Архивы

«ELƏ Kİ, İŞIQSIZ VAHİMƏLƏNDİN…»

İYUL 2023

İşığı söndürüb yerinə gircək,

Elə bil dünyanın keçir işığı.

Qatı qaranlıqlar səndən aşağı,
Üstdə nə ulduz var, nə də ki, mələk.

 +

Ürəkli, qorxusuz ola nə qədər,
Duyur qaranlaıqda vahimə insan.

İşıq keçən kimi özün də yoxsan —

Zülmət yoxluğa və ölümə bənzər.

 +

Elə ki, işıqsız vahimələndin,

Yada sal üzləri işıqlıları.

Bir gün qurşağından qonşu bir qarı,
Konfet verdi, yedin, “sağ ol” demədən.

 +

Hamı tərəfindən incidiləndə,

Ağlayıb göz yaşı axıdan zaman,

Səni sığallayb ovudan insan,
Kim idi? Yada sal onu da indi.

 +

Yaxşı yadındadır hər yıxılmağın,
Haraya yetişib qaldıranları
Ancaq unutmusan. İndi onları,
Yada sal, çəkilsin qorxun həm ağrın.

 +

Ananı xatırla, həm də atanı,
Onlar həyat verib sənə ən azı,

Xatırla deyilmiş hər şirin sözü,

Yada sal yaddaşda çoxdan itəni.

 +

Hər üz ulduz kimi parlasa əgər,

Ulduzlu səmaya yuxun dönəcək.

Hər ulduz dalından sənə bir mələk.

Gülümsər, yox olub vahimən gedər

 

03. 01. 2024, Samara

«DƏFNDİR ELƏ BİL BU MƏHKƏMƏLƏR…»

İYUL 2023

Bakı. Dekabrdır. Məhkəmə gedir,
Şərlənib növbəti siyasi fəal.

Narkotik, casusluq ya da qaçaq mal –

İttiham çeşidi geniş deyildir.

 +

Polislər küçəni götürüb hədəf,

Boşdur məhkəmənnin qabağı tamam,
Məhkəməyə gələn beş-altı adam,

Qovulub binanın tininə tərəf.

+
Bu nə məhkəmədir – məlum hər kəsə,
Məhkəmə zalında iş həll olunmur,

Hamıya tanış bu gülünc oyundur,

Çoxdan hökm yazıb, iş də kəsiblər.

 +

Dəfndir elə bil bu məhkəmələr.
Dəfndən sürpriz kimdi gözləyən?

Hər insan bilir ki, dirilməz ölən,
Ağlı başındasa insanın əgər…

 +

Gələn beş ya altı… Biri vəkildir,
Biri müttəhimin yazıq arvadı.

Yutuba video video çəkən də vardır,

Eyni şeyi çəkir gör neçə ildir.

 +

Haqdan, ədalətdən şeir deyən var,

Məhkəmə necəsə, şeir də elə.

Tini tərk edləyib sonra gedirlər,
Başları sallanıb, yəqin acdılar…

 +

Yoxsulluq, gücsüzlük qəlbə çəkir dağ,

Mozartı dəfn edir Vyana sanki.

Mozartı, Şuberti olmayan ölkə,
Dünyanı özünə güldürür ancaq…

 

28. 12. 2023, Samara

MİRZAĞA MƏLLİM

İYUL 2023

Salyan, 1960-70-ci illər

 

Bazarda, asfaltın elə üstdəcə,
Qarpızlar ehram tək qalaqlanırdı.

Yayda və payızın ortasınacan,
Mirzağa məllimin alveri vardı.

 +

Özü də asfaltda, bir az aralı,

Oturub zillərdi gözünü mala.

Başında bir yaylıq, ucları bağlı,
Tərini silərdi bir ayrısıyla.

 +

İri ağ adamdı, ucaydı boydan,
Deyərdin almandır, ingilis ya da.

Müəllim olmuşdu guya bir zaman,
Özünü tapmışdı sonra bazarda.

 +

Düz-əməli bilən yoxdu nə işdi,

Səbəbi çoxuna deyildi məlum.

“Lap sənin ananı…”  guya demişdi,

Hansı uşağasa Mirzağa məllim.

 +

Partiya olmuşdu bəlkə söyülən,
Bəlkə partiyaçı çaqqalın biri.

Əslində tanınır söyüşlə Səlyan,
Vardır çox şeyi də söyməyin yeri…

 +

Qarpızdan yaranan piramidalar,
Kəllə qalağını xatırladırdı.

Mirzağa məllimsə Teymurləng idi,

Həm də İsgəndərə bənzəri vardı.

 +

Bazarda dünyanın mənzərəsi var,
Hamı müştəridir, məramı da bir,

Alan yalan deyər, satan aldadar,

Hamı burun, mədə, hamı kəllədir…

 +

FatehTeymurlənglə göy satanları.

Zaman qalaqlayır kəllə-kəlləyə,

Sümüyə baxmaqla eləsi varmı,

Fatehi miskindən ayıra bilə?

 +

Mirzəğa məllimdən nə deyim daha? —

Səlyanda çox yaxşı çıxarmışdı ad.

“Mal yemi” deyirdi malı alanda,

İnci qimətinə satırda ustad…

 

26. 12. 2023, Samara

HOYDU, POIİSLƏRİM, HOYDU…

POLİS HAQQINDA

(KOROĞLUYA BƏNZƏTMƏ)

Hoydu, polislərim, hoydu,
Şığıyınız el üstünə.

Elə bilin yal qoyulub,

Gedirsiniz yal üstünə.

 +

Vurun erkəyi, dişini,

Dinənin tökün dişini.

Qamarlayıb on beşini,
Sərin leş tək yol üstünə.

 +

Zərbəsindəbn dəyənəyin,

Silkələnsin baş və beyin.

Qoçaq gedin, mətin gedin,
Siyasi fəal üstünə.

 +

Qapısına sürün maşın,
Açmasa, hasardan aşın.

Atın xəlvət anaşanı,
Ya da saxta pul üstünə.

 +

Mən ali baş komandanam,

Mələdənəm, ağladanam.

Bəxtəvərdir bunu qanan,

Qanmayanın kül üstünə.


Mirzə TƏBİL

25.12. 2023, Samara

UÇAR MİLLƏTİM DƏ BƏLKƏ BİR ZAMAN…

Pterozavrlar yaranıb əvvəl,
(Alimlər deyənə əgər inansaq) —

Düz iki yüz otuz milyon il qabaq!

Səksən milyon il keçib quşlara qədər…

 +

Quş olub uçuruq yuxuda bəzən

Belə yuxulardan şirini hanı?

Sevirik qanadlı yuxunu, varmı,

Yuxuda özünü sürünən görən?

 +

Həyatda…Həyatda həm qanadsızıq,
Vardır addımın həm məhdudiyyəti.

Qadağa pozmağa yox qətiyyəti,

İnsan itaətdə, sürünən, yazıq…

 +

Qapanıb ölkənin sərhədi çoxdan,

Açarı cibində uzurpatorun.

Kiriyib içində düşdüyü torun,

Çırpınıb çıxmağa can atmır insan.

 +

Yüz əlli milyon il keçib, deyirlər,

Quşların dünyaya gəldiyi vaxtdan.

Uçar millətim də bəlkə bir zaman —

On-on beş milyon il sürünüb əvvəl…

 

20.12. 2023, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-18

İlham Əliyev 4

Bilməyənə deyim yenə:

Yumruğu dəmirəm mən!

Prezident deyiləm mən,

Sultanam, əmirəm mən!

 + 

Məni tənqid eləsələr,

Tutub dama basıram.

Dərs olmasa bu da əgər,
İran kimi asaram.

 +

Qızıları da kişilərə,

Qatıb damlayıram mən.

Mənə gərək könül verə,
Bu ölkədə hər zənən.

 +

Tanımıram bayden-mayden,
Makronu hərləmirəm.

Tanrı enib gələ göydən,
Onu da saymaram həm.

 +

Londonda kim dərs desə də
Evdə namaz qılsa kim,

Bilsin mənəm başı üstdə,
Eləsin mənə təzim!

 +

Analoqsuz seçki indi,

Keçirirəm yenidən.

Millət, mən özümü seçdim,

Yekdilliklə bəyən sən!

 +

Yediklərin olar haram,
“Yox” desən bu seçimə.

Gözlərini çıxararam,
Dişlərini tökərəm!

 

Mirzə Təbil

19. 12. 2023, Samara

 

«ALÇANIN ALTINDA, HİSLİ OCAQDA…»

20230721_135628

Alçanın altında, hisli ocaqda,
Bəlkə otuz ildir qalaylanmayan,

Qədim mis qazanda, tavada ya da,
Xörək bişirərdi yay günü anam.

+

Əlinə gələndən ataraq qaba,

Pörtər, qızardardı, ya qaynadardı.

Yeməyin ətriylə dolardı hava,
Ləzizdi, lətifdi, yoxsa da adı…

 +

Ana yeməyinə, ev xörəyinə,
Həsrətəm, hərçənd ki, qarnım ac deyil.

Nə qədər səy ilə bişirəm, yenə,

Ətri heç, dadı da yoxdur elə bil…

 +

Hisli ocaq üstdə mis qazan asıb,

Mənə ləziz xörək bişirənlərim!

Məməm, Sübü bacım, Ağənnə bacım!

Əzizdim, yuxarı başda da yerim…

 +

Kəndə gəlib çıxsam möcüzə ilə,

Məni çaşqın görən sayar yol azan,

Nə ocaq qalıbdir, təndirimiz nə,

Türklərə satılıb bəlkə mis qazan…

 +

Özümü toplayıb it hürüşməyən,

Bir həyətə bəlkə orda  girərəm.

Qaz pilətəsində qaynayan, bişən,
Xörəkdən çəkərlər, alıb yeyərəm…

 +

Nə iştah duyaram, dad bilərəm nə,
Dinməz gəvələrəm qabımdakını,

Sonra kənd yoluna çıxaram yenə,

Qəbiristan sarı yol çəkər məni…

 +

Bilmərəm ki, məni tanıdılarmı,
Saydılar yol azmış yolçu ya da ki.

Dedilər bəlkə də: “Olsun haramı,

Boş əllə gəlmişdi, yedi mal kimi”…

 12. 12. 2023, Samara

BİR KƏRƏ QALXAN BAYRAĞIN ENMƏYİ

LAF TV LƏMAN

Ləman Afət qızı yenə efiri,

Sarsıdır təcili və şok xəbərlə,
Sel kimi göz yaşı axıdıb deyir,

Bizdə olmamışdı belə şok hələ. hələ.

 +

Ölkədə baş verib, deyir, faciə,
Ağırdır Şekspir faciəsindən.

Baş verib qəfildən, baş verib gecə,
Səhər xəbər gəlib nəticəsindən.

 +

Yoxmuş həndəvərdə bir insan oyaq,
Oğru da, bandit də yataqda ikən.
Bir kərə göylərə ucalan bayraq,

Enib, yıxılıbdır gözlənilmədən.

 +

Qara asfalt üstə sərilib qumaş,

Qırılıb dəstəyi bir neçə yerdən.

Hadisə yerinə gəlib Ali Baş

Komandan. Öyrənir bu işi şəxsən.

 +

Ağır şok yaşayır Cəbhə, Müsavat,

Məmmədəmin deyən yalana çıxmış!

Bəlkə İqtidardan gəlir təxribat,

DTX fənd qurub bayrağı yıxmış?

 +

Suçlaya bilərlər Məmmədəmini,

Bəlkə maddəsi də seçilib artıq,

Mühasirədədr bəlkə Novxanı,

Udub sarısın yenə xalq yazıq.

 +

Söz var bir də bayraq ucalmayacaq,
Kiməsə boş yeri olar göz dağı.

Muzey əşyası tək qalacaq ancaq,
Tarixə dönəcək dalğalanmağı,

 +

Dəmir Yumruq indi guya qalxacaq,

Bayraqdan uca, həm bayraqdan yekə,
Elə düzəldəcək onu İlon Mask,
Qolaylana bilsin bütün ölkəyə….

 

05. 12. 2023, Samara

MİRZƏ TƏBİLİN BAKIYA, MİRZƏ ZƏLİLƏ MƏKTUBU

İlham Əliyevin iqamətgahı

Qorxulu xəbərlər gəlir Bakıdan,

Əmoğlu, doğrusu şok içindəyəm,

Casusla doludur Azəribaycan,

Bil ki, nə gündüzüm var, nə də gecəm!

 +

ABŞ casusları saysız-hesabsız,
Bakıda ingilis qoşun kimidir,

Onlardan az deyil yəqin fransız,

Siyahı uzanar sayılsa bir-bir.

 +

AZTV-yə baxdım İnternetdə mən,
Qarınağrısına düşdüm, əmoğlu!

Deyirdi hər casus millətə düşmən,
Hər biri əxlaqsız, hər biri oğru.

 +

Deyirdi onların hamısı geyidir,
Əmoğlu, özünü gözlə sən orda!

Ancaq üzür məni, düzü, bir fikir:

Doğub-törəyirlər necə bəs onda?

 +

Deyirdi casuslar burun soxurlar,

Varsa harda kimin pulu, sərvəti,

Dava tutan da var hətta SOCARla,

Guya mənimsəyir qazı və nefti.

 +

Əmoğlu, inanma daha heç kəsə,
Sən də casus kimi özünü apar.

Əgər pensiyandan gizləmisənsə,
Bilər əmigəlnim, müsibət qopar.

 +

AzTV deyirdi bizimkilərdən,

Az deyil bu casus şəbəkəsində.

Yazırlar nə gəldi prezidentdən,
Yazırlar birinci xanımdan həm də.

 +

Bir kəsə də aman yox indən belə,

Hər gün tuthatut və məhkəmə indi.

Mübarizədirsə xaricilərlə,

Özününkülərlə  müharibədir.

 +

Əmoğlu! Səninçin narahatam mən,
Söz danışmısansa harda, haçansa,

Özünü könüllü təslim elə sən –

Əgər tez otursan, tez də çıxarsan…

 +

Mirzə TƏBİL

28. 11. 2023, Samara

«BAYRAĞIN ALTINDA YAŞAR XALQ OLAN…»

20230721_135628

Ölkə təsadüfi, xalq təsadüfi,

Təsadüflərin də hər cürü vardır…

Uşaq yuxusudur tarix hardasa,
Hardasa dəlilsiz bir uydurmadır.

 +

Bayrağın altında yaşar xalq olan,

Yamruq altdakının adı bəs nədir?

Yurdunda qonaq tək yaşayır insan,
Biri qastarbayter, biri kölədir.

 +

Yumruq düyünlənmir yumruq önündə,
Yayınıb uzağa qaçırıq ancaq.

Qolaylanır Yumruq uzaqdan indi,
Uşaq yuxusudur həm ölkə, həm xalq.

 +

Unudulubsa da yurdumun yolu,

Dost, önümdə açsan xəritəni sən,

Göstərə bilərəm gözüyumulu,
Ağalar və qullar ölkəsini mən…

 

25.11. 2023, Samara