Yuxumu görürəm, qaramı basır –
Bəzən yarısında kimsə gecənin,
Oyadır, önümdə bir ekran asır,
Və göstərir necə öləcəyimi.
Nə öz yatağımda bu iş baş verir, bu iş,
Qaranlıq dalandır ölüm məkanı.
Nə qohum-qardaş var, nə də dost-tanış,
Görmürəm, varsa da, gəlib-gedəni.
Birdən yıxılıram qamarlanaraq,
Dərhal keçirirlər boynuma ilgək,
Sarınır kəndirlə sonra əl-ayaq,
Məni aparırlar, süründürərək.
Məndən bağırtılar qopur anbaan,
Ağrı yox, ölümdən qorxudur səbəb.
Belə qışqırmayıb hələ bir heyvan,
Bıçaqla üstünə gələndə qəssab.
Başımı qoyurlar iri kötüyə,
Təzədir üstündə qan, qurumamış.
Bu qan insanınmı, heyvanınmı ya –
Öz qanımkı kimi iyisə tanış.
Cəllad yaxınlaşır əldə bıçağı,
Qopur ixtiyarsız bağırtım yenə:
“İnsanam, mənim də var haqqım axı,
Bu heyvani qətl yaraşmır mənə.”
Cəllad gülümsəyir: “inan ki, rahat
Ölüm elə budur, nə istəyirsən?
Öz yatağında yat, palatada yat —
Yenə məşəqqətlə ölməlisən sən.
Belə yaranmısan, budur qismətin,
İnsanla heyvanın sonu eyni, bir.
Kasıb ol ya başdan aşa sərvətin–
Burnundan yediyin-içdiyin gəlir…”
Tiyəni dizinə sürtür o sonra,
Məni öz bağırtım birdən ayıldır,
Yuxumu görürdüm, ya basdı qara…
Burnumda, ağzımda qan iyi, dadı…
- 10. 2026, Samara
