Архив тегов | əsgər

SƏİDİN XATİRƏSİNƏ

səid həsrərov

Sən qar altdan tapılınca,

Anan Xatirənin saçı

O qardan da ağ oldu.

Əsgər idiz, yaraqlıydız,

Ancaq hələ uşağıydız,

Bu dağ özgə dağ oldu.

 +

Nə güllədən, nə mərmidən,

Öldünüz siz. Uçdu birdən

Üstünüzə qar dağı.

On iki sərv ağacıydız

Qar altında. Hansı yazda

Qüdrət var oyatmağa?

 +

On iki gənc sinəsində

Od alışdı, şölələndi,

Dağın buzu yanmadı.

Siz on iki nəfərdiniz –

Bəs hardaydı rəhbəriniz,

Bəs hardaydı tanrınız?

 +

Siz ən adi gənc idiniz

Vətən adlı faciənin

İndi qəhrəmanısız.

Hərçənd cəbhə bölgəsiydi,

Siz güllədən ölmədiniz

Yox təltif fərmanınız.

 +

Soyuq olur yurdun üzü

Bəzən. Qarda uyudunuz.

Bu-gün sabah yaz idi…

Ata-ana yaddaşına,

Bir də pulsuz baş daşına,

Adlarınız yazıldı…

 

                                               11 aprel 2007 Samara 

                              

ƏSGƏR MARŞI

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Üç gün əvvəl kənddə gəzən,

Fağır, başıaşağı.

 

Sağı naşı, solu naşı,

Kim bu marşı öyrənib?

Sağı çaşır, solu çaşır,

Komandir də heyvərə.

 

Puda dönür avtomatı,

Əzir, salır çiynini.

Bilmir hara addım atır,

Duman alır beynini.

 

Bu gün-sabah sonu yetər,

Bu təlimin, yürüşün.

Bəlkə gecə, bəlkə səhər,

Gedəcəklər döyüşə.

 

Qorxu qovub yuxusunu,

Başı-gözü odlanır.

Qova bilmir qorxusunu,

Qorxduğuna utanır.

 

Atadan da, anadan da,

Çoxdan üzüb əlini.

Tapındığı inamıdır,

Tanrı gəlir dilinə:

 

“Allah, min bir yara alım,

Ancaq qoyma ölməyə.

Allah, sənin qulun olum,

Əsirliyi görməyim”.

 

Bəlkə gecə, bəlkə səhər —

Bəlkə əcəl tələsir.

Bəlkə onu vurub sərər,

Yoldaşının gülləsi.

 

Bəlkə çatmaz tanrı dada,

Bəlkə əsir tutular.

Bəlkə satar komandiri,

Bəlkə nazir satılar.

 

Bu əsgərin adı əsgər,

Özü ana uşağı.

Ana ağlar, ağlar, itər,

Gözlərinin işığı…

 

 iyun 1992 — 10 mart 1993 Samara

 

Robert FROST. E.T.-u

                                                   

             (TO E.T.)

Mürgülədim. Açıq şeir kitabın

Düşdü sinəm üstə. Qəbir daşına
Çəkilmiş göyərçin qanadları tək –

Səndən o, yuxumda bəlkə danışar.

 

Həyatda düşməyən şans ələ düşsə

Yuxuda, deyərdim sən əvvəl əsgər,

Sonrasa şairdin. Şərəf gətirdin,

Ölümünlə şair-əsgər nəslinə.

 

Deyirdik ki, qalmaz deyilməmiş söz

Aramızda. Qardaş, təkcə bu qalıb –

O zaman deyilə bilməyən – kimçin

İtkidir, kimçinsə qazanc Qələbə?

 

Mərmi yaxaladı Vimidə səni,

Elə gəlirdi ki, bitdi o anda
Sənin müharibən. Mənimki isə

Yalnız indi bitir – belə baxanda.

 

Bilirəm, əlbəttə, yenildi düşmən,

Qaçıb sağ qalanı Reyni adladı.

Nə fayda, bunları deyə bilmirəm

Sənə ki, üzündə görəm şadlığı.