Архивы

GETSEMANİ BAĞINDA, YADINIZDASA ƏGƏR…

Getsemani bağında, yadınızdasa əgər,

Deyirdi şagirdlərə, fəlakəti duyaraq:

Ürəyimi bürüyüb öldürücü bir kədər,

Məndən aralanmayın, qalın mənimlə oyaq.

 +

Dua da eləyirdi  üzüstə qapanarq:

“Mümkünsə əgər Atam, yan ötür camı məndən.

 Bilirəm mən istəyən önəmli deyil ancaq

Qoy olsun nəyədirsə sənin ali iradən”.

 +

Gözlərini qapayır mürgü şagirdlərinsə,
Müəllimin sözündən daha güclüdür yuxu.

Onları yatmış görüb kədərlə deyir İsa:

“Mənimlə oyaqlığa bir saat nədir axı!”

 +

Səma səltənətinə gedəcəkdisə əgər,

Yaxın ölüm İsanı belə qorxudur niyə?

Qorxardımı ölümdən, xardalın tumu qədər,

Olsaydı inam onda özünün dediyinə?

 +

Bəlkə lap çarmıxda da, əlli il, hətta yüz il,
Razı olardı qala, yaşaya bilə ancaq.

Torpaqdan üzülsə də, torpağın altda deyil,
Yenə dan söküləcək, yenə günəş doğacaq…

 +

Peyğəmbərlər doğulur, peyğəmbərlər ölürlər,
Yatağında  ölən də, öldürülənlər də var.

Axirətdən hər biri danışsa da nə qədər,
Elə hər birimiz tək qorxub ölümdən onlar.

 +

Hardadır milyon illər bizdən əvvəl gedənlər?

Birindən indiyəcən xəbər, soraq varmıdır?

Özünün dediyinə xardalın tumu qədər

İnamı var idisə, İsa yalvarardımı?

 

22. 08. 2024, Samara

AH, O VAXT OLSAYDI İNDİKİ AĞLIM…

09. 10. 23     

                          Yusif Süleymanlıya

Ah, o vaxt olsaydı indiki ağlım,

Başımdan aşırdı sərvətim indi.

Yan-yörəm qiymətsiz xəzinə idi,
Nə istəyə bildim, nə zorla aldım.

 +

Lələmi, lələmi danışdırmadım!

Nələr danışardı, bir Allah bilər…

Doğum tarixi – on doqquzuncu əsr,

Üstəlik yaxşı da yaddaşı vardı.

 +

Gərək qılığına onun girəydim,
Əl atmaq olardı şantaja hətta,

Keçmişi içində dəfn edən ata,
Bəlkə də çox şeyi açıb deyərdi.

 +

Nənəmdə, nənəmdə nələr olarmış!
Sandığı kasıbdı, yaddaşı zəngin.

İyirminci əsrin əvvəli yəqin,
Bəzəksiz, yalansız orda qalarmış.

 +

Sinədəftər idi anam doğrudan,
Məharətli idi söhbətində də.

Yazaydım kaş bircə söz ötürmədən,

Dəftərə, yaddaşa gərək o zaman.

 +

Qonşular dünyanın özü tək qədim,

Tükəzban xala da, Bəyim xala da.
Oyuncaq tapança çəkərək hətta,

Bir kitablıq söhbət ala bilərdim.

 +

Zəli tək yapışıb dayım Sabirə,

Tarixi soraydım mən ondan gərək.

Şimallar, türmələr mən də onun tək
Görərdim, gedərdim bəlkə Sibirə.

 +

Virtuoz cibgirlər cib kəsən sayaq,

Bir şey hər yaddaşdan gərək çəkəydim,
Həm zəngin olardım mən, həm də qədim,
Varımı hər kəslə bölərdim ancaq.

 +

Ah, o vaxt olaydı indiki ağlım…

Nə bilim hər insan xəzinədardır,
Hər adi sinədə xəzinə vardır…

Sərvət itirmişəm, tükənmir ağrım…

09-10. 08. 2024, Samara

NİYƏ MƏNİM EVİM YANDI, İLAHİ?

Niyə mənim evim yandı, ilahi?

Yandı kitablarım, yandı hər şeyim.

Hökmü əlindədir hər şeyin axı,

Məni niyə seçdin? Daha nə deyim…

 +

Ev də ev deyildi, yarımev idi,

Elə pis deyildi şərait ancaq.

Qoşa pəncərəmdə gül də var idi,
Baxıb dincəlirdim yazıb yorulcaq.

 +

İlahi, yanmalı ev məgər azdı? —
Nəzərdə tuturam mən boş evləri!

Deyək ki, onlarrın lap yüzü yandı,

Olmaz yiyələrin bəlkə xəbəri…

 +

Mənsə Əyyub kimi lütəm, miskinəm,

İndi nəyim varsa, bağışlayıblar.

Əyin-baş verən kim, çörək verən kim,

Əyin-baş yandırır, çörək – zəhrmar…

 +

Bu söhbət şikayət deyil, İlahi,

İşindən baş aça bilmirəm amma.

Sənə ibadətdən yayınıb axı,
Dua eləyirəm əlli adama…

 

05. 08. 2024, Samara

ÖZGƏ ÇÖRƏYİ

09. 10. 23

Özgə çörəyisə əgər yediyin,

Süfrə başında tək deyilsən, demək.

Səninlə üzbəüz oturub yəqin,

Çörəyin yiyəsi, görünməyərək.

 +

Görünmür, yaxşıca görür o ancaq,

Səndən baxışları çəkilmir bir an.

Sayır hər tikəni, ağzına alcaq,
Baxır — çeynəyirsən, baxır – udursan.

 +

Gözünə görünmür çörək yiyəsi,
Duyursan önündə yəqin kimsə var.

Doymamış yox olur yemək həvəsi,
Könülsüz kəsdiyin tikə zəhrmar.

 +

Alnından, boynundan axıb gedir tər,

Daş kimi ağırdır xırda hər tikə.

Daş qoyub töksəydin bu təri əgər,

Yeməzdin heç özgə çörəyi bəlkə…

 

07. 07. 2024, Samara

«ADIM MƏMMƏDNƏSİR — KÜL OLMUŞ HƏSİR…»

09. 10. 23

Yerim bərkiməmiş yenə köçürəm,

Qaraçı köçünə bu köç bənzəmir.

Adət, həvəs deyil məni uçuran,

Adım Məmmədnəsir:  kül olmuş həsir..

 +

Gedirəm sonuncu sanki mənzilə,
Örtüb ayıbımı dostlarım alan.

Kəfən abra salır ölünü belə…

Deyən yox ki, bu yol bitəcək haçan.

+

Gedirəm üzülmüş, heç nə duymadan,
Dörd ya da beş nəfər gəlir dalımca.

Şubertin dəfnində çoxdumu bundan? —

Necə adamlardır hər biri ancaq!..

 

28. 06. 2024, Samara

 

YANĞINDAN SONRA

İYUL 2023

Qorxanam. Və nədən qorxmamışam ki?-

Açar itirməkdən o cümlədən də.

Cibə gündə gərək on dəfə bəlkə,

Əl vurub biləydim: açar — yerində!

+

İndi də, yəqin ki, unutduğumdan,

Başıma nə gəlib, hardayam, kiməm,

Cibimi yoxlayır əlim anbaan,

Barmaqlar boş yerə dəyir — əsirəm…

+

Açar yox cibimdə qapımı açam,

Ev də yox ki, girəm qapını açıb.

Dünyanın malından azad adamam,

Dünyanın yoludur üzümə açıq.

13.06. 2024, Samara

YANĞIN

İYUL 2023

Deyiblər iki şeyə baxmaq olar əbədi,

Odun yanmağldır bu, suyun axmağı bir də

Gözlərim, görün indi iki tamaşa birdən,

Əbədiyyət ömrü var ötən hər dəqiqədə.

+

Yanır yaratdıqlarım, yanıb gedir qurduğum,

Yanır alıb-yığdığım, yazdığım, oxuduğum.

Yanır nadir nəşrlər, şagird dəftəri yanır,

«Əlyazma yanmır» deyən, əlbəttə ki, yanılır.

+

«Fövqəladə» su vurur, su axır oda qarşı,

Bax, gözüm, möhtəşəmdir odla suyun savaşı!

Ehtirasın gücündən bir- birini məhv edən,

Çılğın sevgililərin beləcədir hərbi də.

+

Odun ehtirasını soyudub söndürür su,

Bədbəxt hadisəmi bu? cəzamı, sınaqmı bu?

Kül qalır iki saat əvvəl olan həyatdan,

Baxın, gözlərim, ancaq acı yaş axıtmadan.

+

Səcdə edərəm külə aralıdan mən elə,

Çıxaram heç səmtini bilmədiyim bir yola

Bircə yoldur dünyada tükənməyən, əbədi,

Həqir, başıaşağı yenə gedərəm indi.

07.06.2024, Samara

BACIM QIZI GÜLBAHAR ÜÇÜN

GÜLBAHAR

 Adına oxşayan çoxmu adam var? –

Nə Xeyir? Nə Allah? – məni götürsən….

Sən gülən, gülləri solmayan bahar,

İstəkli bacımın balasısan sən.

 +

Nə sərvət qazandım, nə ad qazandım,

Ancaq sevgi gördüm fövqəladə mən.

Sən “dayı” deyəndə ya da yazanda,

Bu gözəl rütbəmlə fəxr elədim mən.

 +

İlin doqquz ayı burda soyuq var.

Doyunca yayda da isinmirəm mən.

Qəlbimə xatirən gətirir bahar,

Pəncərəmdə açan gül kimisən sən.

27. 05. 2024, Samara

ROBERT BERNS. ANANIN AĞISI

Robert Burns

Tale verən hökm uçdu ox kimi

Deşdi ürəyini əziz balamın.

Onunla itirdim hər sevincimi,

İndi ağlamaqdır mənə qalanı.

Yıxılır sütüllər amansız əllə,
Şərəf tapdalanır, düşür torpağa.
Ümidimin fəxri yıxıldı belə,

Doğmaz gələn günün günəşi daha.

 +

Ana kətanquşu kolda ağlayar,
Alınb əlindən gedib balası.

Məni də ağladan oğul dərdi var,

Bir gün ara vermir qəlbimin yası.

Ölüm, qorxudurdun bir zaman məni,

Səni gözləyirəm indisə daim.

Gəl, qurtar, məzarım qazılsın dərin,

Balamın yanında yatım, dincəlim.

 ingiliscədən tərcümə

17-18. 05. 2024, Samara

++++++++++++++++++++

 ROBERT BURNS

A Mother’s Lament

 

Fate gave the word — the arrow sped,
And pierc’d my darling’s heart,
And with him all the joys are fled
Life can to me impart.
By cruel hands the sapling drops,
In dust dishonor’d laid:
So fell the pride of all my hopes,
My age’s future shade.

 

The mother linnet in the brake
Bewails her ravish’d young:
So I for my lost darling’s sake
Lament the live-day long.

Death, oft I’ve fear’d thy fatal blow!
Now fond I bare my breast!
O, do thou kindly lay me low,
With him I love at rest!

 LUKAŞENKO ŞUŞADA

20230721_135628

 Şuşanın üstündəki duman tüstüyə bənzər,
Dağı sanki şumlayır “Belarus” traktoru.

Özünü yığışdırıb, quruyub-qalıb şəhər –

Qonaqdır Avropanın sonuncu diktatoru.

 +

Can verib bu şəhərə kəndimin qoç igidi,
Bulağından içmədən, meyvəsini dadmadan.

Gəlib küçələrində qaniçən gəzir indi,
Paya kimi qolları dirsəyinə qədər qan.

 +

Qatı duman, sıx meşə, sıldırım qayalıqlar –

Boylanaraq müstəbid köks ötürür həsəddən.

Minləri belə yerdə yoxa çıxarmaq olar,
Sübut-dəlil tapılmaz, istintaq min il gedə.

 +

Ləziz içki və yemək, məxfi siyasi söhbət –

Kim şagird, kim müəllim? Kim kimə nə öyrədir?

Dağ xəlvət, dərə xəlvət, Cıdır düzü də xəlvət,

Xan qovulub — gədələr indi bu yerdə bəydir…

19. 05. 2024, Samara