Архивы

SALUR QAZANIN YURDU İLƏ SORAQLAŞMAĞI

U LENİ. KİNO

Qohum-qəbiləli, günləri coşqun!

Qulana, sığına, keyikə qonşu!

Yurdum, yağı səni taladı hardan!

Boşalmış yurd qalıb uca binamdan,
Oturan yer qalıb qoca anamdan,

Qalıb burda Uruz oxundan nişan,
Bəylərin cıdıra çıxdığı meydan.

Mətbəxdən ocaqdır qalan, qaralan.

14.03. 2021, SAMARA

DƏDƏ QORQUTUN SÖYLƏDİYİ

U LENİ. KİNO

Allah deməyincə düzəlməz işlər,
Kişinin qazancı Tanrıdan gələr,

Qəzası əzəldən yazılıb qulun,
Əcəlin vədiylə yetişər ölüm.

Çıxan can qayıtmaz, dirilməz ölən,
Bu Qara dağ boyda sərvəti olan,

Ha yığa, qismətdən çox yeyə bilməz,
Sular qarışmaqla dənizə dönməz.

Tanrı sevgisi yox təkəbbürlüyə,
Könlü uca tutan başına döyər.

Saxla —  oğul olmaz yad balasından,
Böyüyüb gedəcək yada salmadan.

Kül təpəcik olmaz, kürəkən – övlad.

Eşşək qatır olmaz yüyənləsən də,
Kəniz xanım olmaz don geyinsə də.

Lopa-lopa yağa qar, yaza qalmaz,
Çəmənin yaşılı payıza qalmaz.

Gözləmə bez olar əski pambığın,
Düşməndən  dost olmaz, hədərdi qayğın.

Ağaclar qırılar yol çəkiləndə,

Qılıncdır döyüşdə sonu həll edən.

Kişi ad çıxarmaz qıymasa mala,

Qız gərək öyüdü anadan ala.

Oğul süfrə açar, görsə atadan,
Bir göz işığıdır ataya oğlan.

Ataya ümiddir ağıllı olan.

Ata mal qoymasa, neyləsin oğlan.
Başda dövlət yoxsa, nə fayda maldan…

Ağılsız adamın şərindən sizi,
Xanım, qoy saxlasın Tanrının hifzi…

13.03. 2021, Samara

«QƏRİBƏ YERDƏYƏM MƏN…»

U LENİ. KİNO

Qəribə yerdəyəm mən,
Dili də qəribədir.

İsim nə qədər desən,
Sifət hər şeyə birdir.

Kişi rus kişisidir,
Qadın rus qadınıdır,

Rus küləkləri əsir,
Yağır rus qarı burda.

Rus göyüdür göy ancaq,

Günəş rus günəşidir.

Rus ağacıdır ağac,

Meşə rus meşəsidir.

Burda Volqa rus çayı,

Rus çörəyidir çörək,

Eşq rus eşqi sayılır,

Rus ürəyidir ürək.

Bu yerə düşüb əsir,
Əsrdir yaşayıram.

Rus küləkləri kəsir,
Döyür rus yağışları.

Aşılayır dərimi,
Haçandır rus iqlimi.

Bircə bacara bilmir,
Dəyişdirə dilimi.

Bilmirəm rus ürəyi,
Rus məhəbbəti nədir,

Ancaq rus qəribliyi,

Ürəyimi göynədir…

 

11. 03. 2021, Samara

«AZADLIQ» ADLANIR ƏN YEKƏ MEYDAN…

U LENİ. KİNO

“Azadlıq” adlanır ən yekə meydan,
Küçənin göyçəyi – “İstiqlaliyyət”.

Küçə adlarından, meydan adından,

Dadır dəyərləri ölkə və millət.

Yayır həndəvərə ətrini benzin.

Tərpənir maşınlar sıx sıralarla,

Yox sayı bahalı limuzinlərin.

Baxsan, dəbdəbəsi gözünü yorar.

Uşaqdır elə bil, boyu bir tikə,

Ayaqsız qayıdıb yaxın hərbdən,

Şığıyıb düşmənə şir kimi bəlkə,

Qırağa qısılıb indi yol gedən.

Keçib limuzinlər yanından gedir,
Yox ona boylanıb bir an göz dikən.

Əsgəri hay-haray, tıxac tərlədir,

Vəıziyyət ağırdır cəbhədəkindən…

Gedir limuzinlər, gedir axınla,
Müzəffər əsgəri qabaqlayaraq.

Dünən o, qabaqda qan axıdanda,

Bunlar çəkiliridi dala, daldaya…

01.03. 2021, Samara

YERİN BOŞ GÖRÜNƏRSƏ…

U LENİ. KİNO

Müvəqqətidir insan,

Gedərsən, gedərəm mən.

Olmayıb, olmaz qalan,
Qurdla qiyamətəcən.

Çalışır hərə bir cür,
Qala, dura əbədi.

Uşaq ağacı cızır,
Əbədiləşsin adı.

Gedəndən nə qalacaq?
Pulu, dövləti, adı?

Ya vaxta bənddir ancaq —
Hamı unudulandı?

Sökülər, nə tikərik,
Yığdığımız dağılar.

Duman tək çəkilərik,

Yaddaşlardan, vaxtı var…

İtər sorağın, adın,
Yığsan da nə qədər sən.

Zəngin həyat yaşadın,
Yerin boş görünərsə…

26.02. 2021, Samara

TƏPƏGÖZÜN APOLOGİYASI

2

Təpəgöz qolunu yaradan insan!

Əsirəm, aşiqəm istedadına!

Sənin əsərini oxusam haçan,
Yenə yaş axıtdım, ağladım yenə…

Getməsin heç kimin uzağa fikri,
Məni ayrı şeydir ağladan tamam.

Məni Təpəgözün törətdikləri,

Necə sarsıtsa da, yaş axıtmıram.

Elə ki, tək gözdən olur Təpəgöz,
Naləsi ucalır göyə elə ki,
O anda bəs deyil mənə iki göz,

Axıdam qan-yaşı, gedə sel kimi.

Təpəgəz boyunu yaradan düha!

Tanrı vergisiylə doğulan insan!

Qopur Təpəgözün elə ki, ahı,
Mənim ürəyimdən qara axır qan!

“Məni ala gözdən, yigit, ayırdın,

Səni tatlu candan ayıra Tanrı…

Göz dağı verməsin heç kimə Qadir…”

Bəlkə bir oxumuş, ya da ziyalı,
Tibbə, fəlsəfəyə baş vurar indi.

Qatilə, caniyə canıyananlıq,

Deyər Stokholm sindromudur.

Nə deyim…Bəlkə də… Oxuyun ancaq,

Bir də Təpəgözün monoloqunu.

Tanrı hüzuruna yaxınlaşınca,

Haçan, nə törədib, alır boynuna!

Baxın dünyamıza! Adamyeyənlər,

Görün nə qədərdir! Azmı ağladan
Qocanı, qarını? Görün nə qədər,
Xınalı gəlinin həyatı viran!

Nə maldan, nə puldan gözləri doyan,

Azmı həndəvərdə? Yad ömürlərə,
Qəsd edən, yetimə, kasıba qıyan,

Minləri qırdıran bircə əmrlə?

Qız-gəlin qarğışı, qarı qarğışı,
Birini tutubmu? Ya da haçansa,

Lap ölüm qabağı, axıdıb yaşı,
Üzr və mərhəmət diləyib hansı?

Talayır dünyanı ikigözlülər,
Nə sapsız qılınc var, Basat var nə də.

Dayanmaz, yaş axar, qan da tökülər,
Yenə yalnız gözün çıxan yerindən…

23.02. 2021, Samara

ƏSGƏR QƏBRİ

26 SENT 2019. 2

Çiçəklər döşənib məzarın üstə,

Bağçada bitəni, sünisi  vardır

Sünilər rəngini itirirsə də,

Dərlib gələnlər qaralmaqdadır.

Özü çiçək ömrü yaşamış oğlan,
Uyuyur altında  torpağın indi.

Yaşıl qələməydi, yıxılıb qalan,

Nə qalxan, nə də ki, bar gətirəndi…

Keçib zülm yolu anası gələr,

Çağırar, eşitməz bala səsini.
Bir əllə yaşını silər, bir əllə

Düzəldər güllərin səliqəsini.

Al çiçək, əlvan çiçək,
Qalıb qaralan çiçək.

Yarpağında göz yaşı,
Ləçəyində qan çiçək…

19.02. 2021, Samara

27 SENTYABR 2020-Cİ İL

əli_tagiyev

salyanlı əsgər Əli Tağıyevin xatirəsinə

Dan yeri qızarıb, tələsmir ay da,
Çəkilib getməyə göydən hələ ki.

Bəlkə son yuxudan durub piyada,
Baxmır aya, günə, gözü yol çəkir.

Nizam-intizamla dayanmış əsgər.

Geyim mükəmməldir, təzədir yaraq.
Baxışdan, üzdənsə uşağa bənzər,

Oda atılacaq indi bu uşaq.

Yersizdir Şekspir tərəddüdləri,
Burda “olum” yoxdur, “ölüm” var ancaq.

Hamletin taleyi öz əlindədir,

Beş əsr düşünür qərardan qabaq.

Səninsə taleyin bir əmrə bənddir,
Sahibi deyilsən öz həyatının.

Komandir “İrəli” qışqırar indi,

Gedərsən, minadır ayağın altı…

“Can, bala!” deyərək ağlayan anan,

Tikan qanadanda ayaqlarını,
Duyar aparanda səni qızıl qan,
Əl atıb dağıdar yanaqlarını…

Ay və gün yox olar, yer və göy itər,

Son verər bu savaş gənc həyatına,

Artırar Bakıda çevik fəhlələr,

Dəmir medalların hasilatını…

Şəklinə baxıram, şəklin ağladır,
Baxışdan uşaqsan, üzdən uşaqsan.

Zirvə söhbətləri hoqqa və lağdır,
Ölmüsən, haqqın var möhtəşəm yasa.

Məzarın önünə gəlib baş əyə,
Parket generalı, vəkil və nazir.

Ölkəni hərləyən, xalqı hərləyən,

Gəlib torpağına üz qoya bir-bir.

Qara bağlanaraq ensin bayraqlar,
Balaban çalınsın, Albinoni də.

Ali baş komandan, dizini qatla!

Müzəffər əsgərin borcunu ödə!

27. 01. 2021, Samara

ANIM GÜNÜ

Bu gün vətənimdə yaxşı hava var,
Xəstəyə dərmandır, hava deyil ki.

Belədə keçmişi insan unudar,
Gələcək günlərdir arzusu, fikri.

Daha şirə tutub bütün meyvələr,

Günəş kefə işlər, kef verər  indi,
Doğumu möhtəşəm, batımı gözəl,
Şöləsi yandırmır, məzələndirir.

Soydaşım, yenə də gözlərin xumar,
Fikrini gələcək aparıb yenə.

Amma gələcəyin gələcəyi var,
Sonrasa…Aydındır sonrası sənə…

Qıfıl deşiyindən necə baxarlar,
Gözünü eləcə keçmişə zillə.

Baxdığın zamanda çoxlu ölüm var,
Sənin öz ölümün orda yox hələ.

Soydaşm… Ağalar, gözəl xanımlar!

Hava nə gözəldir, eyvana çıxın!

Ölkədə kütləvi bu gün anım var,
Çevrilib bir illik keçmişə baxın.

Orda ölümü var bir neçə minin,

Heç biri sizinki, mənimki deyil.

Getdilər, öldülər vətən naminə,

Siz də yayındınız, mən də keçən il.

Gedənlər, ölənlər özgələr idi,
Yayınıb sağ qaldıq, müzəffərik  biz,
Qaldırıb bayrağı yellədin indi,
Özünüz yellənin, utanmayın siz.

Soydaşım! Ağalar, gözəl xanımlar!

Yəqin ki, fikriniz gələcəkdədir.

Ancaq gələcəyin gələcəyi var,
Canı bilirsinz sözümün nədir…

27.09. 2021, Samara

ŞƏHİD ƏSGƏRİN MEDALI

BAKIDA YAŞAMAQ MÖHTƏŞƏM FƏXR…

SONY DSC

Bakıda yaşamaq möhtəşəm fəxr,

Üstəlik vəzifə, gəlir də varsa.

Maşının bir neçə, mənzilin – qəsr,

Dənizdən də payın — ətrafı hasar.

Dağı var Bakının, var düzəni də,
Ancaq zirvədəsən sən harda olsan.

Soydaşın olsa da, sənə özgədir.

Həyatın dibində sürünən insan.

Paytaxtda yaşamaq fəxrdir, ancaq,

Burda da innsanın çatır axırı.

Adın, malın varsa, yer tapılacaq,

Gözəl Xiyabanda, özü də Fəxri.

Hardasa, könlündən, gözündən uzaq,

Kəndlər var, kəndlərdə adamlar da var.

Həyatsa fəxr yox, həyatdır ancaq,
Bir gözlə gülənin bir gözü ağlar.

Burda məzarlıq da adi və tanış,
O nə xiyabandır, fəxrdir nə də.

Təzə qəbirlərdən sıra yaranmış,

Yaslı analardır duran önündə.

Bəzənib qəbirlər allı-yaşıllı,
Toya alınanlar daşa bağlanır.

Şəkillər öpülür, ürək alışır,
Əsgərlər eşitmir analarını…

Burdan uzaqlarda fərari şəhər,
Bəzənir-düzənir, öz kefindədir.

Kefdə qəsrlilər, mersedeslilər,
Şərəf yox, qeyrət yox, həyatsa fəxri…

21. 01. 2021, Samara

KOMANDAN ÇAY İÇİR CIDIR DÜZÜNDƏ…

20.03. 2020

Komandan çay içir Cıdır düzündə,
Sağında arvadı, solunda qızı,
Ya da ki, tərsinə. Ana qızından,
Cavandır elə bil beş-on yaş azı.

Görünür dumanlı dağlar arxada,
Görünən heç nə yox həndəvərdəsə.

Çay içir komandan, qızı, arvadı,

Çəkənlər vurnuxur önlərindəsə.

Görünmür bu çayı qoyan, dəmləyən,
Paxlava bişirən görünür nə də.

Belində bu masa, stullar gələn,

Əsgər indi durub hardasa gendə.

Yox bu paxlavalı masa dalında,

Şəhəri yağıdan qanıyla alan.

Yalınəl əsgərin sağ qalanından,
Paxlavalı çaya yox çağırılan.

Çay içir komandan, qızı, arvadı,

Üçü də oturub hərbi geyimlə.

Yüz ildir ölkəni idarə edir,
Bir əsgər verməyib ailə hələ…

Yatır torpaq altda sütül uşaqlar,
Dəmirdən medaldır onların haqqı.

Ali Baş Komandan! Soruşmaq olar? –

Sizin öz oğlunuz hardadır axı?…

17. 01. 2021, Samara