Son dəfə qələmi əlimə alıb,
Haçan yazdığımı deyə bilmərəm.
Çatlaq “armudu”ya yığılıb qalıb,
Quruyur içindən bir ovuc qələm.
+
Dəhlizə qoyulub istifadəsiz,
Bəlkə on beş ildir yazı makinam.
Bahalı yuqoslav maşını, “Unis”,
Tapıb-düzəltmişdi pulunu anam…
+
Yazıram kağızsız, qələmsiz indi,
Qalmır variantlar, qaralamalar.
Canda həyəcansa elə həmindir,
Kardioqram tək çıxır misralar.
+
Yoxsa müsahibin — itiridin səsi,
Kağızsız, qələmsiz xətt itir artıq.
Nə qəm, tanımasın məni özgəsi,
Faciə özümü tanımamaqdır.
+
Bizi kainata atan Tanrısa,
Nəyi necə yazsaq, anlayır gözəl.
Yox, bizi bir “delete” komandasıyla,
Silməyə qadirdir bircə yalnız əl…
07. 02. 2020, Samara






