Архивы

SABİRABADLILARIN TƏRİFİ

Sabirabad adıyla özü arasında ən çox uyğunsuzluq olan yerdir. “Sabirabad” deyiləndə kimin yadına Sabir düşür?  Bu yerin harası abaddır?

İndi bilmirəm, bir vaxtlar Sabiradad deyəndə qarpız yada düşürdü, soğan yada düşürdü, noxud yada düşürdü.

İndi böyük professor, böyük məmur və böyük cüvəllağı olmuş H.Z pedaqoji məktəbdə mənimlə paralel qrupda oxuyurdu və yoldaşlarının neçəsi sabirabdlıydı. Onlardan danışıb məzələnərdi: “Bilirsən sabirbadlılar pencəyə nə deyirlər? Qəssum! Sabirabadlılar muğama “segah” deyirlər. Xanəndəyə toyda belə sifariş verirllər: “Bir Çahargah təsnifi oxu, segahıyla!”

İndi eşidəndə ki, Sabarbadda Xalq Cəbhəsinin yığıncağıni polis dağıdıb, çox böyük fərəh hissi keçirirəm. Əlbəttə, polislərin hampazorluğuna görə yox. Məni sevindirən Sabirabadda Xalq Cəbhəsinin olmağıdır. Yəni bu hadisə o deməkdir ki, sabirabadlılar üçün qarpızdan, soğandan, noxuddan vacib şeylər var və İlham Əliyev ölkənin bütün polisini yığıb Sabirabada töksə, bunun əksini sübut edə bilməz…

 

20.04. 2013 Samara

 

LAZIMIN BAKIYA GÖZLƏNİLMƏZ SƏFƏRİ

Aprelin 18-dən 19-a keçən gecə Lazım gözlənilmədən Bakıya səfər edib. Prezident İlham Əliyev bir neçə saat ərzində lazıml təkbətək görüş keçirib. Görüşdən sonra cənab  Əliyev Misir Mərdnovu təhsil naziri vəzifəsindən azad edib. Görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu barədə məlumat yoxdur.

Sübh çağı Lazım Bakını tərk edib.

UŞAQLAR ÜÇÜN NAĞIL

Ramiz Mehdiyev boynunda təzə “Şərəf” ordeni gəlir evə. Nəvəsi qabağına yüyürüb deyir:

—         Buy, baba, nə gəşəng şeydir, ver oynadım.

—         Al oynat, ancaq itirmə. Bu, ölkənin şərəfidir.

—         Baba, itəndə itəcək də. Özün həmişə demirsən ki, təki neftimiz itməsin?

—         Orası düzdür, bala. Apar oynat…

DÜZƏLİB HƏR YARAĞIMIZ…

Bakıda jurnalistlər Amerikanın Dövlər katibinin müavininə deyiblər ki, niyə, Amarikadan fərqli olaraq, Azərbaycan prezidenti üçüncü dəfə seçkilərdə iştirak edir. Amerikalı diplomat deyib ki, iki ölkə arasında xeyli fərqlər var. Amerikada böyük sararylarda opera, balet, dram tamaşaları olur, simfonik konsertlər verilir. Azərbaycanda isə belə böyük saraylarda kiçik toylar edirlər, beş-altı yaşlı uşaqları bəy çıxarırlar, yanında da özü yaşda bir qız oturdurlar. “Əvvəl öz-özünüzə baxın, sonra yan-yörənizə”, — amerikalı diplomat Azərbaycan jurnalistlərinə belə məsləhət verib.

TOYDAN SONRA

İsa Qəmbərin oğlunun toyundan çəkilən şəkillərə baxırsan, fikir götürür…

Zalda arvadlı-kişili bəlkə min adam var. Bunlar hamısı, şübhəsiz ki, İsa Qəmbərin yaxın adamlarıdır, onunla həmfikir olanlardır. Və bu min nəfərdən də hər birinin toyda iştirak etməyən beş-on yaxını, həmfikiri var. Toplasan, böyük bir rəqəm alınar. Müxalifət rəhbərinin, prezidentıiyə namizədin belə sıx ətrafının olmağı, əlbəttə, yaxşıdır. Ancaq Azərbaycan spesifik ölkədir. Ölkədə nəinki hakimiyyətin dəyişməyi, hətta hakimiyyyətin özünü necə aparmağı seçkilərdən çox insanların vətəndaşlıq fəallığındn asılıdır. Müxtəlif formalı dinc küçə aksiyaları hələlik Azərbaycan üçün, təəssüf ki, daha vacibdir. Bunu müxalifət liderləri də yəqin başa düşərlər. Elədirsə, niyə həmin aksiyalarda cəmi 100-150 adamlar iştirak edirlər? Niyə bu toya yığışmış xanımlar və bəylər o aksiyalara qatılmırlar? Bu özgə əliylə ilan tutdurmaq deyilmi?

Toy öz kütləviliyi ilə, dəbdədəliyi ilə həyatımızdan çıxmaq istəməyən, əksinə daha da vüsətlənən arxaiklik nümunəsidir. Və müxalifət məişətdə müasir ola bilmirsə, ölkə idarəsində, siyasətdə müasir ola bilərmi?

Və ümumiyyətlə, Azərbaycanın ən yaxşı gənclərinin türmədə yatdıqları bir vaxt belə dəbdəbəli mərasimin keçirilməsi düzdürmü?

YAŞA, YAŞA, DAHİ İNSAN!

Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, dahi akademik Ramiz Mehdiyevin 75 yaşı tmam olur. Prezident İlham Əliyevin cənab Mehdiyevə təbrikində deyilir: “Sən nə qədər, nə qədər qoca olsan da, dəyərsən min cavana. Çörəyi yemirsən sən yavana, bəllidir bu hər qanana, Sən şərəfsən Azərbaycana və s.”

ZEYNƏB XANLAROVA. KİŞİ QIZI 3

Əslində Zeynəb Xanlarova guya yaxınlıq elədiyi məmuru ya lap Ələkbər Tağıyevi öldürsəydi də, Əliyev ona bağışlardı.Çünki Zeynəb xanım əliyevçiliyin mədəniyyət dəstəyinin çox vacib elementi idi.

Yetmişinci illər Azərbaycanın dinamik şəkildə iqtisadi və əxlaqi bataqlığa yuvarlanma dövrüdür. İqtisadiyyatın bütün rəsmi göstəriciləri yalan idi və buna görə də rəsmi təbliğatda bir kəlmə də doğru söz yox idi. Rekord pambıq, taxıl, çay, üzüm məhsulları dövlət idarələrində qondarılırdı və bunun belə olduğunu gözlə görmək üçün Azərbaycan mağazalarına girmək kifayət idi. “İri addımlarla adımlayan Azərbaycan”ıın mağazaları  boş idi, guya bir milyon tondan çox pambıq yığan respublikanın apteklərində camaata tibbi pambıq satılmırdı! Təhsil, səhiyyə ildən-ilə ən parlaq korrupsiya zonalarına çevrilirdilər. Bunların hamısından pis mənəvi-əxlaqi tənəzzül idi, adamlar üçün əzilmə, tapdanma normaya çevrilirdi, 60-cı illərdə kolxoz sədrinin elədiklərini 70-ci illərdə briqadir də edə bilərdi: yəni tarlada gəlinləri saçlayıb döyə bilərdilər – bunlar öz gördüklərimdir. Rüşvətxorluq Heydər Əliyevin vaxtında normaya çevrilmiş, rüşvətxor cəmiyyətin ən hörmətli adamı olmuşdu. “Ala bilməyənlr” əfəl, vecəyaramaz sayılırdılar…

Uşaq vaxtı hələ əllinci illərdə, aclıq vaxtı, kənd şənliklərində qarmon çalan bir nəfərdən söhbətlər eşitmişəm. Bu adam naşı imiş, yəni “qırıldadırmış”, cəfəngiyyat çaldığını camaat başa düşməsin deyə yanındakı nağara çalana tez-tez göz eləyirmiş: “Bərkdən vur!” (Uzun illər sonra indi həyatdan getmiş qarmonçunun musiqi alətini gördüm: primitiv bir qarmon, yarımpərdələrsiz!).

Əliyevə də ölkədəki vəziyyətin bərbadlığını ört-basdır eləmək üçün güclü təbil zərbələri lazım idi. Respublikada olan bütün incəsənət adamları Əliyev üçün təbil vururdular – Rəşid Behbudovan tutmuş Zeynəb Xanlarovaya qədər. İndi diktaturaya qarşı mübarizəyə qalxmış Rüstəm İbrahimbəyov Əliyevin korrupsiyaya qarşı necə amansız mübariz olduğunu göstərən filmlər çəkirdi… Noyabrın ortalarına qədər yağış altında pambıq tarlalarında zorla saxlanan arvad-uşaq çəkdiyi nahaq zülmü hansı rayondasa planın dolmağna həsr olunmuş konserti görəcəyi ümidiylə unudurdu. Axşamlar Bərdədən ya Ağcabədidən konsert göstərilirdi. Küləkdən saçları pırpızlanan müğənnilər atılıb-düşür və yem gözləyən heyvan mələməsinə oxşayan səslər çıxarırdılar… Əlbəttə, hər müğənnin öz yeri vardı, rayonlar arasında musiqiçiləri iqtisadi potensial və şöhrətlə mütənasib bölüşürdülər… Zeynəb Xanlarova rayonlara çox getməzdi, onu Lenin adına sarayda Moskvadan növbəti Qırmızı bayrağın alınmasına həsr olunmuş konsertə saxlayırdılar. Xalq intizarla gözləyirdi və bu şirin intizar ona çəkdiyi zülmləri qismən unutdururdu… Sonra məlum oldu ki, briqadir, aqronim, kolxoz sədri, raykom katibinin tapdağı altında əzilən xalqın yeterdiyi oğullar döyüşməyə qadir deyillər, kölə kimi boy atmış gənclərdə döyüş ruhu ola bilməz. Və indi Lenin adına sarayın səhnəsində döşlərini oynada-oynada atılıb düşərək “Azərbaycan, Azərbaycan!” oxuyan Zeynəb Xanlarovanı ürək bulantısıyla xatırlayıram…

 

 

 

SADƏ GÜL BAYRAMLARINIZ MÜBARƏK!

İlham Əliyev məmurları dəbdəbəyə yol verdiklərinəı görə danlayıb. Bundan sonra məmurlar atalarına dəbdəbəli ehsan verməyəcəklər, bunun əvəzinə sadə bir gül bayramı keçirəcəklər.

OXUYUR ZEYNƏB XANLAROVA

 Ələkbər Tağıyevin Mahnısı 

 

Aylı gecə sərin külək, Nardaran,

Bağ evimin dörd tərəfi müsəlman

Ancaq əsil kişi olan, mərd olan,

Nə hacılar,

Nə atamdır.

Sən, sən, sən,

Sən, sən, sən,

Ay prezident, sən, sən sən!

 

BEYNƏLXALQ KÜRÜ ƏLAQƏLƏRİ

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu məzunlarının Bakıda keçirilmiş ümumdünya forumunda qərara alınıb ki, məşhur ali məktəb bundan sonra  Moskva Dövlət Beynəlxalq Kürü Əlaqələri İnstitutu adlandırılsın.