Архив тегов | axar

Robert FROST. NƏYİM VAR – ZAMANA VERƏRDİM

T1520565_05

İ COULD GİVE ALL TO TİME

Qarlı zirvələrlə döş-döşə gəlib,

Sarsıdıb onları əsasınacan,

Su tək düzləsə də əli, əməli,

Bunu hünər saymaz, sevinməz zaman,

Axar qayğı dolu, axar fikirli.

+

Dünən bir yamacdı bugünkü ada,

İndi ətəyində burulğan girinc –

Necə ki kinayə gəzər dodaqda.
Zamanla həmrəyəm – nə qəm, nə sevinc,

Görkəm planetar dəyişən halda.

+

Özümdə olandan özgə var nəyim,

Zamana verərdim. Gömrük yatarkən,
Keçirdiyi qaçaq mallarını kim,

Bəyan edər? Mənim olanı hökmən,

Daşıyım sonacan – budur diləyim.

ingiliscədən tərcümə

2000-ci illər

Samara

Yusif Süleymanlıya

Uzaqdan göyə  çalan,

Bu ağ sulara ha bax –

Çətin deyərsən çayın,

Yönü, axarı hara.

 

Gedir gəmi, ya qayıq,

Motor, ya əl gücüylə.

Bu gen-bol düzən çayı,

Yatağında dincələr.

 

Baxarsan, təsadüfən,

Gözlərinə sataşar.

Gah dayanan, gah gedən,

Bir budaq, ya talaşa.

 

Hey baxarsan sevincək,

Axarı tapdığına.

Talaşa üzər, çəkər,

Diqqətini, vaxtını.

 

Vaxt gedir, dayandığın,

Sahil özü də axar.

Harda olsaq, qıraqdan,

Sənə, mənə baxan var.

25-30 aprel 2008, Samara