«VƏTƏN ƏSARƏTDƏDİR, AZAD DEYİLSƏ FİKİR…»

Oranın azadlığı,
Buranın azadlığı
Uğrunda qanlar axır,
Al boyayır torpağı.
+
Əsgər keçir canından,
Vuruşur torpaq üstdə,
Kölədir ancaq insan,
Yurd azad edilsə də!
+
Torpaq azad eləyən,
Azad söz deyə bilmir.
Əsarətdədir vətən,
Azad deyilsə fikir.
+
Kim ölür – dəmir medal,
Yardım alır sağ qalan.
Ölü tək diri də lal,
Danışır ancaq paxan.
+
Can qoyub, əsgər, dünən,
Azad etdin torpağı.
İşlə, çalış bu gündən,
Sal başını aşağı.
10.12. 2022, Samara
“O QÜVVƏ Kİ, VARDI SƏNİN QOLUNDA…”
Süleymanın xatirəsinə
O qüvvə ki, vardı sənin qolunda,
Yerlə-göylə gərək sən əlləşəydin,
Ömrünü keçirdin sükan dalında,
Məsafələr yaxın, marşrut eyni.
+
Baş alıb uzağa gedə bilərdin,
İqlimlər, ölkələr dəyişərək sən.
Ancaq yaxınlarda var-gəl elərdin,
Qızır, qaralırdı qanın hikkədən.
+
Salyan, bu zəhrmar havalı şəhər.
Səni ovsunlayb əsir elədi,
Kiçikləri zağar, böyükləri şər,
Eyhamı fitnədir, sözü tələdir.
+
Çörəyi şübhəli, suyu azarlı,
Yeyən əzab çəkir, içən ağrıyır.
Dağ kimi kişilər sarsılıb qalır,
Vurub kabab üstdən yerli arağı.
+
Səndə bir dünyalıq enerji vardı,
Çarpışa bilərdin yerlə-göylə sən.
Ömrünün fəzası, heyf ki, dardı,
Elə özünkünə dəyirdi zərbən.
+
Şəklin heç oxşamır qəbir daşında,
Boynuna qalstuk taxıblar hələ.
Qızğındın, coşandın sən, əlləşəndin,
Qardaş, aran yoxdu belə bəzəklə…
05. 12. 2022, Samara
YADULLA MƏFTUN: «ALƏMDƏ QARANLIQLAR ƏGƏR BİRLƏŞƏ BAHƏM…»

2022-ci il dekabrın 1-də azərbaycanlı şair Yadulla Məftun Amini Tehranda vəfat etmişdir. Şair doğulduğu Sayın Qalada dəfn edilib.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Yadullah Məftun Amini (fars. یدالله مفتون امینی; 12 iyun 1926, Sayınqala, Qərbi Azərbaycan ostanı – 1 dekabr 2022, Tehran) — azərbaycanlı şair.
Yadulla Amini 1926-cı ildə Qərbi Azərbaycan ostanının Şahindej şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Təbriz şəhərində almışdır. Ali təhsilini almaq üçün Tehrana yollanmış və burada Tehran Universitetində hüquq təhsili almışdır.
Məftun ləqəbi ilə şeirlər yazan Yadulla Amini ilk dövrlərdə farsca klassib üslubda şeirlər yazmışdır. 1980-ci illərdən etibarən Yadulla Amini ritmik olmayan və müasir üslublu şerlər yazmışdır. Fars dili ilə yanaşı azərbaycanca da şeirlər yazan Yadulla Amininin bu dildə ilk şeirlər toplusu Aşıqlı karvan adlanır.
vikipediya
+++++++++++++++++
Şairin ayrı-ayrı şeirləridən bu iki fraqment Tvitterdən götürülüb. Sosial şəbəkədə çoxlu istifadəçi şairə böyük hormət və sevgisini ifadə edir.
Çox əlləşdin sənə aslan desinlər,
Qoç oğlan ya igid tərlan desinlər.
Əzizim, cəhd elə bunlardan artıq,
Sənə insan, fəqət insan desinlər.

++++++++++++++++++
Həqq sel kimi dəryaya axıb yol tapacaqdır,
Daş atmağilən heç kim onu döndərə bilməz.
Aləmdə qaranlıqlar əgər birləşə bahəm,
Bir xırdaca şamın işığın söndürə bilməz.
+++++++++++++++++++++++++++++++++
Nə yazmışdln «baharın xoş!» əzizim,
Bu yerdə sən gedən gündən payızdır…
LEONİD QUBANOV. RƏSSAM

(1946-1983)
Kətan 37-37-dir,
Ölçüsü eynidir çərçivənin də.
Yox, bizi öldürən xərçəng deyildir,
Yaşdan, qocalıqdan ölürük nə də.
+
Qıcqırtı yaranır işdən elə ki,
Səsləyir istisi bizi rənglərin.
Arvaddan və puldan qaçıb gedirik,
Tapaq kətanların gümüş bədrini.
+
Dünyanı çəkməyə! Al qanımızla!
Unudaq yuxu nə, vəd nə, azar nə!
Mavi qollarına molbertin elə,
Baş qoyub biz ölək əsrdən əsrə.
1964
ruscadan tərcümə
30.11. 2022, Samara
+++++++++++
ХУДОЖНИК
Холст 37 на 37.
Такого же размера рамка.
Мы умираем не от рака
И не от старости совсем. Читать далее
ALEKSANDR QALİÇ. BİTMƏMİŞ MAHNI

Bizim dünyanımızı qocalar hərlər,
Vurnuxurlar kinli siçanlar sayaq
XİN arayışına inansaq əgər,
Yaşları yetmişdən artlq olacaq.
+
Döyüşdə olublar, kef çəkiblər həm.
Ömür uzadıblar dualarıyla.
Əldə saxlayırlar cilovu möhkəm,
Hərçənd əllərini üzür podaqra.
+
Onları səhərlər boğur öskürək.
Baxırlar süfrəyə gözlərində cin,
Manna sıyığını yenə görərək,
Prezidentləri Yer Kürəsinin.
+
Dünya qocaların əllərindədir,
Çöhrələr maskadır burda elə bil.
Yazlar – yumurtalı sabun ətirli,
Qışlardan kamfora qoxusu gəlir.
+
Bu dünyada nə söz, mahiyyət nə də,
Bu dünyada nə qan, nə göz yaşları.
Mənim taleyimin, elə sənin də,
Rolu yox, eləcə ömür yaşarıq.
+
Verirlər partlatmaq onlar əmrini,
Bilirlər sərhədlər harda olacaq.
Dünya qocaların əllərindədir,
Yuxuları gəlmir gecələr ancaq.
+
Qızsa görüşdədir sevgilisiylə,
Quş qıyıltısından diksinir meşə..
Dünyanı qocalar hərləyir belə,
Ancaq yuxuları çəkilir ərşə.
+
Şişir ağaclarda tumutcuq artıq,
Oğlanlar hay vuyrur: “At belinə, hey!”
Vicdandan itidir həsəd, paxıllıq,
Qoymur ki, qocalar dincələ bilə!
+
Keçilmiş, yenilmiş məsafələrə,
Müdhiş hesab çəkər saralmış dırnaq.
Bizim dünyamızı qocalar hərlər,
Girncdirlər yuxu əlində ancaq!
1962 (1964?)
ruscadan tərcümə
27. 11. 2022, Samara
+++++++++
Александр ГАЛИЧ
НЕОКОНЧЕННАЯ ПЕСНЯ
Старики управляют миром,
Суетятся, как злые мыши,
Им по справке выданной МИДом,
От семидесяти и выше. Читать далее
«ÖZÜN ROSSİYANİNSƏN, ARVADIN ROSSİYANKA…»
Yarmca il qabaq sən,
Soydaşım, necə şaddın! —
Özün rossiyanınsən,
Rossiyanka – arvadın!
+
Al-qırmızı pasportun,
Ürəyinin başında.
Rus bayrağı asırdın,
İş yerində, maşında.
+
Evində də, dyəsən,
Putinin şəkli vardı.
Özün rossiyaninsən,
Rossuyanka arvadın!
+
Uşaqlar, fəxr edirdin,
Bilmir heç azəricə.
Rus – ana dilləridir,
Nə aksent, nə də ləhcə.
Başlayandan rus hərbə,
Halın dəyişib, qağa!
Rossiyaninsən, lələ,
Arvad da rossiyanka!
+
Avtomat qap indi sən,
Gir görüm ya da tanka.
Axı rossiyaninsən,
Arvadın rossiyanka!
+
Özünü ver qabağa,
“Za Putina!” deyərək.
Qan axıt yad torpağa,
Vəhşi tək böyürərək!
+
Uşaqlarını göndər,
Putinin hərbinə ya.
Oğlun rossiyanindir,
Qızınsa rossiyanka.
+
Çaşmısan, görürəm sən,
Rəngin ağarıb, qağa!
Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!
+
Yaxasından sən idin,
Georgi lenti asan.
Kol axtarırsan indi,
Girib gözdən itəsən.
+
Sevdiyin himn, deyəsən,
Çağırır, qalx, ayağa!
Sən ki rossiyaninsən,
Arvadın rossiyanka!
23. 11. 2022, Samara
QARDAŞOĞLU MÜBARİZƏ CAN SAĞLIĞI ARZUSU
Eşitdim, qardaşoğlu,
Azarlamısan bir az.
Tezlilkə sağalıb dur,
Danış, gül, əylən və gəz!
+
Hər səhər durunca ye,
Günorta olunca ye.
Canı salma gücə, ye,
Az-az, incə-incə ye.
Kəs həyətdən cücə, ye!
+
Qatığa meylin artsın,
Çoxlu göyərti də ye.
Bildirçin yumurtası,
Qırqovul əti də ye!
+
Cilovla tamahını,
Çox şor, çox acı yemə,
Ertədən ye şamını,
Yağlı şey gecə yemə.
+
Bundan sonra bir daha,
Kombayna minmə, bəsdir!
Əl çəkməsə yaxandan,
Apar dağlara, azdır!
+
Üç-dörd yaxşı tilov al,
Get Kürün qırağına.
Dincəl, saatlarla qal,
Çəkinin marağına!
+
Girmə ağır işə sən,
Sənlik deyil şum, alaq.
Yüngül idman eləsən,
Cana xeyri olacaq.
+
Deyinəndən uzaq qaç,
Nə də ki, özün deyin.
Hər şey burda qalacaq –
Yaxşı ye, yaxşı geyin!
18.11. Samara
BİZ SƏKKİZ MİLYARDIQ…
İlahi, bağışla…
Səkkiz milyard insan yer kürəsində!
Səkkiz mlyardı da aşmışıq daha!
Bu sərvət yiyəsi bilinsə kimdir,
Yer alardı Forbs siyahısında.
+
Üzünü, adını heyf, gizlədir,
Bəlkə təvazödən görünmür gözə.
Düzü, idarəsi qüsursuz deyil,
Heç bir hesabat da vermir o bizə.
+
Heç insan deyilik, səhmik elə bil,
Dəyərdən düşürər, cırar, yandırar.
Ya əlli milyonu götürüb verir,
Bir filantropa Hitler adında…
+
Biz səkkiz milyardıq… çoxuq bir az da,
Və səkkiz milyarddan hamı biridir.
Hərçənd kimsə şərəf, ad qazananda,
Gör neçə milyarddan seçilə bilir!..
17. 11. 2022, Samara
«SÖYLƏ, AZƏRBAYCAN YAZIÇISINDAN…»

SUAL-CAVAB
Azərbaycan “yazar”larının qurultayına həsr olunur
Sual:
Söylə, Azərbycan yazıçısından,
Varmı daha rəzil, abırsız insan?
Cavab:
Var. Bu, Azərbaycan tarixçisidir.
Yalanlarla gəlir nəfəsi, gedir.
13. 11. 2022, Samara



