Архив по авторам | Xeyrulla Xəyal

DƏLİ DOMRULUN ARVADINA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Bilirsənmi nələr gəlib başıma?

Alqanad Əzrayıl gəldi uçaraq,

Qonub mənim ağca sinəm üstünə,
Alırdı canımı, xırıldadaraq.

Vermədi, atamdan can istəyəndə.

Anama yalvardım, anam vermədi,
“Oğul, can şirindir, qıymaram” dedi.

İndi uca-uca qara dağlarım,
Yayın istisində yaylağın olsun,
İndi ayna üzlü soyuq sularım,

Sənindir, sərini sinənə dolsun.

Bir ilxı şahbaz at qoyuram sənə,

Hansını istəsən, indi minərsən.

Altın ban evimdə kölgələnəsən,
Bir qatar dəvəmi indi yüklə sən.
Yaylaqda bəslənən ağca qoyunum,
Bişib mətbəxində səni doyursun.

Könlün kimi sevsə, ərə get ona,
Qoy yetim qalmasın iki oğlanım.

26. 03. 2021, Samara

ANASININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul)

Oğul, ay oğul!
Doqquz ay qarnımda səni daşıdım,
Bələdim, yatmadım beşik başında.

Dünyaya gətirdim onuncu ayda,
Verib ağ südümü səni doyurdum.

Ağqüllə qalada kaş tutulaydın,
Murdar kafirlərə dustaq olaydın!

Səni qurtarardım qızıl pul verib,
Ancaq indi, oğul, yamandır yerin,

Ora mənlik deyil, can da şirindir,
Yox, qıya bilmərəm sənə canı, bil!

26.03. 2021, Samara

DƏLİ DOMRULUN ANASINA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul boyu)

Bilirsənmi nələr oldu, ay ana?

Alqanad Əzrayıl gəldi uçaraq,
Basıb qondu mənim ağca sinəmə,
Canımı alırdı xırıldadaraq.

Can istədim, atam vermədi mənə.

Can ana, canını verərsənmi sən?

Yoxsa “oğul” deyib ağlayacaqsan?

Ağ üzə dırnaqla qan salacaqsan?

Qara saçı yolub dağıdacaqsan?

26.03. 2021, Samara

ATASININ DƏLİ DOMRULA DEDİYİ

U LENİ. KİNO

 (Duxa qoca oğlu Dəli Domrul)

Canımın parası oğul, ay oğul!

Doqquz buğa kəsdim sən doğulanda,
Qızıl ban evimin dirəyi oğul!

Bir bölük qızımın çiçəyi oğul!

Qarşıdakı qara dağım gərəksə,
Gəlsin, Əzrayılın yaylağı olsun!

Soyuq bulaqlarım əgər gərəksə,
Hər biri Əzrayıl bulağı olsun!

İlxı şahbaz atım ona gərəksə,

Gəlib minər könlü haçan istəsə.

Qatar-qatar qızıl dəvələrimi,
Yükünü vurmağa ona verərəm.

Gərəksə yaylaqda ağ qoyunlarım,

Bişsin mətbəxində, doyursun qarın.

Qızıl-gümüş pulum gərəksə əgər,
Nə qədər istəsə, xərcləyə bilər.

Oğul, dünya şirin, can əzizdir həm,

Mən sənə canımı qıya bilmərəm!

Səni məndən artıq sevən anan var,

Anandan can istə, anana yalvar!

 

25. 03. 2021, Samara

DƏLİ DOMRULUN ATASINA DEDİYİ

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Ağ saqqallı əziz, möhtərəm ata!

Bilirsən başıma gələn nə işdi? —
Başım havalıydı, küfr danışdım,
Xoşuna gəlmədi ulu Tanrının.

Buyurdu alqanad Əzrayılına,

O da yerə endi göyün üzündən,
Basıb qondu ağca sinəm üstünə,

Boğaraq canımı almaq istədi.

Səndən can diləsəm, ata, verərsən? —

Yoxsa “oğul” deyib ağlayacaqsan!

25.03. 2021, Samara

DƏLİ DOMRULUN ƏZRAYILA DEDİYİ (2)

  (Duxa qoca oğlu Dəli Domrul boyu)

Aman ver, Əzrayıl!

Güman yox, imandır Tanrı birliyi!

Mən nə biləydim ki, beləsən, qoçaq,
Sən can alırmışsan, oğurlayaraq.

Bizim yaşılyamac dağlarımız var,
Dağlar ətəyində bağlarımız var,
Bağlar qarasalxım üzüm bitirir,

Üzümün şirəsi şərab yetirir.

Başı havalanır kim onu içsə,

Mən də içkiliydim, bu dəfə keç sən.

Hələ doyurmayıb bəylik, igidlik,
Öldürmə, Əzrayıl, mənə mədət qıl!

24. 03. 2023, Samara

ƏZRAYILIN DƏLİ DOMRULA DEDİYİ (1)

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Domrul boyu)

Ey, dəli qırışmal!

Xoşuna gəlmirmi cöngə gözlərim? —

Çoxlu qızlar olub gözləri göyçək,

Gəlinlər də olub gözləri göyçək,
Onların canını mən almışam, bil!

Xoşuna gəlmirmi saqqalım ağdır? –

Çox qarasaqqallı igidlər olub,

Onların canını alan mənəm, bil!

Mənim saqqalımı ağardan budur!

 

23.03.21, Samara

DƏLİ DOMRULUN ƏZRAYILA DEDİYİ — 1

U LENİ. KİNO

(Duxa qoca oğlu Dəli Dəmrul boyu)

Vay-vay, nə heybətli qocasan, kişi?

Niyə qapıçılar səni görmədi?

Duyuq düşmədilər niyə çavuşlar?

Birdən görməz oldu görər gözlərim,
Birdən tutmaz oldu tutar əllərim.

Titrədi bədənim cuşa gələrək,

Düşdü altın qədəh əlimdən yerə,
Ağzımın içini sanki buz almış,
Saqqalcığı ağca, tanınmaz kişi.

De, kimsən, nəçisən cöngəgöz qoca,
Söylə, görkəmində bu heybət nədir!
Qadam-balam bu gün toxunar sənə!

 

23.03. 21, Samara

DƏDƏ QORQUDUN URUZ DUSTAQLIQDAN ÇIXANDA DEDİYİ

U LENİ. KİNO

(Uruz dustaq olduğu boy)

Xeyirdua verək, xanım!

Doğma uca qara dağın uçmasın,

Kəsilməsin kölgə verən ağacın.

Qanad çalıb ucalıqda uçasan,
Qurumasın gözəl sulu bu axın.

Namərdlərin olmayasan möhtacı,
Büdrəməsin çaparkən ağ-boz atın,

Gödəlməsin döyüşəndə qılıncın.

Üzülməsin Tanrı verən umudun.

Ayırmasın axır gündə imandan,
Qəbul etsin bu beş kəlmə duanı.

Rica yetsin günahları olandan,
Bağışlansın Məhəmmədin adına.

23.03. 2021

NAMƏRD KÖRPÜSÜ

U LENİ. KİNO

“Keçmə namərd körpüsündən…”

El sözü

Elə ki, üç dəfə, beş dəfə keçir,
Namərd körpüsünə alışır insan.

Sonra elə yerdən elə yol seçir,

Namərd körpüsündən adlasın asan.

Çıxsa qarşısına bostan arxı da,
Tullanıb aşmaqdan çəkinir indi.

Baxır həndəvərə, körpü axtarır,
Fərqinə varmadan körpü kimindir.

Vurub başqaları keçir yanında,
Balaq çırmalanır dizdən aşağı.
Onun gözündəsə arx okeandır,

Gözləri bərəlir, əsir ayağı.

Sel kimi qorxudur yaz yağışı da,
Yapışıb durmağa axtarır dayaq.

Ürək səksəkəli, baş aşağıdır,

Elə bil indicə sel aparacaq.

Namərd xidmətinin möhtacıdır xalq,

Namərdə xidmətə həmişə hazır.

Arx keçə bilmirik çırmayıb balaq,

Namərd körpüsünü gözümüz gəzir.

22. 03. 2021, Samara