Архив тегов | dünya ədəbiyyatı

ƏRƏBQARDAŞBƏYLİDƏ “FİNNEQANIN YASI”

Kənddə kitablarım qalıb yüz ildir,

Karton qutularda və harda gəldi.

Payızda nəmlənər, yazda toz basar,

Onların üstündə daha yox əsən.

“Bircə Xeyrullanın kitablarına

Dəyməyin” deyərdi hamıya anam…

Salyanda, Bakıda və Moskvada

Yeməyib, geyməyib, yığıb aldığım,

Kitablar saralır, solur, kif atır,

Məhvə gedir dünya ədəbiyyatı…

Orda Puşkin, Tyütçev, Dostoyevski,

Folkner romanları var ingiliscə
Fetin akademik nəşri var orda,

Orda yunanlar var, romalılar da.

Nəfis bir nəşri var Severyaninin,

Prust fransızca – qəliz və zəngin…

Birinci ingilis lüğətim orda –

Həbib Zərbəlidən gələn yadigar…

Orda bir ətək pul verib aldığım,

“Finneqanın yası” adlı kitab var.

“Finnegan`s Wake” – qalınca kitab,

İrland dahisindən tapmaca kitab.

Yetmişdən çox dildən yapılan kitab.

Girişi-çıxışı qapalı kitab.

Altı yüz səhifə-qranit kitab,

Altı yüz otaqlı labirint kitab.

Kəndim “Finneqanın yası” saxlanan,

Yeganə kəndidir Azərbaycanın…

Nəmlənir, saralır, solur, kif atır,

Bir kənddə bir dünya ədəbiyyatı…

Gündə əlli dəfə ucala azan,

Ölüm yuxusuyla yatır Finneqan…

 

09.09 2016

Samara