Архив тегов | Şər çiçəkləri

ŞARL BODLER. ÖLÜMDƏN SONRAKI PEŞMANLIQLAR

 

бодлер           

Remords posthume

Gələr zaman, uyuyarsan, mənim əsmər  gözəlim,

Qara mərmərdən olan abidənin altında.

Daha dünyada sənin mənzilin də, taxtın da,

Bir məzardır ki, damından sızıb yağış süzülər.

 

Əzər məzar daşı o vaxt sənin ürkək sinəni,
Böyür-başın sıxılıb yumşalar və incələr həm.

Susar, döyünməz ürək, arzun, istəyin keçinər,

Ayaqların daşımaz indi kef dalınca səni.

 

Sirdaşım, arzularımdan tamam xəbərli  məzar,

(Şairi yaxşı kim anlar ki, məzardan özgə)

Gələr gecə elə ki, burda yasaq yatmaqsa:

 

Sənə deyər: Kimə nə indi, günahkar dilbər,

Xəbərin olmayıb sənin ki, ağlayır ölü də.

Elə peşmanlığın kimi səni qurdlar da didər.

Fransızcadan tərcümə

23-24.04.2018

Samara

  ŞARL BODLER.  DUMANLAR VƏ YAĞIŞLAR

бодлер

                                               Ô fins d’automne, hivers, printemps trempés de boue…

 

Ah, payız sonları, palçıq dolu yazlar, qışlar

Yuxu mövsümləri! İstəklilərim, ah, nə olar,
Mənim də qəlbimə və beynimə biçin kəfəni,

Siz dumandam, bu dumanlarda da olsun dəfnim.

 

Bu nəhəng düzdə ki, soyuq küləyin qurdu ular,
Yelqovanlar gecələr sübhə qədər yorğun olar.

Yay günündən daha sərbəst, geniş bu anlarda,

Qara quzğun kimi qəlbim açar qanadlarını.

 

Bir ürək ki, bürümüşdür onu matəm havası,
Və soyuqlarla haçandan bəri qırov bağlar.

Siz ey hüznlü fəsillər, ona sevimli nə var,

 

Bzim iqlimlərə hakim bu toranlıqdan axı.

— Biriylə yoxsa verib baş-başa aysız axşam,
Qərib yataqda gərək qüssəni yatızdırasan.

Fransızcadan tərcümə

22-23.04. 2018

Samara

ŞARL BODLER. LEŞ

 

бодлер

  Rappelez-vous l’objet que nous vîmes, mon âme…

Canım, yadındadırmı, gözəl yay səhərində,

Gördüyümüz şey indi:

Cığırın döngəcində, çınqılın üzərində,

Müdhiş leş sərilibdir.

 

Sürüşkən qadın kimi göydədir ayaqları,
Öd damır hər  yerindən,
Nə abrı, nə hayası, qarnı da açıq qalıb,
Qoxu baş hərləndirir.

 

Od saçır çürüntüyə günəş, yəqin istəyir elə

Dağılanacan bişə,

Təbiətə qaytara yüz qat artığı ilə,

Vəhdətdə yaranmışı.

 

Səma bu gözəl leşin tamaşasına durub,

Sanki  gül çiçəkləyir.

Qoxu ağır, qorxdunuz itər birdən huşunuz,

Otun üstdəcə elə.

 

Çürük qarnı bürüyüb milçəklər vızıldaşır,
Qalxır qara taqımlar.

Qanlı tikə-parçaya ordu tək qurd daraşıb,

Cəmdəyi yağmalayır.

 

Bütün bunlar ucalır, enirdi bir dalğa tək,

Parlayıb axırdı ya.

Naməlum bir nəfəsdən sanki şişirdi cəmdək,

Yaşayırdı artaraq.

 

Qəribə musiqi də dinir burda elə bil,

Su axır, əsir külək,

Dənsovuran ritmlə dəni ya da tərpədir,
Qabı silkələyərək.
Forma pozulub gedir, qalan indi xülyadır,

Cizgilər yavaş düşür,

Unudulmuş kətana, yadda saxladığıyla,
Bitər rəssamın işi.

 

Narahat bir it durub baxır bizə acıqlı,
Daşların arxasından.

Skeletin üstündə tikəni qoyub qaçıb,

Aparmağa güdür an.

 

Və siz də dönərsiniz belə bir çürüntüyə,
Azar mənbəyinə həm.

Gözlərimin işığı, könül günəşim, göyüm,

Ehtirasım, mələyim!

 

Bəli, belə olacaq, gözəllik Məleykəsi,

Son ayinlər keçəndə,

Otun, çiçəyin altda sizi də basacaq kif,
Sümüklərin içində. 

 

Onda, mənim gözəlim, sizi öpüşləriylə

Yeyən qurdlara deyin,

Saxlamışam ilahi ruhunu həmişəlik,

Mənim fəna eşqimin.

 

Fransızcadan tərcümə

19.04.2018

Samara

ŞARL BODLER. SEVGİLİLƏRİN ŞƏRABI

бодлер

ŞARL BODLER

                 (1821-1867)

   SEVGİLİLƏRİN ŞƏRABI       

 

                      Aujourd’hui l’espace est splendide !

Ah, nə xoşdur bu gün aləm, nə qəşəng,

Nə qılınc oynayar, nə at kişnər.

Şərabla atlanaraq qalxıb uçaq,

Tanrı sirriylə dolu göylərəcən.

 

Qara qızdırmadan yanan, üzülən,

İki mələk necə divanə gəzər,

Səhərin mavi büllurundan aşaq,

Uzaq ilğım dalınca biz dolaşaq.

 

Ağılla gurlayıb gələn axının,

Astaca söykənək qanadlarına,

Halımız məstliyə bu anda yaxın

 

Baş vuraq, ah, bacım, bu dalğalara,

Bir behişt var, xəyalımdan yaranan,

Ora gedək, nə dincələk, dayanaq.

 

Franslzcadan tərcümə

17-18. 10. 2017

Samara

ŞARL BODLER. DÜŞMƏN

Baudiler

              

                              Ma jeunesse ne fut qu’un ténébreux orage,
Traversé çà et là par de brillants soleils ;
Le tonnerre et la pluie ont fait un tel ravage,
Qu’il reste en mon jardin bien peu de fruits vermeils.

+

Gəncliyim keçdi qaranlıq dolu tufan sayağı,

Parlayardı günəşin şölələri hərdənbir.

İldırımlar və yağışlar elə sarsıtdı bağı,

Onun al meyvələrindən qalan beş-on dənədir.

+

Yetişdi indi payız fəsli ağlımın, zəkamın,

Gəlib zaman çalışam indi bellə, dırmıqla.

Elə dəlib su ki, hər yerdə dəliklər yaranıb,

Qəbrə bənzərli; torpaq işlənib gərək yığıla.

+

O çiçəklər ki, nə vaxtdan mən həsrətindəydim,

Taparmı, bilmirəm, selin-suyun yuyub-yediyi,

Yerdə möcüz qida ki, canda o, qüdrət yaradar.

+

Aman! Əfsus! Yeyər Zaman bizim həyatı hər an,

Qarı Düşmən sinəmiz üstdə —  parçalar, dağıdar,

Güc alar, canlanar, artar o, içdiyi qandan.

fransızcadan tərcümə

18.10.16

Samara

ŞARL BODLER. LƏNƏTLİ ŞAİRİN DƏFNİ

   ŞARL BODLER

      LƏNƏTLİ ŞAİRİN DƏFNİ

     (Sépulture)

                          Si par une nuit lourde et sombre
                         Un bon chrétien, par charité…

 

Gecənin tünd, qatı zülmət vaxtı,
Gələrək rəhmə bir nəcib mömin

Basdırar köhnə çınqılın altda,

Torpaq örtər sizin əziz bədəni.

 

Elə ki göydə bakir ulduzlar,

Yumar yuxuyla dolu gözlərini.

Toxuyar onda hörümçəklər tor,

Nəsli artıb-törəyər gürzələrin.

 

Siz qəzalı başınız üstdə, bilin,

Eşidərsiz ki, hər günündə ilin,

Yaslı qıylarla canavarlar ular.

 

Cadugərlər yığılar ac-yorğun,

Qocalar həm gələr əyyaş, pozğun,

Oturar məşvərətə quldurlar.

 

Fransıcadan tərcümə

05.10.2016

Samara