Архивы

QAPAZ ƏHVALATI

Bakıda keçmiş müdafiə naziri Rəhim Qazıyevin istintaqı gedir. Guya Rəhim bəy başqa bir bəyə qapaz vurub. Qapaz elə bərkdən vurulub ki, səsi gedib prezidentə çatıb və indi prezident özü də şahiddir. Qazıyevə deyiblər ki, biz sənin Şuşanı ermənilərə verməyini bağışlayırıq, ancaq qapaz vurmağını bağışlaya bilmərik, çünki bu, qeyrət məsələsidir…

Bu, pis xəbər oldu. Çünki mən özüm Azərbaycana gedib bir-iki adamın başına qapaz salmaq fikrindəydim. Ancaq xəbərin yaxşı tərəfi odur ki, ermənilərə şəhər satmaq olar. Mən burda Salyana müştəri axtardım, tapılmadı. Deyirlər sərin yer təklif elə.

Qardaş, mən sərin yeri indi hardan tapım? Sərin yerlərə bəzi-bəzi adamlar çoxdan yiyə durublar…

 

CAVAD ZEYNALLININ ÖZÜNÜ TÜRKLƏRƏ BƏNZƏTMƏKLİYİ

 

 

“Azadlıq” radiosunun saytında “Anarın Axundovu urvatdan salmaqlığı” adlı məqalə çıxıb. Düzü, Gözəl Bayramlı demişkən, məqalənin adından elə şaşırdım ki, mətni oxuya bilmədim. İndiyəcən eşitmədiyim “urvat” sözü məni min fikrə saldı, boynuma alım ki, bu min fikrin içində pis fikirlər də oldu…

Məqalənin adından güman eləmək olar ki, Anar Axundova qarşı nə isə pis iş görüb, çünki Anar iyirmi ildən çoxdur ki, yaxşı iş görmür. Bunu başa düşdük. Ancaq mən Aərbaycanda yaşayan vaxtlar biri başqasına cidi ziyan vuranda deyirdilər: “anasını ağladıb”, “atasına od vurub”, “pişiyini dırmaşdırıb ağaca”, “mələdib”, “yıxıb sürüyüb” və s. Bu cür sözlər. Ancaq heç vaxt “urvat” demirdilər, belə çıxır ki, o vaxtlar heç bu söz yox imiş, sonradan gəlib, bəlkə də türklər gətirib bizim millətə sırıyıblar, əvəzində qədim xalçaları, qədim qab-qacağı maşınlarına doldurub aparıblar… Bəlkə elə bu məqaləni yazan Cavad Zeynallıya da bir az pul veriblər ki, bu “urvat” sözünü soxuşdursun xalqa…

Bunu başa düşdük. Bəs “salmaqlıq” nədir? Bilirik ki, Mirzə Cəlildə “itməklik” olub və bilirik ki, nəyə görə olub. İndi yəni bu, Cavad Zeynallının özünü Mirzə Cəlilə bənzətməkliyidir?

Vallah, bu xalqın işi-gücü qurtarıb. Fikirləri-zikirləri odur ki, Azərbaycan dilinin anasını ağlatsınlar, atasını yandırsınlar, pişiyini ağaca dırmaşdırsınlar, mələtsinlər… Hələ başqa sözlər də var, ancaq onları yazmaq ayıbdır, hərçənd Cavad Zeynallı kimi adamlar ayıb-zad bilmirlər…

 

Mirzə ƏLİL

ROMAN, DRAM, KOMEDİYA…

Günlərin bir günü Əkrəm Əylisl İsveç səfirliyinə dəvət olunur. Səfir onu hörmətlə qarşılayıb deyir ki, Kral akademiyası ona “Daş yuxular” romanına görə növbədənkəınar Nobel mükafatı verib. Səfir Əylisliyə diplom, medal və pul çeki təqdim edir. Əylisli baxıb görür ki çekə yazılıb “10 milyon erməni dramı”. Təəccüblə soruşur:

—   Cənab səfir, başqa laureatlar kron alırlar, dollar alırlar, mənə niyə erməni dramı verirsiniz? O cür romana dram! Bu lap komediya oldu… Yaxşı, hər nədir, verin…

Biu yerdə Əylisli ayılır, başa düşür ki, yuxu görürmüş. Ancaq yenə də oğlunu səsləyir:

— Bala, sən gömrükdə işləmisən, bilərsən, on milyon erməni dramı neçə dollardır?

QIRILAN DEYİLİK, QAĞA, YORĞANI ÇƏK BAŞINA…

 

 

Gəncəliləri tanıyanlar yaxşı bilirlər ki, onlar uşaqlı-böyüklü öcəşkən olurlar. Öz bildiklərini tutub gedəndirlər. Dəlil-sübut, elm-bilik tanıyan deyillər. Deyilənə görə, Gəncə məktəblərində hələ qış gəlməmişdən uşaqlar başlayırlar zarımağa ki, müəllim, niyə məktəbi qızdırmırsınız, bəs biz soyuqdan qırıldıq…Müəllimin biri bir qış dözür, iki qış dözür, axırda səbri kəsilir və deyir: “Nə “qırıldıq-qırıldıq” salmısınız, a qırılmışılar! Bir qarış boyunuz var, indidən hökumətlə hökumətlik eləmək istəyirsiniz? İndi mən sizə inanım, yoxsa hökumətə, onun statistikasına? Statistika deyir ki, qırılıb eləmirik, əksinə, artırıq. Bir də ki soyuğun adama nə ziyanı var? Daha da canınız bərkiyər. Onsuz da böyüyüb uşləməyə Rusiyaya gedəcəksiniz. Bu da bir yaxşıca fürsətdir düşüb əlinizə. Yəni indidən Rusiya iqliminə öyrəşirsiniz dana!”

Qızıl kimi sözlərdir, mənlik olsaydı, bu sözləri qızıl lövhələrə yazdırıb bütün ölkənin yolları boyu qızıl dirəklərdə ucaldardım. Ancaq yol qıraqları milli öndərin dediyi və bundan da qiymətli sözlərlə tutulduğundan gəncəli müəllimin sözlərini ayrıca kitabça kimi buraxıb uşaqlara paylamaq olar…

“Azərbaycan geniş addımlarla addımlayır!” – bu gözəl sözləri də öndərimiq deyib. Sovet vaxtı. Təəssüf ki, milli qeyrəti olmayan bir qurumsaq əlavə eləmişdi ki, bəli, Azərbaycan addımlayır, ancaq Qürcüstanın mağazalarında… Yəni ki, öz mağazalarımızda o vaxt bir şey yox idi…Niyə yox idi ə, cüvəllağı? Mağaza müdirinə yol tapaydın, görərdin nələr var mağazalarda. Denən ki, pulumuz çox idi, gedib gürcülərin də malını alırdıq, sən öl…İndi yəqin hörmət əlaməti olaraq öz camaatımızın qazını kəsib heç-neçəyə veririk gürcülərə. Burda bir gürcüstanlı soydaşımız mənə şikayətləndi ki, Mirzə, bu Gürcüstan hökuməti azərbaycalı kəndlərinə heç işıq-zad vermir. Dedim ə, neyniyirsiniz işığı, onsuz da məktəblərininz bir-bir bağlanır, kitab-zad oxuyan deyilsiniz, axşam düşən kimi başınızı atın yerə…

Bilmirəm gürcüstanlı soydaşımıza sözüm çatdı ya çatmadı, ancaq özümə çox xoş gəldi. Yazıb yol qıraqlarına vurmaq olar. Bizdə yox ey, bizdə yerin yiyəsi var. Gürcüstanın azərbaycanlı bölgələrində…

Əslində bizim xalq elə istisiz-işıqsız qalsa yaxşıdır. İsti, işıq olanda xalq qızışır. Odur ey, yenə Bakıda on beş nəfər tutulub. Yenə dövləti çevirmək itəyirlərmiş.Eşidib məəttəl qaldım. Hörmətli soydaşımız Kamil Qurbanıçdan soruşdum ki, a Qurbanıç, hara çevirmək istəyirlərmiş bizim dövləti. Qurbanıç da bilyardda uduzurdu, acıqlı dedi ki, mən nə bilim, ə, belə cəhənnəmə, gora. Dedi və üzünü çevirdi. Bu əhvalat mənim üçün bir az qaranlıq qaldı…

Ancaq məni hər şeydən çox məyus edən soğansatanların namərdliyi oldu. Hökumət benzinin qiymətimni qaldıran kimi bunlar da soğanın qiymətini qaldırdılar. Möhtərəm prezidentimiz çox haqlı olaraq soğandatanları “təxribatçı” adlandırdı. Bala, bu, hökumətdir. Hökumət istəsə, sənin özünü soğan kimi əzər, soğan kimi də soyar. Mirzə Əlil şəxsən Azərbaycanda soğanın tamam qadağan olunmağına razıdır. Siyasətə görə yox, İnternetə and olsun, belə arvad-uşaq soğandan çox əziyyət çəkir.

Ancaq qorxuram sarımsaq da gedə soğanın güdazına…

 

Mirzə Əlil

 

Ocaq qəzeti, yanvar 2007

SALYANLILARIN İSMAYILLI ZİYARƏTİ

 

Xəbər verirlər ki, bu gün səhər tezdən Salyandan yeddi ya səkkiz avtobus çıxıb, İsmayıllıya yola düşüb. Hər avtobusun içində olarmış qırx-əlli adam, bunların da içində həkimılər, müəllimlər, gözəllik salonlarında işləyənlər, xırda sahibkarlar. Bu avtobusları Salyan mollaları və polisləri böyük hörmətlə yola salıblar.

Bir neçə müxalifət qəzeti tələsik xəbər yayıb ki, guya salyanlılar İsmayıllıda aksiya keçirənlərə və tutulanlara həmrəylik bildirmək üçün ora gedirlər. Ancaq Salyan başçısı açıqlama verib deyib ki, salyanlılar İsmayıllıya Mirdamad ağa Seyidovun ziyarətinə gedirlər.

Məlum məsələdir ki, yer üzündə salyanlılar kimi dindar millət yoxdur, çoxunun alınlarına baxanda möhür yeri görünür. Harda ocaq varsa, salyanlılar ordadır. Müəllimlər dərs ilinin yarısını ocaqlarda keçirirlər. Hərçənd baxıçı,  falabaxan, çöpçü yanına gedənlər də çoxdur. Deyilələrə görə bu yaxınlarda Salyanla Beyləqan arasında təyyarə reysi açılacaq, çünki avtobuslar zəncir ocağına gedənlərin öhdəsindən gələ bilmir.

Hə, salyanlılar günorta vaxtı gəlib çıxıblar İsmayıllıya. Yığışıblar icra binasının qabağına, düşüblər üzqoylu: “Ya Mirdamad ağa!” Mirdamad ağa da çıxıb salyanlılara deyib: “Allah ziyarətinizi qəbul eləsin!”

Salyanlılar icranın qabağına çoxlu nəzir qoyublar. Bir neçə gənc deyirmiş ki, biz elə tələbə olandan Mirdamaq ağaya nəzir veririrk, rektorumuz olub, cəddinin köməyilə diplom almışıq…

Deyilələrə görə, salyanlılar indi sağ-salamat qayıdıb gəliblər evlərinə. Sabah Salyandan yenə yeddi-səkkiz avtobus çıxacaq…

 

Mirzə  ƏLİL

 

AYAQQABI MƏSƏLƏSİ

 

Yadımdadır ki, uşaq vaxtı bizə istəkli qonaq gələndə getməsini istəməzdik və qalmağına yalvar-yaxarımız boşa çıxanda qonağın ayaqqabılarını gizlədərdik…

Samaraya qayıtmaq vaxtı çatanda Bakıya gəldim və vağzala gedib bilet almaq istədim. Bütün kassirlər and-aman elədilər ki, heç bir günə və heç bir reysə biletləri yoxdur. Başınız haqqı, mənə elə gəldi ki, mənə qəsdən bilet vermirlər, yəni çox istəyirlər məni, buna görə razı deyillər mən Azərbaycandan çıxıb gedim.  Hələ ürəyimə gəldi lki, yəqin bunlara prezident Əliyev özü tapşırıb ki, Mirzə Əlili qoymayın gedə, qoca kişidir, otursun öz vətənində, cızma-qarasını eləsin. Vallah, elə təsirləndim ki, gözlərimdən yaş sel kimi axdı…

Ancaq məsələnin nə yerdən olduğunu öyrənəndə lap hönkür-hönkür ağladım. Məlum oldu ki, biletlər hamısı alverçilərdədir və iki qat bahasından ucuz vermirlər…

Vallah, mən bu fikrə düşürəm ki, Bakı vağzalı çoxdan işğal altındadır, alverçilərin, valyuta möhtəkirlərinin işğalı altında. Polislər də çoxdan keçiblər onların tərəfinə, qabaqlarında tula kimi quyruq bulayırlar. Əlbəttə, prezident bu vağzala gəlmir, ancaq uca kabinetinin pəncərələrindən baxsa, buranı yaxşı görər və bilər ki,paytaxt vağzalını millətin qaniçən düşmənləri tutublar. Yəqin ki, hərdən-hərdən baxır da və görür də. İndi burda sual ortaya çıxır ki, bunu prezident görürsə, niyə qüvvə göndərib strateji obyekt olan vağzalı azad etdirmir. İstəmir yaxud belə qüvvəsi yoxdur? Və əgər prezidentin qüvvəsi, şəkililiər demişkən, ağzının içində olan vağzalı alverçi əsarətindən qurtarmağa çatmırsa, torpaqlarımızı erməni işğalından azad etməyə qüvvəsi çatarmı?

Bəlkə də siz deyərsiniz ki, çatar. Bəs onda niyə eləmir? Vallah, vağzalımız azad olan kimi Mirzə Əlil hamınızı qonaq çağırar, sonra hələ sabahı günə saxlamaqçın ayağınıza düşər, ayaqqabılarınızı gizlədər…

 

Mirzə Əlil

 

Ocaq qəzeti, sentyabr-2006

 

 

Heyf o iclaslardan!

                  

Yarandığının doxsan bir ili tamam olan Azərbayan Demokratik Respublikasının parlamenti iyirmi üç ay ərzində yüz qırx beş iclas keçirib. Biz bu ildönümünü az-çox abırlı qeyd eləmək üçün iki yüz qırx beş iclas keçirdik və təzə-təzə danışmağa ilhamlanırdıq, təzə-təzə ağzımız qızışırdı ki, bir namərd yerindən durub dedi ki, a mirzələr, ildönümü gəlib çatdı, deyin görək məclis qururuq ya yox. Hamı tərs-tərs baxdı o sözü deyənə ki, ay namərd, bilirik gəlib çatıb, görmürsənmi böhran keçiririk? İclas eləmək ayrı. Çalıb-çağırmaq bizim haramıza yaraşır?

Heyf o iclaslsrdan! Elə öyrəşmişdim ki, elə bil teatra gedirdim, sirkə gedirdim, türkün məsəli, kazinoya gedirdim. Vallah, ayıb olsa da, deyim ki, o yubileyqabağı iclaslarımız elə bir az qumara oxşayırdı… Qumar dedim, bir söhbət yadıma düşdü. Bir yaxşı soydaş var, hərdən məni görəndə soruşur ki, Mirzə, yenə cəmiyyətə gedirsən? Mən də başımı aşağı salıb utana-utana deyirəmi ki, gedirəm. Deyir a kişi, başına yer qəhətdir getməyə? Deyirəm bəs mən yazıq hara gedim? Arvad pis-pis yerlərə getnməyə qoymur, deyir abırlı yer elə cəmiyyətdr, ora get. Soydaşım gülüb deyir ki, Mirzə, mən demirəm ki sən pis yerlərə get, məsələn, teatra, operaya. Əlbəttə, elə yerlərə arvad qoymaz, elə bizim uşaqların anası da deyir ki, artist-martist olan yerlərə getmə, biri qol-qıç qaldırır, biri sinə atır, nalayiq danışırlar. Mirzə, mən deyirəm ki, sən yaxşı abırlı yerlərə gedə bilərsən. Deyirəm a kişi, axı hardadır abırlı yerlər? Deyir necə hardadır? Bizim gözəl-gözəl kafelərimiz abırlı yer deyilmi? Kazinolar, avtomat oyun klubları abırlı yer deyilmi? Deyir Mirzə, başın haqqı, dünyada kazinodan abırlı yer varsa, məndən qurumsaq adam cəmi Rusiyətdə yoxdur. Mirzə, kazinoda bir nəfər artıq-əskik danışmaz, istəyirsən arvad-uşaqla get. Hamı başını aşağı salıb oyununu oynayır. Deyirəm yəni bizim millətdən də kazinoya gedən var? Deyir əsas qumar oynayan elə bizim millət deyilmi? Deyirəm axı bunun uduzmağı da var, olan-lmazı uduzaram, arvad dava salar. Deyir Mirzə, sən nə kişisən ki, arvad səninlə pul söhbəti salır? Deyəsən bu cəmiyyət, demokratiya söhbətləri səni xarab edib. Məndən böyük olsan da, sənə yaxşı bir məsləhət verim: arvad dinən kimi vur gözünün altını elə qaralt ki, bir ay nəinki küçəyə çıxa bilməsin, hətta sənin də gözünə görünməyə xəcalət çəksin. Deyir Mirzə, tüpür o cəmiyyətə. Nə respublika, nə demokratiya, o vaxt kişilər bir qələtdir eləyiblər, indiyəcən çəkirik altını…

İndi oturub fikirləşirəm ki, bəlkə elə doğrudan da bir səhvdir eləyiblər?

Ancaq heyf o iclaslardan! Soydaşımla söhbətdən sonra başa düşdüm ki, iclasçıların arasında kazinoya gedənlər çox imiş. Çünki bizim iclaslarımız elə doğrudan da qumar kimi keçirdi. Biri qalxıb deyir ki, mən konsertin keçirilməyinə filan qədər verirəm. O biri sıçrayıb deyir ki, bəs mən vermirəm? Elə mən də verirəm! Ara qızır, bu deyir mən bu qədər, o biri deyir mən bu qədər, qolaylanırlar bir-birinin üstünə, çəkilirlər, sonra yenə cumurlar bir-birlərinə, əllərini ciblərinə salırlar, uzun-uzadı əl cibdən çıxmır, guya ilişib qalıb cibin dibində, sonra birtəhər çıxır, ancaq boş… Amma bir kef, bir ləzzət var ki, gəl görəsən. Allah o namərdin ağzına yara çıxarsın, yadımıza salmasaydı, bir iki yüz də belə iclas keçirəcəkdik…

Yığışıb bir təhər konsertimizi təşkil elədik. Pis olmadı. Ancaq məclisin şıdırğı yerində işıq söndü. Bilmirəm cavanlar qız götürüb qaçmaq istəyirdilər, ya nə işdi…

Bəlkə də qocalıqdandır, hərdən hövsələm daralır. O gün bir tanışım mənə deyir ki, Mirzə, deyəsən liqanızın işləri fırıqdır, kasıblıq çəkirsiniz. Deyir, sonra da gülür. Az qaldım deyəm ay qurumsaq, bəs sən azərbaycanlı övladı deyilsən? Bəs sən qarağanlıqda böyüyüb bu yerə gəlmisən?  Sən qumarxanalarda, kababxanalarda kef çək, urus arvadlarına pul xərclə, millətin dərdini, qayğısını isə başqaları çəksin… Demədim, sizdən nə gizlədim, bir az qorxağam. Bir az deyəndə ki, çox qorxağam. Özü də bunların çoxunun tapançası var. Soruşanda ki, balam, siz bu tapançanı neynəyirsiniz, deyirlər necə neynirik, Mirzə, bəs ermənilərlə vuruşmağa hazırlaşmırıqmı? Ancaq ağ yalan deyirlər. Bu qurumsaqların qumar avtomatına baxmaqdan ağarmış gözü vuruşan gözünə oxşaməır…

Hərdən öz-özümə deyirəm ki, bəlkə elə doğrudan da bu millətçilik, dövlətçilik, demokratiya məsələləri hamısı bir yalan-palandır, baş ağrısıdır və sarsaq-marsaq adamlar üçündür? A kişilər, deyin görək, bəlkə elə belədir? Sizin milli öndərininz vaxtilə bir imza atmaqla Məmməd Əminin adını universitetdən götürmədi? İndi bəlkə prezident oğlu prezident də bir imza atıb birdəfəlik bu respublika tarixini tamam-kamal ləğv edər, bizim canımız da dincələr.

Və Mirzə Əlil də hər il mayın iyirmi səkkizində qoşular bizim qeyrətli kişilərimizə, gedər bir kababxanaya, ordan oyunxanaya, ordan da…

Eh, lap ağzımın suyu axdı…

 

 Mirzə Əlil

29 may 2009, Samara

 

AY RUŞAYLO BƏY, BƏYƏNDİN?

 

Əgər yanınızda desələr ki, adam qocalanda arsız olur, utanmaz olur, inanmayın. Götürək elə məni, yaşımın dibi yoxdur, ancaq utananda elə utanıram ki, az qalıram yerə girəm. Qocalığımı nəzərə alsaq, deməliyəm ki, ölüb yerə girəm…Məsələn, Azərbaycan parlamentinə seçkilər keçiriləndə elə utanır, elə qızarırdım ki, saqqalım olmasaydı, milislər məni kefli bilib tutardılar. Eybimi saqqal örtür, vallah. Bəli, mən çox təşvişdəydim, çox təlaşdaydım,  Rusiyada yaşasaq da, azərbaycanlıyıq dana, vallah, hərdən-hərdən qeyrət adamı boğur… Mənim əsas qorxduğum şey bu idi ki, birdən ordakı seçkiləri rus müşahidəçiləri bəyənməz. Adamdır da, birdən bəyənmədi. Rüsvay olardıq, vallah. Ermənilərin seçkilərinin Rusiya müşahidəçilərinin başçısı Ruşaylo cənabları elə bəyənmişdi ki, Moskvaya qayıdandan bir ay sonra da ağız-burnunu yalayırdı. İndi vura, bizim süçkiləri bəyənməyə. Onda biz ermənilərin yanında başıaşağı olardıq, vallah, onlar bizə rişxənd edib gülərdilər. Şükür allaha ki, Ruşaylo bəy Azərbaycan seçkilərindən çox razı qalıb, prezuidentə deyib ki, sağ ol, İlham bəyz, indiyəcən mən delə kef çəkməmişdim. İlham bəy də deyib ki, halal xoşun olsun, ay Ruşaylo bəy, əsil keflər hələ qabaqdadır, bu məclis əvvəlki məclislərdən deyil, əsil məclisdir, ailəvi məclisdir, gələn seçkiləri gözləmə, ürəyin istəyəndə gəl, kefin açılsın…

Bəh-bəh, eşidib xeyli cavanlaşdım. Ancaq qulağıma çatan bəzi sözlər məni yaman pərt elədi. Müxalifətçilər deyiblər ki, guya Ruşaylo bəy Bakıya gələndə özüylə bir təyyarə saz dəyənək gətiribmiş və onlar elə həmin dəyənəklərlə döyülüblər. Sübut üçün hətta bədənlərinin göyərən, qaralan yerlərini amerikalı müşahidəçilərə göstəriblər. Deyilənə görə, şalvarlarını çıxaranlar da olub… A zalım uşağı, müxalifətçi olanda adam abrını-həyasını itirməz ki. Vallah, mən xəcalətdən elə hala düşdüm ki, üstümə həkim çağırdılar…

Axı nə dəyənək davasıdır bui? A qırışmallar, nə bilirsiniz ki, sizə dəyən rus dəyənəyidir? Dəyənək dəyənəyə oxşayar dana…

 

Mirzə Əlil

dekabr 2005

“Ocaq” qəzeti

QƏMBƏRQULU

 

Hamıya məlumdur ki, hər millətin vacib bir xüsusiyyəri olur. Azərbaycanlıda bu, gördüyü işə qəmbərqulu qoymaqdır. Bir adamın azərbaycanlı olub-olmadığını bilmək istəyirsinizə, baxın onun gördüyü işə: qəmbərqulusu varsa, azərbaycanlıdır, yoxdursa, zatında iş var, and içib özünü öldürsə də, inanmayın.

Bu latın əlifbası ki, var, onu dünyanın çox xalqları işlədir, heç kim də qələt eləyib bu əlifbaya əlavə bir işarə də salmayıb. Azərbaycanlı isə öz qəmbərqulusunu latın əlifbasına da qoydu, yəni olmayan “ə” hərfini pərçim eləyib saldı bura ki, erməni özü də baxanda əlifbanın azərbaycanlıya məxsus olduğuna şübhə eləməsin.

Düzü mən əvvəllər bu hərfdən utanıb xəcalət çəkirdim, fikirləşirdim ki, şoğərib hərfə baxıb ingilis bizi qınayar, alman bizi qınayar. İndi-indi başa düşürəm ki, millətimiz elə bu hərfin üstündə dayanıb durub. Məsələn, bizim ən dəyərli soyadlarımız elə “ə” hərfiylə başlayıt: Əhmədov, Əzimov… Bəh-bəh… Başqa bir misal. Götürək dəstəkləmək sözünü. “Ə” hərfi olmasa, bu söz əlimizdən, yəıni dilimidən çıxar. Onda a qardaş, a gözünə dönüm sənin, bəs biz prezidenti, baş naziri, məhkəməni, prokuroru, gömrükçünü, mollanı, hacını, bir sözlə, bütün nəcib və qeyrətli kişilərimizi necə dəstəklərik? Onda gərək hamısına qulp qoyaydıq. Vallah, aləm qarışardı bir-birinə, böyük-kiçiklik qalmazdı, it yiyəsini tanımazdı. Allah bu “Ə” hərfinə bərəkət versin, onu əlifbamızdan əskik eləməsin.

Elə deyilmi, qağa? Bəs niyə mısmıqığını sallayıb gözünü döyürsən, ə?

 

Mirzə ƏLİL

 

Avqust 2005, “Ocaq” qəzeti

 

HƏFTƏDƏ YEDDİ GÜN VAR, ELƏ HAMISI BAZAR…

Şirvan bəyin, sizdən nə gizlədim, hərdən-hərdən mənimlə məsləhətləşməyi var. Düzdür, məsləhətləşəndən sonra öz bildiyi kimi edir, ancaq yenə sağ olsun ki, sayır. Günlərin bir günü deyir ki, Mirzə, bazar günü məktəbi açmaq istəyirik, nə deyirsən. Dedim bəy, yəqin mənimlə zarafat edirsən. Bazar günü məktəb olar? Bazar günü məktəbə gedərlər? Dedi ki, bazar günü bəs hara gedərlər? Dedim bazar günü getməyə o qədər yaxşı yerlər var ki. Ağzında bazar günü deyirsən. Bazar günü hamama gedərlər, xaş yeməyə gedərlər, kiçik toya gedərlər, kazinoya gedərlər. Vallah, kef çəkməli yerlər o qədərdir ki, deməklə qurtaran deyil, dedikcə də adamın öz ağzı sulanır. Şirvan bəy əlini yelləyib dedi ki, nə kef, a kişi, mən məktəbdən danışıram. Bazar günü məktəbi açırıq ki, burdakı uşaqlar gəlib ana dilimizi öyrənsinlər. Dedim Şirvan bəy, bazar günü ağlım kəsmir bizim uşaqlar məktəbə gedə, özü də dilimizi öyrənməyə. Yenə ingilis dili ya da balet olsaydı, bəlkə gedərdilər. Şirvan bəy bu dəfə hər iki əlini yelləyib dedi ki, Mirzə, bəs sən görməmisən yəhudilər, ermənilər necə bazar günləri yığışıb öz dillərini öyrənirlər?

Söhbətin bu yerində elə incidim ki, mən də hər iki əlimi yellədim. Dedim a kişi, sənin necə ürəyuin gəldi ki, bizim gözəl-göyçək, ağıllı-kamallı millətimizi yəhudiylə, erməniylə müqayisə etdin? Çox da onlar yaxşı oxuyurlar, çox da onların alimləri bizimkindən artıqdır. Biz qeyrətdə onlardan üstünük. Bizim dinimiz onlarınkından yaxşıdır. Əsas qeyrətdir, əsas dindir, a Şirvan bəy. Məndən soruşursansa, bizə bazar günü məktəbi lazım deyil. Bizə belə məktəb lazım olsaydı, günün adını “bazar” qoymazdıq…

O vaxt az qaldıq Şirvan bəylə dalaşaq, bir az küsülü qaldıq, sonra bazar günlərinin birində Mobil bəy adlı soydaşımız hər ikimizi xaş qonaqlığına çağırıb bizi barışdırdı…

O ki qaldı bazar günü məktəbinə, onu açdılar – Mirzənin məsləhətinə baxan kimdir ki. Ancaq bu məktəbin açıqlığı ya bağlılığı bilinmir. Bir hay-hayı gedib vay-vayı qalmış müəllim tutublar, məktəb qapısına gələn də onu görüb qayıdır. Çox vaxt bu “məllimin” əli quru yerə dəyir. Bir dəfə bu kişini gördüm, yazığım gəldi. Ürəyimdə dedim ki, a kişi, sənin özünə Azərbaycan dili yox, ərəb dili lazımdır ki, burda yasindən-zaddan oxuyub qəpik-quruş qazanasan.

Ancaq yenə ürəyim yanır millətin işlərindən ötrü. Bir tanışım var, ona bu yaxınlarda deyirəm ki, qırışmal, niyə uşağını göndərmirsən dilimizi öyrənsin. Deyir ki, Mirzə,  sən öləsən, əlacım olsa, mən özüm dilimizi birkərəlik başımdan çıxararam.  Dedim bəs dilsiz neyləyəcəksən, a yazıq, heç ruscanı da əməlli bilmirsən. Deyir ki, Mirzə, məni ruscanı öyrənmyə qoymayan şoğərib dilimizdir. Necə ki kompütürdə bir təzə proqramı qoymaqçın gərək köhnəsini çıxarasan, bu rusu da yaxşı öyrənmək üçün gərək əvvəl öz dilimizi beynindən çıxarasan. Mirzə, başın haqqı, bilmirəm heç neyləyim…

Düzü, bu qurumsağım dilimizə “şoğərib” deməyindən çox başıma and içməyi məni yandırdı…

A kişilər, millətin əgər oxumaq fikri olsaydı, günün adını “bazar” qoymazdı ki. Digər tərəfdən, hansı günümüz bazar deyil ki? Haramız bazar deyil ki? Universitetimiz bazar, məhkəməmiz bazar, məscidimiz bazar, parlamentimiz bazar, hökumətimiz bazar.

İndi belə çıxır ki, həftənin hər gününü biz elə məktəbdəyik.

Bazar məkdəbində…

Mirzə Əlil, 27 noyabr 2008, Samara