Архивы

İSA QƏMBƏRİN KİTABLARI

                    

vodevil

—         Yazdınız İsa Qəmbərin əmlakını?

—         Yazdıx, zat-aliləri. Ancax siz deyən elə bir şey çıxmadı. Pul, qızıl tapmadıq. Hara baxırsan, kitafdı. Kitafların videosunu çəhdiy.

—         Bəs kitabkları açıb baxmadız?

—         Açmadıx, zat-alilıəri. Elə videolarını…

—         Ə, nə video-video salmısan? Sən də mənimçin Rüstəm İbrahimbəyov olacaqsan? Hiçkok!

—         Zat-aliləri, atama-anama söyməyə haqqınz var…

—         Ə, Xiçkok söyüş deyil… Zalım balaları, bir bu kitabları vərəqləyəydiniz də. Şübhəsiz hamısının arasında pul, səhm var. Yəqin İsa Qəmbər o kitablardan seyf kimi istifadə eləyir.

—         Zat-aliləri, biz polis tayfasının kitab vərəqləməklə arası yoxdur. Biz elə kitabın üzünə baxarıq, içinə girişmirik…

—         Ə, bəs deməyiblər ki, kitab xəzinədir? Kim deyib bunu?

—         Öndərimiz. Öndərdən başqa kimin ağzı nəədir söz deyə…

—         Yaxşı, gedin Qəmbərin kitablarını vərəqləyin.

—         Zat-aliləri, İsa Qəmbərin o qədər kitabı var ki, hamısını vərəqləməyə adamımız çatmaz…

—         Götürün polisləri, pristavları Şəkidən, Beyləqandan, Naxçıvandan, Salyandan… Tökülüşüb vərərqləyin.

—         Videosunu da çəkək?

—         Yenə video? Tarantino!

—         Zat-aliləri, nə qədər söysəniz, haqqınız var…

QURUMSAQLARIN AĞZI YUMULDU

Azərbaycanın xarici işlər naziri deyib ki, indi bizim hökuməti heç kim qınaya bilməz ki, milli azlıqların hüquqlarını pozuruq. Nazir deyib: “Hilal Məmmədov tutulduğuna görə bizdən narazıydılar. Ona görə biz İlqar Məmmədovu da tutduq. Bundan sonra, məsələn, bir talış Əliyev tutulsa, onunla bərabər bir türk Əliyevi də tutacağıq. Cəfərov tutulsa, Cəfərovu, Əhmədov tutulsa Əhmədovu. Bir qurumsaq da durub deyə bilməz ki, buz ayrı-seçkilik edirik”.

QƏLƏBƏYƏ GÖRƏ TƏŞƏKKÜR

Serj Sarqsyan birinci turda qələbə üçün  bütün secicilərinə, atasına, anasına, arvadına, uşaqlarına və xüsusi olaraq Əkrəm Əylisliyə təşəkkürünü bildirmişdir. “Kirvənin kitabı sübut elədi ki, bizim müharibəmiz adalət müharibəsi olub, biz azərbaycanlı qaniçənləri qədim ata-baba torpaqlarımızdan qovmuşuq” – Serj Sarqsyan deyib və söz verib ki, tezliklə Əylis kəndindəki on iki kilsənin hamısını bərpa edəcək, on iki kilsə də təzə tikəcək.

İLQAR MƏMMƏDOV MƏNFƏƏTLİ MÖVZU DEYİL?

Əkrəm Əylislinin romanıyla bağlı söz-söhbət başlayan kimi öz aşot dayılarını, karapet dayılarını xatırlayıb göz yaşı axadan, yazıçının müdafiəsinə çağıran bəyənatlar verib imza toplayan Bakı “liberalları” indi nədənsə o bəyənatları İlqar Məmmədov üçün vürmirlər, imzanı onun üçün toplamırlar, hələ məhkəmə ya türmə qabağında heç kimin piket keçirmədiyi bir yana qalsın. İlqar Məmədov – mənfəətli mövzu deyil? Bu mövzuya, erməni mövzusundan fərqli olaraq, qərb qrantları almaq olmaz?

SARAYDAN TÜRMƏYƏ ZƏNG

İnternet portal Day.az bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev həbsdə olan müxalifəçi İlqar Məmmədova zəng vurub ona Şamaxı rayonunun başçısı vəzifəsini təklif etmişdir. İ. Əliyev deyib: “Siz Avropa təhsillisiniz, siz Avropa mədəniyyətli və əxlaqlı siyasətçisiniz. Siz Şamaxıda sağlam atmosfer yarada bilərsiniz, xalq etimadına arxalanıb islahat keçirə bilərsini”. İlqar Məmmədov deyib ki, yalnız bütün siyasi dustaqların azad olunduğu halda prezidentin təklifiylə razılaşa bilər.

Portalın məlumatına görə, prezident sarayı ilə türmə arasında yeni telefon danışıqları gözlənilir.

BU, BİOQRAFİYA DEYİL, BİR SƏHİFƏLİK SÖYÜŞDÜR

İsmayıllıya icra başçısı təyin olunan Mirdamad Seyidovun əvvəllər işlədiyi yerlərin siyahısı ismayıllıların ünvanına bir səhifəlik söyüş kimi oxunur:

Xalq təsərrüfatı institutu – yəqin dünyanın ən rüşvətli məktəbidir.

Maliyyə-kredit texnikumu – bu da ana söyüşü kimi bir şeydir.

Vergi idarəsi – bu, faizli və çoxmərtəbəli söyüşdür.

İqtisad universiteti: Burda işləyən və işləmiş adamlar gərək Nürnberq kimi məhkəmə qabağında dayanalar – on minlərlə gənci mənəviyyatını pozduqlarına görə.

Aqrar universiteti – bu məkəbi qiymətləndirmək üçün Azərbaycandakı zootexniklərə, baytarlara, aqronomlara baxmaq kifayətdir…

İsmayıllılara bu söyüş bəsdir, daha Mirdamad ağanın qohumlarının gəlib onları söyməyinə ehtiyac yoxdur…

YAP-IN UÇUŞU DAVAM EDİR

Azərbaycan peyki kosmosda uçuşunu davam etdirir. Uçduğu müddətdə peyk kosmosda milli öndərə on yeddi heykəl qoyub, milli öndərin 90 illiyi münasibətiylə 90 ağac əkib.

Eyni zamanda məlum olub ki, Azərbaycan peykinin adı YAP-dır — yəni Yeni Azərbaycan Peyki.

O OLMASIN, BU OLSUN

Hafiz Hacıyev yuxarıdan danlaq eşidəndən sonra deyib ki, Əkrəm Əylislinin qulağının kəsilməsinə ayırdığı pulu sünnət toyylarına xərcləyəcək.

PAPA SÖHBƏTİ

İlham Əliyev Ramiz Mehdiyevə:

—         Ramiz müəllim, eşitmisən, Roma papası yaşının çoxluğundan istefa verdi.

—         Ay İlham müəllim, büzim  Roma papasəyla nə işimiz, gəl sənin papandan danışaq…

DİLİMİZ DƏ YAĞMALANIR…

“Yeni müsavat” qəzeti xəbər verir ki, Gülər Əhmədova tutuqlanıb. Tutulmayıb, tutuqlanıb. Bunun bir neçə səbəbi ola bilər:

  1. Qəzetçi Rza bəy indiyəcən sağdır və “Yeni müsavat” qəzetinin redaktoru odur.
  2. Gülər Əhmədovanı Azərbaycan prokurorluğu yox, Türkiyə prokurorluğu tutub – yəni tutuqlayıb.

Mən indi uzaq, qarlı Rusiyada oturub “tutulub” əvəzinə “tutuqlanıb” yazan soydaşımı gözümün qabağına gətirmək istəyirəm… Qadınmı? Kişimi?

Yox, elə yox, belə: Erkəkmi? Dişimi?…