…

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/