BU DÜNYA FANİDİR DESƏ DƏ TANRI…

Toy-bayram geyimi əyinlərində,
Çıxıb bir ailə çay qırağna.

Al-əlvan kürələr var əllərində —

Qazla doldurulan, göyə dırmanan.

—

Bu şən gəzintiylə bu gün ailə,
Böyük təntənəni başa vuracaq,

Bir kürənin üstdə yazılıb əllə,

Təbriklər beş yaşı tamam uşağa.

—

Babalar, nənələr, ana və ata,
Yüz il yaşa deyir, şən və bəxtiyar.

Kimsə də hardasa  elə bu anda,

Bu uşaq ömrünü tərsinə sayır….

—

Babalar, nənələr ölüb gedərlər,

Qocalıb ölərlər ata, ana da.

Doğum günərini hər il qeyd elər,

Bir gün vaxtı çatar bu oğlanın da.

—

İlhahi, sən bütün kitablarında,
Fani tanıdırsan bizə dünyanı,
Fani olan yerə nə məna vardı,

Yaradıb ataydın axı insanı?

—

Fanisə bu dünya, nədir yaşadan,

Ya kimdir, insana faciə onda?

Nə göz yaşı fani, fanidir nə qan —
Axır ürək, beyin parçalananda.

—

Sürgünlər, həbsər, aclıq, əsirlik,

Saysız milyonları hərb tükəndirir.

Tanrım, yaradansan, bizsə kimik ki,
Ancaq anlat bilək fənalıq nədir…

—

Al-əlvan kürələr göyə millənir,
Qoşulub uşaq da ucalmaq istər.

Bilmir fənalıq nə, bilmir ölüm nə,
Sevinir – yaş gəlib yaşının üstə…

—

Qoşun nizamlayır Napoleonlar,

Üzür  Stalinlər qan dənizini.

Yapır yorulmadan Mikelancelo,
Yatmır, gecə-gündüz Şekspir yazır…

—

Sayımız yaxındır səkkiz milyarda,
Tərs hesabı gedir hər ömrün hər an,

Bu dünya fanidir desə Tanrı da,

Haqdır inanmayıb yaşayan insan…

 

25-26. 04. 2021, Samara