QURBAN MƏMMƏDLİ VƏ TURAL SADIQLI DEDİLƏR: «KUN!»

KUN

Bilən bilir ki, bizim Allahımız üçün mümkün olmayan heç nə yoxdur, hər hansı bir şeyin olmağını istəyirsə, “kun” deməyi kifayətdir. Dünən Qurban Məmmədlinin verilişinə baxanda mənə elə gəldi ki, Tanrı öz səlahiyyətini iki saatlığa verib ona və Tural Sadıqlıya. Və Qurban Məmmədli ilə Tural ikisi bir ağızdan “kun!” deyərək elə efirdəcə “xalq parlamenti” yaratdılar, yaradan kimi də siyahı tutub üzvlər qəbul eləməyə başladılar. Qurban bəyə aramsız zənglər gəlir, hərə öz namizədini irəli sürürdü.

-Yaz, bir oğlum Xəlil, biri Cəlil, hər ikisi parlamentə layiqdir…

— Yaz oğlum Heydəri…

— Yox, Mir Bağır ağanı yazma… O çoxdan ölüb, durub vəkillik edə bilməz…

Pardon! Qarışdırdım. Bu siyahı “Ölülər”dəndir. Ancaq Qurban Məmmədlinin Tural Sadıqlı ilə parlament siyahısı tərtib etməyi “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladırdı. Yadınızdadırsa, Şeyx Nəsrullahla Şeyx Əhməd dirildəcəkləri ölülərin siyahısını tərtib edirdilər. (Nə eybəcər çıxdı: “tərtib edirdilər”…)

— Tural bəy, yaz Elvin İsayevi.

-Qurban bəy, bu hansı Elvindir? Bütün talış xalqının adından Donbas separatçılaırına yardım göndərən?

— Odur, Tural bəy. Yeri gəlmişkən, burdan bütün talış separatçılarını salamlayıram. Əlikramın da ruhuna bir salavat! Bir dəqiqə, zəng gəlir. Allo, efirdəsiniz.

-Əllo, Qurban bəy, o nə siyahıdır tutursunuz? Mən burda arvadla boğuşurdum, verilişin əvvəlini görmədim. Arvad üzümə qayıtmışdı, it qızı. Qurban bəy, yardım siyahısı tutursunuzsa, bizim ailəni də yazın…

— Oldu, yazarıq. Tural bəy, davam edək.

-Mirzəlini də yazaq. Deyən dilimizdir.

-Hökmən…Yazdm.

-Məhəmməd yavaş-yavaş fransızcanı öyrənir. Yaxşı söyüşlər bilir.

-Gözəl. Mirzəli bizim intellektual resursumuzdur. Yenə zəng gəlir. Allo, efirdəsiniz, danışın.

-Allo! Qurban bəy, sizin parlament yaratmaq qərarınız məni şoka salıb. Bu, tarixi qərardır. Siz tarixi adamsınız, Tural Sadıqlı tarixi adamdır. Bizim millət tarixi millətdir.

-Sizin namizədiniz varmı?

— Var. Mənim oğlumu yazın. Polisə işə qoymaq istəyirdim, pulum çatmadı. Qoy girsin sizin parlamentə. Siz nə qədər maaş verəcəksiniz?…

— Buzovnalı Cəfəri yaz…

-Maştağalı Qəfəri də yaz…

-Yaz Əvəzi.

-Yaz Məlahəti də. Anasını da yaz.

-Ərəstun Oruclunu yaz. Ərəstunu bəyi iki dəfə yaz. 

-Yazdım. Ərəstun iki mandat. Qurban bəy, bəlkə sizin arvadınızı da yazaq?

— Yox, bizim arvad pərdeyi-ismətdədir. Validə ananı yaz…

Seçkilər ərəfəsindəki iki həfdədən çox vaxt ərzində Qurban Məmmədli həqiqətən çox ciddi siyasi maarifçilik işi görmüşdü, seçkilərə həsr olunmuş verilişlərindən bundan sonra da seçki qanunvericiliyinin təbliği, öyrənilməsi və tətbiqi sahəsində yaxşı əyani vəsait kimi istifadə etmək olar. Çox təəssüf ki, Qurban Məmmədli həftələrlə gördüyü yaxşı işi bir saatın içində po… məzhəkəyə döndərdi.

Nə xalq parlamenti? Hanı xalq? Seçki ərəfəsində başlanan siyasi maarifçiliyi yorulmadan, lazım gələrsə, illərlə davam etdirmək əvəzinə, bu adamlar balaqan yaradıb özlərini təlxəyə çevirirlər. Studiyada oturub siyahı tutmaqla parlament yaranır? Tofiq Yaqublu parlament yarada bilsəydi, yaradardı, türmədə çürüməzdi. Xalq Azərbaycandadır və bu xalqın parlament tələbatı yoxdur. Parlament adıyla balaqan yox, illərlə işləyib xalqda bu tələbatı yaratmaq lazımdır, hərçənd bu işin uğurlu olacağına heç kim zəmanət verə bilməz. Ancaq “Ölülər”dəki qəbiristanlıq səhnəsini xatırladan siyahıtutma mərasimi gördüyünüz yaxşı işləri də bayağı komediyaya çevirdi…

 

Mirzə ƏLİL

05.09. 2024, Samara