Архив по авторам | Xeyrulla Xəyal

ŞEİRİMİZDƏ «NYU», ÇILPAQ BƏDƏN TƏSVİRİ. FÜZULİNİN «HAMAM» QƏZƏLİ

həmmam

İslam qadınlara təvazölük tövsiyə edir və kişiləri tamaha sala biləcək bütün yerlərini örtməyi buyurur. Ancaq şairlərə qadın gözəlliyini, hətta çılpaq halda təsvir etməyi qadağan etmir. Hər halda belə bir qadağa bizim üçün eyni zamanda Cinayət Məcəlləsi və Mülki Məcəllə olan Quranda yoxdur. Qadağan olmayanı isə eləmək olar. Və bizim qüdrətli şairimiz Məhəmməd Füzuli sevdiyi xanımı hamamda təsvir edir.

Deməliyəm ki, “nyu”, erotika Nizamidə istənilən qədərdir. Öz əsilzadə qəhrəmanlarının zifaf gecəsini ustad Nizami anatomik təfərrüatlarla təsvir edir. Füzuli yatağa gedib çıxmır, xanımın  xəyalən kinematoqrafiq surətini yaradır.

“Hamam”  şeiri Füzulinin ən yaxşı qəzəllərindəndir və onu birinci beşliyə də salmaq olar. Məsələ burasındadır ki, eşq, ayrılıq, həsrət kimi ənənəvi mövzu və motivlərdə yazılmış qəzəllərdə Füzuli özünütəkrardan və ümumiyyətlə təkrardan qaça bilmir. “Hamam” mövzusu isə pikantdır, hər sənətkarın girə bilməyəcəyi  və ümumiyyətlə hər yazanın giirişməyə cəsarət etmədiyi bir sahədir. Ona görə qəzəl janrında yazılmış bu şeirinn metaforik xalısı orijinal rəng və naxışlardan yaranır.

Qəzəlin ilk misrası  “sərv” adlandırılan xanımın hamama getdiyini bildirir və deyilir ki, onun günəş üzüylə hamam işıqlandı. Sonra oxuyuruq ki, sərv” soyundu və “yeni ayını göstərdi tamam”.

Mavi rəngli qəftəyə bürünmüş çılpaq bədəni Füzulu bənövşə içinə düşmüş soyulmuş badama bənzədir. Sonra “sərv” hovuza girir, bu gözəlliyin şahidi olan camın da gözünə işıq gəlir.

Tas “sərv”in əlinə dəyəndə şairin bağrı həsəddən qaralır. Su çılpaq bədənə axdıqca şair qısqanclıqdan rahatlığını itirir, yəni cananını suya qısqanır.

Sona yaxın şair özünü saxlayıa bilməyib ağlayır, yəni şairin gözü həmişə ağlardır, indi bu ağlar gözün  yaşları xanımın ayaqlarına töıkülür.

“Ki gərək su tökülə sərvin ayağına müdam…”

Böyüksən, Ustad!

Axırda şair deyr ki, hamam muzduna canını verər, qoy bu gümüşbədən xanım qızıl axtarmasın…

Füzuli belə Füzulidir….

Xeyrulla Xəyal

17.12. 2020, Samara

MƏHƏMMƏD FÜZULİ             

     QƏZƏL

Qıldı ol sərv səhər, nazilə həmmamə xüram,
Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.

Görünürdü bədəni, çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam.

Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam.

Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didadi-lətifilə ziya dideyi-cam.

Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.

Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam.

Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.

Çıxdı həmmamdən o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam.

Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam.

Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam.

RƏSUL RZA «SƏNƏ DƏ QALMAZ»I KİMDƏN ÇIRPIŞDIRIB?

Без названия (1)

Tofiq Quliyeev yəqin ki, Azərbayccanın ən yaxşı mahnı bəstəkarıdır. O, üç yüzdən çox mahnı yazıb. Ancaq onların bir neçəsi, yəni beş-altısı əsil vokal inciləridir ki, bu da az deyil. Birinci üçlüyə isə hökmən “Sənə də qalmaz” salınmalıdır. Mahnı Rəsul Rzanın sözlərinə yazılıb.

«Söylə, nədir bu ədalar,
Bu işvə, bu naz.

Gedər bir gün, bu gözəllik

sənə də qalmaz…»

Rəsul Rza poeziyada elə bir hünər göstərməyib, vaxtında axara düşüb, “Lenin” poeması ilə klassik olub. 30-40 il Azərbaycan məktəblərinin buraxılış siniflərinin şagirdləri bu poemadan imtahan veriblər, qəbul imtahanlarında inşa yazıblar… Yəni Rəsul Rza iki nəsil azərbaycanlını bu poema ilə mələdib…

Yəni bu mahnı mətnində elə bir poetik ləyaqət yoxdur və mahnı mətnlərindən çox şey gözləməyə dəyməz — əsas melodiyadır. Ancaq “Gedər bir gün bu gözəllik sənə də qalmaz” ifadəsində insan həyatının və həyatda sevdiklərimizin, valehi olduqlarımızın müvəqqəti, keçəri olduğunun sadə sözlərlə, ancaq Rəşid Behbudounun səsinin qadir olduğu hüznlü çalarla ifadəsi nəinki təsirləndirir, hətta iliyə işləyir…

Və həm də təsəlli verir! Vallah, hə!

Yəni sevdikləri gözəllərin “iqnorun”dan, təkəbbüründən, saymazlığından iztiraba uğrayan insanlar üçün bu mahnı psixoterapik təmrindir. Yəni deyr ki, o gözəlin səni saymamağı, hətta sənə gülməyi də səni öldürməsin, o gözəllik ona qalmayacaq… 

Şopenhauerin geniş kütləyə məlum olmayan, bəzilərini şoka sala biləcək bir yazısı var. Deyir ki, gözəl xanımların təkəbbürlülüyü, qüruru, saymazlığı sizi üzməsin, əgər bundan əziyyət çəkirsinizsə, həmin gözəli xəstə yatdığı vaxt, yaxud – Şopenhauerin əvəzinə üzr istyəyirəm – ifrazat vaxtı gözünüzün qabağına gətirin, o dəqiqə sakitləşəcəksiniz…

Mən bunu rusca çoxdan oxumuşam, yadımda qalan kimi yazıram. Şopenhauer yer üzündə yaşamış ən dərin zəkalı insanlardan biri olsa da, on səkkizinci əsrin adamıdır… Belə şokasalıcı fikirləri çoxdur. Məsələn, fransızları Avropanın meymununa bənzədir… Bunu mənim soydaşlarım bəyənərlər…

Qayıdaq mahnıya. “Sənə də qalmaz…” – bu mahnı misrası Rəsul Rzanın ömrü boyu yazdığı ən yaxşı misradır. Ancaq Rəsul Rza bunu özü yazıbmı?

Bülbülün ifasında təsniflər var. Misilsiz ifadır. Misilsiz. Bu təsniflərin əvvəliində Bülbül muğam parçaları oxuyur. Müxtəlif qəzəllər, Vahidinkini də. Ancaq başlanğıcda, səhv etmirəmsə, Şur-Şahnaz üstündə, “Züleyxa” rədifli şeir oxuyur. Yazılı mətn yoxdur, ona görə janrını dəqiq deyə bilmərəm, mənə elə gəlir ki, müstəzada oxşayır. Vaqifin məşhur şeirinə də bənzəyir, Vaqifinki də saymaq olar, ancaq bəzi misralar Vaqifin təkrarıdır, Vaqif axı özünü təkrar etməzdi.

Vaqifdə:

«Allaha şükür, lalə yanağında еyib yоx,

Dişində, dəhanində, dоdağında еyib yоx…»

Bülbül oxuyan şeirdə:

«Hətta ki, sənin lalə yanağında ayıb yox,

Bir zərrəcə  hüsnündə, kamalında ayıb yox…»

Maraqlıdır. Bu “Züleyxa” kimindir?

Və elə həmin bənddə bu misra gəlir:

“Qalmaz bu gözəllik sənə pabəndə, Züleyxa…”

Rəsul Rzanın “sənə də qalmaz”ı burdan çırpışdırdığına şübhəm yoxdur. Çünki ədəbiyyatda iki bədii fikrin bir müəllifin başına girdiyi hallar yox kimidir, adətəm yamsılama, təsirlənnmə olur…

Ancaq mənim yazdıqlarım “Sənə də qalmaz” mahnısını dəyərdən salmaq üçün deyil, həqiqəti üzə çıxarmaq üçündür. Mahnı gözəldir. Rəşid Behbudov, eləcə də Bülbül oxuyanda elə vəcdə gəlirəm ki, az qalıram Mitya Karamazov deyən kimi bir xəncər götürüb soxam ürəyimin başına…

Xeyrulla XƏYAL

15.12. 2020. Samara

 

“SƏN DAHA ORDUDA DEYİLSƏN, OĞLAN…”

26 SENT 2019. 2

Sən daha orduda deyilsən, oğlan,

Adi vətəndaşsan bu gündən belə.

Daha nə topun var, nə də tapançan,
Qayıdıb gəlmisən sən yalın əllə.

                             =====

Zirehli canlığın geri alındı,
Dəmir dəbilqən də qaldı hissədə.

Sən dünən adi bir cavan deyildin,

Bu gün seçilmirsən daha kimsədən.

                            ====

Yatıb dincələrsən hələ beş-on gün,

Qonaqlıq verənlər növbəyə durar.

Hamı maraqlanar necə döyüşdün,

Özün danışdığın özünü yorar…

                          =====

Sonra istirahət yetişər sona,
Gələr vaxtı işin, pul qazanmağın.

Yenə düyünçənə çörək bağlanar,
Gedərsən başını salıb aşağı.

                          =====

Gedərsən dinməzcə, gedərsən həqir,
Ordenlə, medalla bəzənmir sinən.

Bilmir tanımayan qəhrəman gedir,
Blmir ki, Şuşanı alıb gəlmisən.

                         ======

İşlərsən qaranlıq düşənə qədər,
Qəsr ucaldarsan, ya da göydələn.

Artırıb varını sən döyüşəndə,

Güllə qabağına səni göndərən.

                     ======

İşlədər, haqqını yubadar, kəsər,
Ağır söz də deyər, əl də qaldırar,
İndi Şuşa alan igid deyilsən,

Sənədsiz, günəmuzd fəhlədir adın.

                      ====

Dünən qan axıtdın, mənimsənildi,

Zəfər qazanmışdın, mənimsədilər.
Əməyin, qazancın yeyilər indi,

Yağıya toy tutan dünənki əsgər!

                            ====

Torpağa baş qoydu neçə yoldaşın,
Dağı itkilərin ürəyindədir.

İndi qarşındakı harın soydaşın,
İndi nə topun var, tüfəngin nə də.

                             =====

Sən daha orduda deyilsən, oğlan,
Silahsız, sursatsız, yalın əllisən!

Unutma, yağıdan Şuşa almısan,
Tanrı bağışlamaz indi əyilsən!

02. 12. 2020, Samara

KƏNDİMİZİN İGİD ƏSGƏRİ ŞAHLAR MƏMMƏDOVUN XATİRƏSİNƏ

Şahlar

Adəmi cənnətdən qovanda Tanrı,

Dedi: “ömür boyu qəm yeyəcəksən.

Çörəyin olacaq çölün otları,

Tərlə yumşalacaq sənin hər tikən.

=

Daddığın olacaq zəhrmar kimi,
Tikanlar qanadar, hara əl atsan.

Torpaqdan yaratdım səni necə ki,

Torpağa dönərsən çatanda zaman”.

=

Adəmlə Həvvadan nəsil törəndi,
Tər tökür hər yerdə Adəm övladı.

Öz dili, öz rəngi var hərənin də,

Ayrıdır hərənin görkəmi, adı.

=

Ölkələr yaranır müxtəlif adda,
Hərənin ayrıdır gerbi, byrağı,

İndi hünərin var sərhədi adla,

Hər qarışdan ötrü indi qan axır.

=

Zəfər sevdasıyla savaşlar qızır,
Torpağa baş qoyur insan övladı.

Əldən ələ keçən əraziləri,

Milyonlar qanıyla suvarıb gedir.

=

Hər yerdə bayraqlar dalğalanmada,
Söyləyir növbəti nitqini rəhbər.
Ad alır qaçanlar, daldalananlar,
Yatır məzarında sıravi əsgər.

=

İndi ata, ana hara üz tuta —
Tikanlar dalayan bir ərazidir.

Ən əziz, xoş torpaq indi dünyada,

İgid oğul yatan təzə məzardır…

25.11. 2020, Samara

«GƏRƏK İTİN OLA, TƏK QOCASANSA…»

SONY DSC

Gərək itin ola, tək qocasansa —

Əsil-nəcabətli bahalı olar,
O qədər əsilsiz lanqı küçük var,
Düşəcək dalına, əgər yal atsan.

=

Deyəsən: İlahi, keç günahımdan,
Müsəlmançılığı tamam itirdim.

Mən bu zavallını evə gətirdim,

Təkəm, yoldaş olar mənə bu heyvan.

=

Həftənin bilmirsən hansı günüdür,

Bəzən unudulur tarixi ayın.

Yataqdan qalxırsan, canın ağrıyır,

Başın balışdakən, qüssə göynədir.

=

Qapıdan çıxmağa yox daha meylin,
Qapı dalındakı tanış və yaddır.

Bilmirsən ölmüsən, dirisən ya da,
Yüz ildir tükənib gedib-gələnin.

=

Yaxınlar, əzizlər ölüb haçandan,

Səni ölmüş bilir qalanları da.

Gecələr otağın qaranlığında,
Kölgələr gəzinir gün çıxanacan…

=

İlhai, bilirəm nədir bu heyvan —
Qapıdan girməyə yox ləyaqəti.

Bir yerə dili ya ayağı dəydi,

Natəmiz sayılar, nə qədər yusan.

=

Qocalıq, təklik də, Tanrım, ağırdır,

Var itin günü tək keçən ömürlər,

Əgər yaxınında bir it mürgülər,

Dağılar kədərin, yatar ağrı da.

=

Açıb bir gözünü  qəfildən baxar,
Yatan  sahibinə, baxar həkim tək.

Qocanı salamat, nəfəsli görcək,
Arxayın əsnəyib gedər yuxuya…

=

Mürgü səsi gələr səhərə qədər,
Həm itdə həyat var, sahibində həm,

Vurnuxan kölgələr görünər hərdən,
Baxıb həndəvərə  gözdən itərlər…

18.11. 2020, Samara

GƏNC ƏSGƏRİN  ÖLÜMÜNƏ

08.06 2020

Əlbəttə, bir məna yoxdur həyatda:

İstər Platon ol, istər Arximed,
Dünyanın üstünü, altını kəşf et –

Məna çıxarmazsan, çıxarsan ad da.

=

İstər Aleksandr Makedonski,
İstər Çingiz xan ol, ya da ki, Sokrat.

Ən uca zirvəyə çıxara həyat,
Məna çıxmayacaq, yoxdur o çünki.

=

Məna əlaməti yox ölümdə də,

Ölümdə həyatın mücərrədliyi.

Ölümlə yaranır dəyər dediyin,
Qiymətə mindirir ölüm ömrü də.

=

Həyatda məna yox, hər kim olasan,
Toza, külə dönür Napoleonlar.

Nə fəth, nə kəşf ilə o, mənalanar.
Hardandır? Niyədir – anlamır insan…

=

Həyatda məna yox. Sevinc var ancaq,
Dərd də var. Həyatda sevgilər də var.

Bir gözümüz gülər, birisə ağlar,

Şirindir ilahi neməti duymaq.

=

Şəhid gənc! Bığ yerin tərləməmişdən,
Dağıtdı sinəni yağı gülləsi.

Daha sən nə sevinc, nə dərd bilərsən,
Dodağın dodağa dəyməmiş öldün.

=

Həyatda məna yox, dərd isə ümman.
Atanı, ananı yasın sarsıdar.

Üzülər, bükülər, bacın da varsa,
Dərd və ağrı tapır məna axtaran…

09. 11. 2020, Samara

YETİM ŞƏHİDİN XATİRƏSİNƏ

20.03. 2020

Tanrı mənə ömür verə nə qədər,
Qarabağ da cənnət ola təzədən,

O yerlərə ayaq qoysam mən əgər,
İlan çalsın dabanımdan gəzəndə.

=

Gedər olsam, ayaqlarım tutulsun,
Ödə dönsün, içsəm əgər suyundan.

Barı qalsın boğazımda, qan qusum,
Gülə baxsam, gözlərimi tuta qan.

=

Bu güllələr belə hardan atıldı,

Sütül əsgər, nə yıxıldın qəfil sən…
Yoxdu anan, yoxdu, oğul, atan da,
Ögeyliyi gördün həm də Vətəndən.

=

Bəlkə əsgər şəhidliyi şərəfdir,
Həlakının mənası da alidir.

Niyə yetim qabaqdadır, hədəfdir –

Mənə çatmır, anlamıram, vur öldür!

=

Qarabağa, oğul, ayaq qoymaram,

Azad ola, cənnət ola təzədən.

Yarı hopub, yarı yerdə qalır qan,
Hünər gərək orda gedib gəzəndə…

19.10. 2020, Samara

ƏSGƏRİM

SONY DSC

Nəinki atadan, anadan – hətta,
Qardaşdan xəlvəti siqaret çəkən,
İçməyən, bilməyən nə dad şərabda,
Evin min işinə yollanan erkən;

=

Böyük işi görən uşaqlığından,
Ancaq danlanan və məzəmmətlənən,

Görməyən doyunca anadan sığal,
Atası üstünə zəhmlə gələn;

=

Dünyanı telefon ekranı boyda,

Görüb xəyalında dünya dolaşan.
Ürəyi yurduna bağlı olsa da,
Uzaqlar eşqiylə canı alışan;

=

Hələ məclislərə çağırılmayan,
Qıraqda dayanan, toya getsə də.

“Ay uşaq” deyilən çağrılan zaman,

Xəlvəti nə vaxtdan qız istəsə də;

=

İndi bu sütülün yeri cəbhədir,
Böyüklər arxada, uşaqlar öndə.

Bəlkə hər addımla ölümə gedir,
Bəlkə sonuncudur hər anı indi.

=

Dünən nə iş görsə məzəmmətlənən
Uşağın bu günsə döyüşü haqdır.

Ona ümidini bağlayıb Vətən,
Milləti yerdən o qaldıracaqdır.

=

Şüar söyləyənlər, bayraq öpənlər,
Arxasında deyil, arxadadırlar.

Millətin varını gözə təpənlər,
Qaçıb soxulmağa yer axtarırlar.

=

Gedir, od içındən keçir bu uşaq,
Qeyrəti uğrunda xalqın, ölkənin.

Böyüklər, yekələr hay vurur ancaq,
Yığılıb baxırlar futbola sanki.

=

Yer-göy alovlanır, gedir əsgərim,
Ata qulluğuna gedir elə bil.

Salamat dönəsən, igidim, geri,
Ölkəni bilmirəm, anan gözləyir…

13-15. 10. 2020, Samara

BAŞ KOMANDANIN MAHNISI: «AYLI GECƏ, SƏRİN KÜLƏK…»

İlham Əliyev 2

Aylı gecə, sərin külək göy çəmən,
Gözlədiyim Lazım gəldi qəfildən,
Ancaq ağır zərbələri endirən,
Nə gizirdir,

nə də əsgər,

Mən, mən, mən! Mən, mən, mən!

=

Təyyarələr od yağdırır göylərdən,
Ermənilər bağırırlar:”vay, dədəm!”

Ancaq bilin, oqraşları mələdən,
Nə raketdir,

nə də bomba,
Mən, mən, mən! Mən, mən, mən!

=

Satqın Minsk formatına yenidən,

Qayıtmaram, yalvaralar yüz eldən,
Ancaq işi  hərb yoluyla həll edən,

Nə millətdir,

nə də ordu,

Mən, mən, mən! Mən, mən, mən!

=

Aylı gecə, sərin külək, göy çəmən,
Kimdir mənə gecə gözü zəng edən?

Cənab Putin?! Nə var-nə yox, necəsən?

Bil, hazıram

qulluğunda,
Mən, mən, mən! Mən, mən, mən!

Mirzə TƏBİL

11. 10. 2020, Samara

“AH, BU UŞAQLAR NƏ SÜTÜLDÜR BELƏ…”

26 SENT 2019. 2

Ah, bu maşınlar nə qəşəng düzlənib!

Hərbi nizam sərgilədir hər biri.

Qıyya çəkib, tüstülənib, tozlanıb,
Çatdıracaq cəbhəyə əsgərləri.

=

Ah, bu uşaqlar nə sütüldür belə!

Tərləməyibdir çoxunun bığ yeri.

Yar nəfəsi duymamış onlar hələ,
Hansına baxsan, ürəyi dağlayır.

=

Var bu maşınlarda çalıb-oynayan,
Nəğmə deyənlər də maşınlarda var.

Cəbhə uzaqdır, hələ qaynardı qan,
 Yox düşünən indi, nə var qarşıda.

=

Ah, bu maşınlar, deyəsən, qalxdılar,
Getməz, uçar güllə kimi hər biri.

Getdi maşınlar, itərək gözdən, ah,
Kaş dönə bir gün bu sütüllər geri…

=

Ah, analar, göz dolusu ağlayın,
Göz yaşı da nemətidir Tanrının.

Girdi sütüllər alova, yanğına,
Sən də yanırsan, ana, qəlbin yanır…

02. 10. 2020, Samara