Архив | 25.10.2026

ZAHİD XƏLİL PROFESSOR VƏSİQƏSİNİN ARASINDA DƏLİLİK KAĞIZI GƏZDİRİR?

Filologiya elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir, Oskar və Qremmi nominantı Zahid Xəlilin Şuşa haqqında daha bir şeirinə baxaq.” ŞUŞA YENƏ NAZLANIR”

Şuşam, təzə gəlin tək
Geyinmisən darçını!

Darçını geyinmək nədir, bilən var? Adam olsaydı, deyərdik ki, paltarı darçın rəngdədir. Şəhər bu darçın rənginə necə boyanıb?

İkinci beytdən başı düşürük ki, “darçın” sözünü əməkdar müğənni Zahid Xəlil “qırçın” sözünə qafiyə kimi işlədir, yəni bu adam, moltanılar demişkən, qafiyə xatirinə … Dalını demirəm, çünki dalı (türkün məsəli) ayıbdır…
Yavaş tərpən, əzilər
Paltarının qırçını.

Şuşa tərpənirmiş? Necə, niyə? Şuşanın əynnindəki darçını paltarı, onun qırçınını yazıq oxucu necə təsəvvür eləsin? Əməkdar professor iyirmi universitetdə şeirlərini oxuyur, indi təsəvvür edin ki, 20 universitetin tələbələri bu bəndin üstündə baş sındırırlar, psixi gərginlik keçirirlər, dəlixanaya düşənlər var…

Var!

Şair isə özünə qoyulmur, yenə şəhərin orasına-burasına əl atır. Qoca vaxtında əməlli-başlı qızışıb. Daha doğrusu, qızıb.

Yenə nazlı qız kimi
Nə özünü dartmısan?!

Mən fikirləşirəm ki, Zahid Xəlil bu şeirdə Şuşanı bəhanə edərək bəlkə də şeiri gözü düşdüyü bir arvada yazıb, yəqin Şuşada arvadlar var. Bəlkə də xarici arvad olub.

“Nə özünü dartmısan!”

Yox, yüz əlli faiz, bu şeir arvada yazılıb. Şəhər özünü dartar?


“Bu ədayla çoxunun
Gözünü çıxartmısan.”

Arvad yəqin tanınmış arvad imiş, bir görkəmli insan demişkən, “ves Bakı tanıyırmış”, çox şor gözləri çıxarıbmış…

Çoxunun gözünü çıxartmısan!

Vətəndaşlar! Bircə saniyəliyə də olsa, yaddan çıxarmayın ki, əməkdar akrobat Zahid Xəlil Şuşadadır, o Şuşa ki, minlərlə gəncin qanı, canı bahasına alınıb, mənim igid kəndçim, xüsusi təyinaatlı əsgər Şahlar Məmmədov Şuşa alınan gün həlak olub! İndi zahidxəlillər onların qanı hopmuş torpaqda mayallaq aşırlar. Bu, mətn şeir deyil, təhqirdir! Niyə buna Azərbaycanda “dur” deyən yoxdur?

Gözlərdən yuxu qaçıb
Sən mürgüdə, xumarda.

Yadınızdadırsa, yuxarıda deyirdi ki, şəhər darçını paltar geyib dingildəyir. İndi deyir şəhər “xumardadır”.
Səndən ötrü çoxunun
Qanı coşur damarda.

A kişi, o qanı coşan Azərbaycan əsgəri idi ki, sən onun xatirəsini tapdalayırsan…

Kimsədən bir qorxun yox,
Səni ərlər qoruyur.
Yumruğu dağ oynadan
Sərkərdələr qoruyur.

Burda Zahid Xəlil siyasi səhvə yol verib. “Sərkərdə” sözünü cəm halda işlədib. Azərbaycanda yumruğu dağ oynadan sərkərdə bir nəfərdir, və hər kəs bilir ki, kimdir… Eybi yox, onun səhvini bağışlayarlar, yəqin dəlilik kağızını da professor vəsiqəsinin arasında gəzdirir…

Günəşin şöləsində
Parılda şüşə kimi
Qoy desinlər dünyada
Gözəl yox Şuşa kimi!

Əynində darçını paltar… şüşə kimi parılda… Darçını paltarda necə parıldamaq olar?

Azərbaycanda hamı belə yazır. Ayrı cür yazan yoxdur. Ayrı cür yazan olsa, basarlar dəlixanaya. Çünki dəlilərin içində ağıllı özü dəli kimi görünür…

 25. 10. 2026. Samara