Архив тегов | ömür

OĞLAN MƏKTUB ALIB

 

 

Bir məktub bir dünya veribdir ona,

Səadət – ölçüsüz, kağızsa kiçik.

Baş vurub həyəcan dalğalarına,

Zərfi yelkən kimi açır tələsik.

 

Bəlkə dağlar yıxar güclü qolları,

Bir parça kağızı tuta bilməyir.

Bəlkə də sətirlər vüsal yolları,

Büdrəyir, mənzilə çata bilməyir.

 

Oğlanın arzusu, istəyi gəlib,

Bir parça kağızda nələr var, nələr…

Məktub yox, bir qızın ürəyi gəlib,

Sinə tək titrəyir, çırpınır əllər…

 

Kağız adisə də, adiləşərmi,

Sətir cərgələrdə boy atan istək?

Bir dünya sevincin səbəbi kimi,

Bəlkə də bir ömür əzizlənəcək…

 

                                                                     29 oktyabr 1974, Ərəbqardaşbəyli

BİR İL DƏ ÖTDÜ ÖMÜRDƏN…

Bir il də ötdü ömürdən əridi,

Yetişir vədə düşəm köhləndən.

Qürbət ellərdə qocaldım, qarıdım,

Adım sayaq yaşım da köhnəldi.

 

Yasmı doğum günü ya bayramdı?-

Qəlbi açmır nəsə bu təntənələr.

Arzular həm ötən dönüb qayıda,

Təzə illərçin həm insan tələsər.

 

Bizi çaşdırdı suallarla həyat,

Qarışıb rəngi gerçəyin-yalanın.

Yarımı, sonmu – bilmirəm heyhat!

Bu yol ömür yolu, ölüm yolumu?

 

Məkan-zaman qəfəsi ruhu sıxır,

Haçan bu həddi-xətti ruhum aşar?

İndi təkliklə sarsılır, darıxır,

Qurtular, ruhlara ruhum qovuşar.

 

Görün, ey mehriban, əziz surət,

Nəfəsin qəlbi ruhla doldursun,

Önündə diz çöküm və üz sürtüm,

Məni bu heçlikdən qaldır sən!

 

                                                     15-17 noyabr 1989

 

 

 

 

 

Emili DİKİNSON. Qırılmağa mən əgər qoymaramsa bir ürəyi…

Emili DİKİNSON

                         If I can stop one heart from breaking

 

Qırılmağa mən əgər qoymaramsa bir ürəyi,

Keçirmərəm deməli ömrü hədər.

Ya verib çiynimi yük altına olsam gərəyi

Birinin, — qəlbini tərk etsə kədər,

Və bir zərif birəbitdən quşunu qayğılayıb,

Yuvaya qaytarıb qoyarsam əgər,

Keçirmərəm deməli ömrü hədər.

 

1864

Tərc.: 08.03.1984 Moskva

 

 

 

ATLANTIN ÖLÜMÜ

 

Yay olsun, qış olsun – eyni qaydada,

Bəzən saatlrla, gün dönənəcən,

Bu qapı ağzında, bu skamyada,

Hər gün otururdu lap dünənəcən.

 

Çənəsi çəlikdə, başıaşağı,

Girənə-çıxana baxan deyildi.

Binanın o idi sanki dayağı —

Ağacı da əyri, beli də əyri.

 

Bu gün dəmirayaq skamya boşdur,

Görünmür çəlikli qoca səhərdən.

Durur çoxmərtəbə həmin duruşda,

Açılır-örtülür qapı yenə də.

 

İndi bu dünyada onu andıran,

Nə qaldı? Xidməti? Şöhrəti? Adı?

Bəlkə çəliyindən beton kandara,

Bir cızıq düşübsə, silinər o da.

 

Ovunmur, ağrınır bəlkə yaxını,

Qəlbi parçalanıb bəlkə kiminsə.

Bəlkə də kiminsə evi yıxılıb,

Həmindir nizamı yerin-göyünsə.

 

Bəlkə də çəliyi atılıb artıq,

Sabah çiyinlərdə qapıdan çıxar.

Bəlkə skamyada o vaxt bir ayrı,

Qoca oturacaq – fikirli, fağır.

 

Mənzilə tələsmir, ya da uzaqdır

Yolu, nəfəs dərir. Ömür də hərçənd,

Yolun özü deyil, dayanacaqdır,

Mənzilə çatınca nəfəs dərəsən.

 

                                                         15-19 yanvar 2008, Samara