Архив тегов | vətən haqqında şeir

QƏRİBLİK

Yuxularda olub  ilk qəribliyim,

Ayaq qoymamışdan qırağa kənddən.

Ayrı bir ölkədə özümü hərdən,
Görərdim, tanınan deyildi heç kim.

 +

Elə bil dustaqdım, ya da əsirdim,
Ümid yox çıxmağa haşansa burdan.

Səssiz ağlayırdım yaş axıtmadan,
Birdən ayılanda bəxtəvər idim…

 +

Gerçək qəribliyə sonra uğradım,

Yuxu tək gəlirdi əvvəl o hərçənd.

Gözümdən gedirdi nə anam, nə kənd,
Ötdü onilliklər  və… yadırğadım…

 +

Yurdumu görürəm yuxularımda,
Qəriblik duyuran indi yenə də,

Nə ana, nə qardaş, bacı var nə də,

Düzü, sevinirəm ayılan anda…

 +

Qiyamət vədi var…Qalxarıq axır…

Harda? Və orda kimlərimiz var?

Mütləq qəribliksə qiyamət əgər,
Oyatma, qoy yatıb qalaq, İlahi…

31. 10. 2025, Samara

«YURDDA OLMADIĞIM ARTIQ ON İLDİR…»

On il nə qədərdir? Bu, çox ya azdır?

Bir itin ömrüdür, məsələn, on il,

İtin günü kimi keçə də bilir,

Kiməsə bu müddət həmişə yazdır.

 +

Ev tikər, bağ salar zirək on ilə,
Gül kimi uşaqlar bəzər həyəti.

Günlərin bir günü ölməsə iti,
Haçan keçdi on il – çətin ki, bilə…

 +

Stalin  dövründə prokurorlar,

Tələb elərdilər adətən on il.

Hər iki ölkəmdə bu iş həmindir —

İtin günündəsən it ömrü qədər….

 +

Bir dəli başlayan müharibənin,
Yatırılmğına on il ya çox var.

Qum saatındakı qumdur adamlar,
Sızarlar, sayları bilinməz yəqin.

 +

Yurdda olmadığım artıq on ildir,
Arada elə bil Çin divarı var.

Çin iki min ilə yaradan divar,

Qəlbdə onca ilə ucala bilir…

 06. 09. 2025, Samara

VLADİMİR KORNİLOV. MÜBAHİSƏ

(1928-2002)

Nə lazım mübahisə? –

Onsuz başa düşərsən:

Eyni şey deyil heç də,

Dövlət və vətən.

 +

Qəlbində bayraq andı,
Himn dilində əzbər,

Gedir vətən yolunda,
Ölümə əsgər.

 +

Vətən – sevgi, xatirə,

Nəzm, nəsr, nəğmədir.

Artırmaq olar hələ,
Yoxdur amma yer.

 +

O – yarğandır, çöldür həm,

O – çay, o – meşə

O —  istək,  o —  qüssə, qəm,

Qəlbdə həmişə.

 +

Həvəs yox daha ancaq,
Verəm sözlərə qüvvət.

Vətən – azadlıq hər vaxt,

Dövlətsə — hakimiyyət.

1988

ruscadan tərcümə

11. 03. 2025, Samara

+++++++++++++

ВЛАДИМИР КОРНИЛОВ

СПОР

 

В спор не надобно кидаться,
Без него поймёшь:
Родина и государство –
Не одно и то ж.
Читать далее

«MƏNİM DƏ QƏZZAM VAR, ADI AYRIDIR…»

Yenə köç, yenə də qələbəlikdir:
Əldə sarıqları, düyünçələri,

Fələstin ərəbi qayıdır geri,
Xaraba qoyulan ölkəyə gedir.

 +

Göydə yəhudinin pilotsuzaları,

Bombalar partlayan yer uzaq deyil.

Ayrı səs eşitmir ərəb elə bil,

Qəzzanın “gəl” deyən səsindən ayrı.
+

Gedir yetim uşaq, gedir dul arvad,
Gedir hər kəsini itirən qoca.

Gedir gün uzunu, dayanmaz gecə,
Ay, il ömürlüdür ötən hər saat.

 +

Arxa xarabadır, virandır qabaq,

Hələ  çox  ölü var basdırılmayan,

Dayanmır yəhudi, hələ axır qan,
Qalmır fələstinili yolundan ancaq.

+
Gedib yaşayacaq açıq havada,

Yağış da islatsa, külək də döysə.

Hay verir yurdundan ucalan səsə,
Sabah ölərsə də yeni davada.

 +

Parisdə, Londonda, Stokholmda,

Yaşamaq imkanı olan da gedir,

Görüb gözəl həyat, şərait nədir,

Ürəyi yurdunu istəyir amma…


Bəs niyə mən durub köç eləmirəm? –

Mənim də Qəzzam var, adı ayrıdır.

Bəlkə qurğuşun var qulaqlarımda,

Qoymur çağıranı eşidə biləm?

 +

Hərçənd var deyirəm – varmı o ölkə?

Varmı cəsarəti zənciri qıra,

Öz dili, öz səsi varmı çağıra?

Ya mən itirmişəm vətəni bəlkə?…

 

28. 01. 2025, Samara

 

ÖLKƏM

Kənar qalıb bu ölkə Tanrının nəzərindən,
Səma kitablarına  düşməyib yəqin adı,

Yoxdur ondan xəbəri bəlkə mələklərin də,
Deyəsən ərazidə İblisdir at oynadan.

+

Ölkə də unudubdur varlığını Tanrının,

İblis valisindədir hakimiyyət, ixtiyar.

Əzilən, alçaldılan axıdılsa da qanı,

Ayaqlarına İblis valisinin yıxılar.

+

Poqonlu, dəyənəkli İblis hampazorları,

Sındırır, süründürür, vurur ölümünə də.

İblis valisininsə kefi kökdür, həzz alır,

Üstələyər bəlkə  o, Yozef Menqeleni də.

29.12. 2022, Samara

«DÖNÜB YAŞASAYDIM VƏTƏNDƏ ƏGƏR…»

Dönüb yaşasaydım vətəndə əgər,
Özümü, əlbəttə, yığışdırardım.

Saçı və saqqalı nizama çəkər,

Özümü vətənə yaraşdırardım.

 +

Hökmən gödəldərdim dilimi orda,
Özümü lallığa bəlkə qoyardım.

Poqonlu qarşıma çıxarsa harda,
Mil durub mən onu salamlayardım.

 +

Ayı tək yuxuya qışda gedərdim,
Beləcə keçərdi ilin yarısı,
Nə qayğım olardı, nə də ki, dərdim,
Nə dəyənək, nə də yumruq ağrısı.

 +

Soxardım özümü yayda kol-kosa,
Ot yeyər, suyu da içərdim arxdan.

Yaxından keçəndə şübhəli kimsə,
Ürəkdən mələrdim hətta qorxudan.

 +

Yəqin çıxarardım yazmağı yaddan,
Əlifba da yaddan çıxardı yəqin,

Xəta çıxa bilər orda nə yazsan,

Başa ziyanı var mütaliənin.

 +

Hərdən çıxardımsa adam içinə,
Gəzərdin dinməzcə, başıaşağı.

Şükr eləyərdim hər keçən günə,
Təlaşla gözlərdim yenə sabahı.

 +

Səhər açılanda əsərdi canım,
Rəhbərin şəklini görüb divarda.
Başıma  bir neçə qapaz salardım,
Səhər idmanıdır bu guya orda…

 

20.12. 2022, Samara

 

«VƏTƏN ƏSARƏTDƏDİR, AZAD DEYİLSƏ FİKİR…»

12.11.22

Oranın azadlığı,
Buranın azadlığı

Uğrunda qanlar axır,

Al boyayır torpağı.

 +

Əsgər keçir canından,

Vuruşur torpaq üstdə,

Kölədir ancaq insan,
Yurd azad edilsə də!

 +

Torpaq azad eləyən,
Azad söz deyə bilmir.

Əsarətdədir vətən,

Azad deyilsə fikir.

 +

Kim ölür – dəmir medal,

Yardım alır sağ qalan.

Ölü tək diri də lal,

Danışır ancaq paxan.

 +

Can qoyub, əsgər, dünən,
Azad etdin torpağı.

İşlə, çalış bu gündən,
 Sal başını aşağı.

 

10.12. 2022, Samara

MÜSLÜMÜN SƏSİ

08.06 2020

Hərdən, təsadüfən həm,

Müslümün səsini mən,  

Elə ki eşidirəm  —

Yadıma düşür Vətən.

 —

Nəğməsi yad dildədir,
Gəlir ritmi də qərbdən.

Qəlbi ancaq titrədir –

Yadıma düşür Vətən.

 —

Duyuram soyuq, ögey
Bakıya sevgi birdən.

Sönükür küsü, giley –

Yadıma düşür Vətən.

 —

Tiranla dostluğundan
Pərt olsam da necə mən,
Harda eşitsəm, haçan –

Yadıma düşür Vətən.

22. 08. 2022, Samara

YÜZ İLDİR BAXMIRAM XƏRİTƏLƏRƏ…

cropped-u-lenc4b0.jpg

Yaxşı yadımdadır, dərs otağında
Mismara taxılan xəritələrdə,
Mənə ayrı ölkə kimi gələrdi,
Yaşadığım ölkə, haçan baxardım.

Rəngi solğun idi xəritələrin,
Qat kəsiyi vardı neçə yerində,
Ancaq gözü-könlü sevindirərdi,
Ölkələr içində ölkəmin yeri.

Gözəl ölkələrdən onu çox olsa,
Santimetrlərdi yalnız ayıran.

Barmağı sürüşdür bir az o yana,

Britaniyadır, ya da Fransa…

Çubuğun ucunda dəryanı adla,
Los Ancelesdəsən, Nyu Yorkdasan.

Xalqında tərpəniş, yüksəliş olsa,
Çatar öndəkinə, bəlkə qabaqlar…

Yüz ildir baxmıram xəritələrə,

Ölkəmin yerini bilirəm əzbər.
Aşılmır, keçilmir santimetrlər,
Yerimiz-yurdumuz həmindir hələ…

01. 04. 2021, Samara

ÖY

EV EMİL.jpg

Bozarıb, qaralıb rəngin,

Doğma öy, yas içindəsən.

Köç eləyib yiyələrin,
Allah öyüsən indi sən…

19.01. 2019

Samara