Архив тегов | yaradan

XƏRÇƏNG

 

Süleymanın ölümünün ildönümünə

Ucalır hər yerdə sənin adınla,

Möhtəşəm binalar. Sayları adlar

Bəlkə məbədlərin sayını belə.

Gələr boynu bükük, gələr hüznlə,

Gələr qaşqabaqlı, canı ağrılı,

Xaça, ayparaya, bütə bağlılar.

Xəstəlik olsa da adın, özünsə,

Bəlkə də talesən, yazısan bizə.

Ya bəlkə taleyə hökm verənsən,
Ya bəlkə yazının müəllifisən.

Bu hospitalları, bu hospisləri,

Bürüyən ağrıyla dolu səslərin,

Nə gündüz, nə gecə kəsilməyi var –

Sənin qüdrətinlə ucalar onlar.

Həm ağrının özü, həm ağrıdansan,

Sən həm yaranışsan, həm yaradansan.

Varsan! – şübhəsi yox buna kiminsə,

Tanrı deylsən də, tanrı kimisən.

Açılar-örtülər qəm qapıları,

Gecəli-gündüzlü hospitalların.

Məgər onlar ağrı məbədi deyil?

Tanrının evi tək əbədi deyil?

…Həmişə, hər yerdə səcdədəyik biz,

Ya boynumuz bükük, ya da dizimiz.

 

                                          8 yanvar-11 fevral 2012 Samara

 

REKVİYEM

  

Odda yandırılan uşaq,

Kim qaladı tonqalını?

Od qarışıq, qan qarışıq

Yandı, bu küldür qalanı.

 

Gözü yarıyuxuluydu,

Tüstü doldu, acılandı.

Bələyi süd qoxuluydu,

Qarsılandı, qan calandı.

 

Yaxdı qızıl od uşağı,

Hanı yerin böyükləri?

Odda yandı qışqırığı,

Ölüb göyün mələkləri!

 

Yandı əlləri, əridi,

Uzanmadı yaradana.

Kim deyir tanrısı birdir,

Yananın, həm yandıranın?

 

Boş qalıb beşiyin başı,

Boş qalıb beşiyin içi.

Bu yuvaya payız düşüb,

Səadətin quşu köçüb.

 

Dir də layla çalınmasın,

Əl dəyməsin beşiklərə.

Bir quzu körpənin yası,

Yasıdır bütün bəşərin.

 

Yer dəyişib, göy dəyişib,

Torpaq üstdə qan tökülür.

“Yer mənim!” —  deyib vuruşan,

Al, bu da körpənin külü…

 

29 mart 1990, Samara

 

 

Marina TSVETAYEVA. Günəş bəyaz və buludlar yuvarlanır aşağı…

                                                             

Günəş bəyaz və buludlar yuvarlanır aşağı,

Divar dalındasa bostanla məzarlıq qovuşur.

Paya altında, qum üstündə adam oxşarlı,

İçi bəlimli müqəvvaların durur qoşunu.

+

Hasarın pərdiləri üstdən əyilib baxıram,

Görürəm: yollar, ağaclar, dağınıq əsgərlər.

Qoca arvadsa doqqazın yanında duz yaxaraq,

Yekə bir parça qara əppəyi çeynər, çeynər…

+

Niyə, Tanrım, qəzəbə gəldi bu miskin komalar,

Ki, dəlib köksünü güllə bu qədər insanın?

Eşalon keçdi — əsgər ağladı, qıy çəkdi qatar,

Bürüdü yolları toz, örtdü düzü-dünyanı.

+

Kaş öləydim! Qaraqaş nazənin gözəllərdən,

Oxunan naləli bu nəğmələr ürək dağıdan.

Kaş bu dünyaya gəlməyəydim! Eşqdən, dərddən,

Necə də qıy vurur əsgərlər! Ey rəhim Yaradan!

3 iyul 1916

tərcümə: 3-5 yanvar 2009

++++++++++++++

«Белое солнце и низкие, низкие тучи…»

Белое солнце и низкие, низкие тучи,
Вдоль огородов — за белой стеною — погост.
И на песке вереницы соломенных чучел
Под перекладинами в человеческий рост.

Читать далее

PİRALININ XATİRƏSİNƏ

                                                

Guya zər atmaqda yox bərabərin —

Belə demirdinmi? Elə atıldı

Zərlər – oyunu da, tası da verdin,

Nərdtaxtan qapanıb bucaqda qaldı.

 

“Yaradanı gəlsin, udaram!” deyən,

Sən deyildin? İndi oyunu, nərdi,

Bizi yaradanın önündəsən sən.

Bəlkə yox… Kim bilir yol nə qədərdir

 

Tanrı hüzuruna. Min il bəlkə də,

Yol gedib, min il də bükərsən boyun

Kandarda. Uduzan hamı – o təkdir.

Gözlərsən yetincə oyunun sonu…

 

Bəlkə də çox qalmaz bucaqda nərdin,

Oynar oğlanların, gəlib-gedənlər.

Əli gətirənsə yenə də hərdən,

“Bunu yaradanla oynaram!” – deyər…

                                                      22-24.03.08, Samara

KƏŞFLƏR, BİLİKLƏR GÜNBƏGÜN ARTIR…

Kəşflər, biliklər günbəgün artır,

Artır günbəgün də bilmədiklərim.

Başım, ha sındıram, anlamır artıq,

Ayağı biləni indikilərin.

 

Teleşəkillərin, telesəslərin,

Bilmirəm nə yolla yarandığını.

Mobil rabitənin prinsipləri,

Mənə, ha öyrənəm, qaranlıq qalır.

 

Adi hesab deyil indi rəqəmlər,

Bəs nədir? – Bu haqda yox təsəvvürüm.

İşi, idarəsi peyklərin də,

Mənə aydın olmaz, həsr edəm ömrü.

 

Aydan, ulduzlardan məlumatım az,

Ordan o yananı hələ demirəm.

Təhsilim yarımçıq, düşüncəm dayaz,

Yaşla əlaqəli geriləmələr…

 

Dünən bildiklərim çıxır yadımdan,

Yadımda qalanlar gümandır ancaq.

Bilmirəm hardayam, kiməm, hayandan,

Kimçinəm, neyçinəm və haçanacan.

 

Görəndə elmli indikiləri,

Düzü, utanıram nadanlığımdan.

Bircə təsəlli var: ən ümdə sirri,

Heç zaman, heç kimə demir yaradan…

21-25avqust 2009, Ərəbqardbəyli