Qardaş, ayrı söz yoxdu?
Nə Zəngilan oldu bu?
Gecənin ən uzunu,
Yetirmir bu mövzunu!
Əslində yaxşı baxsan,
Nə yerdi ki Zəngilan –
Çöldü, daşdı, qayaydı,
Cib dəsmalı boydaydı.
Bir qaçqın yaş axıda,
Bəs etməz qurutmağa…
Əhali də onca min…
(“Vur-tut” desəm — incimə).
Qəhrəmandır hər biri
İndi…Xatirələrin…
Həyatdasa… Sən indi,
Nə təriflər desən də,
Torpağın duzu, yəqin,
Deyildi yerlilərin…
Kişilər lağlağılı,
İşdən çox kefə bağlı.
Çox yola yolçuydular,
Bir az kolxozçuydular,
Bir az araqbazdılar,
Bir az allahsızdılar…
O ki qaldı arvadlar –
Nə dağ maralıydılar,
Nə su sonasıydılar.
Batıq sinəliydilər,
Çatlaq damarlıydılar,
Partlaq dabanlıydılar,
Üzü danlaqlıydılar,
Azərbaycanlıydılar!
Zəngilan bir tikəydi,
Nə Gəncə, nə Bakıydı.
Nə Şuşa, nə Ağdamdı,
Sözü ancaq ağladır…
Bəli, qardaş, yuvaydı,
Hərçənd yaylıq boydaydı.
Qaıdı…Kimdi qaldıran?
Yaylığım da ki atam,
Başa bağlananı var,
Yara bağlayanı var.
Yaylıq var bayraqlanır,
Baş üstdə dalğalanır…
…Bəlkə səhər şehidir,
Səsini dəyişdirən?
Doğma ocaq hisinə,
Nə vaxtdan isinmirik…
Burdasa Zəngilanın,
Ağ kitabı yazılır
Min bir rus gecəsinin,
Zülmət səhifəsinə…
yanvar 2007 Samara