VAXT VARDI VƏTƏNƏ GEDİRDİM HƏR İL…

Vaxt vardı vətənə gedərdim hər il,

Bu, səfər deyildi, ziyarət idi.

İl tamam olan tək yola düzəlir,
Pulum nəyə çatsa, minib gedirdim.

 

Vətənə gedəndə dəyişirdi il,

Köhnə bitib gedir, təzə gəlirdi.

Sanki hər gedən il ömürdən deyil,

Ölümdən gedirdi – yaş azalırdı.

 

Vətəndə yoluma göz dikən indi,

Anamın şəklidir məzar daşında.

Fəsillər dəyişir, iqlim həmindir,

İllərsə yığılır qalır yaşımda.

 

13-16.08. 2017

Samara