Архивы

 UİLYAM ŞEKSPİR. 86-CI SONET

86 sonnet.jpg

                 Was it the proud full sail of his great verse…

 Onun şerininmi sənin izinlə,
Şimşək tək şığıyan tarım yelkəni,

Qoymur fikirlərim dilimə gələ,

Öldürür onları doğulan kimi.

+

Ruhuna ruhlarmı yazmaq öyrədib,

Şerinin zirvəsi məni sarsıdır?

Yox, salan nə odur məni heyrətə,

Nə ruhlar gətirən gecə yardımı.

+
Nə özü, nə də ki, hər gecə gəlib,

Ona hikmətləri tədris edən ruh,

Mənim sükutumun səbəbi deyil.

Qəlbimi incidən yox elə qorxu.

+

                   Onun şerində ki, səni görürəm,

                   Bax, onda əlimdə titrəyir qələm.

Ingiliscədən tərcümə

14.03.2018

Samara

    UİLYAM ŞEKSPİR. 85-Cİ SONET                     

Sonnet_85_1609.jpg

                                    My tongue-tied muse in manners holds her still…

Tərif deyənlərin dayanmır bir an,

Susur Mənim Pərim təvazö ilə.

Bütün Pərilərdən töhfə alınan,

Sözlər bəzənilir qızıl qələmlə.

+

Sən mənə fikirsən, onlara kəlmə;

Cahil ruhani tək “Amin” deyirəm,

Qabil ruh doğuran, nəfis qələmlə,

Formaya salınan hər hansı himnə.

+

Sənin tərifini eşitsəm haçan,

“Doğrudur!” deyirəm, artırıram da.

Ancaq ürəyimdə; səni hamıdan,
Güclü sevən mənəm, dilimsə laldır.

+

               Xoş sözlə xoş gəlir sənə özgələr,

               Ciddi fikrimə də ver ancaq dəyər.

Ingiliscədən tərcümə

13.03.2018, Samara

UİLYAM ŞEKSPİR.  84-CÜ SONET             

sonnet 84.jpg

                           Who is it that says most, which can say more…

Daha yaxşı deyən görən olarmı

Bu zəngin tərifdən: sən elə sənsən –

Bütün gözəlliklər səndə toplanıb,

Yaranmır hələləik bərabərinsə.

 

Kasıbdır o qələm əgər verməsə,
Yazdığı mövzuya azca təmtəraq.

Səndən yazan desə “sən elə sənsən”,

Şerinin dəyəri, hörməti qalxar.

 

Səndə olduğu tək köçürsün elə,

Təbiətin gözəl yaratdığını.

Adı bu surətlə onun yüksələr,

Üslubu heyrətə salar hamını.

 

Tərif aşiqisən, bunu hər bilən,

Bir tərif uydurur sənə xoş gələ.

 

İngiliscədən tərcümə

11-12.03.2018

Samara

  UİLYAM ŞEKSPİR. 83-CÜ SONET

sonnet 83.jpg

 I never saw that you did painting need…

Sənə, bilərək ki, rəng gərək deyil,
Heç vaxt surətinə vurmadım bəzək.

Şəninə yazalar nə qədər şeir,

Sənə borclarını ödəməyəcək.

 

Qaçdım ona görə tərənnümündən,

Səni kim görürsə, anlayır qəti:

Ləyaqətlərini sənin vəsf edən,

İndiki qələmin yox ləyaqəti.

 

Mənim sükutumu günah sayırsan,

Bu lallıq şərəfdir mənə bəlkə də.

Mən gözəlliyinə vurmuram ziyan,

Başqası təriflə onu ləkələr.

 

Bir gözəl gözündə qaynayan həyat,

İki şairini sənin qoyar mat.

İngiliscədən tərcümə

10-11.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 82-Cİ SONET

Sonnet_82_1609

   I grant thou wert not married to my muse…

Deyilsən Pərimlə sən nikahda ki —

Bütün ithafları oxu qınaqsız
Sənə həsr edilən  kitablardakı.

Adınsa şərəfdir şairə yalnız.

+

Ağlın da gözəldir, özün də gözəl,

Çatmır tərifinə mənim qüdrətim.

Bəlkə surətini yarada bilər,

Kimiт ki, təzədir sözü, sənəti.

+

Ancaq uydurunca, əzizim, hələ,

Onlar təzə üslub hoqqalarını,

Səmimi sözlərlə, dost qələmiylə,

Həqiqi surətin sənin yaranar.

+

            Solğun yanaqlara fırça, rəng gərək,

            Səninsə çöhrəni korlayar bəzək.

İngiliscədən tərcümə

9-10.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 79-CU SONET

sonnet 79.jpg

                   Whilst I alone did call upon thy aid…

      Köməyini tək mən istəyən zaman,
Şerimə çatırdı bütün nemətin.

İndi zəifləyib qələmim yaman,

Xəstə ilham pərim əvəz istəyir.

 

Əzizim, bilirəm, tərənnümünə,
Məndən ləyaqətli bir yazan gərək.

Qarət edir səni şairin hərçənd,

Sənin özünə də ödətdirərək.

 

Dəyər verir sənə, bu sözü ancaq,
Öyrənib o sənin davranışından.

Sənə gözəl deyir, sənə baxaraq,

Bütün öydükləri səndə olandır.

 

                     Onun tərifinə təşəkkür desən,

                    O sənə borclukən sən ödəyirsən.

 

İngiliscədən tərcümə

07.03. 2018

Samara

UİLYAM ŞEKSPİR. 78-Cİ SONET

sonnet-78.jpg

So oft have I invoked thee for my muse…

Elə çox dedim ki, ilham pərimsən,

Elə yardım oldun mən yaradana,

İndi qələm alsa əlinə kimsə,

Nə yazıır, bağlayır sənin adına.

 

Sənin baxışların oxudur lalı,

Zəka zirvəsinə kütü qaldırır.

Qanadı bərkiyir oxumuşların,
İncınin, gözəlin cəlalı artır.

 

Sənsə yazdığımla fəxr elə ancaq,

Çünki təsirin var hər əsərimdə.

Başqalarındasa üslubu azca,
Düzəldib qoyursan sözü yerində.

 

              Sənsə mənim bütün sənətkarlığım,

              Həm sənin sayəndə seçilir ağlım.

 

İngiliscədən tərcümə

06.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 77-Cİ SONET

sonnet-77.jpg

  Thy glass will show thee how thy beauties wear…

Solan gözəlliyi güzgüdə görər,

Saatdan bilərsən əriyir zaman.

Düşər duyğuların ağ vərəqlərə,

Bunu öyrənərsən sən bu kitabdan:

 

Aynada gördüyün qırışlı qatlar,

Məzarı yadına salar bəlkə də.

Əqrəb oğrunluğu deyər: saatlar,

Gedir oğurluqca əbədiyyətə.

 

Nə varsa yadında qala bilməyən,
Bu ağ vərəqlərə köçür; haçansa,
Böyüyər beynindən dünyaya gələn,
Onunla təzədən tanış olarsan.

 

         Çox baxsan aynaya, saata əgər,

         Olar kitabın da zəngin o qədər.

 

İngiliscədən tərcümə

05.03.2018

Samara       

QEYD: Güman olunur ki, sonet şairin segilisinə (dostuna) etdiyi və ağ səhifələri olan kitab hədiyyəsiylə bağlı yazılıb. Şair ona bu ağ səhifələrə duyğu və düşüncələrini yazmağı tövsiyə edir.

UİLYAM ŞEKSPİR. 76-CI SONET

 

Sonnet_76_1609.jpg

Why is my verse so barren of new pride…

Niyə şerimdə yox təzə naxışlar,
Mövzularım köhnə, yeknəsəngdir həm?

Baxmıram ətrafa təzə baxışla,

Təzə və mürəkkəb üslub öyrənəm.


Niyə eyni şeydən yazıram elə,
Yaratdığım surət eyni dondadır.

Az qala hər sözüm adımı söylər,
Bildirər harada, necə yarandı?

Ah, eşqim, yazıram həmişə səndən,

Sənin məhəbbətin – mövzum, ilhamım.

Təzə don biçməkdir əlimdən gələn,
Köhnə sözlərə ki, bəyənsin hamı.

           Günəş ki, həm təzə, həm də köhnədir,

           Eşqim də söyləyir deyilənləri.

 

İngiliscədən tərcümə

04.03.2018

Samara

UİLYAM ŞEKSPİR. 75-Cİ SONET

Sonnet_75_1609.jpg

                        So are you to my thoughts as food to life…

Həyat nemətisən fikirlərimə,

Sən bahar yağışı, mənsə torpağam.

Səninlə sülh üçün çəkişirəm mən,

Sərvətiylə girinc simic sayağı.

 

Gah baxıb həzz alır sərvətinə, gah,
Qorxur oğru gəlib girər indicə.

Mən də gah istərəm  ikimiz olaq,

Gah da bütün dünya görsün incimi.

 

Vaxt olur səninlə doyur gözlərim,

Bəzən də möhtacam bir baxışına.

Özgə bir həzzim yox, nə də gözlərəm,

Bəsimdir nə versən ya bağışlasan.

    

                          Gah acam, həvəsim yoxdu gah yeyəm,   
                          Gah süfrəm doludur, gah dilənçiyəm.    

İngiliscədən tərcümə

03.03.2018

Samara