Nə boyda oxşar idim
Sənə, nə yaraşıqda.
Yoxsan – oxşarıq indi,
Qardaş, eyni yaşdayıq.
ANAMIN XATİRƏSİNƏ
6
Əlimi sinənə qoyub bir ara,
Biləyini sıxdım – nə nəfəs, nə nəbz.
Boynunda haçandan çırpınan damar,
Dərinin altında indi görünməz.
===============
Öpdüm yanağından – soyuyub gedib,
Gedib can istisi, yay istisi də.
Mənimsə alnımı bir öpüş yeri,
Yandırar, ömürdən illər ötsə də…
04.10. 2015 Samara
istəkli xalaqızı Leylanın xatirəsinə
Uşaqkən əzizlənən,
İlkin, birinci idin.
Bacın dünya gözəli —
Bəlkə də inciyirdi,
Sən ki gözəl deyildin…
Danışmağın, gülüşün,
Yapışıqlı, şirindi.
Harda olsan, həmişə,
Sevildin, bəyənildin –
Çox da gözəl deyildin!
Nağıl deyilmiş həyat —
Sınaqlara çəkildin.
Unutqanlıq, xəyanət,
Soyuqluq nədi, bildin –
Sən ki gözəl deyildin!
Ağ ulduzlar yananda,
Göylərə sən çəkildin.
Gözəllik bu dünyada,
Niyə azalıb indi? —
Sən ki gözəl deyildin…
19-20.09. 2015 Samara
ANAMIM XATİRƏSİNƏ
3
Qəbrini tez qazdılar,
Çadırın tez düzəldi.
Dedilər bir ağızdan,
Mərasimin gözəldi.
Yaxınlar yığışdılar,
Uzaqdan da gəldilər.
Bir azca ağlaşdılar,
Sonra deyib-güldülər.
Sən indi tək deyilsən,
Ağrı da yox canında.
Sən indi dincəlirsən,
Hamı da arxayındı…
14.ş9.2015 Samara