Архивы

YÜZ İLİN QIŞIDIR ELƏ BİL GEDƏN…

Yüz ilin qışıdır elə bil gedən,

Elə bil əriyir yüz ilin qarı.

Sanki fəsil deyil, əsrdir gedən,

Bədəndə yorğunluq, ürəkdə ağrı.

 

Yer çılpaq, səmada tanış boz örpək,

Yüz illik qatlardan cücərir çəmən.

Yarpağı, çiçəyi görməyə gərək,

Yüz ilin səbrini basıb dözəsən.

 

Oyatmır ürəkdə təntənə, bayram,

Qürbətin növbəti fəsildönümü.

Bu qara sulardır yalnız ayıran,

Keçən günlərimdən gələn günümü.

 

                                mart – 05 aprel 1997, Samara

 

ANAM, AĞLAMA!

Yenə gözlərində kədər buludu,

İnan, bu halına dözə bilmirəm.

Kirpiklər bir selin önündə durub,
Haçan damcı-damcı sızar, bilmirəm.

Sızıb bir axara dönsə bu sel, su,

İnan, bu axarda üzə bilmərəm.

Anam, ağlama!

Deyirsən “başları bəxtəvər olsun,

Oğlundan, qızından yarıyanların”.

Deyirsən “bəxtimə düşmədi biri,

Ata-anasını yarıdanların”.

Astadan desəın də, vallah, ürəyim,

Sənin hər sözündən bir yara alır.

Anam, ağlama!

Ev-eşik qayğısı, süfrə qayğısı,

Hərdən cin atına mindirir səni.

Yatmır ürəyinə gəlinlərin də,

Zamanın gərdişi yandırır səni.

Yenə səbrini yığ, bu göz yaşları,

Vallah, el içində sındırır səni,

Anam, ağlama!

Hərdən günəşə də acığın tutur,

Deyirsən “istisi tamam azalıb.

Nə ağrı götürür, nə can qızdırır,

Elə günəşlikdən tək adı qalıb”.

Gəl belə danışma, ay ömrüm-günüm,

Eşidib deyərlər “anan qocalıb” –

Anam, ağlama!

Çoxdu dərdi-səri sonbeşiyin də,

Gəlbin məndən ötrü belə nigaran.

Deyirsən “özünə gün ağlamadı,

Şerə baş qoşalı qaldı avara”.

Yenə can sağ olsun, nə qəm, kim bilir,

Bəlkə mən də bir gün ağıllanaram.

Anam, ağlama!

Bulud çəkilməsə gözündən əgər,

Gəlbimin qüssəsi çəkilən deyil.

Ağlasan, sel olar gözünün yaşı,

Məni öz qoynunda batırar bu sel.

Bəlkə də mən sənin ciyərparanam,

Sən də ürəyimin parasısan, bil!

Anam, ağlama!

                                          iIyun-22 sentyabr1978, Ərəbqardaşbəyli

 

 

 

 

 

 

 

DAĞÜSTÜ MƏZARLIQDAKI BAŞDAŞINDA YAZI

 

 

Dağ ürəyə çəkilər,

Ürək dağa ucalar.

Burda dağ ürəklilər,

Ürəyi dağlılar var.

 

Adlar daşa gömülür,

Qalib də, məğlub da bir.

Zəfər deyil hər ömür,

Hər məzarsa zirvədir.

 

                07.09. 06 Ərəbqardaşbəyli

SƏADƏT YOLLARI

     

 

Asta sür maşını, sürücü qardaş,

Gəl mənim xətrimə sürəti azalt.

Bu dəfə getməyək mənzilə birbaş,

Alsın öz hökmünə bizi bu asfalt.

 

Özüm ayaq üstdə, könlüm həvəsdə,

Canımda ağrıdan duymuram əsər.

Saxlaram maşını qollarım üstdə,

Sürücü, hökmündən çıxsa təkərlər.

 

Əl saxla, bircə an, sükanı boşla,

Nə qəm, qoy yubatsın bu səfər səni.

Burda bir qız var ki, bircə baxışla,

Göylərin qoynuna uçurar məni.

 

Pəncərə önündə ötürən bu qız,

Səadət özümü, gəlib bu vədə?

Bu köhnə avtobus, tozlu avtobus,

Gəlin faytonuna dönür gözümdə.

 

İlahi, gözlərdə bu qüdrət nədir,

O xal hardan düşüb çənəsi üstə?

Könlümü bir istək yaman göynədir,

Köynəyi əsdikcə sinəsi üstdə…

 

Açma pəncərəni, açma, külək var,

Şəvə saçlarını alıb səpələr.

Onun gül üzünü alan buludlar,

Soyuq yağışını könlümə çilər.

 

Ləngi bu yollarda, a qardaş, yuban,

Min uğur gətirsin hər işin sənin.

Könlümdə bir sevda doğulur bu an,

Ona beşik olsun maşının sənin.

 

Calanın bu qısa dəqiqələrə,

Siz ey həyatımın qalan illıəri.

Uzanın a yollar, uzanın hələ,

Sən ey səadətim, gedək irəli…

                                               27 aprel 1976, Neftçala – Ərəbqardaşbəyli

 

YESENİNSAYAĞI

    

 

Culiya, sakit ol, tanımadınmı?-

Sakit ol, ay dəli, uzat əlini.

O tanış mehriban ədalar hanı?

Di kəs bu hürüşü, çıxar dilini.

 

Üzümə şübhəylə baxma, sən allah,

Niyyəti təmizəm, ürəyi düzəm.

Doğrusu görmürəm səndə bir günah,

İndi nə düz-əyri, qarışıb aləm.

 

Duymuşan deyəsən: sərxoşam bir az,

Sənə toxunmaram, qorxma, ay dəli.

Bu çətin dövranda içməsən olmaz,

Gərək görünəsən səfef, gülməli.

 

Culiya, həyatda yaman yalqızam,

Təklik qüssəsi var ürəkdə, canda.

Çox çəkməz, bəxtimin sönər ulduzu,

Sən də dərdli-dərdli hürərsən onda.

 

Hiyləgər fələklə girib oyuna,

Uduzdum eşqimi, məhəbbətimi.

Bir azdan qırovla saçım boyanar,

Qırışlar bəzəyər sir-sifətimi.

 

Culiya, bəlkə də o vaxt sən çaşıb,

Məni tanımaqda yubanacaqsan.

Yox, yox, arxayınam sədaqətinə —

Sən hələ Cəfərin izinə düşüb,

Qəbrimin üstə də yollanacaqsan.

 

                               20 iyul 1976, Ərəbqardaşbəyli

 

OĞLAN MƏKTUB ALIB

 

 

Bir məktub bir dünya veribdir ona,

Səadət – ölçüsüz, kağızsa kiçik.

Baş vurub həyəcan dalğalarına,

Zərfi yelkən kimi açır tələsik.

 

Bəlkə dağlar yıxar güclü qolları,

Bir parça kağızı tuta bilməyir.

Bəlkə də sətirlər vüsal yolları,

Büdrəyir, mənzilə çata bilməyir.

 

Oğlanın arzusu, istəyi gəlib,

Bir parça kağızda nələr var, nələr…

Məktub yox, bir qızın ürəyi gəlib,

Sinə tək titrəyir, çırpınır əllər…

 

Kağız adisə də, adiləşərmi,

Sətir cərgələrdə boy atan istək?

Bir dünya sevincin səbəbi kimi,

Bəlkə də bir ömür əzizlənəcək…

 

                                                                     29 oktyabr 1974, Ərəbqardaşbəyli

SAMARADA MART SƏHƏRİ

Martın sonu. Həyatdan

Ötürdük bir qışı da.

Ancaq iz yox həyətdə,

Fəsil dəyişimindən.

 

Ağaclar donub qalıb,

Həyat əlaməti yox.

Ağardan budaqları

Qarmı belə ya qırov?

 

Səkilərin buzuna,

Külüng çalır dalandar.

Doğrudanmı yazdı bu,

Yoxsa təqvim aldadır?

 

Əllərimdə iynəsi –

Şaxta yenə qovğada.

Üfürürəm – nəfəsim,

Dumanlanır havada.

 

Qar yerişi ləngidir,

Gözdən getmir yuxu da.

Büdrəyirəm. Döngədə

Odur, kimsə yıxıldı.

 

Qucub çuqun qapağı,

İki pişik qızınır.

Sevgi çağı – yaz çağı,

Soyuqlarsa uzanır.

Qışsayağı hava sərt,

 

Bəli, bura şimaldır.

Burda qışdır həqiqət,

Burda yaz ehtimaldır…

21-29 mart 1993, Samara

QƏBİRQAZAN HEYDƏRƏLİ KİŞİ VƏ YA HƏYAT HAQQINDA NƏĞMƏ

 

Ehey! Heydərəli kişi!

Bülövə çək belini,

Paslanıb mən biləni.

Qara torpaq belinlə çox oyulub,

Gen kürəyin min yol tərlə yuyulub.

Qoca-cavan əlinlə çox qoyulub,

Məzar adlı otaqda,

Soyuq, tənha otağa.

 

Ehey! Heydərəli kişi!

Elə çək ki bülövü,

Göyə qalxsın alovu.

Zəif qadın əlləriylə gətirdin,

Kobud kişi əlləriylə ötürdün –

Qoca dünya, bu oyundu, ya nədi,

Çıxarırsan bizlə sən?

Usanmadın hələ sən?

 

Ehey! Heydərəli kişi!

Bülöv nə çox, bel nə çox,

Təpə nə çox, çöl nə çox.

Ölüm deməz bu cavandı o qoca,

Macal verməz ömür sürək doyunca.

Bir əvvəlin, bir sonucun tapmaca,

Qalanın da nağıldı, —

Həyat, daha nə qaldı?

 

Ehey! Heydərəli kişi!

Torpağa sanc belini,

Tər islatsın belini.

Nə bilirsən arzu nədi, kam nədi,

Hansı çıraq axıracan yanmadı.

Min yol qazdın, bir yol belin sınmadı,

Nə möhkəmmiş sapı, hey!

Tiyə çətin qopa, hey!

 

Ehey! Heydərəli kişi!

Bülöv çək od çıxınca,

Döndər beli qılınca.

Ölüm kimi qara rəngli torpaqdan,

Güllər bitir həyat rəngli al-əlvan.

Qorxutmayır bizi bu son imtahan,

Oy torpağı, qəmin kəm,

Qorxumuz yox ölümdən.

 

Ehey! Heydərəli kişi!

İŞdən qalsın əlin, hey!

Pas bağlasın belin, hey!

Tapmayasan bülöv, hey!

Heyyy…

 

                                22 sentyabr 1978, Ərəbqardaşbəyli

 

QƏRARA GƏLİB QƏTİ…

Qərara gəlib qəti,

Bağlayasan şələni.

Qürbət daşını atıb,

Köç edəsən vətənə.

 

Ata torpağı doğma,

Ata evi darısqal.

Kirəsinə bir koma,

Bacıların tapalar.

 

Yarı minnət, yarı pul –

Bir işə düzələsən.

Sınıq-salxaq bir stul,

Kabinet siçanlı, nəm.

 

Axşamlar pəncərədən

(Əgər pəncərə varsa),

Küçəni seyr edəsən

(Küçəyə açılırsa).

 

Sahibə qaraqabaq,

Söz tapa hey deyinə.

“Vurulasan, ay uşaq,

Azala bir yeyənim!”

 

Uzana uzun gecə,

Qüssə dolu vaxt ağır.

Yazıq bacılar gəzə,

Sənə arvad axtara.

 

Gah sağa çevriləsən,

Gah sola – yastıq yora.

Qaçıb getmək həvəsi,

İçərini qovura.

 

Nə yerdəyəm, nə göydə,

Nə burdayam, nə orda.

Məni doğub böyüdən

Ana gözləri yolda.

 

Kim eşidər ahını,

Ay qarılar qarısı?

Vətənlər allahımı,

Ya qürbətlər tanrısı?  

                                            təxminən  1993-cü il, Samara

 

MASA ÜSTÜNDƏ GÜLLÜ NƏLBƏKİDƏ

Masa üstündə güllü nəlbəkidə,
Qoşa şam baş-başa vermiş, alışır.

Məni yaxan, əridən təklikdir,

Qoşa şam od tutub yanır yanaşı.

 

Yox insaf odda, yox aman odda,

Axır, yuvarlanır ilıq gilələr.

Diksinir kölgələr divarlarda?

Nəfəsimdənmi şölələr titrər?

 

Düşərsə od cana – dil nalə çəkər,

Çəkərmi nalə dilindən yaxılan?

Axır şam ömrü güllü nəlbəkiyə,

Dil atəşində ölümün yaxını.

 

Meyli göylərdə bu dil yanğısının,

Uçmağa sanki bu dillər can atır.

Bitirmi ömrü şamın – yanğı sönür?

Ruhunu şamların ya göylər udur?

 

…Alov axır damarda, qaynar qan,

Sinəmdə od yanar, canım alışar.

Məni kimdir bu səsləyən, çağıran,

Bu nə dildir, bu dil nədən danışır?

 

Nə nəfəsdir bu sarsıdan ruhu,

Dalğası, zərbi qarsıdər dilimi.

Nə həvəsdir? – bədən axır, uçunur,

Əsir əlim və axtarır qələmi…

 

Dilindən ot tutub yanır qoşa şam,

Əriyir can, ömür gedir, tükənir.

Göylərə ruhları uçar, qovuşar,

Bəzəyər izlərisə nəlbəkini…

18-23 noyabr 1989, Samara