Архив тегов | qum

BƏZİLƏRİ DİZ ÜSTDƏ…

Bəziləri diz üstdə,

Bəziləri çömbəlir.

Soyuqlarda, istidə,

Balacalar dincəlmir.

 

Yaxın, başbaşadırlar,

Çalışırlar alovla.

Dolub-boşalmaqdadır,

Hər an xırda çalovlar.

 

Qum dağılır, tökülür,

Başa gəlmir tikilən.

“İşçilər”sə çəkilmir,

Həvəsləri tükənmir.

 

Bir tarix məsələsi,

Elə bil həll edilir:

Niyə Babil qülləsi

Başacan tikilmədi?

 

Çalovlardan qum axır,

Ovuclardan qum sızır.

Sanki qum saatıdır,

Bu uşaqlar özləri.

 

Zaman keçir qum kimi,

Qum kimi axır Zaman.

Sızar, gedər tikdiyin,

Barmaqlar arasından…

21-22 aprel 2007, Samara

 

 

Robert FROST. FÖHŞ İNCƏLİKLƏRİ

İNGENUİTES OF DEBT

Onların daşlarda həkk elədiyi

Sözlərin ünvanı əbədilikdi,

Mənası – baxana əsl göz dağı:

“Atın gəbərməmiş tələs satmağa,

Hünər – zərbələrdən yayınmaqdadı”.

Ktesofondu bu şəhərin adı.

Yarı müharibə, yarı ticarət,

Yığıb toplamışdı əlində sərvət,

Sınıq, köhnə, çürük nə var saytaraq.

Bir şey o dövlətdən qalmayıb ancaq.

Bu şəhəri föhşün incəliyi də,

Qoruya bilmədi saysız itkidən.

Toz-torpaq qapıdan sızıb inadla,

Döşəmə bəzəyi qalıb qum altda.

Buxaq üstə düşən ilan sayağı,

Qum durub elə bil ətrafa baxır.

İndi nəfəs dərib burda bir qədər,

Qalxıb divardakı yazını örtər.