Архив тегов | qürub

«ÇOXLU TURİST GÖRÜRƏM YAŞADIĞIM ŞƏHƏRDƏ…»

Çoxlu turist  görürəm yaşadığım şəhərdə

Olduğum küçəni də var gəzib-dolananlar.

Önlərinə nə çıxsa, maraqla baxır onlar,
Gidə qulaq verirlər sanki nəfəs dərmədən.

 +

Qədim divar önünə yaxın gəlib dururlar,
Öyrənirlər kərpici, hörgünü və suvağı.

Yazını oxuyurlar onlar şagird sayağı,
Qarşısına çıxanı telefona çəkən var.

 +

Şəhərin adamları qaçmır nəzərlərindən,
Oğrun baxanı olur, bəzisi göz bərəldir,
Burdakılar tək adam görməyiblər elə bil,
Baxıb pıçıldaşırlar aralarında hərdən.

 +

Axşam çağı gəzəndə həzz alırlar qürubdan —
Bizim şəhərdə yəqin günəş batır ayrı cür,

Ayın da əksi çayda daha gözəl görünür,

Görə bilmir bunları nədənsə yerli insan…

 +

Gözucuyla olsa da, baxan olur mənə də,

Tarixi abidəyəm, yaşımı hesablasan.

Maraqla ya həsədlə bəlkə nabələd insan,
Baxır, yolu düşərsə, pəncərəmin önündən…

 +

Qırx uzun ildən bəri yaşadığım şəhərdə.

Kaş mən özüm bircə gün dönüb turist olaydım,

Divarlara, tağlara, hörgüyə vurulaydım,
Duyğudan yaşaraydı gözlərim güngedərdə…

 +

Özüm öz pəncərəmin işığına baxaydım,
Maraqla və həsədlə, dayanıb aralıda.

Elə gələydi, məni çağıran da var orda,
Ürəklə qapı açıb pilləkəni çıxaydım…

 

07. 06. 2025, Samara

SEVİRƏM QÜRUBLARI…

Sevirəm qürubları –

Çay qırağında durub,

Göz çəkmərəm sonuncu

Qızartı yox olunca.

Uşaqlıqda nədənsə,

Qəlbə dolardı qüssə.

Canım təlaşlanardı,

Üfüqlər alışanda.

Günün gedər çağına,

And da içərdi anam.

Buludları bəzəyən,

Közərən, öləziyən,

Şölələr mənə hər dəm,

Xatırladır qəribəm.

Ölüm yaxın, hardasa,

Yetişər bu gün-sabah.

Bilirəm dönə-dönə,

Ölüm istəyib mənə,

Günün gedər çağından
Neçə sevgili insan…

25-27.06. 2015

Samara

R. Frost. HƏQİRLİK

 

(ACCEPTANCE)

 

Qürub şəfəqiylə bulud allanır,

Günəş yana-yana enir körfəzə.

Amma buna görə heç kim ağlamır,

Təbiətdə. Hətta quşların özü.

Bilir bu adi göy qaralmağıdır.

Yumulur birinin sönük gözləri,

Könlüsə hələ də oxumağında.

Uçur meşə üstdə, tələsir biri,

Doğma yuvasından düşüb uzağa.

Tanış ağacına çatanda onun

Düşünüb-dediyi bir budur: “Sağam!

İndi qaranlıqla qoy gecə dolsun,

Gecə zülmətiylə yolu tutulsun,

Mənim sabahımın. Nə olur – olsun”.

 

ITƏN GÜNÜN AĞISI

QÜRUB.jpg

Gün gedir, qürub yaxın,

Toran düşər, ay doğar.

Qəlbimi alıb sıxan,

İtki qüssəsi ağır.

 

Saatlar, dəqiqələr,

Axıb – quma su kimi.

Mənə dərd qoyub gedər,

Hər ağrının həkimi.

 

Haçan gəldin – bilmədim,

Getməyə tələsən gün.

İşartıdın, şölədin,

İncələrək əsən gün.

 

Balıq kimi şütüdün,

İlğımlarda yer aldın.

Əllərimi üşütdün,

Gözlərimdə parıltın…

 

Sən gələndə həyatdın,

Sən ömürdün, yaş idin.

Nə sən məni yaşatdın,

Nə mən səni yaşadım.

 

Təqvimə düşməz adın,

İzin qalmaz ömürdə.

Bir nemətdin – duymadım,

Kimdi səni göndərən?

 

Bəlkə quşdun, çiynimə

Qondun – xəbər tutmadım.

Sabahlarda yenə mən,

Axtararam baxtımı…

                                       05-08-1993 Samara