Архив тегов | Azərbaycan peyki

AZƏRBAYCAN PEYKİNDƏN GÜL NAĞIL

11 may 2013. Bakının küçələrində quruyub zibilə dönmüş milyonlarla gül süpürülüb daşınır. Bunu görən Amerika peyki Azərbaycan peykindən soruşur:

— Şəhərinizdə o qədər zibil hardandır?

Azərbaycan peyki deyir:

— Bu zibili gecəynən bədnam qonşularımız ermənilər gətirib töküblər paytaxtımıza. Qardaş, bacara bilmirik onlarla. Beynəlxalq ictimaiyyət də dərdimizə inanmır. İndi özün gördün nə gündəyik?

AZƏRBAYCANDA NOVRUZ ƏNƏNƏLƏRİNİN TƏKAMÜLÜ -2

     10 mart 2013. Kosmos

Amerika peyki Azərbaycan peykinə deyir ki, deyəsən adamlara güllə atırlar. Azərbaycan peyki deyir ki, yox, güllə deyil, qoz-fındıqdır, noğul-nobatdır…

UÇUR KÜRÜYLƏ BİZİM PEYKİMİZ…

İndi dünya alimlərini ən çox maraqlandıran sirr Azərbaycan peykinin hansı yanacaqla işləməsidir. Bəzi mütəxəssislər bu fikirdədilər ki, peyk neftlə işləyir. Ancaq peykin qazla işlədiyini güman edənlər də var. Avropanın bir sıra tanınmış alimi belə hesab edir ki, Azərbaycan peykində yanacaq kimi odundan istifadə olunur, çünki odun Azərbaycanda ən sərfəli və ən keyfiyyətli yanacaq sayılır və məktəblərin çoxu da elə odunla qızdırılır. Amerika alimlərinin nəzəriyyəsinə görə Azərbaycan peykinin fəaliyyətini qara kürü təmin edir və qara kürüdən peyk yanacağı kimi istifadə etmək Azərbaycan alimlərinin kəşfidir. Azərbaycan alimlərinin müşahidəsi göstərib ki, qara kürüdə adamları, hökumətləri, təşkilatları, deputatları, diplomatları və hətta hüquq müdafiəçilərini oynatmaq, hoppandırmaq, əymək, süründürmək, uçdurmaq və çoxu başqa bu cür cassələr var. Buna görə qərara gəliblər ki, elə peyki də qara kürüylə işlətsinlər…

Bu yaxınlarda Çelyabinskə meteorit qalıqları yağanda bir neçə rusun ağzına göydən qara kürü gilələri düşüb. Çox təəccübləniblər. Güman var ki, bu kürü Azərbaycan peykinin deşiyindən tökülürmüş…

Mirzə ƏLİL

Samara

KOSMOS AZƏRBAYCAN PRİSTAVLARININ XİDMƏTİNDƏ

Bu gün ilk Azərbaycan peyki İsa Qəmbərin əmlakının kosmosdan çəkilmiş şəkillərini prezident administrasiyasına çatdırmışdır. Bu, dünya kosmonavtikası tarixində analoqu olmayan təcrübədir – ilk dəfədir ki, əmlakın siyahıya alınması kosmosdan həyata keçirilib. Hazırda şəkillər administrasiya əməkdaşları tərəfindən diqqətlə öyrənilir.

YAP-IN UÇUŞU DAVAM EDİR

Azərbaycan peyki kosmosda uçuşunu davam etdirir. Uçduğu müddətdə peyk kosmosda milli öndərə on yeddi heykəl qoyub, milli öndərin 90 illiyi münasibətiylə 90 ağac əkib.

Eyni zamanda məlum olub ki, Azərbaycan peykinin adı YAP-dır — yəni Yeni Azərbaycan Peyki.

ƏLİYEVƏ ABİDƏ KOSMOSDA

Fransız kosmodromundan ilk Azərbaycan peyki orbitə çıxarılıb. Bu-gün sabah peyk milli öndərin ayaqüstü heykəlini kosmosda yerləşdirəcək.