Архив тегов | Bakı

   BAKIDA ZİBİLİ GƏRƏK YA YERƏ ATASAN YA UDASAN…

    Samara Rusiyanın təmiz şəhərlərindən deyil, ancaq təmiz şəhərlər görmüşəm. Məsələ, çuvaşların paytaxtı Çeboksarı şəhəri. Biz, samaralı ekskursiyaçılar, bəhsəbəhs küçə və səkilərdə zibil axtarırdıq, ancaq heç yerdə zibil yox idi. “Zibil qabları da boşdur!” – bizimkilərdən biri axtarışının nəticəsini ucadan elan elədi. Doğrudan da zibil qabları boş idi, ən xırda zibilin belə haçan, necə gözə dəymədən aparılmağı bizim üçün sirr idi…

Bakıda avqustda iki gecə oldum – gedəndə və qayıdanda. Qardaşoğlumun qaldığı evin ətrafındakı küçələri gəzəndə bütün səkiləri bürümüş və hətta şosseyə də atılmış zibilin qədərsiz çoxluğunu  görüb çox təəccübləndim. Bura, əlbərrə, mərkəz deyildi, ancaq mərkəzə çox yaxındı. Yasamal, Elmlər Akademiyasının yanı. Gecə düşdükcə və bütün alver yerləri bağlandıqca səkilərdə içinə zibil doldurulub ağzı düyünlənmiş polietilen torba və kisəlırin sayı artır – bu, pambıq yığımı vaxtı dolu xaral və kisələrin düzüldüyü ya qalaq-qalaq vurulduğu sahələri xatırladırdı… Mən deyəcəkdim ki, niyə camaat zibili qutulara atmır, qardaşoğlum məni qabaqlayıb dedi ki, küçələrdə zibil qabları yoxdur. Doğrudan da, nə qədər baxdımsa, bir dənə də zibil qabı görmədim. Bir neçə yerdə konteyner qoyulmuşdu, onlar o qədər eybəcər idi ki, elə bil Nuh nəbidən qalma, körüklə işləyən dəmirçixanalarda düzəldilmişdilər. Və onların da cəhəngləri ayrıldığından atılan zibillərin çoxu yerdəydi…

Şəhərin əsil mərkəzi, yəni prezidentin gəlib-getdiyi yerlər təmizdir, ancaq oralarda da zibil qabı görmədim. Və anlamadım ki, zibil necə olur. Adamlar içdikləri suyun qablarını, dondurmaların stəkanlarını bəlkə gəmirib udurlar?

Və mənə elə gəldi ki, bu şəhərin insanlarının xeyli hissəsinin təmizliyi sevmədiyi bir yana qalsın, əsas məsələ şəhər başçısının şəhəri sevməməyidir. Şəhər başçısı şəhəri yox, öz vəzifəsini sevir və gördüyü bütün işlər bu vəzifədə qalmaq üçündür. Onun nə vecinə ki, Yasalamlda küçələri zibil bürüyüb-büsıb. Cəhənnəmə basıb, gora basıb…

Захид Халилов

Zahid Xəlilov küçəsi. Şəkli qardaşoğlum telefona çəkib

 

22 sentyabr 2014 Samara

HACIBALANIN ÖLÜM YUXUSU

Günərin bir günü Hacıbala Abutalıbov ölür və düşür cənnətə. Hər tərəfdə sərin bulaqlar, xurma ağacları, yan-yörəsi ala gözlü hurilər. Ancaq Hacıbalanın kefi açılmır, huriləri də itələyib qovlayır: “Bakının jurnalist qızları kimi nə ilişirsiniz mənə! Qoyun heç olmasa cənnətdə asudə nəfəs alaq də!” Ancaq yenə qanı qaradır ki,qaradır. Mələklərin böyüklərindən biri ona yaxın gəlib soruşur: “Bəlkə şəraitimizdən narazılığınız var?” Hacıbala coşur: “Narazılığım var! Mən burda öndərin heykəlini görmürəm! Öndər parkı görmürəm!” Mələk soruşur: “Bağışlayınız, adınız nədir?” “Adam Hacıbala! Sağlığımda bütün Bakı başıma and içirdi!” Mələk harasa zəng vurub Hacıbalaya deyir: “Hacıbala bəy! Bir az səbrinizi basın. Mən öyrəndim ki, siz cənnətə səhvən düşmüsünüz. Elə indicə yerinizi dəyşırlər, orda ürəyiniz nə istəsə, olacaq!”

Mirzə Əlil

BİLMİRƏM ŞAŞIRMIŞAM, YA ŞAŞIRMAMIŞAM…

Gözəl Bayramlı adlı siyasətçinin Fb-da səhifəsinə baxdım, bilmirdim ki, kişidir ya qadın. Qadınmış. ATƏT seminarına basqından yazır. Oxuyub xeyli gülmüşəm. Belə gülməym yadıma gəlmirdi. Gözəl xanım yazır: “Növbəti basqın ATƏT-ofisinə olsa, heç şaşırmaram. Kürü, para üzərində qurulan siyasətin belə sonucları təbiidir və bunlara qatlanmaq zorundadılar…”

Təsəvvür edəndə ki, polis ATƏT ofisinə hücum edir və Gözəl xanım da mərd-mərdanə dururb “şaşırmır”, adam az qalır gülməkdən ölsün, hərçənd mən bilmirəm ki, şaşırmamaq nə deməkdir. Şaşırmağın da nə demək olduğunu bilmirəm. Ancaq çox gülməlidir…

“Kürü, para üzərinədə…” Əvvəlcə elə bildim ki, para – yarı mənasındadır, yəni ki, kürü verirlər, sonra da ağbalığın yarısını. Sonra başa düşdüm ki, para “pul” mənasındadır, yəqin indi Azərbaycanda qadın xeylağı üçün “pul” demək ayıb sayılır, gərək “para” deyə”. Gülməkdən boğulmuşdum…

Sonunda adamın lap qarnı cırılır. “…və bunları qatlanmaq zorundadır”. Bunu başa düşmədim, ancaq “zorundadır” sözü məni elə güldürdü ki, az qaldım huşumu itirəm. Allah sizi güldürsün, ay Gözəl xanım! Adınız gözıəl, sözünüz gülməli. Yəqin müxalifət hakimiyyət başına gələndə sizi gülmək naziri qoyacaqlar. Xalq o qədər güləcək ki, özündən gedəcək…

Belə-belə işlər… Çox gülmək də yaxşı deyil. İndi görürəm ürəyim sıxılan kimidir. Bəlkə şaşırmışam, bəlkə şaşırmamışam. Quqldan bu şaşırnağın nə olduğunu  öyrənmək istədim, Quql məəttəl qaldı…

Oyununuz olsun, ay Gözəl xanım!

 

BAKIDA ERMƏNİSTANIN PREZİDENT SEÇKİLƏRİ

Bakıda Ermənistan prezidenti seçkilərində vaxtındanqabaq səsvermə başlanıb. Hamıdan qabaq yazıçı Əkrəm Əylisli səs verib. Ondan kimə səs verdiyini soruşan jurnalistlərə Əylisli deyib: “Mən Sarqsyana səs verdim, çünki o, qarabağlıdır, Qarabağ uğrunda uğurla vuruşub. Elə o biri namizədlər də yaxşıdırlar, çünki ermənilərin hamısı yaxşıdır”.

Seçki məntəqələrinin qabağında basırıqdır. Minlərlə bakılı öz namizədinə səs vermək üçün ən azı bir saat gözləməli olur. Darıxmamaq üçün onlar xorla erməni xalq mahnısı «Sarı gəlini» oxuyurlar…