Архив тегов | Saleh Bağırov aparıcı

SALEH BAĞIROVUN İFASINDA ŞEKSPİR YA SAMUİL MARŞAK?

Dost mənə video göndərib: Saleh Bağırov adlı bir nəfər televiziya studiyasında Şekspirin 2-ci sonetini oxuyur. Dost soruşur: “Sənin tərcümən deyil ki?” Cavab verirəm ki, mənimki deyil. Şekspirin sonetlərini mən də çevirmişəm, ona görə maraqlanıb daha bir neçə dəfə də dinlədim.

“Qocalıq üstünə hücum çəkəndə

Vaxt da gül üzündə qazacaq səngər…

Fikir verin: 1-ci misrada “qocalıq”, 2-ci msrada “vaxt da”. Yəni elə bil ki, qocalıq vaxt deyil, uzağı müttəfiq qüvvələrdir. Şekspirdə “qocalıq” sözü yoxdur, “qırx qış” ifadəsi var:

 When forty winters shall besiege thy brow,

And dig deep trenches in thy beauty’s field…

Mənim tərcüməmdə:

Çöhrəni qırx qışın həmlələriylə,
Səngər tək qazılan qırışlar örtər.

Saleh Bağırov oxuyur:

Gözəlliyin tür tək ötüb-keçəndə

Üstünə baxıb diksinəcəklər

Birinci misradakı bir sözü başa düşmədim, bəlkə “tür deyil”, ayrı sözdür. Ancaq dördüncü misrada heca çatışmır, 11 əvəzinə ondur, bu, tərcüməçinin günahı deyil, ifaçı unudub.

Şekspirdə indiki parlaq geyimin cındıra dönəcəyi deyilir.

Thy youth’s proud livery so gazed on now

Will be a tottered weed of small worth held…

Mənim tərcüməmdə:

İndi öyündüyün şux geyimləri,

Dəyərsiz cındıra zaman döndərər.

Ən maraqlsı üçüncü dördlükdür.

Saleh Bağırovun ifasında:

Gül tək balaları göstərib bir-bir,

İftixarla desən bu gözəl gənclər,

Mənim gəncliyimdir, gözəlliyimdir,

Bax onda döyüşdı sənindir zəfər.

Belə çıxır ki, gənc qadının (əslində sonet kişiyə həsr edilib, kişiyə ünvanlanıb) bir dəstə uşağı var ya olmalıdır? Və «döyüş», «zəfər» şekpirlik deyil.

Şekspirdə:

How much more praise deserved thy beauty’s use,

If thou couldst answer, This fair child of mine…

Yəni Şeikspirdə uşaq birdir.

Mənim tərcüməmdə:

Alqış qazanardın desəydin ancaq:

“Cavanlıq, gözəllik əmanıtini,

Heç də itirmədim. Bu gözəl uşaq,

Mənim hesabatım, həm bəraətim”.    

 

Niyə görə bir uşaq tərcümədə uşaq bağçasına çevrilir? Ona görə ki, sonet Şekspir orijinalından yox, Marşakın ruscaya tərcüməsindən çevrilib. Baxın Marşakın tərcüməsinə:

«Вы посмотрите на моих детей.

Моя былая свежесть в них жива,

В них оправданье старости моей».

Bu soneti Modest Çaykovski də (bəstəkarın qardaşı) ruscaya çevirib, onda da uşaq birdir, ancaq Çaykovski uşağın cinsini də göstərir: oğlan…

Soneti bitirən beyt də də orijinala uyğun deyil Şekspirdə sonetin ünvanladğı şəxsin övladının yox, öz qanı nəzərdə tutulur…

Təəssüf ki, Saleh Bağırov tərcümənin müəllifini elan etmədi. Onun ifasına çoxlu “bravo” deyən qadınlar da soruşmadılar.

Bəlkə Saleh Bağırov özü çevirib?

Samuil Marşakdan…

 

02. 02. 2026, Samara

 

UİLYAM ŞEKSPİR. 2-Cİ SONET