Архив тегов | Salyan

İSMAYILLILAR DA ÖYRƏŞƏCƏKLƏR?

Deyəsən, qubalılar da söyüləndə qalxmışdılar…

Qəribədir, insanların dədə-baba torpaqları əllərindən alınır, əsrlərdən keçib-gəlmiş və müqəddəsləşmiş yer adları dəyiışilir, meydanlarına Amsterdam küçələrində dayanan fahişələri xatırladan ağaclar əkilir və bu ağacların arasında onların ata-babalarını qırx il minib-çapmış adamın heykəli qoyulur – təhqir saymırlar. Bir qudurğanın söyüşünü təhqir sayırlar. Bu, dərin təəssüf doğurur. Çünki sabah bu hampazorluğun məsuliyyətini daşıyan ölkə başçısı ismayıllıların gözü qabağında o söyüşçül gəncə bir qapaz vursa, hamısının ürəyi yumşalacaq, gedib şəhərlərinin qalan küçələrində də o fahişəyə oxşayan ağaclar əkəcəklər və bu ağaclar arasında onları qırx il minib-çapmış adamın yeni heykəllərini qoyacaqlar…

Söyüşlə qalxan xalq – bu, məyusluq doğurur…

Fikirləşirəm ki, birdən salyanlıları söyələr… Yadıma düşür ki, sovet vaxtından dönə-dönə söyüblər – qalxmayıblar. Şəhərlərini alt-üst eləyiblər – qalxmayıblar.

Öyrəşiblər?

QƏBİR İTİMİ — QƏDİR İTİMİDİR…

           

“Müəllim, indi ki sən deyirsən bahadır, mən lap havayı düzəldərəm, mən o arvadı yaxşı tanıyırdım, böyük hörmətim vardı ona…”

Spesifik məntiqdir – qiymətdən düşmür, ancaq işi guya havayı görməyə də hazırdır. Anacaq sifarişçi Məmmədağa müəllim təccüblənmir — ona görə yox ki, riyayaziyyatı tədris edir və məntiqi mühakimənin hər cür mümkün yayıntılarına adət edib. Spesisifik məntiq  bəlkə də peşə spesifikliyindən doğur – müsahibi “sənətkardır”, qəbir daşı yonur… O ki qaldı “arvadı” yaxşı tanımağına… “Arvadı” Salyanda və ətraf rayonlarda kim tanımırdı ki. Gəl ki gəbrinin yerini dəqiq göstərməyə uzun müddət bir adam tapılmırdı. Azərbaycanın əməkdar həkimi Klavdiya Fleqontovna Şarovanın qəbrini…

1986-cı ilin payızında o vaxt Kuybışezv adlanan Samaradan məzuniyyətə gələndə doktor Şarovanın uşaqlıq və ilk gənclik illərinin keçdiyi şəhərin şəkillərini gətirmişdim. Klavdiya Fleqontovna onlara baxdıqca gözləri yaşarır, küçələrin, meydanlarin indiki yox, onun ailəsiylə aclıqdan xilas olmaqçın ekstremal şəraitdə Samaradan çıxıb nisbətən çörəkli sayılan Sibirə yollandığı vaxt daşıdığı adları tez və səhvsiz deyirdi. Səksən üç yaşlı doktorun nəinki yaddaşı qaydasındaydı – hər bazar ertəsi xəstəxanada onun əməliyyat günüydü. Klavdiya Fleqontovna 1991-ci ilin yanvarında baş verən ölümünün yaxın ərəfəsinə qədər işləmişdi.

Yetmişinci illərin əvvəllərində doktor Şarovanın ailəsiylə tanış olanda, əlbəttə, ağlıma da gəlməzdi ki, həmişəlik rəqəmlər, tarixlər və ərazilərin mistik cazibəsinə  düşürəm. O vaxt mənim üçün vacib başqa şeylər idi. Mənə doktorla tanışlığın ilk günlərindən aydın olmuşdu ki, mənim təhsilim qiyabi oxuduğum universitetdən çox Salyanın bəlkə də ən odioz məhəlləsindəki ikimərtəbələrdən birinin ikinci mərtəbəsindəki mənzillə bağlı olacaq. Şəhərin girəcəyində, avtovağzaldan iki addım aralı olan düzbucaq şəkilli bu məhəllə bir-birinin eyni olan bir neçə ikimərtəbə “hökumət evindən ibarət idi. Asfaltı min yerdən çatlamış həyətin düz ortasında ümumi ayaqyolular vardı və xüsusən ikinci mərtəbədən düşüb aftabanı qıçlarına sıxa-sıxa üfunəti havalanıb avtovağzal həyətindən qalxan qoxulara qovuşan ayaqyoluna başıaşağı gedən arvad-uşağı görəndə adam istəyirdi qurd olub ulasın. Və elə qərb radiolarına qulaq asmaq, Folkneri və Dostoyevskini oxumaq, dil öyrənmək də ümidsizlikdən ulamaq kimi şeydi – yəni ki, neyləyirsən eləyəsən, bircə şura hökumətiylə və kommunist partiyasıyla unison oxumayasan…

Doktor Şarovanın mənzilinə girən kimi tarix, dövr dəyişirdi, düşürdün iyirminci əsri əvvəlinə, hələ ondan da o yana, on doqquzuncu əsrə. Puşkin, Tyütçev, Gertsen… Vəkil qızı, gimnaziya məzunu doktor Şarova fransızcanı da unutmamışdı… “O da haqlı deyildi, Xeyürulla müəllim, axı o, övladlarını ədəbi irsinə hüquqdan mərhum edib lüt qoymaq istəyirdi…” Uşaqlara münasibət məsələsində Klavdiya Fleqontovna hətta Tolstoyla da mübahisəyə hazırıydı, özü nəinki Salyandakı evi saxlayır, hələ bütün pensiyasısını mərhum oğlu İskəndərin Bakıdakı ailəsinə göndərirdi. İndi doğma nəvələri yetkin, ailəli adamlardır, nənərinin harda basdırıldığından xəbərləri yoxdur. Deyilənə görə, doktor Şarova öləndən sonra gəlini son məqamda da olsa özünü yetirib mərhumun evinin qonşular tərəfindən yağmalanmasında iştirak etmişdi. Zəngin kitabxana tamam dağıdılmış bütün qab-qacaq, son qaşıq-çəngələ qədər, aparılmış,    paltarların bəyənilənləri götürülmüş, bəyənilməyənlərdən də xəz yaxalıqlar kəsilmişdi. Qızıl-gqmüş, əlbəttə, birinci növbədə… Kitabxananı doktor əsasən Azərbaycanda yaşadığı altımış ilə yaxın vaxtda yığmışdı, ancaq kitabların içində Omsk tibb institutunu bitirib bura işləməyə gələndə gətirdikləri də vardı. Xüsusi fəxrlə Klavdiya Fleqontovna qırxıncı illəıin axırında kosmopolitizmlə mübarizə zamanı tutulmuş tibb professorlarının kitablarını göstərirdi. Bu kitablar o vaxtlar “orqanlar”a təhvil verilməliydi. Ancaq doktor verməmişdi. Xırdaca, ağüz bu qadını az tanıyan adamlar da onun tünd göy gözlərində əks olunan ləyaqət və cəsurluğu görməyə bilməzdilər…

O, vəkil qızıydı. Evləri indi də Xlebnaya ploşad adlanan meydanın yaxınlığında olub – bura Samaranın tarixi mərkəzidir. Knyaginya Xovanskayanın gimnaziyasında oxuyub, gimnaziyanın binasinda indi də məktəb yerləşir. Volgaboyundakı ağır vətəndaş hərbindən və aclıqdan ailəsiylə Omska gələn Klavdiya burda tibb institutunu bitirib göz həkimi diplomu alır və bir müddət sonra Azərbaycanda işləyən rəfiqəsi İza Bretsenin dəvətiylə ora gedir. Traxomayla gərgin mübarizə illərində əvvəl Şəkidə işləyir, sonra Salyana göndərilir. Elə bu vaxtlarda fasilələrlə Bakıda da yaşayır — əri görkəmli veneroloq Rüstəm Talışinskiydi, altmışıncı illərin əvvəllərində o, Bakıda avtomobil qəzasında ölüb… Doktor Rüstəmin birinci arvadından olan oğlu, adıyla bağlı travmatoloji əməliyyatlar dərsliklərə düşmüş professor Rəşid Talışinski Klavdiya Fleqontovnaya sevgisi və hörməti böyükdü.  Professor Talışinski çox cavan öldü.  Doktor Rüstəm Talışinskinin dörd oğlundan heç biri — proferssorluğa Xarkovda qalxmış Rəşid, futbol məşqçisi İskəndər, müəllim Sabir, psixiatr Əli —  sağ deyil, heç bir azardan şikayətlənməyən uca boylu, enli kürəkli bu kişilər elə bil  yoxmuşlar…

2006-cı ilin yazında Bakıda Samara vilayətinin mədəniyyət günləri keçirilərkən vilayətin mədəniyyət naziri Olqa Rıbakova və “Samara vilayəti azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Azərbaycanın mədəniyyət nazirindən xahiş etmişdilər ki, doktor Şarovanın qəbrinin tapılmasına kömək etsin, qəbrin üstünün götürülməsi xərclərini Samara vilayəti çəkməyə hazırdır. Cənab Qarayev samaralı həmkarını televiziya kameraları qarşısında deyir ki, hər şey ediləcək və Salyanın başçısına rəsmi məktub göndərir. Bir neçə ay keçir, Şirvan Kərimov özü Salyana gəlir, başçıyla görüşüb deyir ki, bizə ancaq qəbrin tapılması lazımdır, üstünü özümüz götürəcəyik. Mən də görüşdə iştirak etdiyimə görə deyə bilıərəm ki, Salyan başçısı bizim yaddaşımıza silinməz təəssür saldı. “Ayıb deyil? Nə xərc? Hamısını özümüz edəcəyik, mən də o qadından çox eşitmişəm, layiqdir. Yaşadığı evə də xatirə lövhəsi vuracağıq. Nə iki ay? Nə danışırsınız? Bir həftənin içində!”

Düz bir il keçdi… Salyanlı müəllim dostum Məmmədağa Əhədov xəbər verirdi ki, heç kim əlini ağdan-qaraya vurmayıb, hərçənd qəbrin yeri tapılmışdı…

2007-ci ilin yayında Şirvan Kərimov Məmmədağa müəllimə pul göndərib xahiş edir ki, qəbrin üstünü sifariş versin. Məmmədağa müəllim spesifik məntiqli daşyonanla qiymət üstündə çək-çeviri artıq görünməsin: pul Şirvan Mürvət oğlunun şəxsi vəsaitindən idi və samaralı sədr “daşın lap yaxşısından” qoydurmağı tapşırmışdısa da, riyaziyyat müəllimi üçün bu məqamda özgə pulunu saymağın yeri vardı… Sifarişi bir az aşağı qiymətlə götürən ikinci sənətkar da Xıllınin və Salyanın göz xəstəxanalarında on illərlə baş həkim işləmiş doktor Şarovanı yaxşı tanıyırmış…(Daşyonanlara ümumiyətlə heç bir iradımız yoxdur, mən onların elə qəbiristanlıqda yerləşən emalatxanalarında oldum – çox ağır və sağlamlıq üçün ziyanlı işdir. Həm də, əlbəttə, keyfiyyələ görülərsə, nəcib işdir…)

29 avqust 2007-ci ildə kiçik bir qrup salyanlının iştirakıyla qəbirüstünün açılışı oldu. Salyan başçısı nə özü gəldi, nə bir adam göndərdi.  Yeri gəlmişkən, Rasim müəllim də doktordur, ancaq göz doktoru yox, elmlər doktoru…

O ki qaldl göz doktorlarına… Salyanlılar başqa bir göz həkiminə heykəl qoyublar, adına bağ da salıblar. Ancaq onun qəbri Salyanda deyil, heç vaxt Salyanda yaşamayşıb və, səhv etmirəmsə, heç vaxt orda olmayıb da… Yox, bu mistika-zad deyil, bu, sonralar nəsil-nəsil xəcalət çəkdirib başıaşağı edən kobud və bayağı praqmatizmdir, öz dilimizdə desək, yaltaqlıq və ayağadüçməkdir. Mistika ayrı şeydir.

Klavdiya Fleqontovna ilə doğum tariximiz eynidir – düz əlli il fərqlə. Və mən təxminən onun Azərbaycana gəldiyi yaşda Samaraya gəldim…

Mən Samaradakı şaxtalardan ona xəbər verəndə o mənə yazardı:” Mən indi orda yaşaya bilməzdim… Qocalmışam və soyuqdan elə qorxuram ki…”

Doktorun ölümündən keçən uzun illər ərzində tez-tez fikrən onunla danışıram. “Klavdiya Fleqontovna, mən də qorxuram ki, daha vətənə qayıda bilməyəm… Havası düşmür…”

Onun bir qardaşı da vardı. Batumda yaşayan Viktor Fleqontoviç kimi çox oxumuş, geniş məlumatlı və kübar adam az görmüşəm. Hərdən Salyana gələrdi. Öz ailəsi cəhənnəmdi. Qırğıya oxşayan Muza(!) adlı arvadı hər dəqiqə şığıyıb ərinin gözlərini çıxarmağa hazırdı. Müharibə vaxtı kapitan Viktor Şarovun batareyası Batumda yerləşirmiş. Günlərin bir günü batareya radioqram alır ki, yaxınlaşmaqda olan obyekt düşmən təyyarəsidir, vurun. Viktor Şarov əmri yerinə yetirir. Az sonra məlum olur ki, vurulan sovet təyyarəsiymiş… Kapitan Şarovu tutmurlar, ancaq hərbi karyerasının da üstündən xətt çəkilir…

Ruhunuz şad olsun, Klavdiya Fleqontovna! Günahlarınız, əgər vardısa, bağışlansın, Viktor Fleqontoviç! Bəlkə bir vaxt yenə görüşüb danışdıq. Bu dünyadaki qanqaralıqları, bütün ağrı və göynəmələri doğruldan yalnız buna ümiddir…

 

26.02.2008 14:48:27, Samara

 

 

“Azadlıq” qəzetində çıxıb

“SARI”LIQ XƏSTƏLİYİ

        

 

«Qardaş, indi yas yerinə getmək əngəl olub, çadırda oturduğun yerdə birdən molla komanda verir ki, qalxın, Hacı Filankəs gəldi. Hacı Filankəsin hansı yuvanın quşu olduğunu Salyanda bilməyən yoxdur, ancaq hamı qalxır ayağa. Qalxmayacaqsan, yas yiyəsi inciyəcək… Qardaş, abrımız gedib…”

Bunları mənə Salyanda bir neçə il əvvəl əziz bir adamım deyirdi. Mərhum cəsur, atıb-vuran adamdı, sıraya düzülməklə, komandayla oturub-durmaqla arası yoxuydu. Əməlləri cinayət məcəllləsinin azından on-on beş maddəsi altına düşən adamların qabağında ayağa durmağın onun üçün necə məşəqqət olduğunu yaxşı başa düşürəm. Ziyarət yolları təzə açılanda mən özüm Salyanda yas məclisinə düşmüşəm, o vaxt hələ hacıların çadıra gəlişi molla tərəfindən ucadan elan edilsə də, camaatı qaldırmırdılar, molla özü durub təzətər hacının qabağına gedir və qucaqlaşıb marçamarç öpüşürdülər…

“Adın nədir?” “Sarıdır…”

Yadınızdadırsa (əlbəttə, yadınızdadır, dilimizi, ədəbiyyatımızı, lap elə tariximizi də yaddan çıxaran bizik, yəni yurddan qıraqda yaşayanlar), hekayəçi hamamda üzqoylu uzanıb kisələnəndə kisəçidən adını soruşur. Kisəçi də deyir “Sarıdır”.  Hekayəçi yenə soruşur və həmin cavabı alır. Heçayəçi elə təəccüblənir ki, hamamın bütün ləzzəti canından çıxır. Kisəçiyə and verib yalvarır ki, əsl adını  desin. Kisəçi də elə bilirmiş ondan sabunun nə sabun olduğunu soruşurlar. “Adım Məşədi…”

Hekayəçinin ürəyi yerinə gəlir – azərbaycanlı müsəlman (ya müsəlman azərbaycanlı?) ola, adının məşədisi, kərbalayısı olmaya…

Sizə deyim kisəçidən. Daha doğrusu, kisəçi oğlundan. Kənddə yaxın qonşulardan birinin ölümü məzuniyyətimin vaxtına düşmüşdü. Amerika siqaretini tüstülədə-tüstülədə çadırda oturanlarla məzələşən molla söhbəti hansı möcüzəyləsə Mirzə Fətəlinin üstünə gətirdi və ürəkdən, ağız dolusu cənab Axundova, yəni bizim milli dühamıza, milli iftixarımıza lənət oxudu.

İndi yəqin siz, mənim milli düha va milli iftixarın nə olduğunu çox-çox yaxşı başa düşən dəyərli soydaşlarım, güman edirsiniz ki,  danışığında şübhəsiz cinayət tərkibi olan molla hökmən cəzalanıb(milli təhqiri biz haçan yerdə qoymuşuq?). Türmə də olmasa, heç olmasa şərti cəza, pul cəriməsi, bir neçə il müddətinə mollalıqdan mərhumluq, ya da ən azı xarici pasportunun alınması ki, bir müddət xarici ölkələrə ziyarətə gedə bilməsin. Son variantı xüsusən peşəkar molla üçün həddindən artıq amansız sayan oxucuların həyəcan keçirməyinə dəyməz: o vaxt “məşədi” adı daşıyan molla indi “kərbalayı”dır. Deyək ki, hökümətin başı qarışıb jurnalistlərlə davaya və Salyan, Cəlilabad, Nardaran ya Masalllı mollalarına əli çatmır. Bəs o çadırda oturanlar?

Boynuma alım ki, sizin həqir nökəriniz də mollanın cavabını vermədi. Mollanın xətrinə dəymək məclis yiyəsini incitmək kimidir. Bizsə  məclis, kənd, vilayət, ölkə yiyələriylə Axundovlar arasında seçim olanda, əlbəttə, Axundovları tutmuruq. Axundovlarsız hardaydıq və kim idik – bunu düşünmürük ya az düşünürük. Və nə qədər az düşünüruksə, axundovlarsız hardalığı və kimliyi yaxın perspektiv kimi lap önümüzdə işıqlanır.(Bəlkə daha dəqiq – qaralır?)

Axundovu lənətləyən mollanın ingilislər demişkən “bəkqround”u, yəni əsl-nəcabəti, tərbiyəsi, təhsili barədə bircə şey məlumdur: o, kisəçi oğludur, özü də deyəsən kisəçi şagirdi olub. Bəlkə də Axundov vaxtını hamamda yatmaqla keçirən soydaşlarımızı məzəmmət etdiyinə görə ondan acıqlıdır.

Yox, deyəsən, hamamda yatanlara sataşan Mirzə Cəlildir. Mirzə Cəlildən də yanıqlılar çoxdur. Mollalardan tutmuş millətsevər universitet professorlarına qədər. “Böhtan yazıb! Biz heylə olmamışıq!”

Bəs siz necə olmusunuz? Niyə bəs azadlıq əlinizə düşən kimi üz qoydunuz Azərbaycanın qalan ərazisində neft quyularından da çox olan  və hər gün yenisi açılan pirlərə, falçı, baxıcı, duaçı qapılarına? Niyə varlılarınız ətək-ətək pulları ziyarətə xərcləyir, özünüz, uşaqlarınız arxlarla gələn nəcisli suyu içirsiniz? Niyə ilin yarısını Məkkədə, yarısını Avropa kefxanalarında keçirən dövlətlilər qapıları neçə illərdən bəri bağlı qalmış xəstəxanaları işlətmirlər? “Heylə” olduğunuza görə deyilmi ki, əlsiz-ayaqsızlar  “urusun”, yəni allahsız bolşeviklərin atasına rəhmət oxuyur? Bəs siz niyə vaxtilə Moskvada həkim işləyəndə onlarla azərbaycanlıya əl tutmuş, bəzilərini şəxsən müalicə eləmiş əlli səkkiz yaşlı(!)doktor Rafiq Tağını türmədə əzib sındırdınız? Bəs niyə onu öldürəcəklərinə and içən və hərəkətlərində danışıqsız cinayət tərkibi olan fanatik Nardaran seperatçılarına gözün üstə qaşın var deyən yoxdur? Əlbəttə, onlardan jurnalistlərə və bütün demokrartik zümrəyə qarşı dəyənək kimi istifadə edənlər var. Ancaq sonra bu dəyənəyin qabağında bəlkə dayana bilməyəsiniz…

Hacılığa, gəlin fakta adekvat yanaşaq, kvot qoyulandan sonra ona islamın sütunu kimi baxıla bilməz, dünya müsəlmanlarının sayı çoxdan milyardı keçib, Səudi krallığının təyin etdiyi kvot isə bir neçə miskin milyondan artıq deyildir. Götürün kalkulyatoru və hesablayın: müsəlmanların çox kiçik qisminin Məkkəyə getmək şansı var, ona görə də bu ziyarət borc sayıla bilməz. Əlbəttə, bütün gedənlərə yaxşı yol arzulayırıq və onların dini hisslərinə də hörmətimiz var. Ancaq niyə camaat onların qabağında farağat durmalıdır? Hərçənd qabağında farağat durulmalı  ən azı bir hacı tariximizdə olub: Hacı Zeynalabdin Tağıyev…

“Getdik Quma, imamın qəbrini, imamın qızının qəbrini ziyarət etdik…”

Bunu ötən il Azərbaycanda bir soydaşımz danışırdı.

“Sonra Xomeyninin qəbrini ziyarət etdik…”

Mən qıpıq adamam, ancaq bu yerdə dözmədim: ”Xomeyninin qəbrini niyə? On minlərlə sütül azərbaycanlı balasını müharibədə qırdırdığına görə? Təbrizi bombalatdırdığına görə? Soydaşlarımızın dilini qıfıllatdığına görə? Şallaqlara, dar ağaclarına, daşaqalaqlara görə?”

Məşədi az qalmışdı vura məni öldürə…

Bəlkə bizim başımız elə hamamda yatmağa, xoruz döyüşdürməyə qarışsa yaxşıdır?

 

                                                          20.02.08 Samara

ÖLƏNƏ VƏTƏN YAXŞI

                                 

Atalar deyiblər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mən də elə həmişə bunun arzusunda olmuşam. Ancaq ölməmişdən qabaq insan adətən bir az xəstə olur. Mən də bu yaxınlarda, canınızdan iraq, yaman azarlamışdım. Dedim yəqin ölümüm çatıb. Bilet alıb mindim qatara ki, tez gedib vətəndə ölüm. Qatar yerindən tərpənənəndə ürəyimə qorxu düşdü ki, deyəsən elə vaqonda öləcəyəm. Gecə elə soyuq olurdu ki, elə bil sərnişinlərin hamısı cəhənnəmə getməliydi və onlar cəhənnəm istisinə hazırlanırdılar. Rusiya sərhədində dağıstanlılar elə sıxma-boğmaya saldılar ki, huşumu itirdim, bir də Azərbaycan sərhədçisinin qışqırığına ayıldım.Gözümü açıb üzlərini görən kimi yenə halım pisləşdi.  Bildim ki, əllərində ölsəm, meyidimi erməni kəşfiyyatçısı adıyla verəcəklər təhvil. Ölmədim. Gedib çıxdım Salyana. Bir neçə gün gəzib dolanandan sonra gördüm nəsə ölümüm gəlmir, ancaq elə xəstəyəm. Dedim gedim buranın xəstəxanasına. Eşitmişdim ki, bəzəyib-düzəldiblər, prezident özü oranı iki dəfə açıb. Bir dəfə açıb, mərasim, salyanlıların xoş üzü elə xoşuna gəlib ki, iki ildən sonra yenə gedib açıb. Hə, gedib çıxdım xəstəxanaya. Həkimlər oturan yekə bir otağa girib dedim ki, əslində Salyana ölməyə gəlmişdim. Dedilər a kişi, elə gəldiyin yolla bir az geri qayıt, çünki sən elə qəbiristanlığın yanından keçib bura gəlmisən. Dedim ki, a bala, ölümüm nədənsə gəlib çatmaq bilmir, istəyirəm bir az müalicə götürəm. Dedilər ay kişi, sənin yaşında burda heç kim müalicə götürmür. Sən yaşda adamlar heç yaşamırlar da.  Gələndən bir yan-yörənə baxmamısan? Dedim ki, vallah, elə mənimki də beş-on günlükdür, özümün də səbrim kəsilib. Hələlik mənə yüngül bir müalicə yazın. Dedilər yaxşı, indi ki gəlmisən, de görək nəyin var. Dedim ki, bağışlayın, polissiz gəlmişəm. Otaqdakı adamların hamısı birdən qışqırdılar ki, a kişi, sən ağsaqqal vaxtında bura polis gətirmək istəyirdin? Utanmırsan? Bəs bilmirsən Salyan xəstəxanasına polis gətirən əskər qabağında gedər? Dedim ki, mən o polisdən demirəm, mən deyən başqa polisdir, kağızdır, pul əvəzidir. Dedilər o pul əvəzini apar ver rusa, erməniyə, bizim gül kimi manatımız var, prezidentimiz ona necə sərəncam veribsə, farağat durub, bir qəpik aşağı düşmür.  Dedim heç olmasa mənim qızmamı ölçün, yaman istilənirəm. Dedilər a kişi, ölümqabağı elə belə olur, adam əvvəl istilənir, sonra soyuq tər gəlir. Bizim xəstəxanada termometr yoxdur.  Azərbaycanda qızma ölçmək dəbdən düşüb. Prezidentimiz göstəriş verib ki, hamının temperaturu 36,6 olsun. Çünki artıq ya əskik olanda adamlar zaylayırlar, ağılları çaşır, küçəyə çıxır, müxalifələtə qoşulurlar.  A kişi, istəyirsən ki, sənə doaqnoz qoyulsun, pulunu çıxar göstər.  Biz diaqnozu pula görə qoyuruq. Hər adamın puluna uyğun xəstəliyi də var, müalicəsi də. Kimin pulu yoxdursa, onun nə xəstəliyi var, nə müalicəsi.

Əvvəl fikirləşdim ki, cibimdəki yol pulunu verib özümə bir az müalicə etdirəm. Sonra fikrimdən daşındım. Ölsəm, yaxşı, birtəhər basdırarlar burda. Arzum yerinə yetər. Ancaq birdən ölmədim? Onda necə qayıdacağam? “Sağ olun” deyib otaqdan çıxmaq istəyəndə kəsdilər qabağımı ki, beş-altı manaq çıxar at stolun üstünə, başağrısı dərmanı alacağıq. Dedim mənə başağrısı lazım deyil, başım ağrımır. Dedilər başağrısını özümüz üçün alırıq, çünki sən çox danışıb başımızı ağrıtmısan. Tez ol, kişi, yoxsa polis çağırarıq. Özü də sən deyən kağız polisdən yox, əsl polis, bığıburma, boynuyoğun. Sənə bir dənə vursa, düz gedib elə qəbiristanlığa düşərsən.

Başağrısı pulunu verib ordan çıxdım. Maşına minib gəldim Bakıya, ordan da qatarla bura. Vətəndə ölmək, əlbəttə, yaxşıdır, ancaq çətindir. Yaxşısı budur ki, elə adamın hazır ölüsü ora gedə…

 

Mirzə ƏLİL

03.03.09 Samara

 

 

BEŞ!

                                        

 

Yəqin ki, elə dünyanın hər yerində ad almaq şərəfdir, bircə Salyan şəhərindən başqa. Salyanda ad aldın, evin yıxıldı. Salyanlı hələ həyatda ağı-qaradan seçməyi əməlli-başlı öyrənməmiş bir də görür yerliləri yöndəmsiz bir adı bıçaq kimi soxdular onun bioqrafiyasına. Evi yıxılan başına-gözünə vurur ki, günahım nədir, neyləmişəm axı. Salyanlılar bir qapaz da əlavə edib deyirlər ki, kəs səsini, qırışmal, yaxşı fikirləşsən, bilərsən neyləmisən…

Salyanlıların bir-birinə verdiyi çox  adları, düzü, heç kağıza da yazmaq olmaz… Ancaq uşaq-böyük yanında dilə gətirilə bilənləri də var. Məsələn, Beş. Gül kimi addır. Ad sahibi özü də gül kimi adamdı. Mən mərhumu, yaxından da olmasa, tanıyırdım. Əlbəttə, onun da hamı kimi pasportu vardı və pasportdaki adı Beş deyildi. Salyanlılar bu qaraqaş-qaragöz kişiyə ona görə Beş, daha doğrusu, Beş adı vermişdilər ki, ümumiyyətlə lal-dinməz bu adam bütün suallara bircə sözlə cavab verirdi: ”Beş!” “Neçə yaşın var?” “Beş!” “Neçə manat maaş alırsan?” “Beş?” “Neçə uşağın var?” “Beş!” Mərhum Beş yay-qış qaloş geyərdi. Şəhərin harasında yas yeri olsaydı, hökmən naharını ora salırdı.  Yasin oxunduqca qara gözlərini qıyır və başını dərin razılıqla bulaya-bulaya “Sağ ol! Sağ ol!” deyirdi, elə bil ki, mollaya yox, meyxanaçıya qulaq asır.

Allah salyanlılardan razı olsun, xətrinə dəymirdilər…

Beşin ailəsi, uşaqları vardı. Mən ciddi güman edirəm ki, mərhumun başqa yerlərdə də, o cümlədən Bakida yaxın qohumları və hətta uşaqları da ola bilər. Məndə bu güman son illər Baki prokurorlarını diqqətlə müşahidə edəndən sonra yaranıb. Düzdür, mən indiyəcən bir nəfər də canlı Baki prokuroru(canlı olmayanını da) görməmişəm. Ancaq atalar deyib ki, prokurorun üzünü görmə, ittihamını eşit.

Bir neçə il əvvəl Qarabağ müharibəsinin veteranları erməni zabitlərinin Bakıya mümkün gəlişiylə bağlı dinc etiraz nümayişıninə çıxanda, prokuror onlar üçün beş il iş istədi və aldı da. Yəni işi prokuror almadı, müharibə veteranları aldılar. Elə o vaxt şübhələndim: Niyə məhz beş il? Bəlkə o prokurorun əsli salyanlıdır və elə Beşin qohumudur?

İndi prokuror Qənimət Zahid üçün beş il istəyəndə mənim şübhələrim lap artdı. Əlbəttə, Baki prokurorları həmişə beş il istəmirlər, bəzən doqquz il, on il istəyirlər. Ancaq məsələ burasındadır ki, salyanlı Beş də hərdən çaşırdı, doqquz deyirdi, on deyirdi. Hansımız çaşmır ki?

Mən bilmirəm ki, Baki prokurorları qaloş geyirlər ya yox. Naharlarını yas yerlərinə salıb-salmadıqlarını da bilmirəm. Ancaq salyanlı Beşlə eyni psixotip olduqları aşkardır.

Burda ciddi bir məsələ var: müəlliflik hüququ. Əgər onlar salyanlı Beşlə qohum deyillərsə, ona ad kimi, həyat devizi və rəmzi kimi məxsus sözdən icazəsiz istifadə etmələri qanunsuzdur. Əslində onlar hər dəfə “beş” sözünü işlədəndə salyanlı Beşin ailəsinə öz maaşlarından( Baski prokurorlarının başqa gəlirləri olmaz) pul ayırmalıdırlar. Və tək onlar yox. Putin dövründə çoxlu siyasi hökmlər çıxarmış Rusiya prokurorları da. Günahları yalnız keçmiş səhiyyə nazirinin və prezidendin özünün ictimai qəbul otağına icazəsiz girmək olan onlarla tələbə gənc beş il sərt rejimli cəza alıb türmələrdə çürüyürlər. Bu cəzanı onlara kəsən prokurorlar da ya “beş”i nə möcüzəyləsə bizim salyanlıdan eşidiblər, ya “beş” rəqəminin dustaq tərbiyəsi üçün lap “həkim yazan” olduğunu Baki prokurorlarından öyrəniblər. Hər necvə olsa, Rusiya prokurorlarının salyanlı Beşin ailəsinə, Azərbaycan və  Rusiya ədliyyə sisteminin ən vacib dirəyinə çevrilmiş bu adı ona verən camaata borcu çoxdur.  Borcdan çıxmağı Beşə heykəl qoymaqla başlamaq olar. Bilirəm ki, küçələrimizdə, bağlarımızda, meydanlarımızda yalnız bir adamın heykəli qoyula bilər. Mən şəxsən Beşə heykəli Ədliyyə nazirliyinin qabağında görürəm.

Müxalif fikirli adamların yatdığı türmələrin qabağında isə heykəlin surətlərini qoymaq olar…

                                        24.02.08 Samara

 

  

 

DAHA HEYVA QOXUSU ORİYENTİR DEYİL. HAVADA BAŞQA QOXLAR VAR…

 

Balıq bazarı, Köhnə bərə ağzı, Cındıra məhəllə, Zavod, Qələbə bağı, Bazar küçəsi, Poçt küçəsi, Süd zavodu, Hamam küçəsi, Heyvalıq…

Burnuma heyva iyi gəldi, gözlərim doldu, indi bilmirəm, qırx il və bir az da əvvəl o küçədəki həyətlərdə çoxlu payız heyvaları vardı və mənə, Salyana hərdənbir  yolu düşən kənd uşağına, elə gəlirdi ki, o heyvaların iyi kənddəki heyvaların iyindən min dəfə yaxşıdır. Bəlkə bu ona görəydi ki, qapılara göz gözdirə-gəzdirə getdiyin yerdə qəfildən həyətlərin birindən kənd qızlarından yaxşı geyinmiş, kənd qızlarından yaxşı yeriyən, elə heyva kimi sarı-göyçək qız çıxırdı və ürəyin qırılıb düşürdü asfalta…

Mən o vaxtlar mərhum qardaşım Süleymanla…

O mərhum, bu mərhum…

Yaşar Şükürbəylinin öldüyü isə otuz ildən çox olar, onu maşın vurub öldürdü… Mən Süleyman qardaşımla Yaşar Şükürbəylinin dolu budaqlı heyvalar sıralanan, gül-çiçəkli, hovuzlu həyətinə çox getmişəm. Yaşar və onun üç bacısı yetim böyümüşdülər, Salyan pedaqoji məktəbinin direktoru işləyən ataları 1938-ci ildə tutulmuş, deyəsən, Qazaxstan sürgünündə ölmüşdü. Sürgünə anaları da getmişdi, ancaq ayrı yerə, başsız qalan uşaqları bibiləri bölüşdürüb saxlamışdılar. Az sonra mən Əli Bayramlıda pedaqoji məktəbə girdim. Dörd il ərzində qrup rəhbərimiz və riyaziyyat müəllimimiz Böyükağa Qurbanov oldu. Özündən yox, başqa müəllimlərdən öyrəndik ki, Böyükağa müəllim təzə universitet məzunu olduğu vaxtlar Salyanda Şükürbəylinin müavini olub, onunla bir gecədə tutulub, on il həbs və sürgün çəkib. O, dörd ildə bir dəfə də bu mövzuda danışmadı. Arıq şax qamətli, qırğı üzlü bu kişi nəinki müəllimlərin, hətta o vaxta qədər tanıdığım adamların heç birinıə oxşamırdı, heç vaxt səsini ucaltmayan və ağzından kobud söz çıxmayan bu keçmiş Stalin dustağı nəinki sinifdə, hətta dəhlizdə görünəndə də hamı özünü yığışdırırdı. Mənə elə gəlir ki, o nəinki tələbələrlə və müəllimlərlə, hətta siyasi rejimlə bacardığı qədər məsafə saxlayırdı – şəxsi istifadə üçün olan qeydlərin hamısını Böyükağa müəllim ərəb əlifbası ilə aparırdı…

Bir məsələ var ki, altımışıncı illərin sonu, yetmişinci illərin əvvəliində rüşvət Azərbaycanda qonağa yeməkdən qabaq çay vernmək kimi vacib milli adətə çevrilirdi və mənim məktəbimdə də müəllimlər hamısı rüşvətxordular…

Hamısı… Bəs Böyükağa müəllim?

Bir iyirmi il qabaq bir tələbə yoldaşıma rast gəldim, o, mərhum Böyükağa müəllimi ailəliklə tanıyırdı. Bütün müqəddəslərə and verdim ki, mənə düzünü desin. Bütün müqədddəslərə and içib dedi ki, yox.

Elə bil üstümdən dağ götürüldü…

Əli Bayramlı pedaqoji məktəbi çoxdan bağlanıb. Salyan pedaqoji məktəbini heç xatırlayan yoxdur. Onun indi sökülmüş binasında bir vaxt deyəsən rayon xəstəxanası yerləşirdi. Bina camaatın Heyvalıq adlandırdığı küçədəydi. Küçənin əsl adı…

Elə bildiniz bu küçə yurdu dağıdılmış, ailəsi qapı-qapı düşmüş, özü inçidilib məhv edilmiş Şükürbərlinin adınadır? Əlbəttə ki, yox…

Bu küçənin çox adı olub, şəhərin baş küçəsidir, deməli, qədimdir, gələn hər  rejim öz adını verib. Mən Süleyman qardaşla bu küçəylə xam-xam gəzdiyim vaxtlar marksist-leninçi xalq şairi Səməd Vurğunun adını daşıyırdı.

Daşıyırdı… Bəzi adlar doğrudan da yükdür…

Ötən yay bir nəçə ahıl salyanlıyla danışdım, küçənin qədim adlarını xatırlamırlar, güman etdilər ki, Beriya tutulana qədər onun adına olub…

Heyvanı atdım xarala… Yoxsa almanı?

Zaman dəyişib. Beriyanın adı küçədən götürülürdüsə, çamaat başa düşürdü ki, Beriya tutulub və tezliklə güllələnəcək.

Səməd Vurğunun adı Heyvalıqdan götürülüb. Məgər bu o deməkdir ki, Səməd Vurğundan marksist-leninçi xalq şairi adını alıblar?

Heftçalanın baş küçəsindən Nizaminin adı götürülüb. Məgər bu o deməkdir ki, fars millətçiləri deyənlər düzdür və Nizami Azərbaycan şairi deyil?

Yox, yox və yenə yox. Bütün bunlar o deməkdir ki, bu küçələrə Heydər Əliyevin adı verilib…

Hamam küçəsinə də kiminsə adı  verilib. Bir vaxt Lenin adınaydı. Küçənin rəsmi adı hərdənbir çəkilərdi. Məsələn, salyanlı iki dənə qarpız alıb minirdi taksiyə və əlli qəpik verib deyirdi ki, sür Lenini axırına…

Çıxdıq Leninin axırına…

Şəhərin küçələrinin yarısı iyirmi altıların adınaydı. Tonlarla qaçaq qara kürünün satıldığı Balıqbazarı bolşevik adınaydı! Hələ utanmaz-utanmaz deyirlər ki, sovet hökümətini Qorbaçov yıxdı…

İyirmialtılardan təkçə Əzizbəyovun adı qalıb. Əzizbəyov – bugünkü Azərbayçan həyatının ən vacib siyasi və ideoloji rəmzlərindəndir. Xalq parçalanmış, ikilənmiş şüurla yaşayır – Əzizbəyov qəhrəmandır, Şaumyan antiqəhrəman.

Bütün müasir Azərbaycan tarixi bu cür siyasi məqsədyönlülük prinsipiylə pozulur-yazılır.

Mən şəxsən ikilənmiş şüurla yaşamaq istəmirəm. Hökümətdən nümunə götürüb tarixin versiyasını yaradıram ki, o da belədir: Əzizbəyov əslində nə bolşevik, nə də komissar olub. Əzizbəyov olub bolşevik maskası geymiş Azərbaycan millətçisi və komisarların içinə girib ki, təşkilatlarını dağıtsın. Dağıdıb da. Onları ingilislərə verən də Əzizbəyov olub. Sonra onlarla qaçıb gedib İngiltərəyə, adıni dəyişib, lord rütbəsi alıb və Marksın yanında dəfn olunub. Bir sözlə, Əzizbəyov Azərbaycanın Ştirlisidir…

Və eşitsəniz ki, Salyanda Qələbə bağı daha Qələbə bağı deyil, diksinməyin: ikinci dünya müharibəsinin nəticələrinə yenidən baxılmayıb, qələbəni doğrudan da antihitler koalisiyası qazanıb. Sadəcə… Özünüz bilirsiniz kimin adı verilib…

Bu salyanlılar çox qəribə camaatdır… Əslində ağır söz demək istəyirəm, ancaq qorxuram. Salyanlıların sözlə danışmağa hövsələsi çatmır…

“Hara sürüm?” – deyə taksi sürücüsü Salyanda soruşur və köndələn-köndələn baxır. Cavab alan kimi ikinci sualı verəcək: ”Kimlərdənsən?”

Hara deyim? Bu “hara”nin bir adı var ki?…

16-17.02.08 Samara  

  

    

 

Süleymanın xatirəsinə

с братом Сулейманом 2006

Nazı bu ağacların

Çəkilməyir haçandır.

Enlənir, ucalırlar,

Otun, kolun içində.

 

Susuzluq çəkib, arxın,

Çatlayıb dodaqları.

Çiçəklərə yox baxan,

Ləçəkləri dağılır.

 

Çəpəri çökmüş bağın,

Qapısında duran yox.

Girilir, yağmalanır,

Hay vuran, çığıran yox.

 

Şüşəsi bura baxan,

Pəncərələr pərdəli.

Bu bağ bağ deyil daha,
Bu bağ yas çələngidir.

 

13-14 avqust 2007 Ərəbqardaşbəyli