Архив | 18.10.2026

BƏDƏLOV ƏLİNİN XATİRƏSİNƏ

Kənddə bizim ailəyə ən yazın ailələrdən biri Bədəlovlar olub. Onlarla qohumluğumuz da var. Ailənin başçısı Həsən Bədəlov İkinci dünya müharibəsində həlak olub, canvan yaşında dul qalmış Bağda xala dörd uşağını və himayəsində olan qayınanasını gecə-gündüz çalışaraq saxlamış, müharibə dövrünün və müharibədən sonrakı ac-yalavac onilliyin bütün məşəqqətlərinə dözmüş, əyilməmiş, sınmamışdır. Tale Bağda xalanı bütün həyatı boyu fövqəladə sınaqlara məruz qoymuşdur. Kiçik oğlu Ənvər uşaqlarla birgə Kürdə çimərkən boğulmuşdu. Anam danışardı ki, Ənvərdən başqa bir uşaq da dərinə gedib boğulurmuş. Bağda xalanın böyük oğlu Şiralı qonşu uşağını çıxarmış, öz qardaşını xilas etməyə gecikmişdi… 1963-cü ilin dekabrında Bağda xalaya daha bi ağır itki üz verir. Donanmada dörd illik hərbi xidmətdən təzəcə qayıtmış ortancıl oğlu Əkbər təsadüfən atılan güllə yarasından həlak olur…Bağda xala uzun ömür yaşadı, ancaq elə bil ki, bu uzun ömür ona əzizlərinə ürəyi boşalana qədər yaş axıdıb yas saxlamaq üçün verilmişdi. Ancaq iki nakam övladın yasına onilliklər yox, əsr də bəs eləməz…

Bu gün Ərəbqardaşbəylidə əlli iki yaşında vəfat etmiş Bədəlov Əli dəfn edilib. Əli Bağda xalanın nəvəsi, Bədəlov Yavərin oğlu idi. Mən uşaq vaxtı evlərinin yanından məktəbə gedərkən Bağda xalanın ağlamağını hər gün eşidərdim. Yavərin də qardaşı Əkbər üçün necə ağladığını eşitmişəm.İndi burda Bağda xalanın da,  Yavərin də səsi qulaqlarımda səslənir və mən də onlara qoşuluram…

Əli uzun sürən ağır xəstəlikdən ölüb. Xəstəliyin adını çəkməyə ehtiyac yoxdur. O. indi ölkədə az qala hər evə girir, tədricən çevrilir ailə üzvünə, sonra olur ailənin rəhbərliyini alır əlinə, canavar kimi, nişanlayıb aparacağından başqa qalanların da hamısını zədələyir, dərdə salır…

Ölkə də elə xəstəliyə tutulmuş kimidir…

Allah Əliyə rəhmət eləsin. Allah onun arvadına, uşaqlarına kömək olsun.

Bədəlovları Allah qorusun! Bütün yaxşı adamlar kimi…

17.10. 2026, Samara