Balıq bazarı, Köhnə bərə ağzı, Cındıra məhəllə, Zavod, Qələbə bağı, Bazar küçəsi, Poçt küçəsi, Süd zavodu, Hamam küçəsi, Heyvalıq…
Burnuma heyva iyi gəldi, gözlərim doldu, indi bilmirəm, qırx il və bir az da əvvəl o küçədəki həyətlərdə çoxlu payız heyvaları vardı və mənə, Salyana hərdənbir yolu düşən kənd uşağına, elə gəlirdi ki, o heyvaların iyi kənddəki heyvaların iyindən min dəfə yaxşıdır. Bəlkə bu ona görəydi ki, qapılara göz gözdirə-gəzdirə getdiyin yerdə qəfildən həyətlərin birindən kənd qızlarından yaxşı geyinmiş, kənd qızlarından yaxşı yeriyən, elə heyva kimi sarı-göyçək qız çıxırdı və ürəyin qırılıb düşürdü asfalta…
Mən o vaxtlar mərhum qardaşım Süleymanla…
O mərhum, bu mərhum…
Yaşar Şükürbəylinin öldüyü isə otuz ildən çox olar, onu maşın vurub öldürdü… Mən Süleyman qardaşımla Yaşar Şükürbəylinin dolu budaqlı heyvalar sıralanan, gül-çiçəkli, hovuzlu həyətinə çox getmişəm. Yaşar və onun üç bacısı yetim böyümüşdülər, Salyan pedaqoji məktəbinin direktoru işləyən ataları 1938-ci ildə tutulmuş, deyəsən, Qazaxstan sürgünündə ölmüşdü. Sürgünə anaları da getmişdi, ancaq ayrı yerə, başsız qalan uşaqları bibiləri bölüşdürüb saxlamışdılar. Az sonra mən Əli Bayramlıda pedaqoji məktəbə girdim. Dörd il ərzində qrup rəhbərimiz və riyaziyyat müəllimimiz Böyükağa Qurbanov oldu. Özündən yox, başqa müəllimlərdən öyrəndik ki, Böyükağa müəllim təzə universitet məzunu olduğu vaxtlar Salyanda Şükürbəylinin müavini olub, onunla bir gecədə tutulub, on il həbs və sürgün çəkib. O, dörd ildə bir dəfə də bu mövzuda danışmadı. Arıq şax qamətli, qırğı üzlü bu kişi nəinki müəllimlərin, hətta o vaxta qədər tanıdığım adamların heç birinıə oxşamırdı, heç vaxt səsini ucaltmayan və ağzından kobud söz çıxmayan bu keçmiş Stalin dustağı nəinki sinifdə, hətta dəhlizdə görünəndə də hamı özünü yığışdırırdı. Mənə elə gəlir ki, o nəinki tələbələrlə və müəllimlərlə, hətta siyasi rejimlə bacardığı qədər məsafə saxlayırdı – şəxsi istifadə üçün olan qeydlərin hamısını Böyükağa müəllim ərəb əlifbası ilə aparırdı…
Bir məsələ var ki, altımışıncı illərin sonu, yetmişinci illərin əvvəliində rüşvət Azərbaycanda qonağa yeməkdən qabaq çay vernmək kimi vacib milli adətə çevrilirdi və mənim məktəbimdə də müəllimlər hamısı rüşvətxordular…
Hamısı… Bəs Böyükağa müəllim?
Bir iyirmi il qabaq bir tələbə yoldaşıma rast gəldim, o, mərhum Böyükağa müəllimi ailəliklə tanıyırdı. Bütün müqəddəslərə and verdim ki, mənə düzünü desin. Bütün müqədddəslərə and içib dedi ki, yox.
Elə bil üstümdən dağ götürüldü…
Əli Bayramlı pedaqoji məktəbi çoxdan bağlanıb. Salyan pedaqoji məktəbini heç xatırlayan yoxdur. Onun indi sökülmüş binasında bir vaxt deyəsən rayon xəstəxanası yerləşirdi. Bina camaatın Heyvalıq adlandırdığı küçədəydi. Küçənin əsl adı…
Elə bildiniz bu küçə yurdu dağıdılmış, ailəsi qapı-qapı düşmüş, özü inçidilib məhv edilmiş Şükürbərlinin adınadır? Əlbəttə ki, yox…
Bu küçənin çox adı olub, şəhərin baş küçəsidir, deməli, qədimdir, gələn hər rejim öz adını verib. Mən Süleyman qardaşla bu küçəylə xam-xam gəzdiyim vaxtlar marksist-leninçi xalq şairi Səməd Vurğunun adını daşıyırdı.
Daşıyırdı… Bəzi adlar doğrudan da yükdür…
Ötən yay bir nəçə ahıl salyanlıyla danışdım, küçənin qədim adlarını xatırlamırlar, güman etdilər ki, Beriya tutulana qədər onun adına olub…
Heyvanı atdım xarala… Yoxsa almanı?
Zaman dəyişib. Beriyanın adı küçədən götürülürdüsə, çamaat başa düşürdü ki, Beriya tutulub və tezliklə güllələnəcək.
Səməd Vurğunun adı Heyvalıqdan götürülüb. Məgər bu o deməkdir ki, Səməd Vurğundan marksist-leninçi xalq şairi adını alıblar?
Heftçalanın baş küçəsindən Nizaminin adı götürülüb. Məgər bu o deməkdir ki, fars millətçiləri deyənlər düzdür və Nizami Azərbaycan şairi deyil?
Yox, yox və yenə yox. Bütün bunlar o deməkdir ki, bu küçələrə Heydər Əliyevin adı verilib…
Hamam küçəsinə də kiminsə adı verilib. Bir vaxt Lenin adınaydı. Küçənin rəsmi adı hərdənbir çəkilərdi. Məsələn, salyanlı iki dənə qarpız alıb minirdi taksiyə və əlli qəpik verib deyirdi ki, sür Lenini axırına…
Çıxdıq Leninin axırına…
Şəhərin küçələrinin yarısı iyirmi altıların adınaydı. Tonlarla qaçaq qara kürünün satıldığı Balıqbazarı bolşevik adınaydı! Hələ utanmaz-utanmaz deyirlər ki, sovet hökümətini Qorbaçov yıxdı…
İyirmialtılardan təkçə Əzizbəyovun adı qalıb. Əzizbəyov – bugünkü Azərbayçan həyatının ən vacib siyasi və ideoloji rəmzlərindəndir. Xalq parçalanmış, ikilənmiş şüurla yaşayır – Əzizbəyov qəhrəmandır, Şaumyan antiqəhrəman.
Bütün müasir Azərbaycan tarixi bu cür siyasi məqsədyönlülük prinsipiylə pozulur-yazılır.
Mən şəxsən ikilənmiş şüurla yaşamaq istəmirəm. Hökümətdən nümunə götürüb tarixin versiyasını yaradıram ki, o da belədir: Əzizbəyov əslində nə bolşevik, nə də komissar olub. Əzizbəyov olub bolşevik maskası geymiş Azərbaycan millətçisi və komisarların içinə girib ki, təşkilatlarını dağıtsın. Dağıdıb da. Onları ingilislərə verən də Əzizbəyov olub. Sonra onlarla qaçıb gedib İngiltərəyə, adıni dəyişib, lord rütbəsi alıb və Marksın yanında dəfn olunub. Bir sözlə, Əzizbəyov Azərbaycanın Ştirlisidir…
Və eşitsəniz ki, Salyanda Qələbə bağı daha Qələbə bağı deyil, diksinməyin: ikinci dünya müharibəsinin nəticələrinə yenidən baxılmayıb, qələbəni doğrudan da antihitler koalisiyası qazanıb. Sadəcə… Özünüz bilirsiniz kimin adı verilib…
Bu salyanlılar çox qəribə camaatdır… Əslində ağır söz demək istəyirəm, ancaq qorxuram. Salyanlıların sözlə danışmağa hövsələsi çatmır…
“Hara sürüm?” – deyə taksi sürücüsü Salyanda soruşur və köndələn-köndələn baxır. Cavab alan kimi ikinci sualı verəcək: ”Kimlərdənsən?”
Hara deyim? Bu “hara”nin bir adı var ki?…
16-17.02.08 Samara