Архив тегов | ürək

«ÜRƏK VAR QAPALI OTAĞA BƏNZƏR…»

Bu yaxınlarda gəncəli soydaşımız Elçin Məhərrəmov ürək əməliyyatını keçirib. Xoşbəxtikdən, əməlliyyat uğurlu olub və Elçin indi yaxşıdır. Mən bu şeiri Elçinin mənə illər ərzində göstərdiyi qayğı və mehribanlığa cavab kimi ona həsr edirəm. 

+++++++++++++++++++++++++++++++

Elçin MƏHƏRRƏMOVA

Ürək var qapalı otağa bənzər
Açılmaz qıfılı bəlkə də illə.
Durub qapısında səslə nə qədər,

Eşidilməz zəif döyüntü belə.

 

Qapalı otaqdır ürək: arabir

Qapı-pəncərəni açasan gərək

Kif atıb incidir içini söz-sirr,

Boşaltsan, nəhayət, dincələr ürək.

 

Yaxşıdır pəhriz və yuxu rejimi,
İdman oyunları və gimnastika.

Ancaq dərdə şərik yaxın dost kimi,
Yaxşı şəfa yoxdur ürəyə başqa.

 

Adi ürək deyil qərib ürəyi,

Qala hər havada açılı gərək.

Təmizlər içini vətən küləyi,

Doğma uzaqlardan əsib gələrək.

 

Danış, ürəyini aç çəkinmədən,
Yığ yol ayrıcında başına kütlə.

Özün ürəyini açmasan, hökmən,

Gəlib cərrah açar onu kəsərlə.

 

 14. 08. 2026, Samara

DAĞÜSTÜ MƏZARLIQDAKI BAŞDAŞINDA YAZI

 

 

Dağ ürəyə çəkilər,

Ürək dağa ucalar.

Burda dağ ürəklilər,

Ürəyi dağlılar var.

 

Adlar daşa gömülür,

Qalib də, məğlub da bir.

Zəfər deyil hər ömür,

Hər məzarsa zirvədir.

 

                07.09. 06 Ərəbqardaşbəyli

OĞLAN MƏKTUB ALIB

 

 

Bir məktub bir dünya veribdir ona,

Səadət – ölçüsüz, kağızsa kiçik.

Baş vurub həyəcan dalğalarına,

Zərfi yelkən kimi açır tələsik.

 

Bəlkə dağlar yıxar güclü qolları,

Bir parça kağızı tuta bilməyir.

Bəlkə də sətirlər vüsal yolları,

Büdrəyir, mənzilə çata bilməyir.

 

Oğlanın arzusu, istəyi gəlib,

Bir parça kağızda nələr var, nələr…

Məktub yox, bir qızın ürəyi gəlib,

Sinə tək titrəyir, çırpınır əllər…

 

Kağız adisə də, adiləşərmi,

Sətir cərgələrdə boy atan istək?

Bir dünya sevincin səbəbi kimi,

Bəlkə də bir ömür əzizlənəcək…

 

                                                                     29 oktyabr 1974, Ərəbqardaşbəyli

Emili DİKİNSON. Qırılmağa mən əgər qoymaramsa bir ürəyi…

Emili DİKİNSON

                         If I can stop one heart from breaking

 

Qırılmağa mən əgər qoymaramsa bir ürəyi,

Keçirmərəm deməli ömrü hədər.

Ya verib çiynimi yük altına olsam gərəyi

Birinin, — qəlbini tərk etsə kədər,

Və bir zərif birəbitdən quşunu qayğılayıb,

Yuvaya qaytarıb qoyarsam əgər,

Keçirmərəm deməli ömrü hədər.

 

1864

Tərc.: 08.03.1984 Moskva

 

 

 

Unutduq bu küsü haçan başlanıb…

Unutduq bu küsü haçan başlanıb,

Unutduq bu kinin neçə yaşı var.

Nəsil nəcibliyi, kök qədimliyi,

Bu tarix yanında bəlkə heç nədir

Bizi zəfər kimi qürrələndirir,

Azarlı duyğu ki, enib ürəyin

Dərinliklərinə orda şərab tək,

Qıcqırır, tündləşir. Nə qədər içək,

Doymuruq. Bu nemət tükənir nə də…

                            12-14.07.08, Samara

 

ON BEŞ — ON ALTI YAŞDA

 

Tünd şərab kimidir o vaxtlar həyat,

Gün keçmir – içilir, qaynadır qanı.

Sevgi, donkixotluq – gülür camaat.

Bu meyi tərgitmək, həyatı yəni,

Tərk etmək istəyi sarsıdır canı –

Başını divara vurmağın gəlir.

Ya da xəyalında açdığın atəş,

Beynini dağıdır, sinəni dəlir.

Addımınsa ürkək, yerişin yavaş,

Öz ürək səsin də doğurur təlaş.

Çənəsi çəlikdə, gözü sulanan,

Günləri su kimi içib dolanan,

Qocalar görürsən – başın hərlənir…

                               iyun – 5iyul 2008, Samara