Архивы

ƏRDOĞANIN AFRİKA NİTQİ

Ərdoğan aeroportdakı çıxışında deyib: “Nə “ağac” deyib qışqırırsınız? Mən indi Afrikadan gəlirəm, orda ucsuz-bucaqsız səhralar gördüm ki, bir dənə olsun kol da bitmir. İnsanlar gözəl yaşayırlar, çoxu da müsəlman! Ağac nəyinizə gərək? Daldalanı öpüşməyəmi? Gedin evinizdə öpüşün, abırsızlar!”

BAĞIŞLANMIŞ ŞEYİN NƏYİNİ BAĞIŞLAYACAQLAR?

İlham Əliyev deyib ki, müxalifət Dağlıq Qarabağı ermənilərə bağışlamaq istəyir. Möhtərəm prezidentin sözlərinə, əlbəttə şübhə eləmək olmaz. Ancaq şeytan məni azdırdı, zat-alilərinin dediyini yoxlamaq üçün Ermənistan prezidenti Sarqsyana zəng vurdum. Dedim kirvə, Dağlıq Qarabağı bağışlayırıq sizə. Sarqsayn qəhqəhə çəkib geldü və dedi: “Kirvə, bizdə olan şeyi sən bizə necə bağışlaya bilərsən? Sən bizə Qəbələni bağışla, Zaqatalanı bağışla, Qubanı bağışla…”

Telefonu söndürdüm. Necə deyəydim ki, o yerlər çoxdan bağışlanıb Heydərovlara, Paşayevlərə, Əliyevlərə, Məmmədovlara…

 

MİLLİ ŞURANIN «HEÇ KİM» SEÇİMİ

«Azadlıq» radiosunun saytı üçün şərh

Azərbaycan müxalifətçiləri haqqında çoxdan danışıb xalqın qulağını dəng etdikləri Milli Şuraya R. İbrahimbəyovu sədr seçməklə Azərbaycanda demokratik yönlü hərəkata iqtidarın da vura bilməyəcəyi zərbəni vururlar. R. İbtrahimbəyov haçandan demokrat olub? Bakıda torpaq sahələri əlindən çıxandan? Onun dostluq elədiyi Rusiya milyarderlərindən hansı demokratdır? Neçə ildir ki, Putun Rusiyada demokratiyanı metodik şəkildə tapdalayır, niyə İbrahimbəyov və dostları səslərini çıxarmırlar? Onlar Azərbaycana ancaq “Çerkizon” tipli layihələrlə gələ bilərlər – İlham Əliyevin onlardan nəyi pisdir?

Və aeroportda azacıq ləngidilən kimi “daban əlli altı” demiş adam son dərəcə ağır riskləri olan siyasi mübarizəyə necə başçılıq edə bilər?

Əslində Rüstəm İbrahimbəyov seçimi “heç kim” seçiminə və həm də “Çernenko” seçiminə bərabərdir, iyirmi ildən çox peşəkar müxalifətçilik həyatını yaşayan adamlar öz liderləri olan yeni nəslin yetişdiyini ya görə bilmirlər ya görmək istəmirlər. Məgər İlqar Məmmədov yetkin lider deyil? Siyasi əzminə, düşüncə miqyasına görə onunla kimi yan-yana qoymaq olar? Həm də Şura sədri seçilməsi Azərbaycan demokatiya hərəkatə üçün çox gərəkli olan İlqar Məmmədova əlavə müdafiə yaradardı, belə müdafiə üzərinə hakimiyyətin bütün repressiya vasitələri yönəlmiş adam üçün vacibdir. Bəxtiyar Hacıyev də var. Cavandır? Fətəli xan Xoyskinin 1918-ci ildə neçə yaşı vardı?

Əlbəttə, belə Milli Şuranın heç bir siyasi perspektivi yoxdur, bu, paonoptikumdur, ancaq o qədər qədimdir ki, hamıya tanış olan fiqurlar tamaşa obyekti kimi də maraqlı deyillər…

 

İLHAM ƏLİYEV KÜRD DÜNYASININ LİDERİDİR

Türkiyədə Ərdoğana qarşı çıxışlar göstərdi ki, İlham Əliyev bütün türk dünyasının yeganə lideridir. Türkiyədə çoxlu kürdün olduğunu nəzərə alsaq, deyə bilərik ki, İlham Əliyev kürd dünyasının da lideridir.

PREZİDENTƏ VƏTƏNDAŞ MƏKTUBLARI

Artıq bir neçə gündür ki, prezidentin Facebook səhifəsində vətəndaşların məktubları dərc olunur. Vətəndaş Nəsir Həsirlinin iyunun 6-da yazdığı məktub: “Möhtərəm prezident! Mənim qazancım 120 manatdır. Siz 120 manatla neçə gün yaşaya bilərsiniz?” Vətəndaş Nəsir Həsirlinin iyunun 7-də yazdığı məktub: “Möhtərəm prezident! Bu məktubu türmədən yazıram. Şəraitim gözəldir. İnternet var. Bizə dərs də keçirlər, indi “deleti” solaxay və gözüyumulu basıram, çünki, dünən “delet” əvəzinə “enter” basdığıma görə polis sağ əlimi haqlı olaraq burub sındırıb, gözlərimi də vurub şişirdib. Mənə başa salıblar ki, 120 manat mənə ömrümün axırınacan çatar, yəqin bu gözəl şəraitə ömürlük düşmüşəm. Atalıq qayğısına görə sağ olun!  Nökəriniz Nəsir Həsirli”.

HÜQUQİ İNCƏLİKLƏR

Əli Həsənov: Yazın, Azərbaycan Ermənistanı məhkəməyə verir.

Jurnalist: Əli müəllim, ordumuz hazırdır?

Əli Həsənov: A bala, ordunun bu işə nə dəxli? Hakimi görmüşük, kürümüzü hazırlamışıq…

QUSKANIN QAPAZ MUSIQISI

Keçmiş millət vəkili Hüseyn Abdullayev (Quska) “Susma” adlı marş yazdırıb. Yazıda zərb alətinin yerinə qapazdan istifadə olunur. Qapazın Fəzail Ağamalının ya Hüseyn Abdullayevin özünün və ya ümumiyyətlə millətin başına vurulduğunu yazıda ayırd etmək olmur.

İSPAN BALLADASI

Məmmədyarov: Allo! İspaniyadır? Monserat Kabalyedir? Xanım, bizim qapımız bundan sonra sizin üzünüzə bağlıdır.

Kabalye: A kişi, nə işdir?

Məmmdyarov: Siz Dağlıq Qarabağa getmisiniz, ora bizim torpaqdır, işğal olunub!

Kabalye: Haçan işğal olunub, a kişi? Mən gələndən sonra?

Məmmədyarov: Ay xanım, məni lağa qoymusan? İyirmi ildən çoxdur, neçə dəfə yubiley keçirmişik.

Kabalye: Daha onda adınızı niyə kişi qoyursunuz? Gedib niyə azad eləmirsiniz? Niyə özünüz gedib oxumursunuz?

AZƏRBAYCANDA İĞTİŞAŞ

Polisin jurnalisti yumruqlaması Azərbaycanda böyük hiddət doğurmuşdur. Prezident deyib ki, o, ölkədə söz azadlığının zaminidir və jurnalistə vurulan yumruq şəxsən ona atılan kəlləyə bərabərdir. AllahŞükür Paşazadı bütün şiə mollalarına tapşırıb ki, yas yerlərində yumruq atan polisə lənət oxunsun. Vahhabilər yələb edirlər ki, polisin əli dirsəyəcən və şalvarının balaqları dizəcən kəsilsin.

Bir sözlə, Azərbaycanda həmişəki kimi kefdir.

«SLUŞAY, BURA CƏNNƏTDİR Kİ…»

Azərbaycan Ombudsmanı Elmira Süleymanova karserdə İlqar Məmmədovla görüşüb. İlqar Məmmədovun şəraiti Elmira xanımın o qədər xoşuna gəlib ki, İlqar Mımmədovla üç gün üç gecə orda qalmaq istəyib. Ancaq İlqar Məmmədov buna razılıq verməyib, deyib ki, “camaat düzgün başa düşməz”.