Архивы

QƏFİL QARA XƏBƏR GƏLİB QADINA…

Qəfil qara xəbər gəlib qadına,

Bir anda əyilir gözəl gənc üzü.

Qolları boşalıb düşür yanına,

Başını qoymağa bir çiyin gəzir…

 

 

Otuzca saniyə çəkən bu kadr,

Bəlkə çəkilibdir otuz-qırx dəfə.

Rejissor mərəkə bəlkə qaldırıb,

Çəkiliş uzanıb bəlkə bir həftə.

 

Söyülüb anası operatorun,

Söyülüb aktyor, aktrisa da.

Çəkiliş qrupu üzülü, yorğun,

Şedevr yaranıb ancaq axırda.

 

İndi milyonları sarsıdır kadr,

Gözləri yaşarır kişilərin də.

İllər öütb gedər, yenə ağrıdar,

Baxanı oynanan faciə indi.

 

Xəbərlər alırıq – qəfil həm qara

Nə üz əyilməyi –sınır belimiz…

Hamı ötüb keçir, yox məhəl qoyan,

Nədir çatışmayan? – rejissor əli…

 

24-25.08. 2016

Samara

 

 

 

 

 

 

 

BUNA SƏBƏB GÜLƏNDİR…

Kəndinin qazı yoxdur? –

Buna səbəb Güləndir.

Tapılmır nə də doxdur? –

Buna səbəb güləndir.

 

Bazarda bahadır ət –

Buna səbəb Güləndir.

Meyvə-tərəvəz qəhət –

Buna səbəb Güləndir.

 

Məhəlləmizdə yasdı –

Buna səbəb Güləndir.

Qonşu özünü asdı –

Buna səbəb Güləndir.

 

Müəllim az maaşlı –

Buna səbəb Güləndir.

Dərs deyir gözü yaşlı –

Buna səbəb Güləndir.

 

Bağlıdır həkimxana –

Buna səbəb Güləndir.

Xəstə gedir İrana –

Buna səbəb Güləndir.

 

İşıq, su bahalaşdı –

Buna səbəb Güləndir.

Arvad ərlə dalaşdı –

Buna səbəb Güləndir.

 

Nazir başa bəladır –

Buna səbəb Güləndir.

Polis xalqı mələdir –

Buna səbəb Güləndir.

 

Prezident ömürlük

Buna səbəb Güləndir.

Lap açığı – ölürük! –

Buna səbəb Güləndir!

 

22.08.2016 Samara

 

 

 

OYNAR-GÜLƏR BALAN ÖLDÜ…

                  ANAMIN XATİRƏSAİNƏ

 

Oynar-gülər balan öldü,

Çörək zəhər, su haram.

Deyirdin ki, “Salman öldü,

Daha mən də qalmaram”.

 

 

Öz xoşunla gəlməmişdin,

Öz  xoşinla gedəsən — 

Sinən dağlı, gözün yaşlı,
Dözdün yarım əsrə sən.
 

 

Kim çıxardı bu qərarı,

Niyə belə yazıldı…

Bəlkə məsum uşaqlara,

Azdır əsrin yası da…

 

05-08.08 – 2016 SAMARA

 

EDAM

Bilmrəm əvvəli yolun hardadı,

Nə it səsi gəlir, nə işıq yanır.

Zülmət içindəyəm, gecə yarıdır,

Edama gedirəm – təkcə bu aydın.

 

 

Bir nəfər solumda, biri sağımda
Üzləri görünmür, səsləri gəlmir.

Ağır daş asıılb hər ayağımdan,

Dura da bilmirəm bir nəfəs dərəm.

 

 

Bilmirəm bu hökmü mənə kim yazıb,

Hansına görədir günahlarımın.

Edama gedirəm həqir və yazıq,

Cəllad hüzuruna baş aparıram.

 

 

Nə bir it hürüşü, nə də bir çıraq,

Boşluğa, heçliyə atıram addım.

Yubansa, yan ötsə edamın, Allah,

Elə bu zülməti sevib yaşardım!..

 

 

Birdən ayılıram… tərli, yarımcan,

Yuxuymuş işgəncə, yuxuymuş edam!

Çırağı yandırsam, yerisəm ancaq,

Yenə də heçliyə yuvarlanaram…

 

24-25.07.2016

Cemete — Samara

 

 

 

 

 

DƏNİZDƏ QASIRĞADIR

Kolllar, ağaclar durur,
Hərəkətsiz qıraqda.
Günəş qumu qovurur,
Yarpaqları qarsıdır.
Qıraqda sakit, fağır —
Hərə öz sırasında.
Gəmilərsə burulur,
Dalğalar arasında.
Qıraqda yer-göy yatıb,
Dənizin öz həyatı –
Sular qalxır, sovrulur,
Dalğa dalğanı qovur,
Yalını qabardaraq –
Dənizdə qasırğadır.

21.07.2016

Anapa — Cemete

QUMA SANCILIRIQ, SUYA BATIRIQ…

Quma sancılıqıq, suya batırıq,
Al günün altında yanıb yatırıq.
Vurnuxuruq odla su arasında,
Nə tapdıq, yeyirik zəhər dadsa da.
Yerlə sürünürük, göylə uçuruq,
Yorğa yeriyirik, asta qaçırıq.
Belə çalışırıq ömrü uzadaq,
Təkcə kölgəmizdir uzanan ancaq.
Sürünür, uzanır gün altda o da,
İtir gözümüzdən gün gedən anda.

14-18.07. 2016
Anapa, Cemete qəsəbəsi

TÜRK ƏSGƏRİNƏ

Tarixi süngüsüylə,
Yenidən yazan əsgər!
Küçədə döyülürsən,
Paltarında qan, əsgər!

 

Adları, sərhədləri
Təzələdin, dəyişdin.
Üstünə kütlə gəldi,
Uduzdun bu döyüşdə.

 

Aşaraq dənizləri,
Yıxmısan qalaları.
İndisə yenilirsən,
Sıxılıb dalanlara.

 

Elinin bayrağını,
Zirvələrə sancmısan.
Yarır indi bağrını,
Kütlədən olan insan.

 

Ölkələrlə qovğada,
Sən ölkə yaratmısan!
Ölkəsini dağıdır,
Səni daşlayan insan!

17.07.16.
Anapa,  Cemete qəsəbəsi

QOCA VƏ İT

Gah it ayaq saxlar, gah qoca durar,

Gah qoca qabaqda, gah it qabaqda.

Adlayıb deyəsən on beşi Lora,

Qocanın səksəni qalıb uzaqda.

+

İşğal altda olub balaca vaxtı,

Kursk tərəfdəndir Nikolay əslən.

Yada salandasa ötən həyatı,

Söyür anasını kommunistlərin.

+

Topuqdan aşağı kandarı belə,

Nəfəsi qaralır it adlayınca.

Sarılıb çəliyə titrəyən əli,

Yeridikcə yerlə əlləşir qoca.

+

Qurdbasan üzülür, qoca tükənir,

Gedənlər elə bil iki kölgədir.

Səksən il içində qoca çəkəni,

On beş il içində çəkib bəlkə it.

30.06 – 01.07.2016

Samara

TANRI HƏLƏ DİNCƏLİR…

Tanrı Göyü yaratdı,

Yeri yaratdı Tanrı.

Tanrı Ayı yaratdı,

Yaratdı ulduzları.

 

 

Gördü çatışmır nəsə,

Kişi yaratdı Tanrı.

Kişi düşdü həvəsə —

Dişi yaratdı Tanrı.

 

 

Çatdırıb işi başa,

Baxıb dedi: “Qəşəngdir!

Altı gün çalışmışam,

Gərək dincələm indi”.

 

 

Qovur o vaxtdan bəri,

Minillər minilləri.

Öz işindədir hərə,

Tanrı hələ dincəlir.

 

 

Unudub yuxu nədir–

Yatanda da oyaqdır.

Əyləncə istəyəndə,

Kainatı oynadır.

 

 

Dənizləri daşdırır,

Batırır şəhərləri.

Ordular quraşdırır,

Vurur kəllə-kəlləyə.

 

 

Azar salır canına,

Adamların, mələdır,

Çox işi nə yazılan,

Nə də ki deməlidir…

 

 

“Qan hopub qabığından,

Yerin özəyinəcən”.

Kainatı oynadır –

Tanrı hələ dincəlir..

 

 

23.05.2016 Samara

ÜRƏYİ YARALI ŞƏHİD ANASI…

Ürəyi yaralı şəhid anası,

Adamla dolacaq indi yan-yörən.

Yaxının, uzağın gələcək yasa,

Bir aləm olacaq təsəlli verən.

+

Bəlkə saraya da çağırılarsan,
Səni dəvət edər bəlkə də Başçı.

Getmə, anam, bacım, de ağrıyırsan,

Saray məclisindən özünü qaçır.

+

Saray süfrəsində yemə tikə də,

Yansa da ciyərin, içmə suyundan.

Burda vur-çatlasın olub bəlkə də,

Güllə qabağına gedəndə balan.

+

Şampan partladıblar gecə yarısı,

Balan yağılarla çarpışan zaman,

İnanma yaş töküb ağlayan olsa,

Ürəkdən ağlamır burda ağlayan.

+

Hansı kefdə olub gül balaları,

Güllə qabağına balan gedəndə?

Sütül uşaqları qurban aparıb,

Yığışıb ehsanı yeyirlər indi…

08-09.04.16

Samara