Архив тегов | Dante İlahi komediya

DANTE. CƏHƏNNƏM. 11-Cİ NƏĞMƏ

CƏHƏNNƏM 11-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Bir uca sahilin  qırağında lap,

Nəhəng kəsəklərin topu üstünə,

Çıxdıq, altda isə qorxulu girdab.

 +

4 Və orda girdabdan göyə yüksələn,
Dəhşətli üfunət məcbur elədi,
Qapağı dalına keçib gizlənək.

 +

7 Böyük məqbərənin. Yazılı idi

Üstü: “Fotin doğru yoldan azdıran,
Papa Anastasi burdadır indi”.

 +

10 “Yavaş-yavaş düşək aşağı burdan,

Burnumuz tədricən alışar onda

Pis iyə, bilmərik onu sonradan”.

 +

13 Ustad belə didi. Mən cavabında:

Vaxtımız boş keçməz, məşğələ tapsaq”.

Və o: “Düşünürdüm bu haqda mən də”.

 +

16 “Oğlum, içəridən bu daşlığa bax, —

Dedi o, — Orda üç xırda çevrə var,

Silsilə tək, əvvəl gördüyün sayaq.

 +

19 Məlun ruhlar ilə doludur onlar;

Bircə baxışın da bəs elər yəqin,
Biləsən nə üçün cəzalanıblar.

 +

22 Göylərdə nifrətə layiq hər kinin

Sonu inciklikdir; və belə son ya,

Zorun nəticəsi, ya da kələyin.

 +

25 Kələk insana xas ayıbdır amma,

Tanrıya xoş deyil; lap dibə enər,
Kələkbaz, ağırdır əzabları da…

aprel 2023, Samara

DANTE CƏHƏNNƏMİ: TİBB PROFESSORU VƏ HAZIRIN NAZİRİ

“İlahi Komediya”nın ilk tam tərcüməsi Dmitri Yeqoroviç Minə məxsusdur. D. Y. Min peşəkar ədəbiyyatçı yox, tibb professoru olmuşdur.  Üzərində 40 il işlədiyi tərcümə tam halda ölümündən sonra çap olunmuş, 1907-ci ildə isə tərcümə müəllifiniə (ölümündən sonra) tam Puşkin mükafatı verilmişdir.

Sovet dövründə edilmiş, indi də mötəbər sayılan tərcümə Mixail Lozinskiyə (1886—1955) məxsusdur. Mütəxəssislərin hesablamalarına görə, Lozonskinin tərcüməsində artırılma sözlər cəmi 15 faiz təşkil edir.

Ancaq iki tərcüməni misra-misra tutuşdurduqca, Lozinskinin dönə-dönə Minin tərcüməsindən ayrı-ayrı misraları, ifadələri götürdüyünü görürük. Məsələn, 10-cu nəğmə, 112-114cü misralar.

Orijinal:

e s’i’ fui, dianzi, a la risposta muto,
fate i saper che ’l fei perché pensava
già ne l’error che m’avete soluto».

Minin tərcüməsi:

Я лишь затѣмъ не отвѣчалъ ему,

Что было мнѣ въ то время непонятно

То, что теперь ты разрѣшилъ уму.»

Lozinskinin tərcüməsi:

Я лишь затем не отвечал ему,
    Что размышлял, сомнением объятый,
    Над тем, что ныне явственно уму».


Orijinalda demir ki, “cavab vermirdim”, deyir ki, özümü lal kimi aparırdım (a la risposta muto), yəni bu, tamam cavab verməmək  deyil. İki tərcümənin sözbəsöz eyniliyi təsadüfi ola bilməz.  Qafiyələr də eynidir: уму, ему...Yəni Lozinski hazırın naziri olub…

Demk lazımdır ki, Quranın tərcümələri də belədir. İndi kim Quranı ruscaya çevirirsə, Sablukovun və Kraçkovskinin tərcümələrini qoyur qabağına, başlayır “çevirməyə”… Bu, Quranın azərbaycancaya tərcümələri üçün də xarakterikdir…

Ədəbiyyata və bütövlükdə sənətdə özgə malını yemək var və yeyənlərin heç birinin boğazında qalmır…

 

25. 04. 2023, Samara

DANTE. CƏHƏNNƏM. 8-Cİ NƏĞMƏ

(FRAQMENT)

1 Sözə davam edib deyirəm: hələ,

Çatmağa çox qalmış uca qalaya,

Diqqət zirvəsinə onun yönəldi.

 +

4 İki məşəl gördük biz orda yanan,

Cavab tək uzaqda vardı yanan da.
Hərçənd gözlə seçmək deyildi asan.

 +

7 Ağıl dəryasına üz tutub onda,

Dedim: “O başqa od nədir? O nədən,
Xəbər verir? Kimdir onu yandıran?”

 +

10 O mənə: “Bu çirkin dalğalar üstdən,

Burda gözlənəni görə bilərsən,
Bataqlıq dumanı örtməsə birdən”.

 +

13 Yay ilə atılan ox indiyəcən,

Önümdə gördüyüm bu qayıq qədər,
Sürətlə uçmayıb, düşünürəm mən.

 +

16 Avarçısı vardı onun bir nəfər,
Qışqırdı yaxından məni görərkən:

“Azmış ruh, səndəmi elədin səfər?!”

 +

19 “Flegias, qışqırma  nahaq yerə sən,

Dedi mənim ağam. – Səninik ancaq,
Bataqlığı keçib biz gedənəcən”.

 +

22 Necə ki bir insan qulaq asaraq
Yekə bir yalana, sonra cinlənər,
Elə qəzəbləndi Fleqias da.

 +

25 Əvvəl enib mindi qayığa rəhbər,

Yalnız mən minəndə elə gəldi ki,

Qayıqda yük yoxmuş indiyə qədər…

italyancadan tərcümə

Aprel 2023, Samara

TƏRCÜMƏÇİNİN DANTE CƏHƏNNƏMİ

Без названия (8)

«İroniya sudbı” filmində İppolitin yağdırdığı suallardan birinə cavab olaraq Lukaşin  deyir: “В самолете летел… спя!»

«Спя» sözü tamaşaçıda gülüş doğurur, çünki qrammatik cəhətdən düz olsa da, “spya” sözü, demək olar ki, işlənmir və yöndəmsiz səslənir.

 “Spya” sözünün olduğunu mötəbər mənbələr təsdiq eytsələr də, “daya” («дая» — «verərək” mənasında), sözü barədə bunu demək olmaz. “Davaya” – var, hərçənd bu forma da, demək olar ki, danışıqda işlənmir. “Daya” heç yerdə yoxdur. “Heç yerdə”, əlbəttə, korrekt deyil. Çünki ən azı bir yerdə var: bu sözü M. Lozinski “İlahi komediya”nın tərcüməsinə işlədib.

82 Народу над народом власть дая,
      Она свершает промысел свой строгий,
      И он невидим, как в траве змея.

Lozinski rus tərcümə sənətinin ən böyük ustalarındandır, Şekspirin pyesləri indiyəcən onun tərcüməsində tamaşaya qoyulur. Ancaq “İlahi komediya”nın tərcüməçi üçün çətinliyindən Lozinski də şikayətlənib. Dante bu əsəri üçlüklərlə yazıb. Üçlük öz-özlüyündə çətinlik yaratmır, çətinlik yaradan qafiyə sistemidir.

aba; bcb; cdc və s.

Yuxarıdakı üçlükdə “zmeya” zözü var, bu sözə qafiyə tapmaq lazımdır. Tərcüməçi “zmeya”nı misranın içinə keçirsə, gərək yuxarıdakı üçlüyün ikinci misrasında qafiyə olan “kraya” sözünü də dəyişə. Beləcə bir neçə bənd domino prinsipi ilə dağılar. Buna görə Lozinski baş sındırmaqdan yorulub  düz olmayan “daya” sözünü işlədib: будь что будет…

Qeyd edim ki, Lozinski bu tərcüməyə görə 1-ci dərəcəli Stalin mükafadı alıb.

Dantenin orijinalı:

che permutasse a tempo li ben vani
di gente in gente e d’uno in altro sangue,
oltre la difension d’i senni umani;

 

per ch’una gente impera e l’altra langue,
seguendo lo giudicio di costei,
che è occulto come in erba l’angue.

İkinci üçlüyü bitirən “angue” italyanca “qan” mənası da verir, ancaq Dante burda bu sözü onun latın mənasında (anguis) yəni “ilan mənasında işlədib. Bu, aydıтdır, çünki, yuxarıdakı üçlükdə qan sözц var: sangue”

Bu üçlükləri mən belə çevirmişəm:

79 Fani nemətləri o ötürəndir,
Tayfadan tayfaya və qandan qana.

İnsan iradəsi burda heç nədir.

 

82 Bir xalq hökm sürür, digəri ona
Kölədir; görünmür məramı lakin,

Bənzər ot içinə girmiş ilana.

Aydınlıq üçün deyim ki, Vergili burda Fortunadan danışır…

07.04 2023, Samara