Архив | 17.11.2017

QIŞIN YUBANMAĞINDAN NARAHAT OLAN QOCA…

Qışın yubanmağından,

Narahat olan qoca!

Nahaqdır darıxmağın –

Gələr, harda qalacaq?

 

Oğul deyil, qız deyil,

Qoya gözünü yolda.

Bir də görərsən qəfil

Gəlib qapını aldı.

 

Gələr soyuqlarıyla,

Şaxtasıyla, qarıyla.

Bəlkə tamam üç ayı,

Canın-başın ağrıyar.

 

Bəlkə heç halın olmaz,

Pəncərədən baxasan.

Qış gələn kimi də yaz,

Gözləyərsən axı sən…

 

Çətin çıxarsan ancaq,

Pəncərə qabağına.

Bəlkə də qızdıracaq,

Günəş boş yatağını…

 

17.11.17

Samara